Dünyada baş
verən neqativ proseslər qlobal iqtisadiyyata təsir göstərməkdə davam edir. Ölkələr
arasında ticarət əlaqələri zəifləyir, təchizat zəncirləri qırılır, investisiya
mühiti pisləşir və s. Amerika-İran müharibəsi nəticəsində enerji resurslarının
qiymətinin kəskin bahalaşması da bir tərəfdən.
Azərbaycan
dünya iqtisadiyyatına açıq ölkədir. Ona görə dünyada baş verən proseslər ölkəmizdən
də yan keçmir. Lakin aparılan məqsədyönlü iqtisadi siyasət sayəsində ölkəmiz bu
təlatümlərdən minimum itki ilə çıxmağı bacarır.
Götürək
xarici ticarəti. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari
ilin yanvar-iyun aylarında Azərbaycan dünyanın 173 ölkəsindəki tərəfdaşları ilə
ticarət əməliyyatları həyata keçirmişdir. 119 ölkəyə məhsul ixrac, 155 ölkədən
idxal olunmuşdur.
Gömrük
orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa
çatdırılmamış, ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş
dəyəri nəzərə alınmaqla cari ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsinin
dəyəri 26 milyard 54,2 milyon, o cümlədən ixracın dəyəri 17 milyard 713,1
milyon, idxalın dəyəri 8 milyard 341,1 milyon dollar olmuş, nəticədə 9 milyard
372,1 milyon dollar müsbət saldo yaranmışdır. Ötən ilin müvafiq dövrü ilə
müqayisədə xarici ticarət dövriyyəsi cari qiymətlərlə 9,1 faiz artmış, real
ifadədə isə 13,1 faiz azalmışdır.
Dövlət
Gömrük Komitəsindən daxil olan məlumatlara əsasən, xarici ticarət dövriyyəsinin
89,5 faizi İtaliya, Birləşmiş Krallıq, Türkiyə, Çin, Rusiya, Almaniya,
Gürcüstan, Yunanıstan, Bolqarıstan, ABŞ, İsveçrə, Rumıniya, Çexiya, İran,
Ukrayna, Portuqaliya, Belarus, Hindistan, Fransa, Tunis və Suriya ilə aparılmış
ticarət əməliyyatlarının payına düşmüşdür.
Hesabat
dövründə idxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və
aparatların, nəqliyyat vasitələrinin, kimya sənayesi məhsullarının, azqiymətli
metalların və onlardan hazırlanan məmulatların, hazır qida məhsulları, içkilər
və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastmas və ondan
hazırlanan məmulatların, mineral məhsulların, tekstil materialları və məmulatlarının
dəyəri üstünlük təşkil etmişdir.
İxracın
strukturunda isə xam neft, təbii qaz və neft-qaz məhsullarından əlavə, meyvə və tərəvəzlər, plastmas və ondan
hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar, pambıq lifi və
ipliyin, kimya sənayesi məhsullarının, şəkərin, qara metallar və ondan
hazırlanan məmulatlar, alkoqollu və alkoqolsuz içkilərin, bitki yağlarının payı
yüksək olmuşdur.
Hesabat
dövründə qeyri-neft-qaz məhsullarının ixracının payı yüksək olaraq qalmışdır.
Belə ki, bu növ məhsullar üzrə artım keçən ilin yanvar-iyun aylarındakı dövrə
nisbətən cari qiymətlərlə 3,2, real ifadədə isə 2,2 dəfə artmışdır.
Rüstəm
KAMAL,
"Azərbaycan"