Azərbaycan hazırda iqtisadi, siyasi, humanitar mərkəz kimi dünyanın diqqətindədir. Müxtəlif mövzularda konfransların və forumların Azərbaycanda keçirilməsi ölkəmizin xarici siyasət uğurlarının, eyni zamanda hər bir sahədə zəngin təcrübəyə, potensiala malik olmasının təqdimatıdır.
Bu baxımdan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi iqlim dəyişikliyi ilə mübarizədə ölkəmizin iradə və qabiliyyəti ilə yanaşı, liderlik rolunu da nümayiş etdirir.
Bu qlobal konfrans dünyada gərginliyin azaldılmasına, sülhün bərqərar olunmasına da təsir göstərəcək. COP29-un gündəliyindəki problemlərin həllinə müasir elmin dəstəyi ilə nail olmaq mümkündür, əlbəttə. Amma faciəli iqlim dəyişmələrinin nə zaman, harada baş verəcəyi sualına hələ də elm dəqiq cavab tapa bilmir. Çünki o, qəflətən, gözlənilməyən anda "planetin başı üzərində" peyda olur. Bununla belə ekoloq və meteoroloqların fikrincə, bu dəyişmələri ən azı, dünyanın gücü və birliyi ilə ləngitmək, təxirə salmaq lazımdır. Onun daha da artıb bəşəriyyətin ağrılı başbəlasına çevrilməsinə yol verilməməlidir, əks halda, qarşısıalınmaz fəlakətlər qaçılmaz olacaq. Bu, bir çağırışdır və kökündə həm də müharibələrin bitməsi, sülhün bərqərar olması dayanır.
Dünyada sülhün olmasını Azərbaycan qədər vacib sayan ölkələrin sayı bu gün azdır. Ölkəmiz müstəqilliyinin ilk illərindən başlayaraq qonşu dövlətin işğalçılıq siyasəti ilə üzləşib. Təxminən otuz il davam edən bu işğal nəticəsində Azərbaycan böyük məhrumiyyətlərlə üzləşib - işğal altına düşən ərazilərimizdə hər şey dağıdılıb, şəhər və kəndlərimiz, tarixi abidələrimiz yerlə yeksan edilib. Torpaqlarını müharibə ilə azad edən Azərbaycan savaş zamanı ekoloji pozuntuların miqdarı və ətraf mühitə dəyən zərərin həcminin nə qədər olduğunu daha yaxşı bilir. İşğaldan azad olnmuş ərazilərdə hələ də mina təhlükəsi qalmaqdadır. Bu baxımdan Azərbaycanın COP29-la bağlı sülh çağırışı etməsi heç də təsadüfi deyil, bəlkə də bir qanunauyğunluqdur. Onun bu qlobal tədbir vasitəsi ilə gələcək üçün müəyyənləşdirəcəyi yeni hədəflər həm "yaşıl enerji"nin inkişafı üçün mühüm vasitə olacaq, həm də beynəlxalq və regional sülhə böyük töhfələr verəcək.
