"44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Biz haqlı olaraq bu Zəfərlə fəxr edirik. Bütün Azərbaycan xalqı fəxr edir. Gələcək nəsillər də fəxr edəcəklər. Bu şanlı tarix bizim qəlbimizdə əbədi yaşayacaq... ...Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi".
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərindən ucalan bu tarixi sözləri 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin mənəvi fəlsəfəsini tam ifadə edir.
Milli birliyimizin təntənəsi
8 Noyabr Zəfəri milli birliyimizin təntənəsi kimi müqəddəs zirvədə dayanır. Otuz ilə yaxın qəlbimizi göynədən işğal nisgilinə 44 gün içində son qoyan Vətən müharibəsi xalqımızın əyilməz iradəsinin və qəhrəmanlıq ruhunun şah əsəridir. Düşmənin illərlə qurduğu keçilməz istehkamlar, siyasi təzyiqlər və maneələr "dəmir yumruğ"a çevrilmiş milli birliyimizin qarşısında aciz qaldı.
İllər boyu münaqişənin dinc yolla həllinə çalışan, lakin heç vaxt torpaqlarının işğalı ilə barışmayacağını qətiyyətlə bəyan edən Azərbaycan döyüş meydanında öz sözünü dedi. Düşmənin arxasında duran havadarların fitnələrinə və beynəlxalq ikili standartlara rəğmən, Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın ətrafında birləşərək həmrəyliyini ortaya qoydu. Vətən müharibəsinin 44 günü ərzində göstərilən qəhrəmanlıq, torpaqlarımızın bütövlüyü uğrunda əsgər və zabitlərimizin canlarını qurban verərək şəhadət zirvəsinə ucalması təkcə hərbi gücün yox, həm də milli ruhun və vətənpərvərliyin təntənəsi idi.
"...Döyüş meydanında kimin kim olduğunu hər kəs əyani şəkildə gördü. Bir nəfər belə olsun Azərbaycan Ordusundan qaçan, fərarilik edən olmayıb. Halbuki Ermənistan rəhbərliyinin etirafına görə, Ermənistan ordusunda 12 minə yaxın fərari olmuşdur. Bax, fərq bundan ibarətdir. Azərbaycan döyüş meydanında tam üstünlüyü təmin edərək 8 noyabr günündə - Zəfər bayramını qeyd etdiyimiz gündə Şuşanın azad edilməsi faktiki olaraq İkinci Qarabağ müharibəsinin taleyini həll etdi", - deyə 8 Noyabr - Zəfər Günü münasibətilə etdiyi təbrikində qalib Lider İlham Əliyev İkinci Qarabağ müharibəsində döyüşçülərimizin göstərdiyi misilsiz qəhrəmanlıqdan bəhs etdi.
Bu möhtəşəm Qələbənin məntiqi zirvəsi və tamamlayıcı akkordu isə 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən antiterror əməliyyatı ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi oldu. Məhz bu tarixi qələbə fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndi şəhərində Zəfər abidəsini ziyarət etməsi və oradan xalqımıza ünvanladığı təbrik müraciəti həm keçilən şanlı yolun yekunu, həm də gələcəyə baxışın rəmzinə çevrildi.
Zəfərimizin altıncı ilində Qarabağdan etdiyi təbrikində Prezident İlham Əliyev ordumuzun peşəkarlığını və müasir texnika ilə təchizatını vurğulamaqla yanaşı, Qələbəyə aparan əsas amilin xalqın mənəvi gücü olduğunu xüsusi qeyd etdi.
"Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!"
Prezident İlham Əliyevin 2019-cu ildə bəyan etdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi" kəlamının son işarəsi də məhz Xankəndidə qoyuldu. Ölkəmizin rəhbəri Zəfərin altıncı ili münasibətilə xalqa təbrikində bu mühüm tarixi məqama toxunaraq bildirdi: "O vaxt Ermənistan rəhbərliyinin yersiz açıqlamalarına biz də açıqlamalar vermişdik. Mən bildirmişdim ki, "Qarabağ Azərbaycandır və nida". O nida işarəsini biz 2023-cü il sentyabrın 20-də bax, burada - Xankəndidə qoyduq. Birgünlük antiterror əməliyyatı Ermənistanın işğalçı ordusunun 15 minlik işğalçı korpusunu tamamilə iflic vəziyyətə salmışdır, çox dəqiq və peşəkarcasına aparılmış hərbi əməliyyat nəticəsində Ermənistan məcburən ikinci dəfə təslim olmuşdur".
Bu Zəfər həm də illərlə Azərbaycana qarşı aparılan şər-böhtan kampaniyalarına, təcavüzkar siyasətə verilən ən kəsərli cavab idi. Vaxtilə Xankəndidə oturub separatizmlə məşğul olanlar, Bakını hədələyənlər bu gün öz layiq olduqları cəzanı çəkirlər.
Dövlətimizin başçısı təbrikində həm də Xankəndidəki keçmiş icra hakimiyyətinin binasının - vaxtilə Azərbaycana qarşı təcavüzün beşiyi olan məkanın indi Zəfər muzeyinə çevriləcəyini elan edərək tarixi ədalətin necə bərqərar olduğunu təsirli sözlərlə ifadə etdi: "O, bir şeytan yuvası idi. O binaya mən şanlı Zəfərimizdən sonra - 2023-cü ilin oktyabrında gələndə ilk növbədə binanın pəncərələrini açdım ki, o şeytan ruhu oradan çəkilsin. İndi həmin o binada Zəfər muzeyi yerləşəcək..."
Xankəndidə ucaldılan Zəfər tağı və bərpa olunan tarixi ədalət bir daha sübut edir ki, Azərbaycan torpaqlarında separatizmin və işğalın kökü birdəfəlik kəsilib. Pillələrində Vətən müharibəsinin hər gününün, hər şəhidimizin qanının həkk olunduğu Zəfər tağı keçdiyimiz çətin, lakin şərəfli yolun əbədi şahididir.
İndi Qarabağ və Şərqi Zəngəzurda silah səsləri deyil, genişmiqyaslı quruculuq işlərinin sədası yüksəlir. "Böyük qayıdış" proqramı çərçivəsində soydaşlarımız öz ata-baba ocaqlarına qayıdır, dağıdılmış şəhər və kəndlərimiz sıfırdan bərpa olunaraq yenidən canlanır. Bu, Azərbaycan xalqının qurucu və yaradıcı olduğunun bariz göstəricisidir.
Qazanılan Zəfərin əbədiliyi isə birliyimizə, azərbaycançılıq ideologiyasına və dövlətimizin hərbi-siyasi qüdrətinə söykənir. Şəhidlərimizin qanı bahasına bərpa olunan bu müstəqillik və suverenlik növbəti nəsillərə ən böyük əmanətdir.
Prezident İlham Əliyevin təbrikində yer alan bu sözlər xalqımızın hər bir üzvünün üzərinə düşən tarixi məsuliyyəti bir daha xatırladır: "Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin! Əminəm ki, belə də olacaq".
Bəli, Şanlı Zəfərimiz əbədi, dövlətimiz müstəqil, xalqımız məğrurdur. Bu Zəfər salnaməsi Azərbaycan var olduqca qəlblərdə yaşayacaq.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"