Azərbaycan tarixinə XIX əsrin əvvəllərində baş verən Rusiya-İran müharibələri nəticəsində qara səhifələr yazıldı. Bu iki ölkə - Rusiya və İran öz aralarında imzaladıqları iki müqavilə - 1813-cü ildə "Gülüstan", 1828-ci ildə "Türkmənçay" müqavilələri ilə xalqımızın ayrılığına, məmləkətimizin parçalanmasına qərar verdilər. Azərbaycanı ikiyə böldülər, şimal hissəsinə Rusiya, cənubuna İran yiyələndi.
XIX əsrin birinci yarısından Şimali Azərbaycanın Quba, Dərbənd, Nuxa (indiki Şəki), Naxçıvan qəzalarında qaçaq Molla Nuru, Hacı Məhəmməd, Şəkili Məhəmməd, Qaçaq Adıgözəl kimi igidlərin başçılıq etdikləri dəstələr çar məmurlarının, yerli bəylərin, ağaların özbaşınalıqlarına, zülmlərinə qarşı çıxdılar. Bu, əslində, kəndli azadlıq hərəkatı, milli düşüncənin təzahürü idi. Onları ələ keçirmək, həbs etmək çətin məsələyə çevrilirdi. Öz qəhrəmanlarını sevən xalq onları qoruyurdu.
Çarizmin sərt tədbirləri, xalqın qabaqcıl övladlarına təzyiqlər göstərməsi, onların təqib olunmaları Azərbaycan xalqının milli kimlik, milli özünüdərk hisslərini məhv edə bilmədi. Əyalətlərdə istibdadı davam etdirmək üçün çar Rusiyası müxtəlif vasitələrə əl atsa da, Vətən azadlığı sevgisinə köklənmiş Azərbaycanın təəssübkeş övladları ruhdan düşmədilər, mübarizələrini uzun illərboyu müxtəlif formalarda davam etdirdilər.
Çar hökuməti mənəm-mənəmliklərinə, qanunsuzluqlarına etiraz edənləri ağır cəzalandırırdı. Tətillər, iğtişaşlar, inqilablar amansızlıqla yatırılırdı. Ancaq bütün çətinliklərə, təhdidlərə, təzyiqlərə rəğmən mübarizə davam edirdi. Nəhayət, 1917-ci ilin fevral inqilabı nəticəsində 300 illik Romanovlar sülaləsi taxt-tacdan məhrum oldu. Hakimiyyətə gələn Müvəqqəti hökumət Müəssislər Məclisinə seçkilər keçirdi. Lakin siyasi iğtişaşlar səngimədi. Müvəqqəti hökumət fəaliyyətini davam etdirə bilmədi. 1917-ci ilin oktyabrında yenidən çevriliş oldu, hakimiyyətə bolşeviklər gəldilər.
Cənubi Qafqazdan Ümumrusiya parlamentinə Müəssislər Məclisinə seçilmiş və oktyabr inqilabından sonra Rusiyaya gedə bilməyən azərbaycanlı, gürcü və erməni deputatlar 14 fevral 1918-ci ildə Tiflisə toplaşıb Cənubi Qafqaz (Zaqafqaziya) Seymini yaratdılar. Amma Azərbaycanın daxilində vəziyyət getdikcə gərginləşirdi. Tarixin mürəkkəb, ziddiyyətli vaxtından istifadə edən ermənilər 1905-1907-ci illərdə olduğu kimi, Azərbaycan xalqına qarşı dəhşətli cinayətlər törətməyə hazırlaşırdılar. Çar hökuməti kimi, yeni hakimiyyətə gələn bolşeviklər də Azərbaycanı, xüsusilə də Bakı neftini əldən vermək niyyətində deyildilər. Azərbaycanın müstəqilliyini bərpa etməsinin qarşısını almaq üçün Vladimir Leninin rəhbərlik etdiyi bolşevik hökuməti erməni daşnakları ilə razılığa gəldi. Məkrli planın həyata keçirilməsi üçün hazırlıqlara başlanıldı. Birinci Dünya müharibəsində döyüşmüş peşəkar hərbçilər Azərbaycana gətirildi. 1918-ci ilin əvvəllərində bolşevik-daşnak birləşmələrindən ibarət çox güclü silahlı dəstələr artıq Bakıda idi.