Tədbirə hazırlıqlar çərçivəsində COP29-un sədrliyi də sülh və həmrəylik məsələsini gündəlikdə saxlayaraq, bu istiqamətdə səylərini artırır, dünya dövlətlərini barışığa səsləyir, münaqişələrin sülh yolu ilə həll olunmasına üstünlük verdiyini fəaliyyətində əks etdirir. Əsas məqsəd iqlim dəyişikliyi ilə mübarizə baxımından COP29-un uğurlu olmasına nail olmaqdır. Prezident İlham Əliyevin də söylədiyi kimi, bu, bizim üçün fürsətdir. Çünki dünyaya deyəcək sözümüz çoxdur. Təbii ki, evsahibliyi etməyin əsas üstünlüklərindən biri onminlərlə qonağın ölkəmizə gəlməsi olacaq. Azərbaycan COP29-u həm də sülh prosesinin nəticəsi hesab edir. Hətta ev sahibi kimi COP-un gündəliyinə bəzi əlavələr də edə bilərik. Dövlət başçısı çıxışlarının birində bəyan edib ki, belə əlavələrdən biri sülh olacaq. "Ona görə ki, biz məhz sülh prosesi sayəsində COP29-a evsahibliyi etmək hüququ qazandıq. Çünki burada Ermənistan vetosunu aradan qaldırdı və biz də qarşılıqlı addımlar atdıq. Bu hal isə bizim heç də hər dəfə hər müstəvidə bir-birimizə qarşı addım atmalı olmadığımızı nümayiş etdirir. İlk dəfə idi ki, biz beynəlxalq arenada bir-birimizə qarşı addım atmaq məcburiyyətində qalmadıq. Yəni biz qarşılıqlı dəstək verməsək də, bitərəf qaldıq və bunun özü də bir nailiyyət idi", - dövlət başçısı bildirib.
Sirr deyil ki, Azərbaycan dövləti Rusiya-Ukrayna müharibəsinin, o cümlədən Qəzza bölgəsində yaşanan qırğınların dayanmasını çox istəyir. Əslində 44 günlük Qarabağ savaşı da mahiyyət etibarilə sülhə töhfə verən bir hadisədir. Çünki zəfərdən sonra Ermənistandan fərqli olaraq, Azərbaycan bölgəyə daha qalıcı sülhün gətirilməsi üçün addımlar atmaqdadır. Bunu sülh müqaviləsinin şərtlərinin məhz ölkəmiz tərəfindən hazırlanması da sübut edir. COP29-un Azərbaycanda keçirilməsi sülh danışıqlarına təsir edə bilər. Qeyd edək ki, karbon emissiyalarının yayılmasına səbəb olan, həmçinin "yaşıl enerji"yə keçidə maneçilik törədən səbəblərdən biri hərbi - sənaye kompleksləridir. Belə ki, indiki məqamda hər bir dövlətin qarşısına qoyduğu tələblərdən biri hərbi-sənaye kompleksləri ilə bağlıdır. Təəssüf ki, bu gün ölkələrin hərbi xərcləri artmaqdadır. Bu bəşəriyyət üçün ciddi təhlükədir. COP29-un fəlsəfəsi isə "yaşıl enerji"yə keçid, təbii sərvətlərin istismarının azaldılması və bəşəriyyətdə sülhün güclənməsidir. Azərbaycan müharibələrin dayandırılması üçün COP platformasından unikal bir hadisə kimi yararlanmağa çalışır.
Prezident İlham Əliyev COP29-a xüsusi həssaslıqla yanaşır və ən yüksək səviyyədə keçirilməsi üçün prosesi özü birbaşa izləyir, vaxtaşırı məlumatlar alır. Dövlət başçısının təbirincə desək, COP29-un bir önəmi də ondadır ki, konfrans qərarı antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunub. Bu da o deməkdir ki, bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə edib. "Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı",- fikirləri ilə dövlət başçısı Azərbaycanın sülh tərəfdarı olduğunu vurğulayıb.
Bu gün Azərbaycanın qarşısında duran ən əsas məsələ Ermənistanla sülh müqaviləsinin bağlanmasıdır. Əgər COP29-un fəaliyyətə başlayacağı vaxta kimi baş tutarsa, bu, dünya sülh zəncirinin bir halqasının möhkəmləndirilməsi olacaq. Digər tərəfdən Ermənistan sülh müqaviləsini imzalayandan sonra Azərbaycanın hazırlayacağı beynəlxalq layihələrdə, proqramlarda iştirak edə biləcək. Bunun üçünsə, ilk növbədə Ermənistan səmimi olmalı, sülhə gedən yolda əngəl yaratmamalıdır ki, COP29-un sülh istiqamətində atdığı addımlar müsbət nəticə versin.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"