13 Noyabr 2025 08:55
381
CƏMİYYƏT
A- A+
Bu gün biz möhtəşəm tarixi hadisələrə şahidlik edirik

Bu gün biz möhtəşəm tarixi hadisələrə şahidlik edirik


Azərbaycanım-qədim odlar diyarım, əzəli yurdum, çoxəsrlik tarixi, zəngin mədəniyyəti, milli-mənəvi dəyərləri və özünəməxsus adət-ənənələri ilə mühüm strateji əhəmiyyətli coğrafiyada yerləşən qüdrətli dövlətim. O dövlətim ki, milli sərvətlərinə və coğrafiyasına görə min illər ərzində torpaqları yadellilər tərəfindən işğala, əhalisi isə amansız soyqırımı aktlarına məruz qalmışdır. 

Belə bir məşhur deyim var: "Tarixini bilməyənin coğrafiyasını dəyişərlər". Əlbəttə ki, Azərbaycana məxsus əzəli torpaqların, o cümlədən İrəvanın, Zəngəzurun, XX yüzilliyin sonlarında isə Qarabağ və ətraf ərazilərin itirilməsi məhz həmin dövrlər ölkəmizdə mövcud olan ictimai-siyasi problemlər, milli birlik və milli özünüdərikin natamamlığı, həmçinin xalq-hakimiyyət həmrəyliyinin olmaması səbəbindən baş vermişdir. Çünki əgər xalq öz milli kimliyini dərk edərək, həmrəy şəkildə milli maraqlara əsaslanan vahid bir amal uğrunda birləşmirsə, ictimai-siyasi sabitlik, dayanıqlı inkişaf və müstəqil dövlət anlayışları reallıqdan çox-çox uzaqlarda olur. 

Təbii ki, hər təqvim ilini 4 fəsilsiz,  parlaq bir gecəni ay və ulduzlarsız, möhtəşəm tarixi hadisəni zaman və məkansız təsəvvür edə bilmədiyimiz kimi, böyük siyasət nəhəngi, xalqımızın xilaskarı, amalı dövlətimiz və xalqımız olan Heydər Əliyevi Azərbaycansız, Azərbaycanı isə Heydər Əliyevsiz təsəvvür etmək mümkünsüzdür. Heydər Əliyev Azərbaycanın özüdür. Qədirbilən xalqımızın əbədi sevgisini qazanmış Ulu Öndər nadir tarixi şəxsiyyət olduğunu həm şərəfli ömür yolu ilə, həm də zəngin və çoxşaxəli fəaliyyəti ilə sübuta yetirmişdir. Hələ sovet dönəmində - Azərbaycan KP MK-nin birinci katibi (1969-1982) və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini (1982-1987) işlədiyi dövrlərdə Heydər Əliyev müstəqil və müasir dövlətimizin, milli birliyimizin və həmrəyliyimizin ilk rüşeymlərini, fundamental prinsiplərini yaratmışdır. 

Müstəqil dövlət hər zaman nəyin bahasına olursa-olsun milli birliyi və həmrəyliyi prioritet hesab etməli, milli-mənəvi dəyərləri qorumalı, onu zənginləşdirməlidir. Əks halda, dövlət heç bir xarici təzyiq olmadan parçalanmaq və məhv olmaq təhlükəsi qarşısında qala bilər. 1978-ci ilin aprelində qəbul edilmiş Azərbaycan SSR-nin Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi, Hüseyn Cavid kimi görkəmli ədibimizin nəşinin xüsusi ekspedisiya axtarışı nəticəsində tapılıb Sibirdən Azərbaycana gətirilməsi, Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün və digərlərinin həbsdən azad edilməsi, Şuşada Molla Pənah Vaqifin xatirəsinə məqbərənin ucaldılması, mədəniyyətin qatı düşməni olan erməni təcavüzkarları tərəfindən dahi şəxsiyyətlərimizin - Xurşidbanu Natəvanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün güllələnən büstlərinin xüsusi himayə altında Qarabağdan Bakıya İncəsənət Muzeyinə köçürülməsi, elm adamlarına fəxri adların verilməsi, minlərlə gəncin təhsil ala bilməsi üçün SSRİ-nin qabaqcıl ali təhsil müəssisələrinə göndərilməsi və xüsusən milli birliyimizin başlanığıc nöqtəsi olan "31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü"nün təsis edilməsi Heydər Əliyevin milli həmrəyliyimiz və birliyimiz naminə verdiyi ən böyük töhfələrdir. 

