Bakı dəyişir, amma öz ruhunu qoruyur. Bəzən İçərişəhərin daş küçələrində addımlayaraq əsrlərin nəfəsini duyursan, bəzən Xəzərin sahilində uzanan bulvarın müasir ritminə qoşulursan. Bir tərəfdə qədim qala divarları, Qız qalasının sirli görünüşü, Şirvanşahlar sarayının daş yaddaşı, digər tərəfdə müasir memarlığın nümunələri. Bunlar şəhərin müxtəlif zamanlarını deyil, bütöv tarixini nümayiş etdirir.
Bakı dəyişir, onun küçələri yenilənir, təzə binalar ucalır, parklar, istirahət məkanları salınır. Amma bu dəyişiklik şəhərin keçmişini silmir, əksinə, paytaxtın özünəməxsus simasını formalaşdırır. Elə buna görə də Bakı yalnız qədim və ya müasir şəhər deyil, eyni zamanda tarixin yaddaşı ilə müasirliyin enerjisinin qovuşduğu məkandır.
Bakının ruhunu anlamaq üçün ilk növbədə İçərişəhərə üz tutmaq lazımdır. Burada şəhərin tarixi sanki kitab səhifələrindən çıxaraq real məkana çevrilir. Qədim küçələr, daş divarlar, memarlıq abidələri insana Bakının çoxəsrlik tarixindən danışır. Qız qalası isə bu mənzərənin ən tanınan simvollarındandır. Onun ətrafındakı tarixi mühit Bakının keçmişlə bağlılığının möhkəm olduğunu göstərir. Şirvanşahlar Sarayı Kompleksi də şəhərin memarlıq yaddaşında xüsusi yer tutur.
Bakının tarixi yalnız İçərişəhərin sərhədləri ilə məhdudlaşmır, eyni zamanda müxtəlif guşələrində qorunub saxlanılan tarixi binalar, XIX və XX əsrin əvvəllərində formalaşmış memarlıq nümunələri paytaxtın keçdiyi mürəkkəb və zəngin inkişaf yolundan xəbər verir. Bu şəhərin ən böyük üstünlüyü keçmişinin müasir həyatın içərisində yaşamasıdır.
Bu gün paytaxtımıza baxanda tamamilə başqa bir mənzərə ilə qarşılaşırıq. Şəhərin simasını dəyişən müasir tikililər, geniş prospektlər, yeni yaşayış və ictimai binalar Bakının dinamik inkişafını əks etdirir. Müasir Bakı memarlığında diqqəti cəlb edən əsas xüsusiyyətlərdən biri müxtəlif memarlıq üslublarının bir məkanda yanaşı mövcud olmasıdır. Ənənəvi memarlıq elementləri ilə müasir konstruksiyalar arasında yaranan kontrast şəhərin simasına xüsusi xarakter verir. "Alov qüllələri" Bakının müasir simvollarından birinə çevrilərək şəhərin panoramasında yeni obraz yaradır. Heydər Əliyev Mərkəzinin qeyri-adi binası isə paytaxtın müasir memarlıq düşüncəsinin ən diqqətçəkən nümunələrindəndir. Bu tikililər yalnız şəhərin xarici görünüşünü dəyişmir, onlar Bakının müasir şəhər kimi dünyaya təqdim olunan obrazını formalaşdırır. Burada əsas məsələ yalnız hündür binaların sayının artması ilə yanaşı, həm də şəhərin müxtəlif funksiyalarının bir-biri ilə necə əlaqələndirilməsidir.
Müasir şəhər həm yaşamaq, işləmək, istirahət etmək, həm də insanların ünsiyyət qurması üçün rahat məkan olmalıdır. Bu baxımdan, Bakının dəyişən simasını ən aydın göstərən məkanlardan biri də Ağ Şəhərdir. Bir vaxtlar sənaye zonası kimi tanınan ərazinin müasir şəhər məkanına çevrilməsi paytaxtın şəhərsalma tarixində maraqlı nümunədir. Burada yeni memarlıq həlləri, ictimai məkanlar, yaşayış və xidmət obyektləri bir aradadır. Ağ Şəhərin özünəməxsusluğu həm də ondadır ki, ərazidə keçmişin izləri unudulmur, əksinə, müəyyən memarlıq elementləri müasir layihələrlə əlaqələndirilərək şəhər mühitinə yeni məna qazandırır. Beləliklə, keçmişin sənaye məkanı insanların yaşadığı, gəzdiyi və istirahət etdiyi müasir şəhər hissəsinə çevrilib. Belə ki, Bakı öz tarixinin ayrı-ayrı səhifələrini silmək əvəzinə, onları yeni şəhər həyatının içərisinə daxil edir.
Bakının simasını müəyyənləşdirən əsas amillərdən biri də Xəzərdir. Dəniz şəhərə yalnız coğrafi üstünlük vermir, həm də ruhuna xüsusi ovqat bəxş edir. Bu baxımdan, Bakı bulvarının şəhər həyatındakı rolu xüsusi qeyd olunmalıdır. Vaxtilə nisbətən kiçik sahilboyu gəzinti məkanı olan bulvar illər ərzində genişlənərək paytaxtın ən mühüm istirahət məkanlarından birinə çevrilib. Bu gün bulvar Bakının simasının ayrılmaz hissəsidir. Burada səhərlər idman edənlərə, ailəlikcə gəzintiyə çıxanlara, velosiped sürənlərə, dəniz mənzərəsindən zövq alanlara rast gəlmək mümkündür. Günün müxtəlif saatlarında bulvarın mənzərəsi də dəyişir. Səhər Xəzərin sakitliyi, günorta şəhərin hərəkətli ritmi, axşam isə işıqların yaratdığı mənzərə Bakının başqa bir simasını göstərir. Bulvarın genişlənməsi və sahilboyu məkanların inkişafı Bakının dənizə açılan şəhər obrazını daha da işıqlandırır.
