05 Oktyabr 2026 15:34
528
SİYASƏT
A- A+
Böyük qayıdış daha da sürətlənəcək  

Böyük qayıdış daha da sürətlənəcək  


Otuz ilə yaxın müddətdə Qarabağ və Şərqi Zəngəzur yaddaşımızda təkcə işğal altında qalan torpaqlar kimi deyil, həm də doğma yurdlarından didərgin düşmüş yüz minlərlə insanın yarımçıq qalmış həyatının ünvanı kimi yaşayırdı. İllər keçsə də, məcburi köçkün ailələrinin evlərinin açarlarını, həyətlərinin, küçələrinin, kəndlərinin xatirəsini qoruması bir gün geri dönmək ümidinin heç vaxt itmədiyini göstərirdi. Bu gün isə həmin torpaqlar artıq həsrətin deyil, böyük quruculuğun, qayıdışın və yeni həyatın məkanına çevrilir. Qarabağ və Şərqi Zəngəzurda şəhərlər yenidən qurulur, kəndlər salınır, yollar çəkilir, məktəblər açılır, insanlar onilliklərdən sonra doğma yurdlarında həyatlarını yenidən başlayırlar.

Azərbaycanın son illərdə keçdiyi yolu Prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı çıxışında səsləndirdiyi bir fikir dəqiq ifadə edir: “Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyənlər artıq “Qarabağ Azərbaycandır!” deyirlər”. Bu sözlərin arxasında uzun və mürəkkəb tarixi yol dayanır. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan Zəfər, 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyinin tam bərpa olunması Qarabağla bağlı reallıqları kökündən dəyişdi. İndi ölkəmiz üçün əsas məsələlərdən biri azad edilmiş ərazilərdə həyatın tam bərpası, keçmiş məcburi köçkünlərin təhlükəsiz və layiqli şəkildə öz yurdlarına qayıtmasıdır.

Böyük Qayıdışın əhəmiyyətini dəyərləndirmək üçün Azərbaycanın cəmi bir neçə onillik əvvəl üzləşdiyi ağır mənzərəni xatırlamaq yetərlidir. İşğal nəticəsində yüz minlərlə insan doğma yurdundan didərgin düşmüş, uzun illər çadır şəhərciklərində, yataqxanalarda və müvəqqəti məskunlaşma yerlərində yaşamalı olmuşdu. Prezident İlham Əliyev çıxışında ölkənin həmin mürəkkəb dövrdə qarşılaşdığı humanitar böhrana diqqət çəkərək bildirdi: “Səkkiz milyon əhalimiz var idi, onlardan 1 milyonu qaçqın-köçkün, evsiz-eşiksiz, çadırlarda. Bu bir humanitar fəlakət idi və biz təkbaşına qalmışdıq. Heç kim bizə kömək etmirdi, 1990-cı illərdə müharibədə də heç kim kömək etmirdi. Müharibədən sonra da heç kim kömək etmirdi. Biz bu çətinlikləri təkbaşına arxada qoyduq və bu gün ayaqda möhkəm dayanmışıq”.

Bu gün həmin mənzərə tamamilə dəyişib. Vaxtilə məcburi köçkünlər üçün yeni qəsəbələr salan Azərbaycan dövləti indi onların öz doğma torpaqlarında yaşayışını təmin edir, Qarabağ və Şərqi Zəngəzurda müasir yaşayış standartlarına uyğun yeni həyat qurulur. Evlərlə yanaşı, məktəblər, tibb müəssisələri, yollar, enerji və su infrastrukturu yaradılır, məşğulluq imkanları genişləndirilir. Çünki qayıdışın davamlı olması üçün insanın yalnız evi deyil, işi, təhsili, sosial mühiti və gələcəyə inamı da olmalıdır.

İlham Əliyevin VIII Qurultayda açıqladığı son rəqəmlər görülən işlərin artıq hansı miqyasa çatdığını göstərir: “Dünən mənə verilən son məlumata görə, Qarabağda və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır”. Bu rəqəm azad edilmiş ərazilərdə formalaşmaqda olan yeni həyatın göstəricisidir. Burada söhbət yalnız daimi yaşayış üçün geri qayıdan keçmiş məcburi köçkünlərdən deyil, bölgədə çalışan, tikinti və bərpa prosesində iştirak edən, təhsil alan insanların yaratdığı böyük sosial-iqtisadi mühitdən gedir.

Bu mənada Böyük Qayıdış Azərbaycanın müharibədən sonrakı dövrünün ən böyük layihələrindən biridir. İndiyədək Qarabağ və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayrılıb. Dövlət başçısının bildirdiyi kimi, bu vəsaitin böyük əksəriyyəti infrastruktur layihələrinə istiqamətləndirilib və həmin layihələrin böyük hissəsi artıq başa çatıb. Bu, olduqca mühüm məqamdır. Çünki onilliklər ərzində dağıntılara məruz qalmış ərazilərdə yaşayışın bərpası sadəcə yeni binalar tikməklə mümkün deyil. Bölgənin iqtisadi və sosial həyatını təmin edəcək bütöv infrastruktur sisteminin yaradılması tələb olunur.

