15 Sentyabr 2024 04:21
576
CƏMİYYƏT
A- A+
Bakının azad edilməsi müzəffər Azərbaycan Ordusunun ilk şanlı qələbəsi idi

Bakının azad edilməsi müzəffər Azərbaycan Ordusunun ilk şanlı qələbəsi idi


Türkiyə Milli Ordumuza yardım etməklə xalqımıza Çanaqqala zəfərinin vəfa borcunu ödədi


Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Azərbaycanlılardan və türklərdən təşkil olunmuş Qafqaz İslam Ordusu Bakını işğaldan azad etməklə Azərbaycanın müstəqilliyini təmin etdi. Eyni zamanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyuldu. Bu möhtəşəm tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü...


Ermənilərlə birlikdə hindlilər də döyüşürdülər


...1918-ci il iyunun 10-dan Bakı azad olunana kimi Azərbaycan-türk ordusu Ucarın Müsüslü kəndindən Bakıyadək ağır döyüş yolu qət etmişdir. Döyüşdə şəhid olan türk qardaşlarımızın əziz xatirəsini hörmətlə yad etməklə bərabər qeyd edək ki, Bakıyadək qət edilən məsafədə döyüşün əsas ağırlığı polkovnik Həbib bəy Səlimovun başçılıq etdiyi, azərbaycanlılardan təşkil edilmiş döyüşçülərin üzərinə düşürdü...                                   

Şimal və Cənub hərbi qrupları böyük bir əzmlə döyüşərək qarşılarındakı düşməni şərq istiqamətinə çəkilməyə məcbur etmişdilər. Döyüşdə əsir alınan bir ingilis zabitinin verdiyi məlumata görə, Bakının müdafiəsində Biçexarovun qüvvələri ilə yanaşı, sayı 350-400-ə qədər olmaqla hind və ingilisəsilli əsgər və zabitlər də var idi.

İyulun 30-da Şimal qrupu hücuma keçərək Bibiheybətin cənub-şərq təpələrində bolşevik-daşnak qüvvələri ilə döyüşə girdi. İki tabordan çox piyada, iki pulemyot və üç zirehli texnikadan ibarət düşmən qüvvəsi müqavimət göstərmək istəsə də, Şimal qrupu birliklərinin hücumu qarşısında davam gətirməyərək saat 10:50 radələrində cənub-şərq istiqamətində geri çəkilmək məcburiyyətində qaldılar. Şiddətlə təqib edilən düşmən birlikləri Qobu kəndinin şimalında yerləşmək fürsəti tapmadan bu mövqelər ələ keçirildi. Beləliklə, Şimal qrupu Bakının 10 kilometrliyində yerləşən Qobu kəndini azad edərək Sumqayıt istiqamətində geri çəkilən düşməni təqib edirdilər. Daha çətin vəziyyətdə döyüşən milli qüvvələr fədakarlıq nümunəsi göstərirdilər.

Eyni zamanda çətin şəraitdə döyüşsələr, hətta susuzluqdan huşunu itirənlər olsa belə, azərbaycanlı polkovnik Həbib bəy Səlimovun komandanlıq etdiyi Cənub qrupu iyulun 31-də uğurlu döyüş əməliyyatlarını davam etdirərək Nəvai və Ağbulaq stansiyalarını azad etmişdilər.


Bakı uğrunda şiddətli döyüşlər...


Avqustun 1-də şiddətli döyüşlər nəticəsində dəniz səviyyəsindən 736 metr yüksəklikdəki "Qurd qapısı" yüksəkliyi Şimal qrupu birlikləri tərəfindən ələ keçirildi. Bolşevik-daşnak birlikləri strateji baxımdan vacib sayılan bu mövqeyi geri qaytarmaq üçün hazırladıqları əks-hücum dəf edildi. Bundan sonra Şimal qrupu birlikləri cəbhədə təşəbbüsü ələ keçirərək sürətlə irəlilədi. 

Daşnak qoşunlarının uğursuz hərbi əməliyyatları siyasi "sistem"in dəyişməsi ilə nəticələndi. Azərbaycan-türk hərbi birləşmələrinin intensiv hücumları Bakıdakı siyasi vəziyyətə də ciddi təsir etdi. Milli Erməni Təşkilatı "Sentrokaspi Diktaturası" adı ilə Bakı Komissarları Sovetini devirərək özlərinin hökumətlərini elan etdilər. Ənzəlidəki ingilis qüvvələrindən yardım istəyərək şəhəri onlarla müdafiə etməyə çalışırdılar. Elə həmin vaxtlarda polkovnik Biçexarov heç bir izahat vermədən 1000-ə qədər kazak əsgəri ilə birlikdə Bakını tərk edərək Dərbəndə getmək üçün şimala doğru hərəkətə başladı.

