23 İyul 2026 08:20
190
SİYASƏT
A- A+
Bakı və Berlin strateji tərəfdaşlığı region üçün əhəmiyyətli geoiqtisadi və təhlükəsizlik dividendləri vəd edir

Bakı və Berlin strateji tərəfdaşlığı region üçün əhəmiyyətli geoiqtisadi və təhlükəsizlik dividendləri vəd edir


Cənubi Qafqazın geosiyasi xəritəsində baş verən kəskin transformasiya və Bakı-Berlin münasibətlərindəki strateji kvalifikasiya dəyişikliyi hər şeydən əvvəl Azərbaycanın 44 günlük Vətən müharibəsi və antiterror tədbirlərində, eləcə də postmünaqişə dövründə diplomatik səviyyədə qazandığı tarixi zəfərlərlə regional geostrateji balansı kökündən yeniləməsinin və hüquqi-siyasi müstəvidə yeni bir dövrü başlatmasının məntiqi nəticəsidir. 

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq öz suverenliyini və ərazi bütövlüyünü bərpa edən Azərbaycan faktiki olaraq uzun illər davam edən qeyri-müəyyənliyə son qoyaraq, regional təhlükəsizlik arxitekturasını beynəlxalq hüququn "jus cogens" imperativ normaları əsasında reallığa çevirib. Bu tarixi köklü və strateji keyfiyyət dəyişikliyi Avropanın iqtisadi və siyasi baxımdan istisnasız aparıcı gücü olan Almaniyanın Cənubi Qafqaza, xüsusilə Bakının artan regional rolu ilə qlobal miqyasdakı güclənən geoiqtisadi çəkisinə baxışında təməlli dönüş yaradıb. Berlin Azərbaycanı, sadəcə, enerji resursları tədarük edən tərəfdaş kimi deyil, Avrasiya məkanında sabitliyi, nəqliyyat-logistika inteqrasiyasını və yeni təhlükəsizlik nizamını müəyyənləşdirən müstəqil, idarəedici və etibarlı subyekt kimi qəbul edir.

