Ölkəmizin qərb bölgəsində yerləşən qədim Şəmkir tarixən multikultural şəhər olub. Burada almanlar da uzun illər digər azsaylı xalqların nümayəndələri ilə dost və mehribanlıq şəraitində yaşamış, bir-birinin xeyrində, şərində yaxından iştirak etmişlər. Bu gün də həmin dostluqdan söhbət düşəndə yaşlı adamlar ürəklərində yaşatdıqları xatirələri həvəslə danışır, gənclərə bu dostluqdan bəhrələnməyi tovsiyə edirlər.
Tarixi məxəzlərdən məlumdur ki, 1817-ci ildə rus çarı I Aleksandrın razılığı ilə Almaniyanın Şvaben bölgəsindən lüteran-pietist dininə mənsub olan yüzlərlə ailə imperiyanın ərazisinə köçürülüb. 1819-cu ildə 500 vürtemberqli alman ailəsi Azərbaycanın Yelizavetpol quberniyasına yerləşdirilib. Azərbaycanda ilk alman koloniyasının Yelenendorfda (indi Göygöl rayonu), sonra isə ondan 40 kilometr aralıda ikinci alman koloniyasının - Annenfelddə (indi Şəmkir rayonu) əsası qoyulub.
Odur ki, bu qədim məkanda tolerantlığın, xüsusən də alman mədəni irsini və almanların qədim ruhunu özündə yaşadan tikililər və xatirələr çoxdur. 1819-cu ildə almanlar Annenfeld (indi Şəmkir) şəhərində 4 küçə yaratmış, 400-ə qədər ev və kilsə tikmiş, rus-alman dilində dördsinifli məktəb açmış, habelə istirahət-əyləncə mərkəzi salmışlar.
Şəmkir Şəhər Bələdiyyəsinin sədri Vüqar Həsənov bildirdi ki, almanların şəhərsalma mədəniyyəti Şəmkirin coğrafi mövqeyi ilə sıx bağlıdır. Hələ həmin dövr küçələrdə, evlərdə bu gün də istifadədə olan kanalizasiya sistemləri quraşdırılmışdır. Şəmkirdə küçələr boyunca taxta döşəməli, holland sobalı, şüşəbəndli və geniş zirzəmili, ən azı iki-üç otağı, həyətində yardımçı tikililəri olan mülki evlər eyni istiqamətdə yan-yana düzülmüşdür. Qırmızı kirəmit və ya dəmirlə örtülmüş evlər öz memarlıq simasında qotik üslubun əlamətlərini daşıyır. Bu şəhərin planlı şəkildə salınması, kanalizasiya və su kollektorlarının, su arxlarının, habelə küçələrdə ağacların, yaşıllıq zolaqlarının nizamlı salınması, park və musiqili əyləncə mərkəzinin yaradılması, mərkəzdə məbədlərin və inzibati binaların yerləşdirilməsi şəhərsalmanın ilkin mərhələdən sistemli xarakter daşıdığını sübut edir. Çöl divarı və eyvanı taxtadan olan evlər şəhərə xüsusi gözəllik verir.
Yaşlı nəslin təmsilçisi, uzun illər müəllim və məktəb direktoru işləmiş təcrübəli pedaqoq Tariyel Məmmədov deyir ki, almanlar yerli əhali ilə çox mehriban və səmimi olmuşlar. Azərbaycanlı ailələrin uşaqları alman uşaqları ilə birlikdə böyüdükləri üçün alman uşaqları Azərbaycan, azərbaycanlı uşaqlar isə alman dilini mükəmməl bilirdilər. Hətta alman ailələrindən qız alanlar da çox olmuşdur: "O zaman Süleyman ağa Bədirbəylinin hərbçi-zabit oğlu Abbas bəy bir məktəbdə oxuduğu almanəsilli Xristina Yakovlevna Verberlə ailə həyatı qurmuşdur. Belə ailələrin nəvə-nəticələrinə dərs demişəm. Onlar bu gün Şəmkirdə, Gəncədə, Bakıda və digər şəhərlərdə yaşayırlar".
