İki gün ərzində komandamız tam üstünlük nümayiş etdirərək qələbə qazandı. Təbii ki, bu, bizim üçün müsbət siqnaldır. Nəticədə növbəti mərhələyə yüksəldik.
AZƏRTAC xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində Kiprin APOEL komandasına qarşı keçirilən cavab görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.
Təmsilçimizin 39:13 hesablı qələbəsini yüksək qiymətləndirən nazir qeyd edib ki, komandamız reytinqə əsasən birinci raundu mübarizəsiz keçib. Gələn həftə üçüncü raundun püşkatması keçiriləcək və növbəti rəqib müəyyənləşəcək.
Fərid Qayıbov Mingəçevirdə həndbolun inkişafından məmnunluğunu ifadə edərək deyib: “Təbii ki, biz də çox sevinirik. Komandanın yaradılmasından təxminən dörd il keçir. Əsas məqsədimiz Bakı ilə yanaşı, ölkəmizin digər şəhərlərində də komanda idman növlərini inkişaf etdirməkdir. Bu gün Mingəçevirdə həndbolun inkişafını, çoxlu sayda qız və oğlanın bu idman növü ilə məşğul olmasını görmək sevindiricidir. Yevlaxda da yeni həndbol bölməsi açılıb. Artıq regionun şəhərləri arasında azyaşlılar üçün müxtəlif çempionatlar keçirməyə nail olmuşuq. Bildiyiniz kimi, bu il Gəncənin basketbol komandası avrokuboklarda mübarizə aparacaq. Voleybol üzrə isə Tovuz komandası avrokuboklarda çıxış edəcək”.
Gəncədə və digər regionlarda idmanın kütləviliyinin artırılması istiqamətində görülən işlərdən danışan nazir bildirib ki, artıq Azərbaycanın müxtəlif şəhərlərini təmsil edən komandalar beynəlxalq yarışlarda da iştirak edirlər. “Gəncədə basketbol çempionatı keçirilir, müxtəlif rayon və şəhərlərin klubları mübarizə aparırlar. Gəncənin basketbol komandası avrokuboklarda çıxış edəcək. Mingəçevirin həndbol komandası və Tovuzun voleybol komandası da avrokuboklarda iştirak edirlər. Bu, onu göstərir ki, təkcə Bakı deyil, ölkəmizin digər şəhərləri də Azərbaycan çempionatları ilə yanaşı, Avropa səviyyəli yarışlarda təmsil olunurlar”, – deyə F.Qayıbov vurğulayıb.
Qeyd edək ki, komandamızın növbəti mərhələdəki rəqibi püşkatmadan sonra müəyyənləşəcək.