Tez-tez gənclərin sabahın liderləri olduğu deyiminə rast gəlirik. Mən hesab edirəm ki, bu fikri düzəltməyin vaxtıdır: gənclər bu günün liderləridir. Onlar artıq gözləmə mərhələsinə atılmamalı, qərarvermə, yaradıcılıq və transformasiya proseslərinə tam şəkildə inteqrasiya olunmalıdırlar.
AZƏRTAC xəbər verir ki, bunu Çadın Xarici İşlər Nazirliyinin nümayəndəsi Abderahman Moussa “Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq Gənclər Forumunda deyib.
Çad nümayəndəsi bildirib ki, postkolonial kontekstdə gənclərin rolunu yenidən düşünmək onların özünə inamını bərpa etməkdən başlamalıdır: "Yəni gənclərin öz kimliklərinə və mədəniyyətlərinə inam bərpa edilməlidir. Bunun üçün yerli bilikləri və dəyərləri önə çıxaran inklüziv təhsilə ciddi investisiya qoymaq, gənclərin siyasi və iqtisadi qərarlarda aktiv iştirak edə biləcəyi platformalar yaratmaq, gənc sahibkarlara, xüsusilə kənd və marginal bölgələrdə, maliyyə çıxışını asanlaşdıraraq yerli innovasiyanı dəstəkləmək, müxtəlif ölkələrdən olan gənclər arasında təcrübə mübadiləsini gücləndirmək, cənub ölkələri arasında tərəfdaşlıqları təşviq etmək lazımdır. Nəticədə gənclər öz kontekstlərinə uyğun həllər yarada bilsinlər.
Biz itirilmiş nəsil deyilik, biz formalaşan nəsilik. Qarşımızda çoxsaylı çağırışlar var: iqlim dəyişikliyi, bərabərsizliklər, münaqişələr, rəqəmsal transformasiya. Lakin bu çağırışlar eyni zamanda cəmiyyətlərimizi yenidən formalaşdırmaq üçün imkan da təqdim edir.
Əgər biz həqiqətən postkolonial, ədalətli, suveren və dayanıqlı bir gələcək istəyiriksə, gənclərə inanmalı, onlara investisiya qoymalı və onlarla birlikdə irəliləməliyik. Arzuladığımız postkolonial gələcək gənclərsiz qurulmayacaq".