Almanlar Şəmkirdə üzümçülük, maldarlıq və əkinçiliklə məşğul olmuşlar. Ötən əsrin sonlarınadək fəaliyyətdə olan məşhur Şəmkir Konyak Zavodunu, Lenin qəsəbəsi (indi Çinarlı), Təzəkənd və İrmaşlı kəndlərindəki şərab zavodlarını da onlar tikmişlər. Almanlar Yasamal dağlarının döşündəki meşəliklərdə bulaqlardan Şəmkirin özünə, eləcə də adıçəkilən kəndlərə su çəkmiş, bölgədə ilk su- elektrik stansiyası inşa etmişlər ki, bununla da regionda sənaye inkişaf etməyə başlamışdır. Onlar bu ərazidə yaşadıqları müddət ərzində yerli əhali ilə mehriban ünsiyyət qurmuşlar. Öz dini inanclarını qoruyub saxlayan almanlar qəsəbədə kilsə də inşa etmişlər. Hazırda xalq arasında bura Lüteran kilsəsi kimi tanınır. Şəmkirə yolu düşənlər bu gün həmin kilsəyə böyük maraqla tamaşa edirlər.
Almanların məskunlaşdıqları ərazilərdən biri də rayon mərkəzindən 15 kilometr cənubda yerləşən indiki Çinarlı qəsəbəsi, əvvəlki Georqsfeld məntəqəsidir. Məntəqə 1888-ci ildə yaradılıb, iki ildən sonra burada 5 hektar ərazisi olan mənzərəli park salınıb. Onun ərazisində rəqs meydançası, insanların istirahət vaxtının təşkili üçün mədəniyyət evi fəaliyyət göstərib, Lüteran kilsəsi tikilib və kəndin yaxınlığında şərab istehsalı zavodu inşa edilib. O zamanlardan salınan park indi də sakinlərin istirahət yeridir. Burada nəhəng sərv və şam ağacları ilə yanaşı, çətirformalı palmalar, nadir hind qozu zövqləri oxşayır, habelə paradoksal olsa da, bambuk ağacına rast gəlinir.
Tarixi məlumatlara görə, rayon mərkəzindən təxminən 12 kilometr məsafədə yerləşən İrmaşlı kəndinin (Aygenfeld kəndi) təməlini də 1906-cı ildə almanlar qoymuşlar. 1940-cı ilin siyahıyaalınmasına görə, bu kənddə 246 nəfər alman yaşayıb. Kəndin o dövr üçün inkişaf etmiş infrastrukturu olub: kilsə, uşaq bağçası, məktəb, klub, park, ambulatoriya, şərab zavodu... Almanlardan qalma tikililər sırasında böyük zirzəmili bir neçə yaşayış evi, park, yerli folklor evinin yerləşdiyi bina, bələdiyyə və kitabxananın yerləşdiyi kilsə hələ də kəndin alman mədəni irsini özündə yaşadır.
Alman evlərinin tiklişindən və memarlıq xüsusiyyətlərindən ehtimal edilir ki, burada yaşamış almanların həyat şəraiti yaxşı olmuşdur. Odur ki, indiki İrmaşlının azərbaycanlı əhalisi dağ İrmaşlıdan (indi Daşbulaq) buraya köçmüşlər. Ona görə də kənddə azərbaycanlı və alman məhəllələri mövcud olub.
Şəmkirdə alman mədəni irsinə böyük hörmət və diqqət var. Hazırda Şəmkir Tarix-Diyarşünaslıq Muzeyində bu ərazidə yaşamış alman icmasının həyat tərzini əks etdirən maraqlı eksponatlar ziyarətçilərə təqdim olunur. Almanların məişəti, gündəlik yaşam üslubu, mədəni dəyərləri və estetik zövqü muzeyin ekspozisiyasında xüsusi yer tutur.
Bu irsin ən diqqətçəkən nümunələrindən biri almanlara məxsus şamdandır. Üzərində qoç başının fiquru olan sözügedən şamdan təkcə işıq mənbəyi deyil, eyni zamanda alman ailələrinin evdaxili mədəniyyətini, səliqə və zərifliyini əks etdirən nadir tarixi nümunədir.
Şəmkirdə yaşamış alman icması bölgənin sosial-iqtisadi və mədəni inkişafında mühüm rol oynamış, bu torpaqlarda öz izlərini qoymuşdur. Muzeydə qorunan eksponatlar bu çoxmədəniyyətli irsin bu günə çatdırılmasına xidmət edir.
Təəssüf ki, Böyük Vətən müharibəsi başlayandan sonra Şəmkirdəki almanların həyatında çətin dövr başlanıb. Onlar Moskvanın - Kreml rəhbərliyinin 15 oktyabr 1941-ci il tarixli qərarına əsasən, 3 gün ərzində Mərkəzi Asiyaya deportasiya ediliblər.
Rəhman SALMANLI,
"Azərbaycan"