Şair və yazıçılarımızın zaman-zaman ən çox müraciət etdiyi mövzulardan biri Vətənin tərənnümü, vətənpərvərlik, yurd sevgisi və qəhrəmanlıqdır. Bu mövzuda yazılmış əsərlər oxucular tərəfindən də həmişə maraqla qarşılanır, həvəslə oxunur.
Görkəmli şairimiz Bəxtiyar Vahabzadə şeirlərinin birində Vətənin varlığına şükür edir, onunla öyünüb qürur duyur. Vətənin varlığının ona qol-qanad verib bu günlərdən sabahlara apardığını deyir. Şeirlərindəki bu hiss, həyəcan və qürur dolu bu misralar elə ilk andan oxucunu sehrləyir:
Yüz-yüz itən olsun,
Min bir də bitən var.
Şükr eyləyirəm ki,
Bizdən həm əvvəl,
Həm sonra Vətən var...
Şairin hər şeirində, hər misrasında Vətənin müdafiəsinə güclü çağırış eşidilir. Bu çağırış kəsilməyən əbədi haraylara bənzəyir. Şairin bütün şeirlərinin misraları arasında Vətən üçün narahat bir ürək çırpınır. Şeiri oxuduqca bu narahatlıq bizim də qanımıza hopur. Biz bu narahatlığı qəlbimizdə daşıyırıq. Daşımalıyıq da! Bu misralarını oxuyanda Vətən üçün necə narahat olmayasan?
Gəlirik dünyaya bir amal üçün,
Gedirik...
Yaşayır bu yurd, bu torpaq!
Ölər bizim kimi Vətən də bir gün,
Vətənçün ölümə hazır olmasaq!
...Neçə əsrlərə bəs edər bəzən,
Vətənə hay verən bir odlu səs də.
Dünən də, bu gün də yaşayır Vətən,
Babəkin qırılan qolları üstə.
Şair Fikrət Qocanın Azərbaycana həsr etdiyi şeirlərindən gecənin zülmətində belə sanki ay işığı kimi qəlbimizə sevgi və məhəbbət süzülür. Şair "Azərbaycan" sözünü bir neçə dəfə təkrarlamaqla Vətəni daha da böyük və bütöv görmək istəyir. Bu misralar qanımızı coşdurduqca ürəyimiz qürurla dolur, Vətənə olan sevgimizi qaynadıb daşdırır.
...Bir yol Azərbaycan desəm,
mən yarımcan görünərəm.
Ona görə gərək deyək:
Azərbaycan, Azərbaycan!
Sözləri, deyimləri daim xoş təəssüratlarla xatırlanan şair Qabilin "Vətən" şeiri də böyük ustalıq, yüksək hiss və duyğularla yazıldığı hər sözündən aydın şəkildə duyulur. Şair Vətəni özündən ayırmır, ayıra bilmir, ayırmaq istəmir. Həyatının hər anında özünü Vətənin bir hissəsi, bir zərrəsi, bir ovuc torpağı bilir. Ona görə də vətəndən ayrılıb uzaq düşmək istəmir. Təbiidir ki, bu da şairin Vətən sevgisindən irəli gəlir. Xalq şairi Qabil yazır:
...Bir-birindən hər şey qopur, ayrılır -
Ayrılmayan bəs nə var?
Mən,
Vətən!
Qələmə aldığı hər misrası dərin mənalar daşıyan şair Vaqif Səmədoğluya görə bircə tikə, bircə ovuc torpaq varsa, o da vətəndir. Yəni vətənin böyüyü-kiçiyi yoxdur. Vətən elə vətəndir, əbədi-əzəli yurd yerimizdir, el-obamızdır. Ona olan sevgi və məhəbbət də Vətənin özü kimi tükənməzdir, bölünməzdir. Şair ürəyindən keçən arzu və istəklərini oxucularına bu misralarla pıçıldayır:
Yer üzündə bircə tikə
torpaq varsa,
Vətən var demək.
Şair əsərlərində vətənin şirinliyindən, ikiyə bölünməsinin acılığından da söz açır. Sanki şirinliklə acılığı bir-birinə qatır. Cəsarətin, hünər və qeyrətin bir gün silaha çevriləcəyini misraları ilə bizə aşılamağa çalışır. Daim ürəyində qövr edən hiss və həyəcanını sevimli oxucuları ilə bu notlarla bölüşür:
Vətən şirin şeydir,
Şirindir talan olsa da,..
Amma ikiqat şirindir
İkiyə bölünmüş Vətən!
...Onda ikiqat cəsarətindən,
vaxtında silaha dönə biləcək qeyrətindən
asılıdır onun taleyi.
Şair İsa İsmayılzadənin bir zamanlar Vətəni qorumaq əvəzinə döyüşdən qorxub qaçanlara ünvanladığı şeirin misraları fərarilərə qırmanc kimi dəyir. Şair bu şeiri ilə haray salaraq torpağı, el-obanı qoruyan oğulları səngərində möhkəm dayanıb yurda keşik çəkməyə haraylayır. Şair döyüşçünü əzizləyərək ona "oğul" deyə müraciət edərək ürək ağrısi ilə bu misraları da elə döyüşə gedən əsgər kimi sıraya düzür:
Hara qaçırsan, oğul?
Hara qaçırsan, Vətən? -
Sən qurtaran yerdə,
Ölüm başlayır.
Hara qaçırsan,
Vətən oğlu?
Köynək deyil geyib,
Geyib atasan.
Saqqız deyil satasan -
Buna Vətən deyərlər.
İsa İsmayılzadənin bu misraları çox təsirli və kövrəkdir. Şairin bu harayı yurda, torpağa bağlı olan bir vətəndaşın vətənindən, torpağının taleyindən narahatçılığıdır. Şeiri oxuduqca misraların arasından şair ürəyinin çırpıntılarını da aydınca eşidirik.
Təbiidir ki, vətənpərvərlikdən yoğrulmuş belə dəyərli şeirlər gənclərimizin Vətən sevgisini daha da artırır, onları daim Vətəni qorumağa, mübariz olmağa çağırır.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"