Ayrı-ayrı istiqamətlərə və ya bütün elmi fəaliyyət sahələrinə dair hərtərəfli, sistemli, ən vacib məlumatları verən elmi toplu ensiklopediya formasında təqdim olunur. Bununla belə, universal bilikləri özündə əks etdirən ensiklopediyalarla yanaşı, milli, regional, müxtəlif sahələr üzrə ixtisaslaşmış ensiklopediyalar da mövcuddur. Ensiklopediyada məlumat və məqalələr, əsasən, əlifba sırası ilə, bəzi hallarda isə mövzu bölgüsü ilə yerləşdirilir.
Dövrümüzə qədər gəlib çatan ən qədim ensiklopedik əsər eramızın I əsrində yaşamış Roma dövlət xadimi Plininin “Naturalis Historia” toplusudur. O, təbiət tarixi, astronomiya, etnoqrafiya, heykəltaraşlıq, tibb, coğrafiya, geologiya və digər sahələri əhatə edən 37 fəsildən ibarət 10 cildlik əsər tərtib etmişdi. Ensiklopediyanın ön sözündə 200-dən çox alimin 2000 əsərindən 20.000 fakt əldə edildiyi və müəllifin öz təcrübəsindən də bir çox informasiyaların əlavə edildiyi qeyd edilib. Bu məlumatların əksəriyyətini Plini əyalətlərə etdiyi səfərlər və müxtəlif şəxslərlə ünsiyyət zamanı toplamışdı.
Plini əsərdəki materialları ümumidən xüsusiyə doğru sıralamışdı. Müəllif səmadan başlamış, astronomik sualları cavablandırmış, sonra yerin coğrafiyasına keçid edərək heyvanlar və bitkilərdən bəhs etmiş, sonda isə yerin altından çıxarılan minerallar və metallar haqqında bilgilər vermişdi. Bundan əlavə, o, yazılarında ardıcıl olaraq təbiəti yuxarıdan aşağıya - səmadan yerə doğru təsvir etmişdi.
Sonrakı dövrlərdə artıq bir çox yazarlar onun əsərlərinə istinad ediblər. Xüsusilə, əsərin “Təbiət tarixi” hissəsindən həmin dövrün digər ensiklopedistləri də geniş istifadə ediblər. Çap maşınının ixtirasına qədər onun qələmə aldığı orijinal mətnlər həddindən artıq böyük həcmdə olduğundan tez-tez ixtisar olunurdu. Əsərin günümüzə qədər bir çox əlyazmaları gəlib çatsa da, heç biri onu bütünlüklə əhatə etmir.
Ensiklopediyanın ilk dəfə 1501-ci ildə Kristoforo Landino tərəfindən italyan dilinə tərcümə edilmiş forması ortaya çıxmışdı. Bundan sonra toplu fransız və ingilis dillərinə tərcümə edilmişdi. Orta əsrlərdən etibarən isə yazılan ensiklopedik əsərlərin sayı sürətlə artmışdı. Hazırda rəqəmsal ensiklopediyalar internet saytlarda ödənişli və ya ödənişsiz şəkildə üstünlük təşkil edərək istifadəçilərə təqdim edilir.
Aydan XƏLİLOVA,
“Azərbaycan”