Biçexarovun Bakını tərk etməsinin ermənilərdə artırdığı təlaş və qorxu hissi avqustun 4-də 70 piyada və bir neçə zabitdən ibarət ingilis birliyinin Bakıya gəlməsi ilə sevinc və ümidlə əvəzləndi. Bir müddət sonra general-leytenant Denstervilin rəhbərliyi altında üç piyada taboru, bir səhra top batareyası və üç zirehli texnikadan ibarət ikinci ingilis köməkçi qüvvəsi Bakıya gələrək şəhərin müdafiəsində ermənilərin yanında yerlərini tutdular.

Bakı ətrafında şiddətli döyüşlər avqustun 2-də davam etdirildi. İki tərəfin güclərinin tam olaraq nümayiş etdirildiyi, üz-üzə aparılan döyüşlərdə Azərbaycan-türk birliklərinin topçuları sursat çatışmazlığı üzündən piyada qoşunlarını kifayət qədər dəstəkləyə bilmədilər. Bu döyüşlərdə birləşmiş erməni-rus-ingilis güclərinə qəti zərbə vurmaq mümkün olmadı.

Nəhayət, çoxdan gözlənilən an gəlib çatdı. Avqustun 4-də ağır şəraitdə döyüşən Cənub qrupu Buta stansiyasına çatdı. Bu qrupun piyada və top birlikləri Şimal qrupunun tabeliyinə verildi. Düşmən isə Qurd qapısı istiqamətində hücum edərək avqustun 1-də itirdikləri məntəqəni geri almağa müvəffəq oldu.

Şərq cəbhəsinin komandanlığı avqustun 5-i səhərə yaxın cəbhədə olan bütün birliklərə qəti hücuma keçmələri, düşmən cəbhəsini yararaq, süngü hücumu ilə düşməni geri ataraq, küçə döyüşləri ilə Bakını azad etmələri barədə əmr verdi.

Şiddətli top atəşinin dəstəyi ilə avqustun 5-də saat 02:25-də başlayan hücumun qarşısında erməni-rus-ingilislərdən ibarət birliklər mövqelərini əldən verməmək üçün çox ciddi güc sərf etsələr də, nəticə olmadı. Düşmən ordusu addım-addım Bakı istiqamətində geri çəkilməyə məcbur oldu. Mart qırğınında iştirak etmiş erməni sakinlər də Bakıdan qaçmağa başladılar.


Qurtuluşun bir addımlığında hərbi sursat tükənirdi


Beləliklə, Bakının qurtuluşu göz önündə idi. Ancaq hücuma kifayət qədər top mərmisi tədarük edilmədən başlandığına görə, topçuların irəliləyən piyadalara verdiyi atəş dəstəyi getdikcə azalmağa başladı və günortadan sonra top sursatı tamamilə tükəndi. Top atəşinin kəsilməsi ilə vəziyyəti anlayan düşmən 38-ci alay və 60-cı taborun yerləşdiyi istiqamətdən əks-hücuma keçməyə cəhd etdi. Ehtiyat bölüklərin dəstəyi ilə düşmənin əks-hücumunun qarşısını almaq mümkün oldu. Düşmənin top və pulemyotları həm 38-ci alayı, həm də 13-cü alayı şiddətli və dəqiq atəş altına aldı. Eləcə də topçuların dəstəyindən məhrum olan və irəliləməyə cəhd göstərən 10-cu alay da düşmənin şiddətli atəşi ilə qarşılaşdı. Qoşunlarımız bu vəziyyətdə xeyli itki versələr də, piyadaların dəstəyi ilə  pulemyot məntəqəsi dəqiq atəşlə susduruldu. 

Avqustun 5-də davam edən hücumda Azərbaycan-türk birliklərinin qəhrəmancasına döyüşmələrinə baxmayaraq, hərbi təchizatın, döyüş sursatının azlığı ucbatından gözlənilən nəticə alınmadı.

Şərq cəbhəsi birliklərinin əsas döyüşən hissəsini təşkil edən 5-ci Qafqaz diviziyasında canlı qüvvə xeyli azalmışdı. Dizinteriya və vəbadan ölənlərin sayının da çoxluğu nəzərə alınaraq cəmi 3500 döyüşən əsgərin qaldığı qeyd edilirdi. 

