23 May 2023 09:45
603
Mədəniyyət
A- A+

Bir əsr xalqın xidmətində

 

Milli Kitabxana Azərbaycan Respublikasında kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən, milli nəşrlərin, xarici ölkələrdə dərc olunmuş Azərbaycan haqqında və Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri və digər məlumat daşıyıcılarını toplayıb mühafizə edən milli mədəniyyət xəzinəsi və dövlət kitabsaxlayıcısıdır.
Azərbaycanda hamının istifadə edə biləcəyi Milli Kitabxananın yaradılması fikri hələ XIX əsrin 70-ci illərində "Əkinçi" qəzeti tərəfindən irəli sürülmüşdür. Sonralar ölkə mətbuatında, o cümlədən "İrşad", "Kaspi", "Tərəqqi" qəzetlərində, həmçinin "Molla Nəsrəddin" jurnalında bu məsələnin dəfələrlə gündəmə gətirilməsinə baxmayaraq, Milli Kitabxananın yaradılması təşəbbüsü dövlət səviyyəsində Azərbaycan  Demokratik Cümhuriyyəti  dövründə yenidən qaldırıldı. Lakin sonralar  respublikada ictimai-siyasi mühitin kəskin surətdə gərginləşməsi ilə əlaqədar bu məsələ təxirə salındı və Demokratik Respublikanın süqutu bu ideyanın həyata keçməsinə imkan vermədi.    
Arxiv sənədlərindən məlum olur ki, Bakıda mərkəzi dövlət kitabxanasının yaradılması məsələsi ilk dəfə Azərbaycan Respublikası Xalq Maarif Komissarlığının 13 noyabr 1920-ci il tarixli 53 saylı iclasında müzakirə edilmiş, kitabxananın yararlı bina, avadanlıq və kitab fondu ilə təmin edilməsi haqqında müvafiq qərar qəbul edilmişdir.
1922-ci ilin yanvar ayında Xalq Maarif Komissarlığı tərəfindən Mərkəzi Kitabxananın direktoru vəzifəsi təsis edilmiş və bu vəzifəyə Müseyib İbrahim oğlu Səlimov təyin edilmişdir. Yeni yaranan kitabxana indiki Üzeyir bəy Hacıbəyli küçəsindəki keçmiş Azərbaycan Ali İqtisad Şurasının binasında yerləşdirilmişdi.
Azərbaycanın Mərkəzi Kitabxanasının fondunun əsasını ilkin mərhələdə İmperator Texniki Cəmiyyətinin Bakı şöbəsinin və Bakı İctimai Cəmiyyətinin kitabxanalarının fondlarından toplanmış 5 min 212 nüsxə kitab təşkil etmişdir. O dövrdə kitabxana tərəfindən  həyata keçirilən ən mühüm tədbirlərdən biri respublikada nəşr edilən bütün kitab, jurnal və qəzetlərin iki məcburi nüsxəsinin alınması haqqında dekretin hazırlanıb Respublika Xalq Maarif Komissarlığı tərəfindən təsdiqlənməsi olmuşdu. Dövlət səviyyəsində qəbul edilmiş bu sənəd Mərkəzi Kitabxananın kitab fondunun müntəzəm və planlı surətdə yeni ədəbiyyatla komplektləşdirilməsinin əsasını qoymuşdu.
1923-cü ildən başlayaraq kitabxanaya məcburi nüsxələr daxil olmağa başlamışdı. Kitabxananın  açılışı  ərəfəsində fondun  ümumi həcmi 20 min 441 nüsxəyə çatmışdı.
Kitabxananın təsis edilməsi, ona Azərbaycan Mərkəzi Dövlət Kitabxanası statusunun verilməsi və dövlət səviyyəsində açılışı 23 may 1923-cü ildə olduğundan  bu tarix M.F.Axundzadə adına Milli Kitabxananın yaranması günü kimi qəbul edilmişdir. Azərbaycan  hökuməti 1924-cü ilin aprel ayında dövlət kitabxanası üçün hazırda AMEA-nın Rəyasət Heyətinin binasında (İstiqlaliyyət küçəsi) yer ayrılması haqqında qərar qəbul etmişdi. Bu bina dövlət kitabxanasının problemlərini bütövlükdə həll etməsə də, kitabxananın yaxın bir neçə il ərzində normal fəaliyyəti üçün nisbətən yararlı olmuşdu.    
