Azərbaycanın balanslı və çoxşaxəli xarici siyasət strategiyasında Böyük Britaniya ilə münasibətlər xüsusi yer tutur. İki ölkə arasında əməkdaşlıq qarşılıqlı etimada, strateji maraqlara və uzunmüddətli tərəfdaşlığa əsaslanır. Azərbaycan ilə Böyük Britaniya arasında müasir diplomatik münasibətlərin təməli müstəqilliyin bərpasından sonra qoyulub. Birləşmiş Krallıq 1991-ci il dekabrın 31-də Azərbaycanın müstəqilliyini tanıyan ilk Qərb dövlətlərindən biri olub, 1992-ci il martın 11-də isə iki ölkə arasında diplomatik münasibətlər rəsmən qurulub.
Milli Məclisin deputatı Vüqar RƏHİMZADƏ qəzetimizə açıqlamasında deyib ki, otuz ildən artıq müddətdə Azərbaycan-Böyük Britaniya əlaqələri dinamik inkişaf yolu keçərək siyasi dialoq, enerji təhlükəsizliyi, investisiyalar, ticarət və digər strateji sahələrdə möhkəm tərəfdaşlıq səviyyəsinə yüksəlib: "Bu gün Böyük Britaniya Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından və ən böyük xarici investorlarından biri kimi çıxış edir ki, bu da ikitərəfli münasibətlərin dayanıqlı xarakter daşıdığını göstərir. Son illərdə isə tərəflər bərpaolunan enerji, "yaşıl keçid", rəqəmsal iqtisadiyyat və innovasiya kimi istiqamətlərə də diqqət ayırırlar. Enerji əməkdaşlığı münasibətlərin sütununu təşkil edir. BP uzun illərdir Azərbaycanın neft və qaz layihələrinin əsas xarici tərəfdaşlarından biridir. "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənilməsi, "Şahdəniz" qaz yatağı layihəsi və "Cənub qaz dəhlizi" çərçivəsində həyata keçirilən əməkdaşlıq Avropanın enerji təhlükəsizliyinə töhfə verir".
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının yeni Baş naziri Endi Börnhemə ünvanladığı təbrik məktubu dövlətlərarası əlaqələrin yüksək səviyyədə olmasının daha bir göstəricisidir. Təbrik məktubunda qeyd edilib ki, dövlətimiz zəngin və xoş ənənələrə əsaslanan Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. İqtisadi-ticari əməkdaşlığımızın dinamikası, enerji sahəsində sınaqdan çıxmış strateji tərəfdaşlığımızın gündən-günə dərinləşməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.
Azərbaycanda 500-dən çox Birləşmiş Krallıq investisiyalı kommersiya qurumunun fəaliyyət göstərdiyini diqqətə çatdıran V.Rəhimzadə bildirib ki, bu rəqəm iqtisadi tərəfdaşlığımızın şaxələndirilməsinin mühüm göstəricisidir: "Britaniyanı təmsil edən şirkətlər Azərbaycanda bir sıra vacib layihələrə cəlb olunub və burada ölkə iqtisadiyyatının istər neft, istərsə də qeyri-neft sektorunda səmərəli fəaliyyət göstərirlər. Torpaqlarımızın işğaldan azad olunmasından sonra Azərbaycanın dəvət etdiyi ilk xarici şirkətlər sırasında Birləşmiş Krallığın şirkətlərinin yer alması və bu gün həmin ərazilərdə aparılan bərpa və quruculuq işlərində yaxından iştirak etməsi ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəsindən xəbər verir. Prezident İlham Əliyevin Böyük Britaniyanın Baş nazirinə ünvanladığı təbrik məktubu göstərir ki, Bakı və London arasında formalaşan strateji dialoq dəyişməz siyasi kursa malikdir. İki ölkənin həm regional təhlükəsizlik, həm də qlobal enerji transformasiyası məsələlərində üst-üstə düşən maraqları Azərbaycan-Britaniya münasibətlərinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyini şərtləndirir. Qarşılıqlı hörmət və etimada söykənən siyasi əlaqələr, ortaq maraqlara əsaslanan əməkdaşlıq və yeni istiqamətlər üzrə formalaşan təşəbbüslər iki ölkə arasında münasibətlərin gələcək dövrdə də dinamik inkişaf edəcəyinə, əməkdaşlığın daha da genişlənəcəyinə əsas verir".
Deputat vurğulayıb ki, təbrik məktubunda Azərbaycan ilə Birləşmiş Krallıq arasında dostluq əlaqələrinin xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərlə bundan sonra da müvəffəqiyyətlə davam edəcəyi, tərəfdaşlığımızın daha da möhkəmlənəcəyi qeyd edilib.
Ə.QARDAŞXANOVA,
"Azərbaycan"