07 Oktyabr 2025 08:50
1197
Mədəniyyət
A- A+
Ədəbiyyatdan əbədiyyətə…

Ədəbiyyatdan əbədiyyətə…


Qarabağda ad-sanı, nüfuzu olan nəsillərdən birinin - Axundovların övladıydı. Yalnız Qarabağ deyil, bütün Azərbaycanda tanınan Axundovların ulu babası Molla Əli Kəbirlidir. Kəbirli elinin Seyidli obasında bilikli, nüfuzlu alim kimi ehtiram qazanıb, mahalların dini işləri ilə məşğul olub. O, təkcə axund deyildi, eyni zamanda həkim idi. Molla Əli Kəbirliyə Qarabağ hakimləri İbrahimxəlil xan və Mehdiqulu xan böyük hörmət göstəriblər. 1814-cü ildə adına verilmiş təliqədə Mehdiqulu xan ona "Ərəstun bilikli" olaraq nişan verib və yazıb: "Seyidli obasının başçısı Kosa yüzbaşıya, Ərəstun bilikli Axund Molla Əliyə obanı verirəm. Bəbirəlini və nökər Məhəmmədəlini də onun xidmətinə bağışlayıram".


Məşhur nəslin şöhrətli oğlu


Bu nəslin nümayəndələri arasında müxtəlif sahələrdə mükəmməl təhsil almış, savadı, zəkası, istedadı və bacarığı ilə parlamış şəxsiyyətlər çox olub. Onlardan Mirzə Mehdi bəy dövrünün sayılıb-seçilən ziyalısı, savadlı həkimi, İsmayıl bəy Mirzə Allahqulu bəy oğlu şair idi, "Daruğə" təxəllüsü ilə şeirlər yazıb. Tibb üzrə ali təhsil almış Bəhram bəy Mirzə Cəfər bəy oğlu həm də siyasətlə məşğul olub, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Məclisinin üzvü idi.

Məşhur Axundov soyadının ən şöhrətli nümayəndələrindən biri isə o oldu - maarif xadimi, dramaturq, nasir, jurnalist Süleyman Sani Axundov. Süleyman Sani Axundov 1875-ci il oktyabrın 3-də Şuşa şəhərində dünyaya gəlib. Uşaqlıq illərinə qayğılar, dərd, ələm gətirən atası Rzaqulu bəyin vaxtsız vəfatı olub. Süleyman dayısı, görkəmli maarif xadimi Səfərəli bəy Vəlibəyovun himayəsində böyüyüb.

Dövrünə görə yaxşı təhsil alıb. Süleyman Sani Axundov 1885-ci ildə Qori Müəllimlər Seminariyasına daxil olub. 1894-cü ildə seminariyanı bitirdikdən sonra Bakıdakı III dərəcəli rus-tatar məktəbinə müəllim təyin edilib. Uzun illər çox sevdiyi pedaqoji fəaliyyətdən ayrılmayıb. O, ömrünün sonlarınadək müəllim işləyib.

Süleyman Sani Axundov 1906-cı ildə Bakıda çağırılmış Azərbaycan Müəllimlərinin I Qurultayının iştirakçılarından olub. 1908-ci ildə Abdulla Şaiq, Mahmud bəy Mahmudbəyov və başqa qabaqcıl maarif xadimləri ilə birlikdə məşhur "İkinci il" dərsliyini tərtib edib. Dərslik Azərbaycan pedaqoji fikir tarixində mütərəqqi bir hadisə sayılıb.

1920-ci ildə Qarabağ İnqilab Komitəsinin qərarını yerinə yetirən Süleyman Sani Qarabağ və Zəngəzurda məktəb, uşaq evi, klub, qiraətxana və başqa mədəni-maarif ocaqlarının açılmasında fəal iştirak edib. 1920-1921-ci illərdə Qarabağ vilayətinin maarif şöbəsinin müdiri, 1922-1930-cu illərdə Bakıda məktəb müdiri işləyib. 1922-ci ildə Azərbaycan Ədib və Şairlər İttifaqının ilk sədri seçilib. 1921-ci ildən 1930-cu ilədək fasiləsiz Bakı Soveti üzvü, Bakı İcraiyyə Komitəsinin namizədi və Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvü olub.

1922-ci ildə hazırlanan "Yeni türk əlifbası"nın həmüəlliflərindən biri idi. 1923-cü ildən nəşrə başlayan "Maarif və mədəniyyət", "Şərq qadını" jurnallarında dövrün aktual mövzularında yazdığı bir sıra hekayələrinə yer verilib.

Ədəbi və pedaqoji fəaliyyətinə görə, 1932-ci ildə "Əmək Qəhrəmanı" adına layiq görülüb. 


Təxəllüsünün mənası ikinci, özü isə hər zaman birinci olan Süleyman Sani Axundov 


O, özünə ərəbcə "ikinci" mənasını daşıyan "sani" sözünü təxəllüs seçib. Tədqiqatçı-jurnalist Vasif Quliyev bu barədə bildirib: "Süleyman Sani Axundov deyirdi: "Bakıda Süleyman adında ikinci bir müəllim də olmuşdur. Lakin onun familiyası Əbdürrəhmanbəyov idi. O, ali ibtidai məktəbdə tarix müəllimi vəzifəsində işləyirdi və özü də Tiflisdə Müəllimlər İnstitutunu bitirmişdi. Təhsildə məndən yuxarı olduğu üçün onu birinci, özümü ikinci (Sani) adlandırmalı oldum".