1930-cu illərin əvvəllərində dövlət kitabxanasının fəaliyyəti artıq elmi əsaslarla təşəkkül tapmış,  informasiya  ehtiyatları  zənginləşmiş,  oxuculara xidmət sistemi formalaşmış və o, bir elmi kitabxana, biblioqrafiya müəssisəsinə çevrilmişdi.  Bu işdə kitabxanaya  dövlət və hökumət orqanları, elmi ictimaiyyət yaxından  kömək  göstərdi,  kitabxana ildən-ilə inkişaf etdi və təkmilləşdi. 1930-1940-cı illərdə dövlət kitabxanasının maliyyələşdirilməsinin sürətli artımı, kitabxana tərəfindən yerli və ümumittifaq məcburi nüsxələrin alınması, fondun intensiv şəkildə inkişaf  etdirilməsi üçün əlverişli  imkanlar yaratdı.  Nəticədə 1935-ci ildə kitabxana  fondu 388 min, 1940-cı ildə isə 612 min nüsxəyə çatdı. 1939-cu il iyun ayının 1-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə Dövlət Kitabxanasına xalqımızın görkəmli mütəfəkkiri, filosof və dramaturqu Mirzə Fətəli Axundzadənin adı verildi.
XX əsrin 50-ci illəri Milli Kitabxananın elmi-metodik fəaliyyətində yeni inkişaf mərhələsinə daxil olması kimi xarakterizə edilə bilər. Bu dövrdə respublikada  kitabxana şəbəkəsinin inkişafı, onların kadr potensialının güclənməsi, kitab və kitabxanalara olan  tələbatın  artması, oxucuların fəallaşması və sorğuların mürəkkəbləşməsi  kitabxanaların metodik təminatının  yeni səviyyədə qurulmasını tələb edirdi.
Milli Kitabxananın kollektivi tərəfindən respublikada əhaliyə kitabxana xidmətinin yeni vəzifələr səviyyəsinə qaldırılması məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Rayon və kənd yerlərində fəaliyyət göstərən kitabxana işçilərinin peşə səviyyəsinin artırılmasına, metodik vəsaitlərin və metodik məktubların tərtib edilməsinə, kitabxana işçilərinin yerlərdə təlimatlandırılmasına, ixtisasartırma kurslarının, seminarlar və praktikumların təşkil edilməsinə xüsusi diqqət verilmişdir.    
1950-1960-cı illərdə görülən işlər Milli Kitabxananın respublikanın baş kitabxanası, metodik mərkəzi kimi formalaşmasında həlledici rol oynamış, onun ölkəmizin mədəni həyatında aparıcı elmi müəssisələrdən biri kimi nüfuzunun artmasına  müsbət təsir göstərmişdir. Milli Kitabxananın təşkilati metodik fəaliyyəti Azərbaycanda kitabxanaşünaslıq fikrinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilə bilər. 
Milli Kitabxananın fəaliyyətinin təşkili, idarə olunması və inkişafında Azərbaycanın kitabxana  işçilərindən  Hüseyn Tağıyevin, Məryəmxanım Səmədovanın,  Həsənağa  Rzaquliyevin, Əliyusif Əliyevin, Bilqeyis Qasımovanın, Xurşud Əliyevanın, Səriyyə Məmmədovanın, Ağakərim Quliyevin, Ələkbər Rəhimovun, Sima İbrahimovanın, Aron Lermanın, Məmmədəli Müsəddiqin, Zabitə Hacıyevanın, Hərifət Həmidovanın və başqalarının müstəsna xidmətləri olmuşdur. 
XX əsrin ortalarında Milli Kitabxananın fəaliyyətində baş verən mühüm  dəyişikliklər onun yeni bina ilə təmin olunması zərurətini yaratdı. Bu məqsədlə kitabxana üçün yeni binanın tikintisinə başlandı.
1960-cı ildə kitabxana yeni tikilmiş binaya köçdü. Bakı şəhərinin ən gözəl yerlərindən birində yerləşən, milli ornamentlərlə bəzədilmiş unikal tarixi memarlıq abidəsi olan bu bina gorkəmli memar, akademik Mikayıl Useynov tərəfindən layihələndirilmişdir. Binanın yerinin seçilməsində Xalq yazıçısı Süleyman Rəhimovun xüsusi rolu olmuşdur. Bu gün də biz öz sevimli şairlərimiz, rəssamlarımız, bəstəkarlarımız, alim və ziyalılarımızla, ədəbi qəhrəmanlarımızla görüşmək üçün bu məbədə üz tuturuq. 1961-ci ildən kitabxananın  yeni  binasında yaradılan əlverişli şərait, təcrübəli və savadlı mütəxəssislərin çalışması xalqımızın sosial-iqtisadi və intellektual potensialının güclənməsi naminə daha səmərəli fəaliyyət göstərməsi üçün əsaslı zəmin yaradıb.
