Azərbaycanda cinayətlərin açılma göstəricisi 90,5 faizə çatıb, bir sıra ağır cinayətlərin sayında isə azalma qeydə alınıb. Görünür, ilin ilk doqquz ayında hüquq-mühafizə orqanlarının işi az olmayıb, cinayət törətmək istəyənlərin isə manevr imkanları bir qədər daralıb.
Daxili İşlər Nazirliyində 2026-cı ilin yanvar-sentyabr aylarında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında açıqlanan məlumatlara görə, ölkə üzrə bütün dövlət qurumlarında ümumilikdə 22 804 cinayət qeydə alınıb. Onların 90,5 faizi açılıb.
Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış cinayətlərin açılma göstəricisi isə daha yüksək - 93,7 faiz olub. Bu rəqəm cinayətlərin böyük əksəriyyətinin açıldığını göstərir. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydə alınan cinayətlərin ümumi sayı 5,7 faiz azalıb. Azalma təkcə ümumi statistikada deyil, müxtəlif cinayət növləri üzrə də müşahidə olunub.
Belə ki, ağır və xüsusilə ağır cinayətlər, qeyri-aşkar şəraitdə törədilən əməllər, adam öldürməyə cəhdlər, sağlamlığa qəsdən ağır və az ağır zərər vurma halları, eləcə də mülkiyyət əleyhinə cinayətlər azalıb. Oğurluq, dələduzluq, quldurluq, hədə-qorxu ilə tələb etmə və avtonəqliyyat vasitələrinin qaçırılması hallarının sayında da geriləmə qeydə alınıb.
Siyahıda xuliqanlıq, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən, odlu silahdan istifadə edilən və qrup halında baş verən hüquqazidd əməllər də var.
Statistika göstərir ki, cinayətkarlıqla mübarizədə həm baş verən hadisələrin sayının azaldılması, həm də törədilmiş cinayətlərin açılması mühüm yer tutur. Çünki hüquq-mühafizə orqanlarının uğuru yalnız cinayətin üstünün açılması ilə deyil, onun baş verməsinin qarşısının alınması ilə də ölçülür.
22 804 cinayət kifayət qədər ciddi rəqəmdir. Onların 90,5 faizinin açılması isə hüquq-mühafizə orqanlarının işinin nəticələrini göstərən mühüm göstəricidir. Ümidverici məqam odur ki, ümumi cinayət statistikasında azalma var. Əsas məsələ bu tendensiyanın davam etməsi və insanların özlərini daha təhlükəsiz hiss etməsidir.
“Azərbaycan”