Prezident İlham Əliyevin Qırğız Respublikasına işgüzar səfəri, Bişkekdə keçirilən “ŞƏT plyus” formatında görüşdə çıxışı Azərbaycanın regional və qlobal siyasətə baxışının əsas istiqamətlərini aydın şəkildə ortaya qoydu. Dövlət başçımız Azərbaycan–Qırğızıstan münasibətlərinin strateji səviyyəsi, Cənubi Qafqazda yeni sülh reallığının formalaşması və beynəlxalq təşkilatların, xüsusilə BMT-nin münaqişələrin həllində rolunun gücləndirilməsinə dair vacib mesajlar verdi.
Digər Mərkəzi Asiya ölkələri kimi rəsmi Bişkeklə də münasibətlər ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq strateji müttəfiqlik xarakteri daşıdığını göstərir.
Dövlət başçımızın da xatırlatdığı kimi, cəmi bir ay əvvəl Qırğızıstana dövlət səfəri zamanı iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb. Bu sənəd Bakı-Bişkek əlaqələrinin siyasi-hüquqi əsaslarını daha da möhkəmləndirir. Əslində, Azərbaycanla Qırğızıstan arasında münasibətlərin dinamikası bütövlükdə Azərbaycanın Mərkəzi Asiya siyasətində baş verən dəyişikliklərin mühüm nümunəsidir. Tarixi, milli və mədəni yaxınlıq üzərində qurulan əlaqələr bu gün iqtisadi, investisiya, nəqliyyat, enerji və təhlükəsizlik sahələrində əməkdaşlıqla genişlənir.
Çıxışın ən mühüm istiqamətlərindən biri, Azərbaycan-Ermənistan münasibətlərinə həsr olunmuş məqamlar idi. Prezident İlham Əliyev Azərbaycanın və Ermənistanın sülh sazişinin mətnini paraflamasını 30 illik münaqişənin başa çatması baxımından mühüm tarixi hadisə kimi qiymətləndirdi. “Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir” deyən dövlət başçımızın bu fikri Azərbaycanın böyük Zəfərdən sonra regionla bağlı yeni strateji yanaşmasının ifadəsidir.
Rəsmi Bakı Ermənistanla normallaşma istiqamətində effektiv addımlar atır. Cənab Prezident də çıxışında Ermənistanla artıq neft məhsullarının tədarükü, üçüncü ölkələrin yüklərinin tranzitinin təmin edilməsi, qarşılıqlı ticarətin genişləndirilməsi və yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində iş aparılmasını qeyd etdi.
Bu, sülhün praktiki nəticələridir.
Əgər keçmişdə Cənubi Qafqaz qarşıdurmalarla xarakterizə olunurdusa, indi məhz Azərbaycanın təşəbbüskarlığı və siyasi iradəsi sayəsində qarşılıqlı ticarət, tranzit və kommunikasiya layihələri region ölkələrinin maraqlarını bir-birinə yaxınlaşdırmaqdadır.
Prezident İlham Əliyevin çıxışında BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə bağlı səsləndirdiyi fikirlər də xüsusi siyasi əhəmiyyət daşıyır.
Azərbaycan Prezidenti 1993-cü ildə qəbul edilmiş dörd qətnamənin uzun illər icra olunmadığını, onların yalnız 30 ildən sonra həyata keçirildiyini bir daha bu böyük platformadan xatırlatdı. Eyni zamanda vurğuladı ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü özü bərpa edib. Rəsmi Bakı haqlı olaraq tələb edir - beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının qərarlarının icrasını təmin edən real mexanizmlər mövcud olmalıdır.
Yəni, Azərbaycan BMT qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanmasını təklif edir.
Reallıq budur ki, beynəlxalq təşkilatların nüfuzu onların qəbul etdiyi qərarların sayından yox, həmin qərarların nə dərəcədə həyata keçirilməsindən asılıdır. Azərbaycan isə öz təcrübəsindən çıxış edərək beynəlxalq hüququn icra mexanizmlərinin gücləndirilməsini qlobal təhlükəsizlik sisteminin mühüm şərtlərindən biri kimi təqdim edir.
Dövlət başçımızın çıxışında Azərbaycanın dörd il ərzində Qoşulmama Hərəkatının sədri kimi təcrübəsinə istinad etməsi təsadüfi deyildi.
Belə ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü əsas prinsiplərdən biri çoxtərəfliliyin və beynəlxalq hüququn müdafiəsi idi. Cənab Prezident ŞƏT platformasından bəyan etdi ki, Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsipinin möhkəmləndirilməsinə töhfə vermək niyyətindədir.
Bu xüsusda ŞƏT-də Azərbaycanın iştirakı xüsusi əhəmiyyət daşıyır. Çünki ŞƏT müxtəlif siyasi və iqtisadi sistemlərə malik dövlətləri bir araya gətirən böyük Avrasiya platformasıdır. Azərbaycanın burada “ŞƏT plyus” formatında iştirakı ölkəmizə həm regional, həm də qlobal məsələlər üzrə mövqeyini daha geniş auditoriyaya çatdırmaq imkanı qazandırır.
Cənubi Qafqazın sülh zonasına çevrilməsi isə regionun nəqliyyat xəritəsində yeni imkanlar yaratmaqdadır. Azərbaycan artıq Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində mühüm tranzit mərkəzlərindən biridir. Regional kommunikasiya xətləri açılacağı təqdirdə isə Mərkəzi Asiya ilə Cənubi Qafqaz və Türkiyə arasında iqtisadi əlaqələrin genişlənməsi üçün əlavə imkanlar yaranacaq.
Siyasi sabitlik nəqliyyat bağlantılarının inkişafına, nəqliyyat bağlantıları isə regional iqtisadi inteqrasiyaya zəmin yaradır.
Bişkekdə baş tutan ikitərəfli görüşlərə gəlincə, Ermənistan, Qazaxıstan, İran və Türkiyə liderləri ilə təmaslar müxtəlif istiqamətləri əhatə etsə də, hamısını birləşdirən əsas xətt regional sabitlik, nəqliyyat-kommunikasiya əlaqələri, iqtisadi əməkdaşlıq və qarşılıqlı siyasi etimadın gücləndirilməsi idi. Bu isə Azərbaycanın regionda geosiyasi rolunun artdığını nümayiş etdirir. Bütövlükdə Prezident İlham Əliyevin Bişkek səfəri ölkəmizin regional sülhün təşviqində, Mərkəzi Asiya ilə əlaqələrin gücləndirilməsində və Avrasiya məkanında yeni siyasi-iqtisadi bağlantıların formalaşmasında fəal aktor kimi mövqeyini daha da möhkəmləndirdi.
Nigar MƏMMƏDOVA,
Milli Məclisin deputatı