1970-ci illərin əvvəlləri Milli Kitabxananın elmi-tədqiqat, metodik və nəşriyyat  fəaliyyətində  təşəkkül dövrü olmuşdur. Kitabxanada yeni elmi şöbələr yaradılmış, elmi-tədqiqat  işləri planauyğun şəkildə aparılmışdır.
1980-ci illərdə elmi-metodik nəşrlər sistemində yeni nəşr olunan Milli Kitabxananın "Əsərlər"inin üç buraxılışı işıq üzü görmüşdür. Mərkəzi Kitabxananın fəaliyyətinə müsbət təsir edən əhəmiyyətli hadisə isə 1974-cü ildə Sov.İKP MK-nin "Zəhmətkeşlərin kommunist tərbiyəsində və elmi-texniki tərəqqidə kitabxanaların rolunun artırılması haqqında" qərarı oldu. Bu qərar bütün partiya və dövlət təşkilatlarında kitabxanalara daha artıq diqqət və qayğı göstərilməsini tələb edir, bu istiqamətdə konkret tədbirlər keçirilməsini, bütün oxucu qruplarına, ilk növbədə elmi işçilərə, mütəxəssislərə informasiya xidmətinin keyfiyyətinin yüksəldilməsini nəzərdə tuturdu. Bu qərardan sonra ittifaqın və Azərbaycanın həm universal, həm də sahəvi elmi kitabxanalarının ölkənin elmi-texniki informasiya sisteminə inteqrasiyası başladı, elmi kitabxanalarda profil üzrə elmi-texniki və ya elmi informasiya şöbələri yaradıldı, bu informasiyanın həm üfüqi, həm də şaquli istiqamətdə paylanması prosesi tənzimləndi. Həmin qərardan irəli gələn vəzifələrin həlli istiqamətində həyata keçirilən təşkilati tədbirlər nəticəsində Azərbaycanın bütün sahəvi elmi və elmi-texniki kitabxanaları bu inteqrasiyaya qoşuldu, tələbatçılara bu tip informasiyanın hazırlanması və çatdırılması işi təşkil edildi, hər bir sahə üzrə aparıcı kitabxana müəyyən edildi. Bu sahədə fəaliyyətdə fərqləndirilən və fərqləndirilməyən biblioqrafik informasiya xidmətinə xüsusi əhəmiyyət verilirdi. Əslində, mahiyyətcə informasiya xidmətinin vəzifələrindən əksəriyyəti sırf biblioqrafik xarakter daşıyırdı. M.F.Axundov adına Azərbaycan Respublika Dövlət Kitabxanası mədəniyyət və incəsənət sahələrində elmi informasiya işi üzrə respublikada əsas mərkəz oldu və bu istiqamətdə xüsusi şöbə yaradıldı. Tezliklə burada fərqləndirilməyən biblioqrafik informasiya xidmətinin metodikasına uyğun olaraq "Mədəniyyət və incəsənət üzrə yeni ədəbiyyat" adlı cari elmi-köməkçi biblioqrafik göstəricinin nəşrinə başlandı. Həmin qərardan doğan tədbirlər kimi  Diyarşünaslıq və milli biblioqrafiya bölməsinin bazasında müstəqil şöbənin və  Kitab mübadiləsi şöbəsinin təşkil edilməsini  də qeyd etmək lazımdır.
Elmi-texniki tərəqqinin inkişafı kitabxanalarda yeni  şöbələrin yaradılmasını  tələb edirdi.  Oxuculara  sahəvi xidmət göstərmək məqsədilə xüsusi  Not-musiqi  şöbəsi,  ayrıca  oxu  zalı  olan  Xarici ədəbiyyat şöbəsi və başqa yeni şöbələr fəaliyyətə başladı. İllər keçdikcə Milli Kitabxana Azərbaycanda kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, informasiya və kitabşünaslıq  sahəsində elmi-tədqiqat işləri üzrə aparıcı və əlaqələndirici müəssisə, oxuculara kompleks kitabxana-informasiya xidməti göstərən, ölkə kitabxanaları üçün metodik mərkəz, milli tövsiyə biblioqrafiyası  və  ölkədaxili depozitar mərkəz funksiyasını həyata keçirən baş kitabxanaya çevrildi. Müstəqillik illərini Milli Kitabxananın fəaliyyətinin çiçəklənməsi dövrü kimi qeyd etmək olar. Məhz bu dövrdə Milli Kitabxana xalqımızın milli-mənəvi dəyərlərinin etibarlı şəkildə mühafizə olunaraq gələcək nəsillərə çatdırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirən elm məbədinə, oxuculara kitabxana xidmətinin müasir dövrün tələblərinə uyğun olaraq yenidən qurulması məqsədilə yeni texnologiyaların tətbiqi işində öndə gedən flaqmana, əsl mədəniyyət mərkəzinə çevrilmişdir.