Nuru paşa Bakını azad etmək üçün yaxşı təlim görmüş 5000 əsgər, düşmənin dənizdən döyüş gəmiləri ilə açdığı atəşin qarşısını almaq üçün 4 ağır top batareyası, hava hücumlarına qarşı bir təyyarə eskadrası, müxtəlif çaplı 28000 top mərmisi, 1500 sandıq tüfəng gülləsi, teleqraf və telefon rabitəsini rahat şəkildə yaratmaq üçün lazımi avadanlıq və 20 hərbi nəqliyyat vasitəsinə təcili ehtiyac olduğunu bildirdi.

Bakının qərbində irəliləmə istiqamətində iki mühüm maneə kimi görünən və fasiləsiz möhkəmləndirilən Yanardağ və Binəqədi təpələrinin tutulması qərarlaşdırıldı. Avqustun 26-da səhər ardıcıl açılan top atəşlərindən sonra 13-cü Qafqaz alayı məftildən torlar və başqa maneələrlə möhkəmləndirilmiş Yanardağın qərbindəki Sarıtəpəyə hücum edərək, müqavimətə cəhd edən erməni, rus və ingilis əsgərlərini süngü hücumu ilə mövqelərindən çıxarıb təpəni ələ keçirdi. Geri çəkilən düşmən əsgərləri top və pulemyot atəşinə tutularaq böyük itkilər verdi.

Yanardağ və Binəqədi məntəqələrindəki döyüşlərdə qarşı tərəfdən bir ingilis zabiti və çoxu ingilis əsgəri olmaqla 155 əsgər öldürüldü, 3 rus və 2 ingilis zabiti ilə birlikdə 51 ingilis əsgəri əsir alındı. Bu döyüşdə 14 pulemyot, 100 ədəd top mərmisi, 70 sandıq güllə ələ keçirildi.

Azərbaycan-türk hərbi komandanlığının 10 sentyabr tarixli əmri ilə hücum hazırlığına başlanıldı. Hücumdan əvvəl orduda ciddi komplektləşdirilmə aparıldı. Şərq cəbhəsi komandanlığına tabe olan Şimal qrupu ləğv edilərək cəbhədəki bütün birliklərin hərəkəti bilavasitə Ordu komandanlığına tapşırıldı. 

Ordu komandanlığı Bakıya hücumun qərb istiqamətindən başlanmasını qərarlaşdırdı. Bu planın düşmən tərəfindən başa düşülməməsi üçün sentyabrın 3-dən etibarən şimaldan hücum ediləcəyi təəssüratı yaratmaq məqsədilə cəbhədəki bütün birliklər Yanardağ-Binəqədi xəttində toplandı. Bakıdan qalxan kəşfiyyat təyyarələri on gün ərzində Azərbaycan-türk birlikləri üzərində nəzarət apararaq hücumun şimaldan ediləcəyi qənaətinə gəldilər. 

Sentyabrın 13-dən 14-nə keçən gecə əksər birliklər şimal cəbhəsini tərk etdilər. 14 sentyabr gecə yarısı qərbdən əsas hücumu həyata keçirəcək 5-ci Qafqaz diviziyasının tərkibində 9, 10, 13 və 56-cı piyada alayları cəmləşdirildi. Hərəkat planında məqsəd həqiqi hücumun şimaldan başlanması təəssüratını yaratmaq idi. Beləliklə, şəhərin qərbində toplanan Azərbaycan-türk hərbi birlikləri birinci müdafiə xəttini ağır silahlardan istifadə etmədən, yalnız bomba və süngü hücumu ilə basqın edərək sipərlərlə möhkəmləndirilən mövqeləri addım-addım ələ keçirəcəkdi. 15-ci diviziya top və pulemyot atəşi ilə şiddətli bir hücum təəssüratı yaradaraq müdafiədə ehtiyata ayrılan birlikləri də üzərinə çəkərək Bakıya qarşı giriş istiqamətində irəliləməkdə olan 5-ci Qafqaz diviziyasının müqavimətlə qarşılaşmamasını təmin edəcəkdi.

Hücum üçün bütün hazırlıqların tamamlandığı Bakı cəbhəsində təxminən 7000-ə qədər azərbaycanlı hərbi qüvvə, elə bir o qədər də Osmanlı hərbçisi var idi.

 Bakı müdafiə xəttini yarma vəzifəsi 9-cu və 56-cı alayların öhdəsinə düşürdü. Hücum saatı yetişən kimi birliklər gecə qaranlığında Bibiheybət-Biləcəri dəmir yolu istiqamətində irəliləməyə başladılar. 56-cı piyada alayı birinci Bakı müdafiə xəttini 03:00-da, 9-cu alay isə saat 03:30-da ələ keçirə bildilər. 9-cu alayın sağ cinahını qorumaq üçün 13-cü alay da irəliləməyə başladı. Ordudan alınan əmrdən sonra ağır toplardan başqa digər toplar da azad edilən mövqelərə göndərildi. Saat 06:00 radələrində 56-cı alay ikinci Bakı müdafiə xəttini ələ keçirə bildi. "Qurd qapısı" istiqamətində əks tərəfin hücuma hazırlığı hiss edilən kimi düşmənin təşəbbüsü güclü top atəşi ilə susduruldu.