Lenin tərəfindən Qafqaza fövqəladə komissar göndərilmiş Stepan Şaumyanın rəhbərliyi ilə daşnak-bolşevik birləşmələri güclü qüvvəyə çevrildi. 31 mart 1918-ci ildə Bakıda ilk atəş səsləri eşidildi. Şəhərdə daşnak-bolşevik birləşmələri azərbaycanlılara qarşı soyqırımına başladılar. Bakının yerli sakinlərinin yaşadıqları evlərə, iş yerlərinə hücum edir, onlara dəhşətli işgəncələr verərək öldürürdülər. Sağ qalanların əksəriyyətinin canlarını götürüb şəhərdən qaçmaqdan başqa çarələri qalmırdı. Stepan Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik birləşmələri Bakını işğal etdilər. Bakı Xalq Komissarları Soveti hakimiyyəti ələ keçirdi. Daşnak-bolşevik birləşmələri bundan sonra Azərbaycanın bir çox yaşayış yerində qarətlər, qətllər, soyqırımları törətdilər. Bakıdan, ardınca başqa ərazilərimizdən gələn xəbərlər dəhşətli idi.
Azərbaycanın millətpərvər övladları isə ölkəmizin müstəqilliyi yolunda mücadilələrini davam etdirirdilər. 22 aprel 1918-ci ildə Zaqafqaziya Seyminin deputatları tərəfindən Zaqafqaziya Demokratik Federativ Respublikasının yarandığı elan olundu. Lakin bir ay sonra federasiya dağıldı. Mayın 26-da Tiflisdə Zaqafqaziya Seyminin son iclası keçirildi. Səhəri günü qurumun azərbaycanlı deputatları fövqəladə iclasa toplaşaraq Azərbaycanın müvəqqəti Milli Şurasını yaratdılar. Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri seçildi. Müavini Həsən bəy Ağayev, katibi Mustafa Mahmudov, İcraiyyə Komitəsinin (hökumətin) sədri isə Fətəli xan Xoyski oldu.
Milli Şura 28 may 1918-ci ildə Tiflisdə - Qafqaz Canişin sarayının ikinci mərtəbəsindəki böyük salonda ilk iclasını keçirdi. İclasda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və 6 bənddən ibarət "Milli İstiqlal Bəyannaməsi" elan olundu. Bununla belə Bakının yolları müstəqil hökumətin qurucularına bağlı idi. O üzdən 16 iyun 1918-ci ildə Azərbaycan Milli Şurasının üzvləri və Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Tiflisdən Gəncəyə köçdülər. Beləcə, çox çətin vaxtlarda Cumhuriyyət hökuməti Gəncədə böyük əzmkarlıq, misilsiz fədakarlıqla quruculuq işlərinə başladı.
Daşnak-bolşevik birləşmələri isə Azərbaycanın müxtəlif yerlərində azərbaycanlılara qarşı kütləvi qırğınları davam etdirirdilər. Soydaşlarımız müstəqil hökumətin qurulmasının sevincini yaşamadan əzab-əziyyət, işgəncə ilə qətlə yetirilir, şikəst edilirdi. Daşnak-bolşevik birləşmələri onların evlərini talayır, od vurub yandırırdılar. Evsiz qalmış, qarət edilmiş soydaşlarımıza bir tərəfdən də aclıq qənim kəsilmişdi.
31 iyul 1918-ci ildə Bakı Kommunası səlahiyyəti öz üzərindən götürdükdən sonra şəhərdə əks-inqilabçı Sentrokaspi diktaturası quruldu. Amma azərbaycanlılara qarşı dəhşətli cinayətlər bundan sonra da davam etdi.
Azərbaycan Xalq Cümhuriyyətinin isə görəcəyi işlər olduqca çox idi. Yeni hökumət vəziyyəti nəzərə alaraq ilk gündən silahlı qüvvələrin təşkilinə başladı. 28 may 1918-ci ildə qəbul edilmiş "İstiqlal Bəyannaməsi"ndə qeyd olunurdu ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi qarşıya qoyuldu. Hərbi məqsədlərə dövlət büdcəsinin 24 faizi ayrıldı. Müsəlman korpusu qurulacaq ordunun əsasını təşkil edəcəkdi.
Cümhuriyyət hökumətinin ağır, Azərbaycan xalqının fəlakətli günlərində Nuru Paşa rəhbərlik etdiyi Qafqaz İslam Ordusu ilə ölkəmizə gəldi. 15 sentyabr 1918-ci ildə Qafqaz İslam Ordusu yeni qurulan Azərbaycan Xalq Cümhuriyyətinin milli ordu hissələri ilə bərabər düşmənə zərbələr endirərək Bakıya daxil oldu. Minlərlə şəhidin qanı yerdə qalmadı, erməni-bolşevik işğalçıları Bakını işğal altında saxlaya bilmədilər.