Ulu Öndər Heydər Əliyev mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə həmişə böyük qayğı ilə yanaşmışdır və bu diqqət milli-mənəvi dəyərlərimizi yaşadaraq gələcək nəsillərə çatdıran Milli Kitabxanamızdan da yan keçməyib. 1995-1997-ci illərdə dəfələrlə bu elm məbədinə gələn və  hər gəlişi ilə bu kitabxanaya yeni bir ab-hava, müsbət dəyişikliklər gətirən Ulu Öndər təsadüfi olaraq demirdi ki, "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir". Kitaba belə dahiyanə dəyər verən Heydər Əliyev kitabxanaya gələrkən öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın  qiymətli kitabı Milli Kitabxanaya hədiyyə etmişdir.        
Ulu Öndər Heydər Əliyev 1995-1997-ci illərdə 4 dəfə Milli Kitabxanada olmuşdur:
3 iyun 1995-ci ildə "Vətənə, dövlətə, xalqa sədaqət andı" miniatür kitabının təqdimat mərasimində. Bu tədbirdə iştirakı zamanı Ulu Öndər Milli Kitabxanaya öz şəxsi kitabxanasından 300-ə yaxın müxtəlif kitab və müqəddəs Məkkə ziyarətindən gətirdiyi Qurani-Kərimi hədiyyə etmişdir;    
1996-cı il martın 4-də İsraildə nəşr olunan "Heydər Əliyev: siyasi portretin cizgiləri" kitabının təqdimat mərasimində;
5 noyabr 1997-ci ildə "Azərbaycan qaçqınları" fotoalbomunun təqdimat mərasimində;
20 noyabr 1997-ci ildə Amerikada nəşr edilən "Azərbaycan İnternəşnl" jurnalının beş illiyinə həsr olunmuş mərasimdə.
"Kitabxana işi haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq M.F.Axundzadə adına Dövlət Kitabxanasına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2004-cü il tarixli qərarı ilə "Milli Kitabxana" statusu verilmişdir. Bu status kitabxananın qarşısına qoyulmuş vəzifələrin əhatəsini xeyli genişləndirmiş, ölkənin ictimai həyatında rolunu artırmışdır. 
ABŞ-nin VTLS korporasiyasının məxsusi kitabxanalar üçün işləyib hazırladığı VİRTUA proqramının tətbiqi ilə Milli Kitabxanada elektron kataloqun yaradılmasına hazırlıq işləri başa çatmış, 2006-cı ilin mayında Milli Kitabxananın veb-saytının və elektron kataloqunun təqdimatı olmuşdur.
2010-cu ildən kitabxana fondlarında olan kitabların rəqəmsallaşdırılması işi xeyli sürətlənmiş, "Azərbaycan ədəbiyyanın arxivi" və "Nadir kitablar və kitabxana muzeyi" şöbələrində olan və oxucular tərəfindən ən çox tələb olunan kitabların, XIX əsrin sonunda və XX əsrin əvvəllərində respublikamızda dərc olunan qəzet və jurnalların demək olar ki, 90 faizinin elektron versiyası hazırlanmışdı. Milli Kitabxananın oxuculara və kitabxanalara təqdim etdiyi son yeniliklərdən biri də məsafədən virtual kitab sifarişi sisteminin yaradılması oldu. Yəni internetə çıxışı olan hər bir oxucu saytdakı "Virtual xidmət" bölməsinə daxil olaraq istənilən kitabı sifariş edə bilir. 