Onun ədəbiyyatda həmsoyadı Mirzə Fətəli Axundovdan fərqlənmək üçün "Sani" təxəllüsünü götürərək soyadının əvvəlinə əlavə etdiyini bildirənlər də var.

Amma hər kəsin qəbul etdiyi bir həqiqət var ki, o, heç zaman ikinci olmayıb,  müəllim kimi böyük nüfuz qazanan, Azərbaycanın qabaqcıl, yəni birinci sırada dayanan pedaqoqlarından biri idi. Yazıçı-dramaturq kimi də tayı-bənzəri yox idi, əsərləri böyük maraqla qarşılanır, sevilə-sevilə oxunurdu.

Süleyman Sani Axundovun yazıçılıq istedadına qol-qanad verən onun ədəbiyyata sonsuz sevgisi və tükənməz yazıb-yaratmaq yanğısı idi. Uzun illər  pedaqoji fəaliyyət göstərən, müəllimlik peşəsinə cani-könüldən bağlı olan Süleyman Sani üçün ədəbiyyat da bambaşqa bir aləm idi. Yazıçı ilk gənclik illərindən ömrünün sonlarınadək ədəbiyyatın vurğunu oldu. 

Soydaşlarının geriliyinə səbəb olan problemlər, nöqsanlar onu daim düşündürürdü. O, öz əsərlərində cəhaləti, nadanlığı, qadın hüquqsuzluğunu yalnız tənqid etmirdi, həm də onları yaradan, meydana çıxaran səbəbləri cəmiyyətin diqqətinə çatdırırdı, qurtuluş yollarını göstərməyə çalışırdı. 

Süleyman Sani ilk dram əsəri olan "Tamahkar" komediyasını 1899-cu ildə Mirzə Fətəli Axundzadənin "Hacı Qara" əsərinin təsiri ilə yazıb. 1907-ci ildə qələmə aldığı "Dibdat bəy", "Türk birliyi" adlı komediyaları ilə Azərbaycan teatr səhnəsinə siyasi-ictimai mövzunu gətirib. "Laçın yuvası", "Qaranlıqdan işığa", "Şahsənəm və Gülpəri", "Səadət zəhmətdədir", "Molla Nəsrəddin Bakıda", "Eşq və intiqam" və başqa pyeslərində müəllif cəmiyyət üçün vacib, aktual məsələlərdən bəhs edib.

İlk hekayələrini - "Qonaqlıq", "Kövkəbi-hürriyyət" və "Yuxu"nu 1905-ci ildə yazıb. Sonrakı illərdə "Tutuquşu", "Qan bulağı", "Ümid çırağı", "Cəhalət qurbanı", "Nə üçün", "Təbrik", "Sona xala", "Namus", "Mister Qreyin köpəyi", "Son ümid", "İki dost, iki düşmən", "Gənc maşinistka və qoca yazıçı" hekayələrini qələmə alıb.

XX əsr Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında və inkişafında da Süleyman Sani Axundovun rolu böyük, xidmətləri misilsizdir. O, 1912-1914-cü illərdə "Qorxulu nağıllar" başlığı altında yazdığı "Əhməd və Məleykə", "Abbas və Zeynəb", "Nurəddin", "Qaraca qız", "Əşrəf" əsərləri ilə Azərbaycan uşaq ədəbiyyatına yeni forma, məzmun, üslub gətirdi. Süleyman Sani Axundovu yazıçı kimi daha da məşhurlaşdıran "Qorxulu nağıllar" uşaqlar üçün nəzərdə tutulub. Ancaq həmin nağıllar, doğrudan da, qorxuludur. "Qorxulu nağıllar"ın "Qaraca qız"ı Qaraca qızın ölümü ilə, "Abbas və Zeynəb"i isə uşaqların güllələnməsi ilə bitir. Müəllif həmin hekayələrindən belə bəhs edib: "Bu hekayələr, həqiqətən də, qorxulu idi. Lakin onlar uşaqları qorxutmur, onlara həyat həqiqətlərini, həyatın işıqlı və qaranlıq tərəflərini açır, xeyirxahlıq və ədavətin təntənəsini əks etdirirdi".

Azərbaycanın böyük ziyalılarından olan Süleyman Sani Axundov 1939-cu il martın 29-da dünyasını dəyişdi. Görkəmli maarif xadimi, istedadlı yazıçı, dramaturq, jurnalist kimi fəaliyyəti onun adını əbədiyyətə qovuşdurdu.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

Qızıl və gümüş bahalaşıb

11:26
25 İyul

Azərbaycan nefti 102 dollara satılır

10:58
25 İyul

Dünyanın ən böyük raketi növbəti sınaq uçuşuna buraxılıb

10:55
25 İyul

FHN-dən su hövzələrinə üz tutan vətəndaşlara müraciət: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

10:32
25 İyul

Bilmək istəyirəm

09:20
25 İyul

"DREAM FEST-2026" möhtəşəm konsertlə açıldı 

09:15
25 İyul

"Operetta inciləri" konsert proqramı ilə mövsümə yekun vurulub

09:10
25 İyul

1 teatr, 200 rol 

09:05
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!