Neftçalanın əlverişli torpaq-iqlim şəraiti, fermerlərin zəhməti və müasir kənd təsərrüfatı texnikalarından səmərəli istifadə nəticəsində rayonda taxılçılıq intensiv inkişaf edir.
Cari mövsümdə taxıl əkinlərinin becərilməsi dövründə fermerlər tərəfindən bütün aqrotexniki tədbirlər vaxtında həyata keçirilmişdir. Torpaqların hazırlanması, mineral gübrələrin tətbiqi, suvarma və bitki mühafizəsi tədbirləri məhsuldarlığın artmasına müsbət təsir göstərmişdir. Biçin mövsümündə isə müasir kombayn və digər kənd təsərrüfatı texnikalarının səmərəli istifadəsi sayəsində məhsul qısa müddətdə və itkisiz yığılmışdır.
Neftçalada kənd təsərrüfatının inkişafına dövlət tərəfindən göstərilən diqqət və dəstək fermerlərin fəaliyyətinə müsbət təsir göstərir. Müasir texnikaların tətbiqi, subsidiya mexanizmləri və aqrar sahədə həyata keçirilən islahatlar məhsul istehsalının artmasına, kənd əhalisinin məşğulluğunun təmin olunmasına və fermerlərin gəlirlərinin yüksəlməsinə şərait yaradır.
Bu ayın ortalarına olan məlumata görə, Neftçala rayonu ölkədə taxıl biçinini tam başa çatdıran rayonlar sırasındadır. Taxıl əkinlərinin əsas hissəsi rayonun Aşağı Qaramanlı, Xol Qarabucaq, Xəzərkənd, Xol Qaraqaşlı, Sarıqamış, Tatarməhlə inzibati ərazi dairələri üzrə əkilmişdir.
Taxıl sahələri üzrə statistik məlumatların təhlili göstərir ki, məhsul istehsalı və məhsuldarlıq əvvəlki illərlə müqayisədə artmışdır. Statistik məlumatların operativ toplanması və təhlili kənd təsərrüfatı sahəsində mövcud vəziyyətin müəyyənləşdirilməsinə imkan yaradır. Beləliklə, rayonun təsərrüfatlarında 33 min 657 hektar taxıl sahəsindən 108 min 39,6 ton taxıl biçilmiş, orta məhsuldarlıq 32,1 sentner olmuşdur ki, bu da keçən illə müqayisədə 6,4 sentner və ya 24,9 faiz çoxdur.
Rayon üzrə 28 min 557 hektar arpa sahəsindən 89 min 117,7 ton, 5 min 100 hektar buğda sahəsindən 18 min 921,9 ton məhsul toplanmışdır. Arpa bitkisinin məhsuldarlığı 31,2 sentner (keçən illə müqayisədə 7,2 sentner və ya 30 faiz çox), buğda bitkisinin məhsuldarlığı 37,1 sentner (keçən illə müqayisədə 4,2 sentner və ya 12,8 faiz çox) olmuşdur.
Seyran CAVADOV,
"Azərbaycan"