2008-ci ildə Milli Kitabxananın Elektron dissertasiya fondunun təşkili və ondan istifadə şöbəsində Rusiya Dövlət Kitabxanasının Elektron dissertasiya fondunun virtual oxu zalı açıldı. Oxu zalında Azərbaycan Milli Kitabxanasının oxucuları Rusiya Dövlət Kitabxanasının dissertasiya və avtoreferatlar fondunda mühafizə olunan 1 milyondan artıq dissertasiya və avtoreferatın tam elektron mətnindən istifadə etmək imkanı əldə etdilər. Şöbə Azərbaycanda müdafiə olunmuş dissertasiyaların tam mətnli elektron məlumat bazası ilə də oxuculara virtual xidmət göstərir.    
Müstəqillik illərində Milli Kitabxananın beynəlxalq əlaqələri də əhəmiyyətli dərəcədə genişlənmiş və beynəlxalq kitabxana təşkilatlarında uğurla təmsil olunmağa başlamışdır. Azərbaycan Milli Kitabxanası Müstəqil Dövlətlər Birliyinin milli kitabxanalarını özündə birləşdirən Avrasiya Kitabxanalar Assambleyasının (BAE) beş təsisçisindən biri olaraq, keçmiş sovetlər birliyi məkanında yeganə professional kitabxana təşkilatının yaradıcılarından biri kimi çıxış etmişdi.
2005-ci ildə Azərbaycan Milli Kitabxanası dünyada çox nüfuzlu  beynəlxalq kitabxana təşkilatı olan Avropa Milli Kitabxanaları Konfransı (CENL) təşkilatına üzvlüyə qəbul olundu. Bu nüfuzlu təşkilatın Lüksemburqda keçirilən illik iclasında ilk dəfə  təmsil edildi və 43 ölkənin yekdil qərarı ilə həmin təşkilata seçildi.  2009-cu ilin avqustunda  Azərbaycan Milli Kitabxanası Beynəlxalq Kitabxana Təşkilatları və Assosiasiyaları Federasiyasına (İFLA) üzvlüyə qəbul edildi və ilk dəfə həmin ilin avqustunda İFLA-nın Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində keçirilən illik iclasında iştirak etdi. Bu zaman İFLA-nın prezidenti tərəfindən Azərbaycan Milli Kitabxanasına İFLA-nın üzvlüyü sertifikatı təqdim edildi. Eyni zamanda Azərbaycan Milli Kitabxanası İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Kitabxanaları və Arxiv Təşkilatları Birliyinin və Türkdilli Ölkələrin Milli Kitabxanaları Direktorları Şurasının da üzvüdür və bu beynəlxalq təşkilatların layihələrində fəal iştirak edir.
Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələri bu gün dünya kitabxanaları ilə ikitərəfli qarşılıqlı əməkdaşlıq istiqamətində uğurla inkişaf etməkdədir. Milli Kitabxanamız dünyanın 47 ölkəsinin zəngin kitabxanaları ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandumlar imzalamışdır və bu kitabxanalarla fəal kitab, informasiya, təcrübə mübadiləsini həyata keçirir, eyni zamanda dünyanın 80-dən artıq ölkəsinin milli və universitet kitabxanaları ilə beynəlxalq kitab mübadiləsi yolu ilə kitab və digər nəşrlərin mübadiləsini həyata keçirir.
Azərbaycan Respublikasında Kitabxana-informasiya sahəsinin inkişafında və yenidən qurulmasında mühüm mərhələ təşkil edən "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"  bütövlükdə ölkəmizdə kitabxanaların, o cümlədən Milli Kitabxananın fəaliyyətinin günün tələbləri səviyyəsində yenidən qurulmasında, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılmasında, oxuculara kitabxana-biblioqrafiya xidmətlərinin təkmilləşdirilməsində və elektronlaşdırılmasında əhəmiyyətli rol oynadı. Bu dövlət proqramının uğurla yerinə yetirilməsi Azərbaycan Milli Kitabxanasının aparıcı dünya ölkələrinin milli kitabxanaları sırasında öncül yerlərdən birinə çıxmasına və Cənubi Qafqazın ən modern kitabxanası səviyyəsinə yüksəlməsinə səbəb oldu.