Milli Məclisin deputatı Bəhruz MƏHƏRRƏMOV qəzetimizə açıqlamasında deyib ki, Bakı bu geoiqtisadi komforta tarixin təbii axarında, geosiyasi gedişatın təsadüfi töhfəsi kimi nail olmayıb: "Azərbaycanın diktə edən strateji subyektlik statusunun təməlində cənab İlham Əliyevin zamanında qarşılaşdığı kənar təzyiqlərə, geosiyasi risklərə və maliyyə-logistika maneələrinə baxmayaraq nümayiş etdirdiyi sarsılmaz qətiyyəti və milli gücə əsaslanan dövlət iradəsi dayanır. Bakı-Tbilisi-Ceyhan əsas neft kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu, TAP və TANAP kimi meqalayihələrin gündəmə gəldiyi dövrdə bir çox beynəlxalq dairənin və regional aktorların məqsədli şübhə ilə yanaşmasına, açıq və gizli maneələr yaratmasına baxmayaraq, Azərbaycan öz milli resurslarını və strateji zəkasını səfərbər edərək bu təşəbbüsləri reallığa çevirdi. Zamanında atılmış bu cəsarətli və uzaqgörən addımlar bu gün Avrasiyanın kəsişməz hesab edilən xətlərini birləşdirən əvəzsiz geoiqtisadi infrastruktura çevrilib. Məhz həmin dövrdə nümayiş etdirilən prinsipial mövqe və həyata keçirilən layihələr Azərbaycanı zaman-zaman şərtləri qəbul etməyə məcbur qalan tərəfdən, qlobal enerji və logistika arxitekturasında öz obyektiv tələblərini formalaşdıran və ehtiyac duyulan, diktə edən əsas strateji tərəfdaş edib". Deputat qeyd edib ki, bu sistemli inkişaf xəttinin ən mühüm təzahürü Azərbaycanın strateji müttəfiqlərinin və dərindən inteqrasiya olunmuş tərəfdaşlarının coğrafiyasının ildən-ilə genişlənməsidir. Şuşa Bəyannaməsini qəbul etməklə Türkiyə ilə müttəfiqlik münasibətlərini ən ali zirvəyə qaldıran Bakı eyni zamanda Mərkəzi Asiyanın qardaş dövlətləri, Şərqi və Mərkəzi Avropanın strateji tərəfdaşları ilə çoxşaxəli əməkdaşlıq şəbəkəsini institusiyalaşdırıb. İndi isə bu tərəfdaşlıq halqasına kontinental Avropanın aparıcı sənaye və siyasi güc mərkəzi olan Almaniyanın əsaslı şəkildə qoşulması Azərbaycanın strateji müttəfiqlik və yüksəksəviyyəli tərəfdaşlıq portfelini daha da zənginləşdirir. Strateji tərəfdaşlarımızın sayının bu dinamik artımı Bakının heç bir hərbi-siyasi bloka kor-koranə bağlı olmadığını, əksinə, milli maraqlar prioritetinə söykənən müstəqil, çoxvektorlu və nəticəyönümlü diplomatik karkas formalaşdırdığını açıq şəkildə göstərir. "Bu geostrateji formatda isə Almaniyanın qlobal siyasətdə oynadığı çəkili rol xüsusi diqqət çəkir. Avropa İttifaqının iqtisadi lokomotivi, qitənin əsas maliyyə və siyasi-institutlaşmış gücü, habelə qlobal səviyyədə isə normativ nizamın bərqərar olunmasında aparıcı subyektlərdən olan Berlin ilə strateji dialoqun dərinləşməsi bütün Qərb coğrafiyası ilə münasibətlərin mahiyyətini yeniləyir. Almaniyanın cari reallıqlar fonunda Cənubi Qafqazda balanslı, beynəlxalq hüququn aliliyinə və iqtisadi praqmatizmə söykənən siyasətə üstünlük verməsi qlobal güc mərkəzlərinin regiona obyektiv baxa bilməsi üçün standart müəyyənləşdirir. Berlinin Bakı ilə müttəfiqlik və strateji tərəfdaşlıq xəttini seçməsi Avropanın digər paytaxtlarına da regiondakı reallıqlarla hesablaşmaq və təzyiq dilindən bərabərhüquqlu dialoq dilinə keçmək zərurətini nümayiş etdirir. Məhz bu kontekstdə Prezident İlham Əliyev öz dərin geosiyasi konseptuallığı və ardıcıl, qətiyyətli siyasi iradəsi ilə sübut etdi ki, o, Azərbaycanı mürəkkəb geostrateji təlatümlər fonunda sarsılmaz bir "təhlükəsizlik adası"na çevirdiyi kimi, bütün Cənubi Qafqazı da davamlı əməkdaşlıq, sülh və sabitlik adasına çevirmək qüdrətinə malikdir. Dövlətimizin başçısının formalaşdırdığı yeni regional təhlükəsizlik paradiqması təkcə hərbi-siyasi zəfərə deyil, həm də iqtisadi inteqrasiyaya, hüquqi ədalətə və konstruktiv tərəfdaşlığa söykənir. Almaniya kimi qlobal güclə qurulan çoxşaxəli əməkdaşlıq isə Cənubi Qafqazda məhz bu sülh və sabitlik mühitini daha da möhkəmləndirən, onu kənar subyektiv təsirlərdən sığortalayan və sülh prosesini geridönməz edən konseptual sütun rolunu oynayır", - deyə o bildirib.

B.Məhərrəmov deyib ki, Bakı və Berlin arasında formalaşan strateji tərəfdaşlıq oxu təkcə ikitərəfli müstəvi ilə məhdudlaşmır, bütövlükdə Cənubi Qafqaz regionu üçün misilsiz geoiqtisadi və təhlükəsizlik dividendləri vəd edir. Azərbaycan-Almaniya müttəfiqliyinin regional faydası ilk növbədə Cənubi Qafqazın transmilli nəqliyyat və enerji marşrutlarının mərkəzi kimi dayanıqlılığının təmin olunmasında, Avropa kapitalının və yüksək texnologiyalarının regiona axınında özünü birbaşa göstərir. Bu tərəfdaşlıq regional sabitliyi möhkəmləndirir, kənar qərəzli aktorların Cənubi Qafqazı qarşıdurma poliqonuna çevirmək cəhdlərinin qarşısında ciddi maneəyə çevrilir və Ermənistan da daxil olmaqla, bütün bölgə dövlətləri üçün sülhün, iqtisadi inteqrasiyanın və inkişafın unikal modelini təqdim edir.

