Azərbaycan əleyhinə siyasətin formalaşmasında ABŞ Dövlət Departamenti aparıcı rol oynayır
"ABŞ Konqresində ermənipərəst senator və konqresmenlərin Azərbaycana qarşı qərəzli, ikili standartlar siyasətinin dəfələrlə şahidi olmuşuq. Lakin son zamanlar antiazərbaycançı fəaliyyətdə ABŞ Dövlət Departamenti xüsusilə seçilir".
Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Elman Nəsirov deyib. O qeyd edib ki, hətta iş ora gəlib çatıb ki, ənənəvi olaraq Azərbaycan əleyhinə siyasətin formalaşmasında və istiqamətlənməsində ABŞ Dövlət Departamentinin aparıcı rol oynadığı üzə çıxır.
"Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayılda keçmiş məcburi köçkünlərlə görüşdə qeyd etdiyi kimi, 60-a yaxın konqresmen və senator ABŞ Dövlət katibinə müraciət edərək ölkəmizə qarşı sərt siyasətin, sanksiyaların tətbiqi kimi məsələləri gündəmə gətiriblər. Dövlət başçısı vurğuladı ki, Konqresdən gedən məktubun müəllifi də elə ABŞ Dövlət Departamentidir. Yəni bu cür - açıq-aşkar şəkildə Azərbaycana qarşı təzyiq siyasətini həyata keçirirlər. Bizim də "günahımız" odur ki, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etmişik. ABŞ-nin düşüncəsinə görə, onların icazəsi olmadan bunu etmişik", - deyə o əlavə edib.
E.Nəsirov bildirib ki, bəzi dairələr Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini Qarabağın işğalı kimi təqdim edir və ermənilərin könüllü şəkildə Qarabağdan çıxmasını isə etnik təmizləmə kimi beynəlxalq ictimaiyyətə sırımaq istəyirlər. Zamanı da təsadüfi seçməyiblər. Anti-Azərbaycan siyasətinin yeni məzmun, yeni keyfiyyət halına keçməsi COP29 tədbiri yaxınlaşdıqca daha çox hiss olunur. Müxtəlif istiqamətlərdən koordinasiya olunmuş təzyiqlərlə üz-üzəyik. ABŞ Dövlət Departamenti, Konqresi bir tərəfdən, digər tərəfdən Avropa Şurası Parlament Assambleyası payız sessiyasının ilk iclasında Azərbaycan əleyhinə bəyanatlar səsləndirir.
Deputat bildirib ki, Avropa Parlamentinin də analoji addımlarına dəfələrlə şahidlik etmişik: "Bu cür anti-Azərbaycan siyasət adətən ölkəmiz mühüm tədbirlərə evsahibliyi edərkən daha çox müşahidə edilir. COP29 ərəfəsində belə təzyiqlərin artma dinamikasını görürük. Dünyanın ürəyinin Bakıda döyünəcəyi bir zamanda onlar beynəlxalq ictimai fikrə öz yalanlarını, dezinformasiyalarını sırımağa çalışırlar. Amma bütün bunların heç bir nəticəsi olmayacaq. Əvvəla, bizim işimiz haqq işidir. İkincisi də Azərbaycan güclü dövlətdir, güclü lideri, ordusu, iqtisadiyyatı var. Bundan başqa, güclü müttəfiqlərimiz var. Səfərbər olmuş cəmiyyət və vətəndaş həmrəyliyi hökm sürür. Xalq-hakimiyyət birliyi monolitdir. Bu reallıqlar fonunda Azərbaycana qarşı istənilən təzyiqin həyatakeçmə əmsalı sıfra bərabərdir".
Əsmər QABİLQIZI,
"Azərbaycan"