Azərbaycan Milli Kitabxanasının ölkəmizdə kitabın, kitabxananın və mütaliənin təbliğində xidmətləri, Azərbaycan həqiqətlərinin dünya miqyasında təbliği sahəsində həyata keçirdiyi tədbirlər, milli-mənəvi sərvətlərimizin öz tarixi vətəninə qaytarılması istiqamətində gördüyü işlər Azərbaycan dövləti və Azərbaycan Prezidenti tərəfindən yüksək qiymətləndirilmişdir. 2008-ci ildə Azərbaycan Milli Kitabxanasının 85 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Prezidenti Milli Kitabxananın kollektivinə və Avrasiya Kitabxanalar Assambleyasının Bakıda keçirilən iclasının iştirakçılarına təbrik məktubu göndərmiş, 17 noyabr tarixli sərəncamla  Azərbaycanda kitabxana işinin inkişaf etdirilməsində xidmətlərinə görə Milli Kitabxananın direktoruna və 5 nəfər digər əməkdaşına Əməkdar mədəniyyət işçisi fəxri adı verilmiş, digər bir sərəncamla isə Milli Kitabxananın 4 nəfər əməkdaşı "Tərəqqi" medalı ilə təltif edilmişdir.        
2013-cü ildə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi kitabxananın tarixində ilk dəfə dövlət səviyyəsində keçirilmişdir. Yubiley tədbirləri Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Milli Kitabxanasının 90 illik  yubileyinin keçirilməsi haqqında" 24 iyun 2013-cü il tarixli sərəncamına müvafiq olaraq  geniş şəkildə qeyd olunmuşdu. Milli Kitabxananın 90 illik yubiley tədbirləri çərçivəsində Bakı şəhərində Avropa Milli Kitabxanaları Konfransı beynəlxalq təşkilatının (CENL) 27-ci illik iclası, Avrasiya Kitabxanalar Assambleyasının (BAE) 16-cı illik toplantısı, Türkdilli Ölkələrin Milli Kitabxanaları Şurasının 2-ci iclası və İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv Ölkələrin Milli Kitabxana və arxiv təşkilatları Birliyinin 2-ci toplantısı keçirilmişdi. Milli Kitabxananın 90 illik yubileyində Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 sentyabr tarixli sərəncamı ilə Azərbaycanda kitabxana işinin inkişafında xidmətlərinə görə Azərbaycan Milli Kitabxanasının 7 əməkdaşına "Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi" fəxri adı verilmişdi. Həmin gündə cənab Prezidentin imzaladığı digər sərəncamla ölkəmizdə kitabxana işinin inkişafında xidmətlərinə görə Milli Kitabxananın direktoru professor K.Tahirov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, Milli Kitabxananın 6 nəfər əməkdaşı isə "Tərəqqi" medalı ilə təltif olunmuşdu.
2014-cü ildən Milli Kitabxananın kolleksiyalarında müasir tipli mobil kitab rəflərinin quraşdırılması işlərinə başlanıldı. Tozu, rütubəti, işığı buraxmayan və qiymətli kitabların günəş işığından və digər kənar təsirlərdən qorunmasına xidmət edən mobil kitab rəfləri eyni zamanda yeni kitabların yerləşdirilməsi imkanlarının da iki dəfə artırılmasına kömək edir. Son illərdə kitabxanada Avropa standartlarına uyğun işıqlandırma, havalandırma və rütubət rejimini tənzimləyən avadanlıqlar quraşdırılıb, qazla işləyən avtomatlaşdırılmış yanğınxəbərverici və yanğınsöndürücü sistem quraşdırılaraq istifadəyə verilib. Fondun xüsusi, mobil kitab rəflərində yerləşdirilməsi həm oxucuya xidmət işini yaxşılaşdırır, həm də qiymətli kitab kolleksiyalarının etibarlı mühafizəsinə xidmət edir. Kitabxananın Azərbaycan ədəbiyyatının milli arxiv fondu, Azərbaycan ədəbiyyatı fondu, Azərbaycan bəstəkarlarının not əlyazmaları fondu və bütün digər sənədlər yüksəkkeyfiyyətli müasir tipli mobil kitab rəflərinə köçürülüb və bu ilin sonunadək bu işin tamamilə başa çatdırılması nəzərdə tutulur.