Deputatın sözlərinə görə, bu tarixi geostrateji dönüşün ən mühüm siyasi-diplomatik aspektlərindən biri də Prezident İlham Əliyevin Avropanın bəzi siyasi dairələrində kök salmış selektiv, ikili standartlara söykənən və qərəzli yanaşmaları yüksək diplomatik ustalıqla - "yumşaq güc" və realist hüquqi arqumentlərlə darmadağın etməsidir: "Uzun illər ərzində Qərbin müəyyən platformalarında Cənubi Qafqazdakı reallıqlara subyektiv və təktərəfli prizmadan baxılması cəhdləri qarşısında Bakı həmişə təmkinli, lakin prinsipial hüquqi mövqe nümayiş etdirib. Prezident İlham Əliyevin Berlin səfəri çərçivəsində irəli sürdüyü rasionallıq, beynəlxalq hüququn aliliyi, qarşılıqlı hörmət və praqmatik iqtisadi dividend konturları Avropanın aparıcı dövlətini stereotiplərdən imtina etməyə və real geosiyasi mənzərənin tam dəqiqliyi ilə qəbuluna məcbur edib. Bu hüquqi-siyasi diplomatik konsepsiya Avropanın qərəzli təzyiq rıçaqlarını zərərsizləşdirərək,  Aİ-Azərbaycan münasibətində tama-milə yeni, bərabərhüquqlu və qarşılıqlı faydalılığa söykənən əməkdaşlıq dövrünün təməlini qoyub. Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri, Berlində Federal Kansler Fridrix Merts və Federal Prezident Frank-Valter Ştaynmayer ilə keçirilən ali səviyyəli diplomatik təmaslar, eləcə də imzalanmış "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə" bu hüquqi-institutlaşmış təzahürün parlaq göstəricisidir". 

Deputat vurğulayıb ki, beynəlxalq münasibətlər sisteminin kəskin böhran yaşadığı, tədarük zəncirlərinin qırıldığı və kontinental enerji təhlükəsizliyi çağırışlarının dərinləşdiyi bir dövrdə Berlinin Bakı ilə birbaşa, rasionallığa söykənən dialoqa üstünlük verməsi xüsusi əhəmiyyətə malikdir. Səfər çərçivəsində əldə olunan razılaşmalar ilk növbədə ikitərəfli münasibətləri bəyannamə xarakterli təmaslar müstəvisindən çıxararaq, institusional əsaslara söykənən strateji tərəfdaşlıq məcrasına daxil olduğunu göstərir. Siyasi-hüquqi baxımdan Berlin Bəyannaməsi tərəflərin suveren muxtariyyətini və milli maraqlarını qoruyan, BMT Nizamnaməsinə, 1975-ci il Helsinki Yekun Aktına və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına istinad edən konseptual sənəddir. Sənəddə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə verilən normativ dəstək, həmçinin 2025-ci il 8 avqust tarixli Vaşinqton Zirvə görüşünə və sülh sazişinin paraflanması prosesinə edilən rəsmi istinadlar Prezident İlham Əliyevin irəli sürdüyü "güc vasitəsilə sülh və beynəlxalq hüquq" doktrinasının Avropanın aparıcı dövləti tərəfindən tam şəkildə legitimləşdirildiyini göstərir. Aİ daxilində bəzi aktorların, xüsusilə Fransanın Cənubi Qafqazda birtərəfli və təzyiqə söykənən subyektiv siyasətindən fərqli olaraq, Almaniya rəhbərliyinin nümayiş etdirdiyi praqmatik və balanslı mövqe regional sülhün kənar müdaxilələrdən uzaq, beynəlxalq hüquq prinsipləri çərçivəsində bərqərar olmasına xidmət edir. 

B.Məhərrəmov qeyd edib ki, ikitərəfli tərəfdaşlığın geoiqtisadi və enerji dimensiyası münasibətlərin yeni müstəviyə keçməsində əsas katalizator rolunu oynayır: "Rusiya-Ukrayna münaqişəsindən sonra enerji resurslarının diversifikasiyasına həyati ehtiyac duyan Almaniya üçün Azərbaycan xam neft ixracatçısı, "Cənub qaz dəhlizi" vasitəsilə ən azı 10 Aİ ölkəsinə təbii qaz çatdıran etibarlı təminatçı və gələcək "yaşıl və aşağıkarbonlu hidrogen" layihələrinin strateji tərəfdaşıdır. Təsadüfi deyil ki, Berlində keçirilən görüşlərdə Almaniyaya təbii qaz ixracının başladılması, 10 illik müqavilələr üzrə təchizatın artırılması imkanları və infrastrukturun genişləndirilməsi üçün Avropa İnvestisiya Bankı daxil olmaqla, maliyyə institutlarının neft-qaz layihələrinə dəstəyinin yeni-dən qiymətləndirilməsi vacibliyi vur-ğulandı. Eyni zamanda Azərbaycan-Almaniya Biznes Şurasının və Yüksək Səviyyəli İşçi Qrupunun fəaliyyətinin təsisi, işğaldan azad edilmiş ərazilərdə "ağıllı kənd təsərrüfatı" texnologiyalarının tətbiqi və sənaye bərpasına alman kapitalının cəlb olunması iqtisadi dividendləri dəfələrlə artırır". 

