Bakıətrafı ərazilərdə dəmir yolu nəqliyyatının əhatə dairəsi genişləndirilir. Paytaxtın müxtəlif qəsəbə və yaşayış məntəqələrini əhatə edəcək yeni stansiyaların yaradılması, mövcud xətlərin bərpası və sərnişindaşıma imkanlarının artırılması nəzərdə tutulur. Planlara əsasən, Kürdəxanı, Saray, Fatmayı, Binəqədi və Güzdəkdə yeni stansiyalar istifadəyə veriləcək.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev Yeni Suraxanı–Hövsan dəmir yolu xəttinin bərpası ilə əlaqədar təşkil olunan mediatur zamanı jurnalistlərə bildirib ki, Güzdək stansiyası Xırdalan–Sumqayıt dəmir yolu xətti üzərində yerləşəcək.
Onun sözlərinə görə, aparılan işlər nəticəsində Bakıətrafı ərazilərdə dəmir yolu stansiyalarının sayının mövcud 15-dən 40-a çatdırılması planlaşdırılır. Bu isə paytaxtın ətraf yaşayış məntəqələrinin dəmir yolu nəqliyyatına çıxış imkanlarının genişlənməsi deməkdir.
Hazırda bərpa işlərinə başlanılan əsas istiqamətlərdən biri Yeni Suraxanı–Hövsan xəttidir. Bəxtiyar Hacıyev bildirib ki, xətt üzrə hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə ərazinin çəpərlənməsi də daxil olmaqla zəruri tədbirlər həyata keçirilir. Bərpası nəzərdə tutulan dəmir yolu xətləri arasında ilk növbədə məhz bu istiqamətin istifadəyə verilməsi planlaşdırılır.
Yeni Suraxanı–Hövsan xətti üzrə qatarların Bakı Dəmiryol Vağzalından hərəkət etməsi nəzərdə tutulur. Qatarlar Bakıxanov stansiyasından keçərək Yeni Suraxanıya, oradan isə Hövsan MİDA yaşayış kompleksinin yerləşdiyi ərazi boyunca Hövsan limanına qədər hərəkət edəcək.
Digər istiqamətlərdə də dəmir yolu əlaqəsinin bərpası və genişləndirilməsi planlaşdırılır. Belə ki, Zabrat–Maştağa–Bağlar xətti Bakı Dəmiryol Vağzalından başlayaraq Bakıxanov və Zabrat-2 stansiyalarından keçməklə Maştağa və Bağlar ərazilərinədək uzanacaq. Bakıxanov–Binə–Qala xətti isə Binə və Qala yaşayış məntəqələrini əhatə edəcək.
Qeyd edək ki, layihələr “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Bütün nəzərdə tutulan işlərin 2030-cu ilədək başa çatdırılması planlaşdırılır.
Yeni dəmir yolu xətlərinin istifadəyə verilməsi Bakıətrafı qəsəbələrdə yaşayan sakinlər üçün alternativ nəqliyyat imkanlarının yaranmasına şərait yaradacaq. Xüsusilə gündəlik olaraq paytaxtın mərkəzinə işləmək və təhsil almaq üçün üz tutan insanlar üçün dəmir yolu nəqliyyatının genişlənməsi gediş-gəliş seçimlərini artıra bilər. Eyni zamanda, avtomobil yollarına düşən yükün azaldılması və şəhərətrafı nəqliyyat əlaqələrinin yaxşılaşdırılması baxımından da bu layihələr əhəmiyyətlidir.
“Azərbaycan”