2016-cı ilin iyul ayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə layihəsi əsasında paytaxt sakinləri və şəhərimizin qonaqları üçün fasiləsiz və sərbəst mütaliə imkanlarının yaradılması məqsədilə, Milli Kitabxananın nəzdində həftənin bütün günləri, 24 saat xidmət göstərən "Mən oxudum, sən də oxu" devizi altında işləyən Açıq kitabxana yaradıldı. Açıq kitabxanada ayrı-ayrı oxucular, yazıçılar, şairlər, görkəmli elm və mədəniyyət xadimləri tərəfindən kitabxanaya hədiyyə edilən kitablar nümayiş olunur və onların mütaliəsinə şərait yaradılır. Eyni zamanda Açıq kitabxanada kitabların mütaliəsi ilə bərabər, mübadiləsinə də gözəl imkan yaradılıb. Kitabxanada "Mən oxudum, sən də oxu" devizi altında kitabı kitaba dəyişmə guşəsi, Milli musiqi guşəsi, dövri mətbuat və uşaq ədəbiyyatı guşələri  fəaliyyət göstərir. Hər bir vətəndaş artıq mütaliə etdiyi öz kitabını Açıq kitabxanaya təhvil verməklə oxumadığı yeni bir kitab əldə edə bilir. Beləliklə, hər bir kəs mütaliə etdiyi və oxuduğu kitabların başqa şəxslər tərəfindən də mütaliə olunmasına şərait yaradır. Nəticədə insanlar təmənnasız olaraq yeni kitablar götürüb oxumaq və sonra gətirib digəri ilə dəyişmək imkanı qazanırlar, bununla da həmçinin ən çox oxunan kitabları da müəyyənləşdirmək mümkün olur. Kitabxanada açıq səma altında poeziya günləri, mütaliə axşamları, ayrı-ayrı yazıçı və şairlərlə görüşlər, imza törənləri keçirilir, yeni kitabların təqdimat mərasimləri, imzalı görüşlər təşkil olunur.  
2019-cu il sentyabrın 27-də Milli Kitabxanada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə "Nəsimi Əlyazmaları dünya kitabxanalarında" adlı kitab sərgisinin və Beynəlxalq əməkdaşlıq zalının açılışı oldu. Açılışda 13 ölkənin Azərbaycandakı diplomatik nümayəndələrinin və dünya milli  kitabxanalarının rəhbərləri də iştirak etdilər. Zalda həmin ölkələrin ədəbiyyat guşələri və kitabxanaları ilə birbaşa internet əlaqəsi yaratmaq mümkündür.
2020-ci ildə yeni növ koronavirus - COVID-19 pandemiyası ölkəmizdən də yan keçmədi. Dünyanı çənginə alan koronavirus pandemiyasının ölkə ərazisində yayılmasına baxmayaraq, bütövlükdə Milli Kitabxananın fəaliyyətində müsbət irəliləyişlərə nail olundu.   Pandemiya təhlükəsi Milli Kitabxanamızın son illərdə həyata keçirilən avtomatlaşdırma və elektronlaşdırma tədbirləri sayəsində uğurlarının nəticələrini ortaya qoydu. Kitabxanamız pandemiya şəraitində bir dəqiqə də olsun öz fəaliyyətini dayandırmadı, ölkəmizdə və dünyada evlərində qapanıb qalmaq məcburiyyətində olan oxuculara - tədqiqatçılara, bütün istifadəçilərə fasiləsiz virtual xidmətlər göstərildi.  2020-2021-ci illərdə Milli Kitabxananın fonduna müxtəlif mənbələrdən 33641 nüsxə  ədəbiyyat daxil oldu. Pandemiya şəraitində Milli Kitabxanada tammətnli elektron resursların yaradılması işi də həyata keçirildi. Yaranan maneələrə baxmayaraq, Milli Kitabxanada robot skanerlər, portativ skanerlər və rəqəmsal fotoaparatlar vasitəsilə çəkilmiş və qrafik proqramlarda işlənmiş 88048 tammətnli (kitab, dissertasiya, dövri-mətbuat olmaqla) elektron resurs yaradıldı. Pandemiya ilə əlaqədar bilavasitə kitabxanada oxuculara xidmət dayandırıldığı üçün  qısa zaman kəsiyində istifadəçilərə kitabxana-informasiya xidmətini virtual rejimdə təqdim etmək üçün işlərin miqyası genişləndirildi, kitabxananın saytında yeni "Onlayn xidmətlər" pəncərəsi yaradıldı. Bu pəncərənin  "Sənədlərin sifarişi və elektron çatdırılması" bölməsi vasitəsilə istifadəçilərə 246098 resurs göndərildi. Kitabxananın (millikitabxana.az) saytına daxil olan istifadəçilərin sayı  isə 7.500.523 nəfər oldu. Pandemiya şəraitində Milli Kitabxananın fəaliyyəti  kitabxananın elektron xidmətlərinin, elektron kataloq və elektron kitabxanasının daha da təkmilləşdirilməsinə və inkişaf etdirilməsinə əhəmiyyətli təkan verdi.
