25 Avqust 2024 10:00
414
İQTİSADİYYAT, COP29
A- A+

COP29 həm də sülhə çağırış tədbiri olacaq

 

Müharibələr kainata iqlim dəyişmələrindən az ziyan vurmur

 

Kim deyə bilər ki, müharibə xoşbəxtlik gətirir? Kim təsdiqləyər ki, savaş anaların gözyaşı, oğulların  torpağa qarışan qanı, əbədi ayrılıq, həsrət, gəlinləri ağlar qoyan kabus deyil?! Müharibə ambisiyaların toqquşduğu  savaş meydanı və bu meydanda meydan sulayan fəlakətdir, faciədir. 
Amma müharibələr və münaqişələr təkcə insan fəlakəti deyil, həm də  biomüxtəlifliyi məhv edilən, zərərli emissiyaların çoxalması, torpağın yanıb külə dönməsidir. Və bütün bunlar iqlim dəyişmələrinin bütövlükdə bəşəriyyəti məhvə aparmasına meydan açır, geri dönüşü olmayan faciələri sürətləndirir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu təhlükələrin müzakirə ediləcəyi, konkret həll yollarının tapılacağı qlobal konfrans kimi böyük bir missiyanı boynuna götürüb. Dünya birliyi COP29-un Azərbaycanda keçirilməsi barədə qərara səs verəndə, təbii ki, müharibədən təzə çıxmış bir ölkənin bu məsələdə daha fəal olacağını nəzərə almışdı. Çünki Azərbaycan sülh, təhlükəsizlik və iqlim dəyişmələrini təkcə xarici qonaqların  deyil, həm də vətəndaş cəmiyyəti  nümayəndələrinin və ekspertlərin iştirakı ilə geniş müzakirə etmək üçün imkanlar yaratmağa sadiqdir, hər cür təklif və təşəbbüslərə açıqdır. COP29-a hazırlıqlar da onu göstərir ki, qəbul olunacaq qərarların kökündə cəmiyyətin sağlam qalmasının, bəşəriyyətin  hər cür müharibə təhlükəsindən, münaqişə ocaqlarından  xilas olmasının həll yolları dayanacaq. 
COP29-un baş katibi Elnur Soltanov Türkiyənin "Anadolu" agentliyinə verdiyi müsahibəsində demişdir: "Azərbaycan da bu məsələ ilə bağlı 14 təklif irəli sürüb. Bu təklifləri həyata keçirmək üçün yekdilliklə bəzi ölkələr və ya şirkətlərlə müzakirə edəcəyik. Azərbaycanın təklifi ilə müzakirə ediləcək məsələlər arasında iqlim maliyyəsi, enerji, kənd təsərrüfatı, su ehtiyatları, turizm, rəqəmsallaşma, "yaşıl şəhər"lər və insan resursları da var. Olimpiadada olduğu kimi, bütün dünyanı atəşkəsə çağıracağıq". Baş katib onu da bildirib ki, Bakı təxminən 80 min qonağı qəbul edəcək. Müxtəlif günlərdə Azərbaycana müxtəlif sayda qonaqlar gəlib gedəcək: "Bizim bir gündə təxminən 40 min qonağı qəbul etmək üçün infrastrukturumuz var. Dünyanın bütün dövlət başçılarına dəvətlər göndərilib. 50-dən çox dövlət və hökumət başçısı iştirak edəcəyini təsdiqləyib. Bu sayın artacağını gözləyirik".
