25 Iyul 2024 19:12
169
CƏMİYYƏT
A- A+

Dünyanın 13 ölkəsini təmsil edən səyyahlar Ağdamda erməni vandalizminin şahidi olublar

 

Dünyada ən çox tanınmış dörd nəhəng səyyah klubundan biri olan “Most Traveled People” (MTP) səyahət klubunun 35 nəfərlik heyəti Qarabağa və Şərqi Zəngəzura səfəri çərçivəsində iyulun 25-də Ağdama gəliblər. Xarici səyahətçilər Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklər, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ağdam şəhərindəki Şəhidlər xiyabanına gələn səyyahlara burada Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladlarının, o cümlədən Xocalı soyqırımında qətlə yetirilən dinc sakinlərin bir hissəsinin dəfn edildiyi bildirilib. Qeyd olunub ki, Ağdam şəhərini yerlə-yeksan edən erməni vandalları Şəhidlər xiyabanındakı qəbirləri də dağıdıblar.

Xarici səyyahlar sonra Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərin yerlə-yeksan etdikləri binaların qalıqlarına da baxıblar. Məlumat verilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində indi xarabalıqlar qalıb.

Ağdam şəhər Cümə məscidi ilə tanış olan səyyahlara məlumat verilib ki, 1868-1870-ci illərdə inşa edilmiş məscid də digər tarixi-dini abidələr kimi erməni vandalizminə məruz qalıb. Məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb. Erməni vandalları Ağdam Cümə məscidində mal-qara saxlayıblar. Ağdam şəhəri işğaldan azad edildikdən sonra məscid Azərbaycan dövləti tərəfindən bərpa olunub.

Xarici səyyahlara Ağdamda həyata keçirilən bərpa-tikinti işləri barədə də məlumat verilib.

Qeyd edək ki, adı dünyanın ən böyük səyyahları siyahısında ilk onluqda yer alan Çarlz Vilinin (Charles Veley) rəhbərlik etdiyi heyətin səfərinə 13 ölkədən beynəlxalq səyahətçilər qatılıblar. Bu ölkələr sırasında ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və digərləri də var.

Bu, klubun üzvlərinin işğaldan azad edilmiş ərazilərə dördüncü səfəridir. MTP daha əvvəl Qarabağa və Şərqi Zəngəzura üç dəfə səfər edib. Vətən müharibəsindən ötən dörd il ərzində isə 50-yə yaxın ölkədən 400-dək beynəlxalq səyahətçi böyük qruplarla Qarabağa və Şərqi Zəngəzura 10 dəfə səfər edib. Bugünkü səfər bu qəbildən olan sayca 11-ci səfərdir.

Nəzərə alsaq ki, beynəlxalq səyyahların sosial mediada dünyanın ən müxtəlif bölgələrindən xeyli sayda izləyici ordusu var, belə səfərlər azad edilmiş ərazilərdəki böyük dağıntılar və aparılan nəhəng quruculuq-bərpa işləri ilə yerində tanış olmağa imkan yaratmaqla, reallıqların dünyaya nümayişi üçün müstəsna əhəmiyyət daşıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video