2020-ci il dekabrın 11-də Azərbaycan Milli Kitabxanasında Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş "Heydər Əliyev guşəsi"nin açılış mərasimi oldu. Guşədə Ulu Öndərin 1995-ci ildə ilk dəfə Milli Kitabxanaya səfəri zamanı öz şəxsi kitabxanasından hədiyyə etdiyi 300 nüsxəyədək qiymətli kitab kolleksiyası, onun öz kitabları və haqqında yazılan kitablar, Milli Kitabxanada olarkən çəkilən şəkillər, Məkkədən gətirdiyi və Milli Kitabxanaya hədiyyə etdiyi Qurani-Kərim, habelə kitabxanada olarkən etdiyi çıxışların lent yazıları nümayiş olunur.
2022-ci ildə İstifadəçilərə xidmət şöbəsinin tərkibində yeni bir bölmə -"Uşaq bölməsi və uşaq istirahət guşəsi" istifadəyə verildi. Bu yeni xidmət sahəsi uzun müddət yaranmış  tələbatdan irəli gələrək həyata keçirilmiş və kitabxananın çoxsaylı istifadəçi kütləsi tərəfindən tədqirəlayiq hal kimi qiymətləndirilmişdir. Belə ki, Milli Kitabxananın  oxucularının xeyli hissəsi qadın tədqiqatçı-alimlərdən ibarətdir və onlar əksər hallarda kiçik yaşlı uşaqlarını özləri ilə gətirərək bu guşədə qoyur və bütün günü tədqiqatla məşğul ola bilirlər. Onların uşaqları isə Uşaq guşəsində xüsusi əməkdaşların qayğısı ilə əhatə olunur və istirahət edirlər, habelə burada kitabxanaya gələn  uşaqların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi daşıyan  bölmədə uşaqlar dincələ və mütaliə edə bilirlər. Bu baxımdan azyaşlı uşaqların və məktəblilərin mütaliə vərdişlərinin formalaşdırılmasında bölmənin fəaliyyəti  müstəsna əhəmiyyətə malikdir.  Sözügedən bölmədə işıqlı və əlvan rəngləri olan mütaliə və uşaq istirahət otaqları fəaliyyət göstərir. Mütaliə otağı uşaqların  rahatlığı məqsədilə nəzərdə tutulmuş rahat oturacaq və stollarla təchiz olunmuş, divarlarda qurulmuş  rəflərdə  müxtəlif  yaş kateqoriyası olan uşaqların mütaliəsi məqsədilə rəngli nağıl və hekayə  kitabları azyaşlı oxucularımızın istifadəsinə verilmişdir. Bölmənin istirahət guşəsindəki yumşaq mebellər və oyuncaqlar mütaliədən sonra uşaqların rahat oyunlar oynaması və istirahət etməsinə xidmət edir.        
Uzun illər Ana Kitabxanamız xalqımızın milli-mənəvi dəyərlərini etibarlı şəkildə mühafizə edərək gələcək nəsillərə çatdırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirmiş, oxuculara kitabxana xidmətinin müasir dövrün tələblərinə uyğun olaraq yenidən qurulması məqsədilə yeni texnologiyaların tətbiqi işində öndə getmiş, milli-mənəvi dəyərlərimizin təbliğində və vətənə qayıdışı istiqamətində layihələrə imza atmışdır. Milli Kitabxananın son illərdə əldə etdiyi böyük nailiyyətləri yüksək qiymətləndirən möhtərəm Prezident İlham Əliyev demişdir: "Fəaliyyətə başladığı dövrdən etibarən Azərbaycan Milli Kitabxanası zəngin inkişaf yolu keçərək böyük əhəmiyyətə malik nəşrləri mühafizə edən mədəni sərvətlər xəzinəsinə çevrilmişdir. Ötən müddət ərzində o, cəmiyyətin intellektual-mənəvi potensialının artırılmasında əvəzsiz rol oynamış, elm və mədəniyyət xadimlərinin bir neçə nəslinin formalaşmasına öz töhfəsini vermişdir".
Beləliklə, Milli Kitabxanamız öz tarixi 100 illik fəaliyyəti dövründə Azərbaycan xalqının elm məbədgahına çevrilmişdir. Milli Kitabxananın əməkdaşlarından biri kimi  hazırda öz inkişafının  yeni mərhələsini yaşayan bu doğma kitabxanamıza və onun kollektivinə  mədəniyyətimizin  tərəqqisi naminə böyük uğurlar diləyirəm.

Ədibə İSMAYILOVA,
Azərbaycan Milli Kitabxanasının elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video