Qeyd edək ki, COP29 Azərbaycanın bu günə qədər evsahibliyi etdiyi heç bir beynəlxalq tədbirlə müqayisəyə gəlməyəcək konfrans olacaq. Ölkəmiz  iqlim danışıqlarına rəhbərlik edəcək və bu məsələ ilə bağlı fəaliyyətini sərgiləyəcək.Təbii ki, Azərbaycan xalqına məxsus qonaqpərliyin nümayişi də yaddan çıxmayacaq. Əminik ki, tədbirdən öz ölkəsinə dönənlər uzun müddət Azərbaycan yeməklərini,  gördükləri milli mədəniyyəti,  şahid olduqları adət-ənənələri unutmayacaqlar. Bu təəssüratların əldə edilməsi üçün  xeyli zamandı dövlət qurumları, şirkətlər və qeyri-hökumət təşkilatları birlikdə hazırlıqlara başlayıblar. Ona görə də Elnur Soltanovun təbirincə desək, COP29-un uğursuz olma ehtimalı yoxdur. Sadəcə, bilmək lazımdır ki, insanlıq tamamən məhv olmasın deyə zaman bəşəriyyətin başı üzərində dolaşan  müharibə adlı kabusun iqlim dəyişmələrinə vurduğu təsirlərdən can qurtarmağı tələb edir.
Bu gün dünyanın bir sıra bölgələrində münaqişələr,  müharibələr gedir. Həmin qanlı toqquşmalar yaşadığımız dünyanı bir an belə sakit buraxmır. Ona görə də dinc yaşamaq, azad, suveren ölkənin vətəndaşı olmaq üçün qarşıdurmalara son qoyulmalı, müharibələr tarixin zibilliyndə dəfn olunmalıdr. Sülh əldə etmək üçün bütün imkanlar səfərbər edilməlidir. İqlim təsirlərinin, ətraf mühitin dəyişməsinin və ya ekoloji problemlərin milli təhlükəsizlik və sülhlə əlaqəli olduğunu inkar etmək olmaz. İqlim dəyişmələri milli və qlobal təhlükəsizliyin bir hissəsidir. Bu mənada Azərbaycanın evsahibliyi edəcəyi COP29 tədbiri yaxşı fürsət ola bilər. Onu əldən vermək tarixin  daha bir səhvi olar. 
Əslində, COP29 bununla yeni Amerika kəşf etməyəcək. Tarixə nəzər salsaq  görərik ki, bütün irimiqyaslı qlobal tədbirlər həmişə barışıq fəlsəfəsinə əsaslanıb. Məsələn, beynəlxalq idman oyunları ilə müharibə ideyaları bir-birinə tamamən zidd, əks qütblərdə dayanırlar. Müxtəlif idman yarışları və olimpiadalar zamanı münaqişə şəraitində olan ölkələrin nümayəndələri belə, yarışa çıxaraq qüvvələrini sınayırlar. Qalib mütləq qaydada rəqibinin əlini sıxır. Bu, təbii ki, sağlam mübarizədir və bütün dünyada barışıq yaratmağa xidmət edir. Bəllidir ki, hər zaman  yay və qış olimpiadalarında hərbi əməliyyatlar dayandırılıb,  müvəqqəti də olsa  müharibə səngiyib. Bu baxımdan COP29 da idmandan daha vacib tədbir kimi istisna olmamalıdır.  
Dünyada sülhü Azərbaycan qədər təbliğ edən ölkələrin sayı bu gün təəssüf ki, azdır. Ölkəmiz müstəqilliyinin ilk illərindən başlayaraq qonşu dövlətin işğalçılıq siyasəti ilə üzləşib. Təxminən 30 il davam edən işğal nəticəsində Azərbaycan böyük məhrumiyyətlərlə üzləşib - işğal altına düşən ərazilərimizdə hər şey dağıdılıb, şəhər və kəndlərimiz, tarixi abidələrimiz yerlə yeksan edilib. İşğaldan azad olunmuş ərazilərdə hələ də mina təhlükəsi qalmaqdadır. Ona görə də Azərbaycanın sülh çağırışları etməsi təsadüfi deyil. İqlim dəyişmələrinə qarşı mübarizə ilə yanaşı, Azərbaycan COP29-un sülh sahəsində növbəti uğur hekayəsinə və sülh konfransına çevrilməsi üçün səylər göstərir və bundan sonra da göstərəcək.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video