1994-cü ilin mayında atəşkəs əldə edildikdən sonra Azərbaycanın qarşısında iki əsas vəzifə dayanırdı. İlk növbədə işğal altında olan ərazilərin azad edilməsi və məcburi köçkünlərin doğma yurdlarına qayıtmasının təmin olunması, digər tərəfdən isə problemin beynəlxalq hüquq çərçivəsində, sülh yolu ilə həlli. Azərbaycan 1994-2020-ci illər ərzində bu istiqamətdə müxtəlif beynəlxalq platformalarda ardıcıl fəaliyyət göstərdi. Münaqişənin həlli üçün əsas beynəlxalq vasitəçilik mexanizmi ATƏT-in Minsk Qrupu çərçivəsində davam edirdi. Rəsmi Bakının mövqeyi danışıqlar prosesinin bütün mərhələlərində əsasən beynəlxalq hüququn fundamental prinsiplərinə söykənirdi. Söhbət dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, işğal olunmuş ərazilərdən silahlı qüvvələrin çıxarılması və məcburi köçkünlərin öz doğma yerlərinə qayıtmasından gedirdi.
Münaqişənin hüquqi-siyasi bazasının ən mühüm elementlərindən birini 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə təşkil edirdi. Lakin Ermənistan bu qətnamələri icra etmədi. Məsələ burasındadır ki, 2006-cı ildə BMT Baş Assambleyasında Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı ayrıca qətnamə qəbul edildi. 2008-ci ildə isə 62/243 saylı qətnamə ilə Azərbaycanın ərazi bütövlüyü və məcburi köçkünlərin qayıdış hüququ yenidən təsdiqləndi. Qətnamə həmçinin Ermənistan qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir, didərgin salınmış şəxslərin öz evlərinə qayıtmaq hüququnu təsdiqləyirdi.
Azərbaycan məsələni BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda davamlı şəkildə gündəmdə saxladı. Prezident İlham Əliyev beynəlxalq təşkilatların sammitlərində, dövlət və hökumət başçıları səviyyəsində görüşlərdə Azərbaycanın ərazi bütövlüyünün bərpasını və işğalın nəticələrinin aradan qaldırılmasını əsas məsələlərdən biri kimi gündəmə gətirirdi.
1994-cü ildən 2020-ci ilə qədər atəşkəs rejimi mövcud olsa da, yekun sülh sazişi əldə edilmədi. Minsk Qrupu çərçivəsində uzun illər danışıqlar aparıldı, müxtəlif həll variantları müzakirə edildi və “Madrid prinsipləri”, həmçinin “yenilənmiş Madrid prinsipləri”, “Kazan formulu” və s. kimi sənədlər ortaya qoyuldu. Lakin tərəflər yekun razılaşmaya gələ bilmədilər. Çünki vasitəçilər işğalçı ilə işğala məruz qalan tərəf arasında fərq qoymurdu. Rəsmi Bakı isə heç bir halda ərazi güzəştinə getmək fikrində deyildi. İstər 2016-cı ilin aprel döyüşləri, ardınca Günnüt əməliyyatı, 2020-ci ilin Tovuz döyüşləri də göstərirdi ki, Azərbaycan gec-tez öz gücünə ərazi bütövlüyünü azad edəcək.
Beləliklə, 27 sentyabr 2020-ci il Ermənistan Silahlı Qüvvələrinin cəbhəboyu təxribatlara başladı. Əslində Prezident İlham Əliyev 2020-ci ilin sentyabrında BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışı zamanı Ermənistanı təxribatçı addımlardan geri çəkindirməyə çağırmışdı. Lakin diplomatik çağırışlara baxmayaraq, təxribatlar, hərbi eskalasiya davam etdi. Nəhayət, 27 sentyabr 2020-ci ildə erməni təxribatlarına cavab olaraq Azərbaycan əks-hücum əməliyyatına başladı.
44 günlük Vətən müharibəsi kimi tarixə düşən bu döyüşlər Azərbaycanda milli həmrəyliyi, dövlət-ordu-xalq birliyini nümayiş etdirdi. Azərbaycan Ordusu 44 gün ərzində Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərləri, Hadrut qəsəbəsi, çoxsaylı kəndlər və strateji yüksəklikləri azad etdi. Noyabrın 8-də isə Qarabağın incisi olan Şuşanın azad olunması müharibənin taleyində həlledici mərhələ oldu.
Şuşanın azad edilməsindən sonra – noyabrın 10-da Ermənistan kapitulyasiya aktına imza atdı, Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanat imzalandı. Sənədə əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarıldı. Beləliklə, 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatdı. Amma proses bununla yekunlaşmadı. Üç il sonra – 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri nəticəsində isə Azərbaycanın dövlət suverenliyi tam bərpa edildi. 23 saat davam edən əməliyyat nəticəsində Azərbaycan Ordusu qarşısına qoyulan vəzifələri yerinə yetirdi, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycanın Dövlət Bayrağı ucaldıldı.
Müharibədən sonra artıq tam yeni mərhələ başladı. Dağıdılmış ərazilərin yenidən qurulması, minaların təmizlənməsi, müasir infrastrukturun yaradılması və insanların doğma torpaqlarına qayıdışının təmin edilməsi əsas vəzifə kimi qarşıya qoyuldu.
Bu gün Qarabağ və Şərqi Zəngəzur genişmiqyaslı bərpa-quruculuq prosesinin mərkəzindədir. “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda yaşayan insanların sayı 90 mini ötüb. Vətən müharibəsindən ötən altı il ərzində Azərbaycan regionda dayanıqlı sülhün təmin edilməsi istiqamətində addımlar atıb.
2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş layihəsi paraflandı, həmçinin Birgə Bəyannamə imzalandı. Bu sənədlər regionda uzunmüddətli sülh və əməkdaşlıq üçün yeni siyasi çərçivənin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. 2026-cı ildə də Azərbaycan və Ermənistan arasında normallaşma prosesi davam edib. Avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Bişkekdə keçirilən görüşdə 2025-ci il Vaşinqton görüşünün və paraflanmış sülh sənədinin tarixi əhəmiyyətini vurğulayıblar. Tərəflər, həmçinin iqtisadi və ticarət əlaqələrinin inkişafını sülhün praktiki nəticələri sırasında qeyd ediblər.
Beləliklə, 2020-ci ilin sentyabrında hərbi müstəvidə başlayan yeni mərhələ siyasi və diplomatik müstəvidə davam etməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci ildə BMT Baş Assambleyasının 80-ci sessiyasında Azərbaycanın “yeni bir dövrə qədəm qoyduğunu”, müharibənin başa çatdırılması ilə yanaşı, sülhün təmin olunmasının da əsas hədəflərdən birinə çevrildiyini bəyan edib.
6 il əvvəl Azərbaycan xalqının və dövlətinin taleyində dönüş nöqtəsinə çevrilən 27 sentyabr Prezident İlham Əliyevin Sərəncamı ilə Anım Günü elan edildi. Bu tarix bütövlükdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman oğullarımızın xatirəsinə ehtiramla qeyd olunur. Qarabağda dalğalanan üçrəngli bayraq, doğma yurdlarına qayıdan ailələr, yenidən qurulan şəhər və kəndlər Vətən müharibəsinin yaratdığı böyük dönüşün rəmzidir.
Nigar MƏMMƏDOVA,
Milli Məclisin deputatı