İlham Əliyevin açıqlamasına əsasən, artıq 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlər məskunlaşıb. Lakin hər yeni köç karvanı sadəcə statistik göstərici deyil, daha böyük məna daşıyır. Uzun illər doğma kəndinin, şəhərinin adını ünvan kimi deyil, bir xatirə kimi dilə gətirən insanlar indi həmin yerlərə sakin olaraq qayıdırlar. Bir vaxtlar uşaqlıq və yeniyetməlik illərində tərk etdikləri yurda illər sonra geri dönənlərlə yanaşı, Qarabağı yalnız valideynlərinin, nənə və babalarının xatirələrindən tanıyan yeni nəsil də artıq həyatını bu torpaqlarda qurmağa başlayır. Böyük Qayıdış yalnız insanların doğma yurdlarına dönüşü deyil, həm də nəsillər arasında illər ərzində qırılmış bağların yenidən bərpasıdır.

Qarabağ və Şərqi Zəngəzurun gələcəyi yalnız yaşayış məntəqələrinin bərpası ilə məhdudlaşmır. Bölgənin zəngin iqtisadi potensialı onun Azərbaycanın ümumi inkişaf sisteminə daha fəal qoşulmasına imkan verir. Kənd təsərrüfatı, turizm, sənaye, xidmət, logistika və digər istiqamətlərdə yaradılan imkanlar qayıdan insanların öz yurdlarında işləməsi və gəlir əldə etməsi üçün mühüm zəmin formalaşdırır. Ağdam, Füzuli, Zəngilan, Laçın, Cəbrayıl, Kəlbəcər, Şuşa, Xankəndi və digər şəhər və rayonlarda həyata keçirilən layihələr bütövlükdə bölgənin yeni iqtisadi modelini formalaşdırır.

Bərpa prosesində müasir texnologiyalara və yeni şəhərsalma yanaşmalarına üstünlük verilməsi də diqqət çəkir. İşğaldan əvvəl mövcud olmuş yaşayış məntəqələrinin sadəcə əvvəlki görkəmdə bərpası deyil, daha rahat, təhlükəsiz və müasir yaşayış mühitinin yaradılması qarşıya məqsəd qoyulub. Başqa sözlə, bu torpaqlarda keçmiş bərpa olunmaqla yanaşı, gələcəyin şəhər və kəndləri də qurulur. Bütün bunlarla yanaşı, görüləcək işlər hələ çoxdur. Otuz ilə yaxın davam edən işğalın nəticələrini bir neçə ilə tam aradan qaldırmaq mümkün deyil. Ərazilərin minalardan təmizlənməsi, yaşayış məntəqələrinin yenidən qurulması, sosial və iqtisadi infrastrukturun genişləndirilməsi böyük zaman, maliyyə və insan resursları tələb edir. Buna görə də Böyük Qayıdış bir neçə ilin deyil, mərhələli şəkildə davam edən genişmiqyaslı dövlət proqramıdır. Prezident İlham Əliyevin “bundan sonrakı illərdə “Böyük Qayıdış” daha da sürətlə gedəcək” fikri də qarşıdakı dövrdə prosesin miqyasının genişlənəcəyini göstərir.

Bir neçə il əvvəl azad edilmiş ərazilərdə qoyulan ilk təməl daşları gələcəyə atılan addım kimi dəyərləndirilirdisə, bu gün həmin torpaqlarda həyatın real mənzərəsi formalaşıb. İnsanlar doğma yurdlarına qayıdır, yeni evlərdə məskunlaşır, uşaqlar məktəbə gedir, əmək fəaliyyəti bərpa olunur. Bununla da Zəfərin nəticələri yalnız hərbi qələbə ilə məhdudlaşmır, azad edilmiş ərazilərin yenidən ölkənin fəal və yaşayan hissəsinə çevrilməsi ilə tamamlanır. Qarabağ və Şərqi Zəngəzurda gedən prosesin ən mühüm göstəricisi də məhz budur. İllər əvvəl tərk edilmiş torpaqlarda bu gün həyat yenidən öz axarına qayıdır.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə qar yağıb  

12:13
25 Oktyabr

Brüsseldə azərbaycanlı itkin ailələrinin daha bir dinc aksiyası  

12:09
25 Oktyabr

Prezidentin sosial media hesablarında Bakıda keçirilən futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb 

12:02
25 Oktyabr

Qubadlıda yaradılan müasir infrastruktur əhalinin dayanıqlı məskunlaşmasına xidmət edir  

11:56
25 Oktyabr

“Turandot” – Heydər Əliyev Sarayında çoxdan gözlənilən premyera

10:44
25 Oktyabr

Qubadlının azad edilməsi dövlət müstəqilliyinə sarsılmaz sədaqətin təntənəsi idi

10:37
25 Oktyabr

Qubadlıya öz sahibləri qayıdıb

09:43
25 Oktyabr

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib YENİLƏNİB 2

22:55
24 Oktyabr

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB-1

20:41
24 Oktyabr

Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk

19:47
24 Oktyabr

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!