Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan bu gün təkcə regional deyil, qlobal miqyaslı məsələlərdə də həlledici rol oynayır. Ölkəmiz beynəlxalq tədbirlərə uğurla evsahibliyi edir, sivilizasiyalararası dialoqların həyata keçirilməsi üçün təşəbbüslər göstərir. Eyni zamanda da qlobal, dünyanı narahat edən məsələlərə qarşı birbaşa mübarizə aparır.
Bunu Bakının Fransanın XXI əsrdə də sürdürdüyü irqçi, ksenofob, islamofob, müstəmləkə siyasətini bütün platformalarda açıb göstərməsi də əyani şəkildə göstərir. Həmçinin neokoloniolist Fransanın Azərbaycana qarşı çıxdığı "səlib yürüşü" Prezident İlham Əliyev tərəfindən beynəlxalq səviyyədə ifşa olunur.
Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Forum da müstəmləkəçi Fransanın iç üzünün göstərildiyi növbəti mühüm tribuna oldu.
Parisin məkrli planları iflasa uğradı
Dünyanın 68 ölkəsindən 400-dən çox qonağın iştirak etdiyi XI Qlobal Bakı Forumunda, 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçısı iştirak edirdi ki, həmin faktın özü belə bu toplantının nəhəng intellektual potensialını gözlər önünə gətirir.
Martın 14-də forumun açılış mərasimindəki çıxışında "Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir", - deyə vurğulayan Prezident İlham Əliyev bu mötəbər tribunadan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasına beynəlxalq ictimaiyyət tərəfindən adekvat reaksiya verildiyini bildirdi: "Anlayış var ki, antiterror əməliyyatından öncə Ermənistan iki qırmızı xəttimizi keçib və ümumilikdə beynəlxalq birliyin buna reaksiyası tamamilə müsbət olmuşdur".
Ancaq Azərbaycanın zəfərindən və suverenliyinin bərpasından sonra Fransanın ölkəmizə qarşı açıq şəkildə qərəzli siyasət yürütməsi də reallıqdır. Yelisey sarayı bir tərəfdən sülh danışıqlarının aparılmasının qarşısını almaq üçün siyasi təxribatlar törədir, digər tərəfdən də Ermənistanı silahlandıraraq müharibəyə, revanşa qızışdırır. Bir sözlə, Fransa beynəlxalq hüququ heçə sayaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik nümayiş etdirir.
Fransanın mövqeyinin beynəlxalq ictimaiyyətin yanaşması ilə ziddiyyət təşkil etdiyini Bakı Forumunun iştirakçılarının diqqətinə çatdıran dövlətimizin başçısı Parisin qeyri-adekvat reaksiyasını pislədi: "Onlar tərəfindən bu məsələlərin BMT Təhlükəsizlik Şurasına çıxarılmasına və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə beş dəfə cəhd edilib - yəni etmədiyimiz bir əmələ görə. Biz beynəlxalq hüquqazidd olan addım atmamışıq. Beş cəhdin hər biri uğursuz oldu, çünki Təhlükəsizlik Şurasının digər üzvləri bunu dəstəkləmədi. Daha sonra Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı sanksiyaların tətbiqinə bir neçə cəhd edildi. Həmin cəhdlər də uğursuz oldu. Avropa İttifaqı ölkələrinin əksəriyyəti bunu dəstəkləmədi".
Heykəldən qisas alan Fransanın səviyyəsizliyi göz önündədir
BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında Azərbaycanı cəzalandırmaq cəhdlərinin uğursuz olmasından hikkələnən Fransa növbəti dəfə qisasını görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinə yönəltdi. Bununla da Makron hökuməti həm islamofob, Azərbaycanofob siyasətini nümayiş etdirdi, həm mədəniyyət düşməni olduğunu göstərdi və acizliyini, səviyyəsizliyini sübut etdi. Bu, Fransanın onsuz da dünyada yerlə bir olan nüfuzuna, daha bir silinməsi mümkün olmayan qara ləkə sürtdü.
Bir neçə ay əvvəl Natəvanın Fransanın Evian lö Bən şəhərindəki heykəlinin üzərinə qırmızı boya atılaraq vandallıq aktı törədilmişdi. Bundan sonra Fransa hakimiyyət orqanları üzərindəki boyanı təmizləmək əvəzinə heykəli bükmüş və düz iki ay həmin vəziyyətdə saxlamışdı. Yalnız Azərbaycanın israrı ilə, bu il martın əvvəlində heykəl oradan təxliyə edilmişdi. Ancaq həmin vaxt heykəlin Parisə gətirilməsi və Azərbaycan səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin bağında ucaldılması zamanı müəyyən olunmuşdu ki, üzərinə qırmızı boya atılmaqla yanaşı, heykəlin gözləri, adının və Azərbaycan yazısının yazıldığı hissələrinə də qırmızı boya çəkilmiş, abidəyə zərər verilmişdi. Belə ki, heykəlin burnu və barmaqları qırılmışdı.
XI Qlobal Bakı Forumunda Fransa tərəfindən Natəvanın heykəlinə qarşı törədilən vandallıq aktına da geniş toxunan Prezident İlham Əliyev söylədi ki, bu, bizi alçaltmaq demək idi: "Bir çox hallarda özünü mənəvi lider kimi qələmə verən Fransa kimi bir ölkədə belə hallar qəbuledilməzdir".
Dövlət başçısı onu da vurğuladı ki, bu, suverenliyimizi bərpa etdikdən sonra üzləşdiklərimizin bir nümunəsidir və ikili standartların göstəricisidir: "Ukraynaya ərazi bütövlüyünü bərpa etməyə kömək üçün qoşun göndərəcəyini bəyan edən Fransa, öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı cəzalandırmağa çalışır".
Azərbaycan həqiqətləri beynəlxalq tribunalardan çatdırılır
Ümumiyyətlə, istər 44 günlük müharibəyə qədərki dövrdə, istərsə də ərazi bütövlüyümüz və suverenliyimizin təminindən sonrakı müddətdə Prezident İlham Əliyev milli maraqlarımıza qarşı çıxan bütün gücləri beynəlxalq tribunalardan ifşa edir, Azərbaycanın qətiyyətli mövqeyini ortaya qoyur. Ölkəmizə qarşı hələ də ərazi iddiası güdən İrəvana dəstək verən Fransa kimi riyakar ölkələrin iç üzünü, məkrli planlarını, niyyətlərini açıb göstərir.
XI Qlobal Bakı Forumu da Azərbaycan həqiqətlərinin dünyaya çatdırıldığı, ölkəmizə qarşı qərəzli siyasət aparanların ifşa olunduğu növbəti mühüm platforma kimi tarixə düşdü.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"