06 Sentyabr 2023 09:00
50788
SİYASƏT
A- A+

Belə davam etsə, “dəmir yumruq" işə düşəcək

 

Siyasi və hərbi təxribatlarla sülhə əngəl törətməsi Ermənistanı məhvə sürükləyir 

 

Ermənistanın Azərbaycana qarşı ard-arda törətdiyi hərbi və siyasi təxribatlar, baş nazir Nikol Paşinyanın üçtərəfli görüşlər zamanı "Qarabağ Azərbaycandır" həqiqətini etiraf etməsinə baxmayaraq, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı iddialarla dolu bəyanatlar verməsi onu göstərir ki, əslində İrəvan sülhə yox, müharibəyə hazırlaşır. 
Xarici ölkələrin poliqonuna çevrilmiş bu ölkənin revanşist hərəkətləri, Azərbaycana qarşı müharibə etmək niyyətinə düşməsi göstərir ki, deyəsən, İrəvan Vətən müharibəsində Azərbaycan tərəfindən uğradıldığı biabırçı məğlubiyyətini unudub, "dəmir yumruğ"un cəmi 44 gün ərzində başını əzdiyini yadından çıxarıb.
2020-ci il noyabrın 10-da kapitulyasiya aktına rəsmən imza atan Ermənistan üçtərəfli Bəyanatla üzərinə götürdüyü müddəaları yerinə yetirməkdən riyakarlıqla boyun qaçırır. Sözügedən tarixdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli Bəyanata zidd olaraq Ermənistan min bir bəhanə ilə bölgədə nəqliyyat-kommunikasiya yollarının açılmasına maneçilik törətməyə çalışır. Eyni zamanda erməni silahlı qüvvələrinin tör-töküntüləri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb və onlar Vətən müharibəsindən sonrakı müddətdə qanunsuz olaraq Laçın yolu vasitəsilə silahlandırılıb. Onlar bunun sayəsində dəfələrlə Azərbaycan ərazilərində təxribatlar törədiblər. Düzdür, hər dəfəsində də düşmən qəhrəman Azərbaycan Ordusu tərəfindən lazımi qaydada cəzalandırılıb. 

 

Beynəlxalq hüquqa əsaslanan addım 

 

Azərbaycan dövləti beynəlxalq hüquqa dayanaraq bu il aprelin 23-də Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurmaqla, həm suveren ərazilərini bərpa edib, həm də Ermənistan və başda Fransa olmaqla bəzi qərəzli xarici ölkələrin bu yol vasitəsilə separatizmə dəstək verməsinin qarşısını alıb. 
Lakin Laçında qurulan sərhəd-buraxılış məntəqəsini Azərbaycan tərəfindən "blokada" yaratmaq kimi dünyaya sırımaq istəyən Ermənistan bu məsələ ilə bağlı böyük bir mərəkə qoparıb. Məkri əskik olmayan bu ölkə dayanmadan Laçın yolunun bağlandığını, Xankəndidə aclıq yaşandığı kimi gülünc, həqiqəti əks etdirməyən məlumatlar yayır, beynəlxalq aləmi "yazıq erməni"lərin halına yanmağa çağırır.  
Zamanla sınaqdan çıxarılmış bu "erməni taktikası"na bəzi korrupsioner Qərb siyasətçiləri, təşkilatları və ölkələri də dəstək verirlər. Amma həmin riyakar və məkrli qüvvələri nə ermənilər, nə də onların xəstə ideologiyaları maraqlandırır. Məqsədləri fürsətdən yararlanaraq erməni lobbisindən bacardıqca çox pul qoparmaqdır. 