Deputat bildirib ki, strateji baxımdan bu səfərin gətirdiyi ən mühüm nəticələrdən biri də Azərbaycanın Avrasiyanın əsas nəqliyyat-logistika habı kimi mövqeyinin möhkəmlənməsidir. Qlobal ticarət marşrutlarının dəyişdiyi bir vaxtda Mərkəzi Asiya və Çini Avropa ilə birləşdirən Orta dəhliz layihəsində Azərbaycanın xüsusi rol oynaması Almaniyanın iş adamları və dövlət strukturları üçün böyük əhəmiyyət daşıyır. Azərbaycanın Mərkəzi Asiya Məşvərət Formatına tamhüquqlu üzvlüyü Bakının Mərkəzi Asiya ilə Avropa arasında, sadəcə, fiziki nəqliyyat körpüsü deyil, institusional geostrateji qovşaq rolu oynadığını göstərir və Aİ-nin "Global Gateway" strategiyası üçün ölkəmizi vazkeçilməz tərəfdaşa çevirir. "Səfərin diqqətçəkən hüquqi aspektlərindən biri də təhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlığın ilk dəfə rəsmi qaydada institusionallaşdırılmasıdır. Müdafiə akademiyaları arasında mütəxəssis mübadiləsi, müdafiə sənayesində birgə imkanların araşdırılması, mütəşəkkil cinayətkarlıqla birgə mübarizə və işğaldan azad olunmuş torpaqların minalardan təmizlənməsi üzrə Almaniya texnologiyalarının cəlb edilməsi iki ölkə arasında strateji etimadın ən yüksək həddə çatdığını sübut edir. Bütün bu amillər isə göstərir ki, Azərbaycan artıq lokal çərçivələri aşaraq Avropanın təhlükəsizlik, enerji və logistika arxitekturasına birbaşa təsir göstərən, suveren hüquqlarını qətiyyətlə qoruyan və qlobal geosiyasi reallıqları de-fakto müəyyən edən aparıcı güc mərkəzidir. Prezident İlham Əliyevin Berlinə səfəri, keçirilən ali səviyyəli görüşlər və əldə olunmuş tarixi nəticələr artan dövlət gücünün, nəhəng transmilli layihələrdən başlayaraq formalaşan sarsılmaz iradənin, Azərbaycanı təhlükəsizlik adasına, regionu isə sülh və əməkdaşlıq məkanına çevirən liderlik missiyasının, Avropadakı qərəzli stereotipləri darmadağın edən diplomatik "yumşaq güc"ün və Almaniya kimi dövlətlərlə möhkəmlənən dayanıqlı sülh strategiyasının parlaq təzahürüdür.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

3 ildir küçəmizdə kanalizasiya sistemi normal işləmir

10:10
23 İyul

Azərbaycan paraüzgüçülüyünün parlayan ulduzua

10:05
23 İyul

Müalicə də var, istirahət də

10:00
23 İyul

Əraziyə baxış keçirilmiş, Nazirlər Kabinetinə məktub göndərilmişdir

09:57
23 İyul

Müasir parklar yay tətili günlərində uşaqların sevimli əyləncə məkanıdır

09:55
23 İyul

Kəndə dönmək vaxtıdır

09:50
23 İyul

Qazaxın sərhəd kəndi olan Cəfərlinin sosial problemləri həll edilir

09:45
23 İyul

Həm kövrəldim, həm də qürur hissi keçirdim

09:40
23 İyul

Şeir bayramı - Vaqif Poeziya Günləri 

09:35
23 İyul

Qusar Dövlət Ləzgi Dram Teatrı tətilə çıxdı

09:30
23 İyul

"Göylərə baş çəkir Göyəzən dağı"

09:25
23 İyul

"Ələkbər əmi"nin həyat səhnəsindəki sonuncu rolu

09:20
23 İyul

Neftçalada sudan səmərəli istifadə məsələləri müzakirə olunub

09:17
23 İyul

Xocalının qədim Seyidbəyli kəndi yeni həyata qayıdır

09:15
23 İyul

Naftalanın sağlamlıq mərkəzlərinin qapıları şəhid ailələrinin üzvlərinə və qazilərə daim açıqdır

09:10
23 İyul

Şəmkirdə kənd təsərrüfatının inkişafına dair iş planı hazırlanır

09:05
23 İyul

Hacıqabul Sənaye Parkında avtomobil istehsalı artır

09:00
23 İyul

Qazaxda biçin başa çatmaq üzrədir

08:55
23 İyul

Məhsuldarlıq ötən ildəkindən çoxdur

08:53
23 İyul

Ölkə üzrə zəmilərin 86 faizində biçin yekunlaşıb

08:50
23 İyul

Azərbaycan-Misir əməkdaşlığı iqtisadi tərəqqiyə və sülhə xidmət edir

08:45
23 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!