7 dekabr 1918-ci ildə məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakının Nikolayev küçəsində yerləşən Qızlar Məktəbinin binasında (hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu) Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti fəaliyyətə başladı. Əslində, açılış mərasiminin 3 dekabr 1918-ci ildə keçirilməsi nəzərdə tutulmuşdu. Ancaq Bakıda fəaliyyət göstərən rus və erməni milli şuraları Azərbaycan Parlamentinin açılmasına mane olmaq üçün həmin ərəfədə təşrif gətirmiş müttəfiq qoşunların baş komandanı general Tomsondan istifadə etməyə çalışdılar. Tomsonla aparılan danışıqlarla bağlı və qəzalardan bütün deputatların Bakıya gələ bilməməsinə görə parlamentin ilk iclasının açılışı dekabrın 7-də baş tutdu. İclasda çıxış edən Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə bildirdi ki, hər bir millət müstəqil və hürr olmalıdir: "Biz Rusiyanın səadətini istəriz, Rusiya camaatını sevəriz, fəqət, kəndi istiqlalımızı da əziz tutarız. Cəbr ilə qəbul etdirilən bir şeydə səadət olmaz. Çünki səadət və hürriyyət istiqlaldır. İştə bunun üçün, əfəndilər, müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidarı - əhrarınəsini təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcəkdir".
İşlərini demokratik prinsiplər əsasında qurmağa müvəffəq olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 17 ay ərzində 145 iclası keçirildi. Ölkənin ərazi bütövlüyünü təmin etmək, hüquqi-demokratik dövlət qurmaq, müstəqilliyini, vətəndaşlarının azadlıqlarını qorumaq naminə çox vacib qərarlar verdi, qanunlar qəbul etdi.
Parlament haqqında qanunda erməni nümayəndələri üçün 21, rus nümayəndələri üçün 10, həmkarlar ittifaqı nümayəndələri üçün isə 3 yer ayrıldı. Lakin onlar Azərbaycan Parlamentinin ilk iclasına gəlmədilər. Azərbaycanın dövlət müstəqilliyinə son qoyulması, yenidən əsarətdə olması üçün sonadək əllərindən gələni etdilər.
Əfsuslar olsun ki, Azərbaycanın azad olmasını istəməyənlər yalnız ermənilər, ruslar deyildi. Dövlət müstəqilliyimizin məhvinə çalışan azərbaycanlılar da vardı. Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsi, bolşeviklərin hakimiyyətə gəlməsi üçün onlar ardıcıl fəaliyyət göstərirdilər. Məqsədlərinə çatan bolşeviklər Azərbaycanı işğal etsələr də, sonralar qulluq göstərdikləri rejimin qurbanı oldular.
Bəli, müstəqil hökumətin vətəndaşı olmağın sevinci ilə yaşayan Azərbaycan xalqı 1920-ci ilin aprelinin sonlarında yenidən fəlakətlə üzləşdi. Bolşevik hökumətinin XI Ordu adlanan işğalçı qoşunları ölkəmizin sərhədlərini aşdı. 27 aprel 1920-ci ildə Azərbaycan Parlamentinin son iclası keçirildi. Parlamentin 145-ci, təcili fövqəladə axşam iclasının sədri Məhəmməd Yusif Səfərov, katibi Rza bəy Qaraşarlı idi. Bolşeviklərin təhdidləri və təzyiqləri altında keçirilən iclasda xalqın gələcəyini Azərbaycan Cümhuriyyətinin varlığında görən vətənpərvərlər qərar verməkdə çətinlik çəkirdilər. Vətəninin azadlığının, dövlətinin müstəqilliyinin qəsdinə duranlar isə sevinc içində idilər.
28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməyə gələn XI Ordu onun qarşısını kəsmək istəyən kiçik silahlı dəstələrin müqavimətini qıraraq Bakıya daxil oldu. Cümhuriyyət qurucularından Vətəndə qalanları sovet hökuməti təzyiqlərə, təqiblərə məruz qoydu, həbs etdi, sürgünə göndərdi, güllələdi. Müstəqil hökumət quranların bir çoxu isə Vətənindən ayrı yaşamağa məhkum oldu. Son anlarınadək Azərbaycanın müqəddəratını düşündülər, onun yenidən azadlığını görmək arzusu və xəyalı ilə yaşadılar.
O müqəddəs arzu, nəhayət, həyata keçdi. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdi. Bu gün müstəqil dövlətimiz Xalq Cümhuriyyətinin varisi kimi onun yarımçıq qalmış arzularını uğurla reallardırır.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"