Prezident İlham Əliyevin müraciəti müasir dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malikdir
Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərində Zəfər tağını ziyarət edərək önündə səsləndirdiyi proqram xarakterli çıxışı Azərbaycanın müasir dövlətçilik tarixində həm hərbi-strateji, həm geosiyasi, həm də beynəlxalq hüquqi müstəvidə yeni epoxanın ideoloji manifestidir. Dövlətimizin başçısının bu çıxışı yalnız tarixi qələbənin emosional qiymətləndirilməsi deyil, eyni zamanda Cənubi Qafqazda yeni regional təhlükəsizlik arxitekturasının formalaşmasını, beynəlxalq hüququn məcburi icra mexanizmlərinin işə salınmasını və milli suverenliyin tam bərpasını təsbit edən fundamental siyasi-hüquqi sənəddir. Xankəndi şəhərində - vaxtilə separatizmin və işğal siyasətinin mərkəzindən bu mesajların verilməsi və buradakı "inzibati bina"nın Zəfər muzeyinə çevrilməsinin elan edilməsi simvolik dekonstruksiyanın, yəni qondarma qurumların və geosiyasi xülyaların tamamilə məhv edilməsinin geostrateji təsdiqidir.
Milli Məclisin deputatı Bəhruz MƏHƏRRƏMOV qəzetimizə açıqlamasında dedi ki, bu nitqin birinci və ən əsas hüquqi aspekti 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən birgünlük lokal xarakterli antiterror tədbirləri vasitəsilə BMT Təhlükəsizlik Şurasının 822, 853, 858, 874 saylı qətnamələrinin Azərbaycan tərəfindən təkbaşına icra edilməsidir: "Beynəlxalq hüquq nəzəriyyəsində dövlətlərin suveren hüquqlarının və ərazi bütövlüyünün qorunması prinsipləri əsas fundament olsa da, uzun illər ərzində ATƏT-in Minsk qrupu kimi vasitəçilik institutları münaqişəni dondurulmuş vəziyyətdə saxlamağa çalışırdı. Prezident İlham Əliyevin vurğuladığı kimi, beynəlxalq güclərin münaqişənin hərbi həllinin olmadığını iddia etmələri və Azərbaycanı qəbuledilməz güzəştlərə məcbur etməyə çalışmaları açıq-aşkar ikili standartlara söykənirdi. Azərbaycan dövləti 1993-cü ildən etibarən kağız üzərində qalan beynəlxalq sənədlərin icrasını öz gücü ilə təmin etməklə BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququnun klassik və qüsursuz tətbiq nümunəsini yaradan presedentə imza atdı. Hərbi-analitik müstəvidə Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə nümayiş etdirdiyi uğurlar müasir müharibə aparma taktikasına və yüksək texnoloji hazırlığa malik olduğunu sübut etdi. Düşmənin 6-7 qat və illərlə ən müasir sistemlər əsasında möhkəmləndirilən istehkam xətlərinin yarılması və 300-dən çox yaşayış məntəqəsinin qısa müddətdə azad edilməsi ilə yanaşı, hərbi zəncirin kulminasiya nöqtəsi olan Şuşanın azad olunması operativ-strateji baxımdan müharibənin taleyini birdəfəlik həll etdi. Çünki Şuşa təkcə mənəvi mərkəz deyil, bütün Qarabağ coğrafiyasına nəzarət imkanı verən hərbi-geosiyasi komanda yüksəkliyi idi. Bu Zəfər noyabrın 10-da Ermənistanın kapitulyasiya aktına imza atmasına, nəticədə Ağdam, Kəlbəcər, eləcə də Laçın rayonlarının bir güllə atılmadan, şəhid verilmədən qaytarılmasına gətirib çıxardı".