Fəaliyyətinin ilk dövründən ölkəmizdə azərbaycançılıq məfkurəsinin, milli birliyin və həmrəyliyin əsasını qoyan Heydər Əliyev müstəqil Azərbaycana prezidentlik etdiyi dövrdə (1993-2003) xalqın Ümummilli Liderinə çevrildi. Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Ermənistanın təcavüzkar siyasətini dayandıran atəşkəsin imzalanması, beynəlxalq neft layihələrinin uğurla reallaşdırılması, ölkəmizdə və sərhədlərimizdən kənarda yaşayan soydaşlarımızın ideoloji-siyasi cəhətdən silahlandırılması və milli mənafelər naminə səfərbər edilməsi, dostluq və humanizm prinsiplərinə əsaslanan konstruktiv mövqenin sərgilənməsi son 250-300 il üçün Azərbaycan xarici siyasətində atılmış ən uğurlu addımlar idi. 

Müasir dövrdə xalqımız Heydər Əliyev ideyalarının işığı altında yeni əsrin yeni lideri İlham Əliyevin ətrafında "dəmir yumruq" kimi birləşərək, milli birliyimizin sarsılmaz olduğunu sübuta yetirdi. O "dəmir yumruq" ki, müqəddəs ata vəsiyyətinin icrasını təmin etdi. O "dəmir yumruq" ki, Ali Baş Komandan İlham Əliyevin güclü siyasi iradəsi, mükəmməl diplomatiyası, peşəkar rəhbərliyi və yenilməz Azərbaycan Ordusunun rəşadəti hesabına 44 günlük Vətən müharibəsində Zəfərimizi təmin etdi,  2023-cü ilin sentyabrında bütün Qarabağ ərazisindən erməni separatçılarını gəldikləri yerə qovdu və bununla onların "böyük Ermənistan" mifologiyasına son qoydu!  

Amerikalı siyasətçi Rosalynn Carter demişdir: "Lider insanları getmək istədikləri yerə aparır. Görkəmli lider - mütləq getmək istəmədikləri, lakin mütləq olmaq istədikləri yerlərə aparır". Tam məsuliyyətlə qeyd edə bilərik ki, 30 il boyunca qəlbi yurd həsrəti ilə alışan, Vətən sevgisi ilə döyünən, körpəsindən ayrı düşən anaların, qardaşına həsrət qalan bacıların, illərlə köhnə qatar vaqonlarında yaşamış qaçqın və məcburi köçkünlərin, öz əcdadlarının qəbrini ziyarət edə bilməyib intizar dolu göz yaşları ilə yas saxlayan soydaşlarımızın getmək və mütləq şəkildə olmaq istədikləri sadəcə, bir yer var idi - ulu əcdadlarımızın əzəli, əbədi yurdu, səmasında milli ruhumuzun dolaşdığı doğma Qarabağ və Şərqi Zəngəzur. 

Prezident İlham Əliyevin bütün fəaliyyəti ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına yönəlmişdir. Amma ilk öncə mənəviyyatımızın, milli birlik və həmrəyliyimizin tam şəkildə bərpa olunması lazım idi. Düşmənlə üz-üzə döyüşlərdə yaralanan silahdaşını güllə yağışı altından cəsarətlə çıxaran hərbçinin cəsarətini, sinəsini gülləyə sipər edib qədim Şuşanın əzəmətli dağlarına dırmaşan oğulların ürəyindəki vətən sevgisini,  evində bişirdiyi bir parça çörəyi həmin gün yeməyib cəbhəyə göndərən ağbirçək anaların sevincini gördükcə bir daha əmin olduq ki, İlham Əliyev ötən illər ərzində bizim milli ruhumuzu tam bərpa etməklə yanaşı,  gənclərimizin vətənpərvərlik ruhunda yetişməsini və milli həmrəyliyimizi təmin etmişdir.  2019-cu ildə "Valday" platformasında Ermənistan baş naziri N.Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" illuziyasının cavabında bizim Prezidentin "Qarabağ Azərbaycandır və nida" deməsi əslində elə 50 milyonluq soydaşımızın milli birliyinin və milli mövqeyinin ifadəsi idi. 

Bu gün hər birimiz qürur hissi keçiririk ki, bizlər Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident, partiyamızın Sədri İlham Əliyevin Zəfər zirvəsinə ucaltdığı müstəqil və suveren Azərbaycanın vətəndaşı kimi möhtəşəm tarixi hadisələrə şahidlik edirik.  


Tural İSMAYILOV,

YAP Yevlax rayon təşkilatının sədr müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!