 

Azərbaycan sülh müqaviləsinin imzalanmasında maraqlıdır

 

Torpaqlarının 30 illik işğalı dövründə də Azərbaycan hər zaman sülh tərəfdarı olub. Sadəcə Ermənistanın və keçmiş ermənipərəst Minsk qrupunun münaqişəni əbədiyyətədək uzatmaq kimi məkrli niyyətləri sayəsində iki ölkə arasında heç cür barışıq əldə olunmayıb. Bu səbəbdən də ölkəmiz məcbur olaraq döyüş meydanında BMT TŞ-nin 4 qətnaməsini özü yerinə yetirib, ərazilərini Ermənistanın işğalından azad edib. 44 günlük müharibədən sonrakı dövrdə də Azərbaycan tərəfi kifayət qədər konstruktivlik sərgiləyib və sülh istiqamətində atılan bütün addımları dəstəkləyib, keçirilən bütün üçtərəfli görüşlərdə aktiv iştirak edib. Bakının İrəvana sülhlə bağlı təklifində iki ölkə tərəfindən bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi əks olunub ki, bunun özü də Azərbaycanın sülh müqaviləsinin tezliklə imzalanmasında nə qədər maraqlı olduğunu göstərir.  
Eyni zamanda Bakı Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası məsələsində qərarlılıq nümayiş etdirərək barışıqla bağlı humanizm mövqeyindən çıxış edir. 

 

Ermənilərin təxribatları bitmir 

 

Ermənistan iki ölkə arasında normallaşma ilə bağlı hər hansı irəliləyiş əldə olunmaması üçün bütün məkrini işə salıb. Təcavüzkar ölkə davamlı olaraq Azərbaycana qarşı siyasi və hərbi təxribatlar həyata keçirir, özü də bu murdar əməllərini sülh prosesi çərçivəsində baş tutan üçtərəfli görüşlər zamanı edir. 
Hər kəs xatırlayır, bu il iyunun 26-da, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti Vaşinqton görüşü ərəfəsində İrəvan ölkəmizə qarşı hərbi təxribata əl atdı.  Ermənistanın Azərbaycan Silahlı Qüvvələr Günündə atdığı bu ağılsız addımının qarşısını rəşadətli ordumuz "Qisas" əməliyyatı ilə layiqincə aldı. 
İyulun 15-də keçirilən növbəti Brüssel görüşündən sonra isə Ermənistan sülhpozucu davranışlarını daha da intensivləşdirdi. Bir yandan Laçın yolu ilə bağlı şoular göstərir, Xankəndidə "aclıq" olması görüntüsü yaratmağa çalışır, digər yandan da hərbi təxribatlara əl atır. Cari il sentyabrın əvvəlində Ermənistan silahlı qüvvələrinin Zod istiqamətindəki bölmələrinin Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-larından və digər atıcı silahlardan istifadə etməklə atəş açmaları, bu təxribat nəticəsində ümumilikdə 3 hərbi qulluqçumuzun yaralanması da bunu təsdiqləyir. Bu dəfə də qəhrəman ordumuz düşmənə unutmayacağı  dərs verdi.
Bu il sentyabrın 2-də Nikol Paşinyanın verdiyi riyakar bəyanatı da Ermənistanın təxribatlar silsiləsinin, Azərbaycana qarşı ərazi iddialarından əl çəkməməsinin, müharibə eşqi ilə yaşamasının isbatı oldu. 
Paşinyan Azərbaycan ərazilərinə qarşı iddialarla çıxış etməklə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdəki separatçı qüvvələrə dəstək verməklə heç də özünü dünyaya təqdim etdiyi kimi "sülh göyərçini" olmadığını, qanlı sələfləri Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyanın yolu ilə gedərək Ermənistanın müharibə ritorikasını davam etdirmək niyyəti güddüyünü göstərir. 

 

Azərbaycanın şərtləri qeyd-şərtsiz yerinə yetirilməlidir

 

Ermənistanın sülhə xələl gətirən mənfur əməllərinin elə bu marionet ölkənin özü üçün ağrı-acılı nəticələr doğuracağı şübhəsizdir. Çünki bölgənin şəksiz lideri Azərbaycan istənilən platformada - istər siyasi, diplomatik, istərsə də hərbi olsun, Ermənistanı qarşısında diz çökdürmək qüdrətindədir və bunu riyakar Paşinyan da, Qarabağdakı quduzlaşmış hərbi xuntaçılar da, onlara dil verən xarici havadarları da yaxşı bilirlər. 
Buna görə də necə ki gec deyil, Ermənistan üçtərəfli Bəyanatla boynuna götürdüyü öhdəliklərini qeyd-şərtsiz yerinə yetirməli, ölkəmizə qarşı ərazi iddialarından əl çəkməlidir. 
Əks təqdirdə "dəmir yumruq" yenidən işə düşəcək.

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video