Deputat qeyd etdi ki, müharibənin mənəvi-psixoloji və sosial-hüquqi tərəfi orduların daxili intizamında və dövlət-xalq birliyində özünü bariz göstərdi. Azərbaycan Ordusunda bir nəfər də olsun fərarilik halının qeydə alınmaması müharibənin milli azadlıq və ədalətli xarakterini, yüksək vətənpərvərlik ruhunu sübut etdi. Əksinə, Ermənistan tərəfinin öz ordusunda 12 mindən artıq fərarinin olduğunu etiraf etməsi qarşı tərəfdə ideoloji-siyasi böhranın, dövlət institutlarına inamsızlığın və hərbi intizamın tam çökməsinin göstəricisidir. 2023-cü ilin sentyabrında Xankəndidəki 15 minlik işğalçı korpusun bir gün ərzində tamamilə təslim edilməsi revanşizm imkanlarını sıfırlamış, keçmişdə Azərbaycana qarşı təcavüz planlaşdıran, Bakıya tankla gəlmək xülyasına düşən hərbi cinayətkarların bu gün Bakı həbsxanalarında öz layiqli cəzalarını alması ilə tarixi ədalət öz yerini tapmışdır. "İqtisadi, sosial və humanitar müstəvidə Prezidentin vurğuladığı "Böyük qayıdış" proqramı dövlətin strateji dayanıqlılığının göstəricisidir. İşğal dövründə təbii sərvətlərin talanması, ekosistemin və mədəni irsin məhv edilməsi qarşısında, təbii ki, Azərbaycan dövlətinin sıfırdan şəhər və kəndlər inşa etməsi və kənar maliyyə dəstəyi olmadan öz resursları ilə bölgəni dirçəltməsi unikal inkişaf modelidir. Artıq 100 min insanın azad edilmiş ərazilərdə yaşaması, təhsil alması və çalışması məcburi köçkünlərin pozulmuş fundamental hüquqlarının praktiki təminatıdır. İdeoloji-fəlsəfi aspektdən isə dövlətimizin başçısının nitqində azərbaycançılıq məfkurəsi milli uğurların təməl daşı kimi önə çıxır. Ölkədə yaşayan bütün etnik qrupların və dini konfessiyaların vahid vətəndaşlıq platformasında birləşməsi düzgün dövlət siyasətinin nəticəsi kimi daxili siyasi sabitliyin əsas təminatlarından biri idi", - deyə o əlavə etdi.
B.Məhərrəmov vurğuladı ki, Prezident İlham Əliyevin bu tarixi prosesdəki xüsusi rolu hərbi-strateji planlaşdırma, sarsılmaz siyasi iradə, yüksək diplomatik ustalıq və ideoloji liderliyin nadir sintezini təşkil edir. Zəfər paradiqmasının formalaşması və milli suverenliyin bərpa edilməsi prosesində dövlət başçısının fəaliyyəti sistemli təhlil olunduqda onun prosesin yalnız icraçısı kimi deyil, birbaşa memarı və geostrateji təşəbbüskarı kimi çıxış etdiyi aydın görünür. Beynəlxalq aləmin və böyük dövlətlərin Azərbaycanı "status-kvo" ilə barışdırmaq cəhdlərinə baxmayaraq, Müzəffər Ali Baş Komandan öz gücümüz hesabına Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılmasını və müasir texnologiyalarla təchizatını dövlət siyasətinin prioritetinə çevirib. Prezident İlham Əliyev müharibə dövründə xarici KİV-ə verdiyi 30-dan çox müsahibə ilə qlobal informasiya cəbhəsində aparılan genişmiqyaslı qarayaxma kampaniyalarını şəxsən dəf etmiş, Azərbaycanın haqlı mövqeyini beynəlxalq hüquqi tezislərlə dünya ictimaiyyətinə çatdırmaqla informasiya müharibəsində milli model formalaşdırmışdır. Böyük dövlətlərin açıq və gizli təzyiqlərinə baxmayaraq, "Biz birlikdə güclüyük" konsepsiyası və azərbaycançılıq ideologiyası ilə xalq-ordu-lider üçbuca-ğını unikal monolit gücə çevirib.
Deputat bildirdi ki, Prezident İlham Əliyevin Xankəndi şəhərində səsləndirdiyi bəyanatlar müasir dövlətçilik tariximizdə müstəsna geostrateji və hüquqi-siyasi çəkiyə malikdir: "Məkanın rəmzi və siyasi dekonstruksiyası baxımından bəyanatların Xankəndidən verilməsi misilsiz geosiyasi simvolizm daşıyır. Beynəlxalq hüquqi və status baxımından bu bəyanatlar "Qarabağ Azərbaycandır və nida işarəsi" tezisinin hüquqi və praktiki baxımdan tam yekunlaşdığını nümayiş etdirir, Qarabağda separatizmin, qanunsuz hərbi birləşmələrin və ya "boz zona"ların mövcudluğuna birdəfəlik son qoyulduğunu bütün dünyaya bəyan edir. Yəni dövlət başçısının Xankəndidə bəyan etdiyi Zəfər paradiqması tam mənada Cənubi Qafqazın təhlükəsizlik arxitekturasını kökündən dəyişdirən strateji dönüş nöqtəsidir. Uzun illər tətbiq olunan status-kvo və kənar güclərin təsir rıçaqları sıradan çıxarılıb, geostrateji təşəbbüs bilavasitə regional dövlətlərin özünə qaytarılıb. "3+3" platforması, Şuşa Bəyannaməsi ilə rəsmiləşən Azərbaycan-Türkiyə strateji müttəfiqliyi regionda yeni güc balansı yaradır, Zəngəzur dəhlizi (TRIPP) kimi geoiqtisadi layihələr isə Cənubi Qafqazı qlobal nəqliyyat-logistika qovşağına çevirir. Prezident İlham Əliyevin "Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin" tezisi Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin əsas şərti kimi "güc vasitəsilə sülh" doktrinasını və müstəqil suveren dövlət modelini bərqərar edib".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"