Müasir şəhərin gözəlliyini yalnız ucalan binaların hündürlüyü, geniş prospektlərin əzəməti ilə ölçmək olmaz. Şəhərin əsl gözəlliyi onun insan üçün yaratdığı rahatlıqda, təbiətlə memarlığın bir-birinə qovuşduğu məkanlarda daha aydın görünür. Bakı da son illər salınan və yenilənən parkları, bağları, xiyabanları və istirahət guşələri ilə özünün yaşıl simasını getdikcə daha da zənginləşdirir. Paytaxtın müxtəlif ünvanlarında yaradılan bu məkanlar şəhərin sərt daş və beton ritminə yaşıllığın yumşaqlığını, ağacların kölgəsini, çiçəklərin rəngini, fəvvarələrin səsini gətirir. Hər yeni park Bakının simasına əlavə olunan bir gözəllik deyil, həm də şəhər insanının gündəlik həyatına bəxş edilən yeni nəfəsdir.
Yasamal parkından Yeni Yasamalın istirahət məkanlarına, Zabitlər parkından Mərkəzi Parka, Xətai rayonundakı böyük Gənclik parkından Nərimanov rayonunda yaradılan yeni istirahət məkanlarına qədər paytaxtın müxtəlif guşələrində şəhər sakinləri üçün rahat və müasir mühit formalaşdırılır. Yasamal parkında milli memarlıq üslubu ilə müasirliyin uzlaşdırılması, fəvvarələrin, süni şəlalələrin, bulaqların, uşaq və idman meydançalarının yaradılması bu məkanın şəhər mühitində necə xüsusi bir yer qazandığını göstərir. Xətai rayonundakı 43 hektarlıq Gənclik parkı isə başqa aləmdir. Bir vaxtlar baxımsız vəziyyətdə olan ərazinin böyük yaşıllıq və istirahət məkanına çevrilməsi nəticəsində burada 300 minədək ağac əkilib, uşaqlar və böyüklər üçün idman və əyləncə sahələri, futbol meydançaları, qaçış cığırları, velosiped yolları və piknik məntəqələri yaradılıb.
Paytaxtın "yaşıl xəritəsi"nə son illər əlavə olunan məkanlardan biri də "Gənclik" metrosu yaxınlığındakı yeni parkdır. Ərazisi 19 hektara çatdırılan parkın 14 hektarında yaşıllıq salınıb, 20 mindən çox ağac və kol əkilib. Burada piyada və velosiped yolları, uşaq-əyləncə və idman meydançaları, müasir işıqlandırma və avtomat suvarma sistemi yaradılıb. Parkın yaxınlıqdakı "Dədə Qorqud" parkı ilə əlaqələndirilməsi isə şəhər məkanlarının bir-birinə inteqrasiyasına maraqlı nümunədir. Nərimanov rayonunda yaradılan 3,5 hektarlıq yeni park bu mənzərəyə daha bir rəng qatır. Burada amfiteatr, tennis meydançası, uşaq əyləncə zonaları, söhbətgahlar və müasir işıqlandırma sistemi yaradılıb.
Müasir Bakı insanların görüşdüyü, gəzdiyi, dincəldiyi və şəhərin ritmindən bir anlıq uzaqlaşdığı ictimai məkanlarla da yenilənir. Bütün bunlar paytaxtın dəyişən simasında mühüm bir həqiqəti ortaya qoyur - şəhər böyüdükcə onun insan üçün nəfəs aldığı məkanlar da böyüyür. Səhər ağacların arasından keçən işıq, park cığırlarında addımlayan insanlar, uşaqların gülüşü, fəvvarələrin su səsi, yaşıllığın yaratdığı sakitlik - bütün bunlar müasir Bakının görünməyən, lakin hiss olunan gözəlliyidir. Bakı yalnız daşın, şüşənin və poladın şəhəri deyil, eyni zamanda bir üzü tarixin daş yaddaşıdırsa, digər üzü yaşıllığın, suyun, işığın və insan rahatlığının yaratdığı müasir həyat mənzərəsidir. Bakının qədim parkları isə ayrıca bir yaddaşdır. Onların hər birinin şəhər həyatında öz yeri, öz xatirəsi var. Yeni parkların salınması ilə bu ənənə davam etdirilir.
Bakı sürətlə dəyişir. Yeni binalar, yollar, parklar, ictimai məkanlar şəhərin görünüşünü yeniləyir. Lakin bu yeniliklər tarixi yaddaşla qarşı-qarşıya qoyulmur. Çünki şəhərin gələcəyi keçmişi ilə bu günü arasında əlaqə olanda daha möhkəm qurulur. Paytaxtımızın siması gündən-günə dəyişir. Bu dəyişən Bakının hekayəsidir. Bakı nə yalnız keçmişi ilə yaşayan qədim şəhərdir, nə də keçmişini unutmağa çalışan müasir meqapolis. Bakı tarixini qoruyaraq gələcəyə addımlayan şəhərdir. Bəlkə də elə buna görə ona hər dəfə baxanda yeni bir Bakını görürük.
Elşən QƏNİYEV,
"Azərbaycan"