Saat 11:45-də hərəkət edən zirehli qatar Bibiheybət-Biləcəri arasında müqavimət nöqtələrini atəş altına aldı. 13-cü alayın qəbiristanlıq yüksəkliklərini ələ keçirməsindən sonra buranı müdafiə edən birlik sahilə çəkilib gəmilərə minməyə cəhd etsə də, güclü top atəşinə tutulduqlarına görə məqsədlərinə çata bilmədilər. Nargin adası yaxınlığında da şəhərdən qaçan əhalinin və əsgərlərin doldurulduğu 7 gəmi gözləyirdi.

Düşmən müqavimətin bir nəticə verməyəcəyini anladığı üçün Ermənikənddəki 3 təyyarənin Azərbaycan-türk hərbi hissələrinin əlinə keçməsin deyə yandırdı.

15 sentyabr saat 10:30-da ağ bayrağın olduğu avtomobillə 5-ci Qafqaz diviziya qərargahına iki nəfər gəldi. Bunlar erməni birliklərinin Bakı qərb cəbhəsi komandirləri idi. Şəhərin təslim olacağını bildirərək şərtləri Bakı hökuməti, İran, ABŞ, İsveç, Danimarka konsulları ilə bir ingilis zabitinin də daxil olduğu heyət tərəfindən irəli sürdülər. 

Sentyabrın 15-i saat 15:00-a qədər davam edən döyüşlərin sonunda erməni, rus və ingilis qüvvələrinin müqaviməti tamamilə qırıldı...

Bakı artıq azad idi. Azərbaycan-türk hərbi birliklərinin qardaşlıq şücaətinin bəhrəsi olan bu hadisə tarixə şərəflə həkk olundu. Bakının azad edilməsi müzəffər Azərbaycan Ordusunun ilk şanlı qələbəsi idi.  


Elşən QƏNİYEV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

17:07
30 Dekabr

“AzerGold” QSC-nin rəhbərliyi Daşkəsəndə vətəndaşlarla növbəti görüş keçirib  

17:05
30 Dekabr

Türkiyə ilə sərhəddən nəqliyyat vasitələrinin gündəlik buraxılış qabiliyyətinin artırılması müzakirə olunub

17:02
30 Dekabr

Heydər Əliyev Beynəlxalq Aeroportunda ölkə ərazisinə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb  

17:01
30 Dekabr

Ağdam Sənaye Parkından Gürcüstana məhsul ixrac olunub

16:46
30 Dekabr

İzmirdə İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 16 nəfər saxlanılıb

16:02
30 Dekabr

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq- Proqnoz

15:53
30 Dekabr

Qazaxıstan mediası Azərbaycan Prezidentinin müsahibəsini geniş işıqlandırıb

14:26
30 Dekabr

Təyyarənin qəzaya uğraması faktı üzrə başlanılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir

13:48
30 Dekabr

Bakı-Aktau təyyarəsində texniki nasazlıqla bağlı işarə siqnalı işə düşüb

13:34
30 Dekabr

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 rəqəmsal layihəsi beynəlxalq müsabiqənin qalibi olub  

12:22
30 Dekabr

Ayxan Hacızadə: Azərbaycan Suriyanın istiqrarının təmin edilməsi istiqamətində müvafiq tədbirlər görmək niyyətindədir  

11:36
30 Dekabr

Ayxan Hacızadə: Azərbaycan Suriyanın istiqrarının təmin edilməsi istiqamətində müvafiq tədbirlər görmək niyyətindədir  

11:28
30 Dekabr

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - Faktiki hava

11:25
30 Dekabr

Britaniya mediası Azərbaycan Prezidentinin təyyarə qəzası ilə bağlı fikirlərini geniş işıqlandırıb  

11:23
30 Dekabr

2024-cü ildə Türkiyədə baş verən yol qəzalarının yarısına motosiklet sürücüləri səbəb olub

11:21
30 Dekabr

Ərəb mediası Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirlərinə geniş yer verib  

11:19
30 Dekabr

ABŞ-ın 39-cu prezidenti Cimmi Karter vəfat edib

11:17
30 Dekabr

Yeni il dünyada necə qarşılanır?

09:40
30 Dekabr

Bakıda Yeni il sehri

09:35
30 Dekabr

Dövlətimizin qüdrəti, ölkəmizin imkanı, xalqımızın gücü ilə

09:30
30 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!