BP şirkəti Azərbaycanda əməliyyatçılıq etdiyi neft-qaz və ixrac layihələri, eləcə də həyata keçirdiyi sosial proqramlar üzrə bu ilin üç rübü ərzində qazanılan nailiyyətlər barədə məlumat yayıb.
Məlumatda bildirilir ki, "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarından stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edir. İlin ilk üç rübü ərzində bu yataqlardan ümumi hasilat - "Çıraq" (23 min), "Mərkəzi Azəri" (96 min 500), "Qərbi Azəri" (75 min 500), "Şərqi Azəri" (51 min), "Dərinsulu Günəşli" (57 min 400), "Qərbi Çıraq" (29 min 100) və ACE (6 min 500) platformalarından birlikdə - gündə orta hesabla 339 min barel və ya ümumilikdə təxminən 93 milyon barel, yəni 13 milyon ton olub.
Hazırda AÇG-də ümumilikdə 147 neft hasilatı quyusu, 47 su injektoru quyusu və səkkiz qaz injektoru quyusu istismar edilir.
AÇG-də bir sıra yeniliklər də var. Belə ki, bu il həmin yataqlar blokunda yeni 4 ölçülü (4D) yüksəkdəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramına başlanıb. Balaxanı və Fasilə lay dəstlərinin tədqiqinə yönəlmiş bu proqram seysmik mənbənin altında 740 kvadratkilometr, qəbuledicilərin altında isə 507 kvadratkilometrlik bir ərazini əhatə edir. Proqramın ümumi dəyərinin təxminən 370 milyon dollar, icra müddətinin isə beş il (2024-2028) olacağı planlaşdırılır.
İlin daha bir yeniliyi aprelin ortalarında AÇG-nin yeddinci platforması - ACE-dən ilk neftin əldə olunmasıdır. ACE-dən ilk neft ötən ilin sonunda platformadan qazılmağa başlanmış birinci quyudan əldə edilib. Platformada hazırda iki quyudan gündə təxminən 19 min barel neft hasil olunur. Bu ilin sonuna kimi daha bir hasilat quyusunun istismara verilməsi planlaşdırılır ki, bununla da ACE-dən hasilatın tədricən artaraq ilin sonuna gündə təxminən 24 min barelə çatacağı gözlənilir.
ACE platformasının təhlükəsiz şəkildə işə salınması 2017-ci ildə AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin müddətinin uzadılmasından sonra AÇG tərəfdaşlarının qəbul etdiyi ilk böyük investisiya qərarının reallaşmasıdır. Sentyabrda isə AÇG-dəki sərbəst təbii qaz (STQ) ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı ilə bağlı işləri irəlilətmək məqsədilə AÇG üzrə mövcud hasilatın pay bölgüsü sazişinə yeni bir əlavə imzalanıb.
AÇG-nin STQ ehtiyatlarının xeyli iri həcmdə - 4 trilyon kubfutadək olduğu düşünülür. Quyu mövcud "Qərbi Çıraq" platformasından qazılır və ilk qaz hasilatının 2025-ci ildə olacağı gözlənilir.
2024-cü ilin üç rübü ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə gündə orta hesabla 6,5 milyon kubmetr, ümumilikdə isə 1,8 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
Səngəçal terminalından neftin və qazın ixracı da uğurla davam edir. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, "Şahdəniz" qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.
İlk üç rüb ərzində terminal təxminən 166 milyon barel neft və kondensat, o cümlədən 165 milyon barel Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə və təxminən 1 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə nəql edib.
Qaz terminaldan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini "Azəriqaz"ın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.
İlk üç rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 74 milyon standart kubmetr (təxminən 2 milyard 609 milyon standart kubfut) "Şahdəniz" qazı göndərilib.
Əməliyyatçı şirkətin hesabında BTC, "Şahdəniz" layihələri çərçivəsində, eləcə də geoloji kəşfiyyat sahəsində aparılan işlər haqqında geniş məlumat var. Məlumatda həmçinin bildirilir ki, 2024-cü ilin ilk üç rübündə BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda təqribən 0,8 milyon dollar vəsait xərcləyiblər. İlk üç rüb ərzində bu layihələrə hazırda davam edən 23 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 3 layihə və ətraf mühit üzrə bir təşəbbüs daxildir.
Bundan əlavə, BP ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə ilin ilk üç rübündə təqribən 1 milyon dollar vəsait xərcləyib.
BP və tərəfdaşları bu proqramları genişmiqyaslı əməliyyatların ayrılmaz bir hissəsi hesab edir, onları davamlı şəkildə həyata keçirirlər.
Flora SADIQLI,
"Azərbaycan"