26 Iyul 2024 09:37
110
DÜNYA
A- A+

"Estafeti yeni nəslə ötürmək qərarına gəldim"

 

Co Baydenin xalqa müraciəti siyasi etirafdan daha çox seçkiqabağı təbliğata bənzəyib

 

ABŞ Prezidenti Co Bayden xalqa niyə partiya yoldaşlarının təzyiqinə boyun əydiyini və seçki yarışından geri çəkildiyini izah etməyə çalışıb. Onun qısa müraciəti ümumi sözlər, xidmətlərinin sadalanması və vitse-prezident Kamala Harrisə səs verməyə çağırışlardan ibarət olub. Eyni zamanda  Baydenin çıxışı siyasi etirafdan daha çox seçkiqabağı təbliğata bənzəyib. Demokratın əleyhdarları onun çıxışından məyus olduqlarını bildiriblər, müttəfiqləri isə təqaüdə çıxan veterana hörmət etməyə çağırıblar.

Amerikalılar dörd il bundan əvvəl böyük inam bəslədikləri və bir neçə gün əvvəl seçkidən geri çəkilən prezidentin çıxışı zamanı onların gözləri qarşısında tarixin yazılacağını gözləyirdilər. Lakin gözləntilər özünü doğrultmayıb. Əvəzində Co Bayden Demokratlar Partiyasını və vitse-prezident Kamala Harrisi ABŞ prezidentliyinə namizəd kimi dəstəkləmək üçün 11 dəqiqəlik təşviqat nitqi ilə çıxış edib və administrasiyasının nailiyyətlərini sadalayıb.

Co Bayden çıxışının əvvəlində bildirib: "Əziz amerikalı həmyerlilərim, mən sizə bu axşam Oval kabinetdə iş masamın arxasından müraciət edirəm. Bu müqəddəs yerdə məni Amerikanın görkəmli prezidentlərinin portretləri əhatə edir. Tomas Cefferson millətimizin riayət etdiyi ölməz sözləri yazıb. Corc Vaşinqton göstərdi ki, ABŞ prezidentləri kral deyil. Avraam Linkoln bizi qəzəbdən əl çəkməyə çağırdı. Franklin Ruzvelt bizi qorxudan qurtulmağa ruhlandırdı. Mən bu vəzifəyə hörmət edirəm, amma ölkəmi daha çox sevirəm. Sizin prezidentiniz olmaq mənim həyatımın şərəfidir, lakin təhlükə altında olan demokratiyanı qorumaq, inanıram ki, hər hansı tituldan daha vacibdir".

Baydenin sözlərinə görə, partiyanı bu kritik vəziyyətdə birləşdirməyə ehtiyac var idi, ona görə də heç kim və heç nə, o cümlədən şəxsi ambisiyalar, demokratiyanı xilas etmək yolunda mane olmamalıdır. Buna görə də ABŞ Prezidenti "estafeti yeni nəslə ötürmək qərarına gəldim" deyib.

Amerikanın "krallar və diktatorlar" tərəfindən idarə olunmadığını, onun gələcəyini xalqın müəyyən etdiyini vurğulayan Co Bayden "mən seçimimi etdim" deyib.

O, sabiq prezident Donald Trampla debatdakı uğursuz performansından fərqli olaraq inamla danışıb. Baxmayaraq ki, otaqdakı media nümayəndələrinin dediyinə görə, bəzi sözləri ayırd etmək onlar üçün çətin olub. Bundan əlavə, çıxış monoton olub və Prezident telesuflyordan gözlərini çəkməyib.

Co Bayden heç yerə getməyəcəyinə və Oval kabinetdə qalan altı ay ərzində başladığı işi axıra çatdıracağına söz verib. Bu müddət ərzində o, zəhmətkeş ailələrin xərclərini azaltmaq, şəxsi azadlıqların və vətəndaş hüquqlarının qorunmasını prioritetləşdirmək, həmçinin ekstremizmə qarşı çıxmaq, silahlara daha güclü nəzarət üçün mübarizə aparmaq və iqlimin müdafiəsi problemlərini həll etmək və Ali Məhkəmə islahatı həyata keçirmək niyyətində olduğunu söyləyib.

Xarici siyasətə gəlincə, Prezident qlobal azadlıq və təhlükəsizliyi müdafiə edəcəyinə söz verib.

Bundan əlavə, Bayden Sakit okean regionundakı müttəfiqlərini qoruyacağını və Çinin yüksəlişinə qarşı çıxacağını, həmçinin Yaxın Şərqə sülh və təhlükəsizlik gətirəcəyini vəd edib. O, təkcə Qəzzadan deyil, hər yerdən "amerikalıları evlərinə gətirmək üçün gecə-gündüz işləyəcəyinə" söz verib.

Bu arada Ağ Evin keçmiş rəhbəri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp keçmiş rəqibinin çıxışını şərh edərək onu bəyənmədiyini vurğulayıb: "Oval kabinetdə hiyləgər Co Baydenin çıxışı çətin başa düşülən və çox pis idi. Həm ABŞ Prezidenti, həm də onun himayədarı Kamala Harris Amerikanın böyük rüsvayçılığıdır".

Qeyd edək ki, Donald Trampın qiymətləndirməsi ümumilikdə mühafizəkar ictimaiyyətin reaksiyası ilə üst-üstə düşüb.

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video