Təkcə BP dənizin Azərbaycan sektorunda üç layihə çərçivəsində axtarış-kəşfiyyat işləri aparır
BP şirkəti Xəzərin Azərbaycan sektorundakı bir sira perspektivli sahələrdə axtarış, kəsfiyyat və tədqiqatlarını davam etdirir. Belə ki, "Şəfəq-Asiman", "Qarabağ" və "Əşrəfi-Dan Ulduzu-Aypara" (ADUA) strukturlarının hər birində bu işlər özlərinin müxtəlif mərhələlərindədir.
Hazırda "Şəfəq-Asiman" layihəsini irəli aparacaq ən uyğun variantın müəyyənləşdirilməsi üçün blokun əlavə qiymətləndirilməsi tələb olunur. Bu məqsədlə Aşağı Suraxanı layına bir quyunun qazılması da daxil olmaqla gələcək fəaliyyətlərin planlaşdırılması üzrə işlər aparılır. Bu fəaliyyətlərə imkan yaratmaq üçün 2025-ci ilin iyun ayında "Şəfəq-Asiman" Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) kəşfiyyat dövrü uzadılıb və BP bu dövr üçün operator olaraq qalır.
"Şəfəq-Asiman" bloku Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 125 kilometr cənub-şərqdə yerləşən mühüm qaz-kondensat yatağıdır. Bu blok "Şahdəniz" yatağından 60 kilometr məsafədə yerləşir və onun ərazisində suyun dərinliyi 650 metrdən 800 metrədək dəyişir. Sahəsi isə təxminən 1100 kvadratkilometrdir.
2010-cu il oktyabrın 7-də "Şəfəq-Asiman" üzrə BP və SOCAR arasında HPBS imzalanıb. 2020-2021-ci illərdə Fəsilə layında 7189 metr dərinliyində ilk kəşfiyyat quyusu qazılıb və qaz-kondensat ehtiyatları aşkar edilib.
"Şəfəq-Asiman"da iştirak payları belədir: BP (operator - 35 faiz), SOCAR (35 faiz) və TPAO (HPBS-yə 2025-ci ilin iyun ayında qoşulub - 30 faiz).
Xəzərin cənub hövzəsində, Abşeron arxipelaqının şimal hissəsində yerləşən "Qarabağ" isə müstəqillik dövründə kəşf edilmiş ilk neft yatağıdır. Bakıdan təxminən 120-130 kilometr şərq-şimal istiqamətində, "Günəşli" yatağından 20-25 kilometr aralıda yerləşən bu yataqda suyun dərinliyi 150-200 metr təşkil edir.
"Qarabağ"ın ilkin geoloji ehtiyatları təqribən 60 milyon ton neft səviyyəsində qiymətləndirilir. Kəşf tarixi isə 2020-ci ilə aiddir. Yataqdan ilk neftin 2029-cu ildə hasil olunacağı nəzərdə tutulur.
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır və SOCAR ilə birgə layihələrdə operator kimi çıxış edir. Yataq mövcud dəniz infrastrukturundan istifadə olunmaqla işləniləcək.
"Qarabağ" haqqında bilgiləri artırmaq, quyuların planlaşdırılması işlərinə və yatağın işlənmə strategiyalarının optimallaşdırmasına kömək məqsədilə bu ilin əvvəlində orada dənizdibi sensor qovşaqlarla (OBN) seysmik tədqiqat həyata keçirilib. Tədqiqat 2025-ci ilin dekabrında başlanıb və qrafiki qabaqlayaraq martın ortalarında sona çatıb. Tədqiqat nəticəsində əldə olunmuş məlumatların emalı hazırda davam edir.
Bunun ardınca cari ilin mart ayının ortalarında yataqda yüksək dəqiqlikli-ultrayüksək dəqiqlikli seysmik tədqiqat proqramına start verilib və may ayında işlər yekunlaşıb. Hazırda əldə olunmuş məlumatların emalı gedir. Bu tədqiqatda əsas məqsəd quyu bütövlüyünə təsir göstərə biləcək geoloji riskləri, eləcə də platformanın və digər infrastrukturun təhlükəsiz şəkildə quraşdırılmasına maneə yarada biləcək yeraltı təhlükələri müəyyənləşdirməkdir.
ADUA layihəsi üzrə ilk addım olaraq aprel ayında suyun 20-40 metr dərinliyində ikiölçülü yüksək dəqiqlikli seysmik tədqiqat aparılıb. ADUA sahəsinin şimal-qərb hissəsində kiçik bir ərazini əhatə edən bu tədqiqatda əsas məqsəd yerin təxminən 1500 metr dərinliyinədək qatları haqqında ətraflı məlumatlar əldə etməklə gələcək kəşfiyyat quyularının planlaşdırılmasına dəstək verməkdir. Tədqiqat yeraltı qırılmalar, dayaz qatlara yığılmış qazlar və digər geoloji xüsusiyyətlər də daxil olmaqla, qazma əməliyyatları və quyu bütövlüyünə təsir göstərə biləcək yeraltı geoloji risklərin müəyyənləşdirilməsinə kömək edəcək.
ADUA blokunda seysmik tədqiqata aid Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihə variantı 2025-ci ilin dekabr ayında ictimaiyyətə açıqlanıb və sənədin yekun variantı bu ilin mart ayında dövlət tərəfindən təsdiqlənib.
Xatırladaq ki, ADUA Bakıdan təxminən 90-110 kilometr şimal-şərqdə yerləşir. Sahədə dənizin dərinliyi 80-180 metr arasında dəyişir. Layihənin operatoru BP şirkətidir. Sazişə əsasən, layihədə SOCAR 65 faiz, BP isə 35 faiz payla iştirak edir.
Flora SADIQLI,
"Azərbaycan"