Hər dəfə ekranda görünəndə ürəyimiz açılırdı, özümüzdən asılı olmadan çöhrəmizə təbəssüm qonurdu. Amma onu daha çox uşaqlar sevirdi. Söhbət hamımızın "Ələkbər əmi" kimi tanıdığı mərhum aktyor, Əməkdar artist Ələkbər Hüseynovdan gedir.
Səhnəyə gəlişi ilə bu gün də böyük maraqla baxılan bir çox televiziya və teatr tamaşasında uğurlu, özünəməxsus rollar, necə deyərlər, obrazlar qalereyası yaradan Ələkbər Hüseynov qısa müddət ərzində ürəklərə yol tapdı, tamaşaçı sevgisi qazandı. Amma təəssüflər olsun ki, dünyasını çox tez dəyişdi. Daha da parlamağa, şöhrət qazanmağa ömür vəfa etmədi. Bir zamanlar yaratdığı obrazlarla güldürdüyü insanları ölümü ilə kədərləndirdi.
Əgər yaşasaydı, Ələkbər Hüseynovun 65 yaşı tamam olacaqdı. Amma o, 46 il yaşadı. Ömrü kimi yaradıcılığı da yarımçıq qaldı. Yaşadığı ömrün 26 ilini teatr sənətinə, balacalara həsr edən aktyor sanki həyata incəsənət dünyasına xidmət etmək üçün gəlmişdi. Aktyorun incəsənət sahəsində bacarmadığı iş yox idi. Müxtəlif musiqi alətlərində ifa etməyi bacaran Ələkbər peşəkar rəqslə də məşğul olurmuş. Yəqin ki, tamaşaçılar onun Azərbaycan Dövlət Televiziyasında uşaq verilişlərinin aparıcısı olduğunu da xatırlayırlar. Səhnədə bir-birindən gözəl obrazlar yaratmış Ələkbər Adıgözəl oğlu Hüseynov 7 iyul 1961-ci ildə Bakıda dünyaya göz açıb. Kiçik yaşlarından aktyorluq sənətinə maraq göstərib. 1978-ci ildə orta təhsilini bitirdikdən sonra bu sevgi onu Azərbaycan Dövlət İncəsənət İnstitutuna (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) gətirib. Ürəyi yaradıcılıq arzuları ilə dolub-daşan Ələkbər imtahanlardan uğurla keçərək arzusuna çatıb, Dram və kino aktyorluğu fakültəsinə qəbul olub, tanınmış müəllimlərdən və sənət adamlarından dərs alıb, aktyorluq sənətinin sirlərinə dərindən yiyələnib. 1982-ci ildə təhsilini uğurla başa vurandan sonra onu təyinatla Şəki Dövlət Dram Teatrına göndəriblər.
Bir neçə il burada işlədikdən sonra kifayət qədər təcrübə toplayan Ələkbər Hüseynov 1988-ci ildə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında işə düzəlib. Bacarığına, peşəkarlığına görə etimad göstərilərək bu teatrda aktyora bir çox tamaşada rollar verilib və o, həmin rolların öhdəsindən bacarıqla gəlib. Aktyor Ələkbər Hüseynov çalışdığı teatrın səhnəsində Əbdürrəhim bəy Haqverdiyevin "Pəri-cadu" əsərində Qurban, H.X.Andersenin "Bülbül" nağılında Nağılçı və Çin imperatoru, N.Bədəlovun "Qara rəngin nağılı"nda Aydın, R.Əlizadənin "Tıq-tıq xanım"ında Dirijor, Qoca və Müğənni, A.Ostrovskinin "Qar qız"ında Lel, R.Əlizadənin "Keçəlin toyu"nda Keçəl rollarını oynayıb.
İllər hiss olunmadan ötüb keçdikcə Ələkbər Hüseynov sənət aləmində ulduz kimi parlayaraq şöhrət qazanmağa başlayıb. Bu yolda uğurla addımlayan aktyor çalışdığı teatrın rus bölməsində "Səadət quşu" və "Möcüzəli tamaşa" pyeslərini səhnəyə hazırlayıb. Gözlənildiyi kimi, pyeslər böyük maraqla baxılıb, tamaşaçı sevgisi qazanıb.
Beynəlxalq festivallarda iştirak edən Ələkbər Hüseynov bacarığı və peşəkarlığı ilə teatrımızın tarixinə uğurlu səhifələr yazıb. Aktyor "Keçəlin toyu" tamaşasındakı Keçəl rolu ilə İstanbulda, "Bülbül" tamaşası ilə İranda və Türkmənistanda keçirilən beynəlxalq festivalların laureatı olub.
Onun teatr sahəsindəki fəaliyyəti layiqincə qiymətləndirilib. Sənətdə qazandığı nailiyyətlərə görə "Humay" və "Qızıl Dərviş" mükafatları alıb. 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 2006-cı ildə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru vəzifəsinə təyin olunub. 2007-ci ildə isə Polşanın "Təbəssüm ordeni" ilə mükafatlandırılıb.
Amma, sən demə, taleyi ona başqa "mükafat" hazırlayırmış. Qarşıda onu ağır xəstəliklə mübarizə gözləyirmiş. Sanki bu, onun teatr səhnəsində deyil, həyat səhnəsində oynayacağı sonuncu "rol"u olacaqmış. 2002-ci ildə Fransaya səfəri zamanı aktyorun dişi ağrıyır. Yaxından tanıdığı həkim dostu onun dişini çəkir. Bir müddətdən sonra onun səhhətində problem yaranmağa başlayır. Aparılan müayinələr zamanı məlum olur ki, aktyor dişi çəkilən zaman Hepatit C virusuna yoluxub. Aktyorda allergiya olduğu üçün müalicə ala bilmir. 2007-ci il avqustun 2-də dünyasını dəyişir.
Ələkbər Hüseynovla bir teatrda çalışan Əməkdar artist, aktyor Rəhman Rəhmanov sənət dostunu belə xatırlayır: "Ələkbər səhnə təcrübəsinə malik çox yaxşı aktyorlardan idi. Ona teatrda fəaliyyətinə dəstək verən, yol göstərən adamlardan biri də mən olmuşam. O vaxt teatrın qastrol səfərləri turuna rəhbərlik edirdim. Onu da özümlə birgə səfərlərə aparırdım. İstəyirdim ki, Kukla teatrının işinə yaxından bələd olsun. Qastrol səfərlərində də bir neçə tamaşada bir yerdə oynamışıq. Zaman keçdi. Bu sənətin uğrunda var gücü ilə çalışaraq teatrın baş rejissoru pilləsinə qədər yüksəldi. "Ələkbər əmi" kimi uşaqların sevgisini qazandı. Aramız o qədər yaxşı idi ki, Bakı ləhcəsi ilə mənə "qədeş" deyə müraciət edirdi. Bir-birimizin xətrini o qədər çox istəyirdik. Allah rəhmət eləsin".
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"