14 Fevral 2024 09:00
8249
SİYASƏT
A- A+

Azərbaycanın zəfəri

 

Konstitusiya Məhkəməsi İlham Əliyevin Prezident seçildiyini elan etdi

 

Müstəqillik tariximizdə ilk dəfə olaraq bütöv Azərbaycanda keçirilən Zəfər titullu seçkidə seçicilərin mütləq əksəriyyəti respublikamızı hərtərəfli inkişaf etdirən, onu tarixinin ən qüdrətli dövlətinə çevirən, torpaqlarımızı azadlığına qovuşduran, ərazilərimizdə erməni separatizminə son qoyan İlham Əliyevə səs verdi. Xalq son iki yüz illik tariximizdə qazandığımız ən böyük qələbələrin müəllifi olan İlham Əliyevi yekdilliklə dəstəkləyərək, həm də Azərbaycanın yeni uğurlara aparan parlaq gələcəyinə səs verdi, Müzəffər Sərkərdəsinə ümumxalq sevgisini bir daha izhar etdi. 

 

Tam qələbə 

 

Ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olunmuş bir şəraitdə, işğaldan azad edilmiş regionlarımız da daxil olmaqla, respublikanın hər bir bölgəsində prezident seçkiləri yüksək səviyyədə təşkil olundu. 72 nüfuzlu beynəlxalq qurum və 89 ölkəni təmsil edən 790 beynəlxalq müşahidəçinin qatıldığı prezident seçkilərində 3 ixtisaslaşmış təşkilat tərəfindən "exit-poll" keçirildi. "Exit-poll"ların nəticələrinin MSK-nın rəsmi nəticələri ilə üst-üstə düşməsi onu deməyə əsas verir ki, prezident seçkiləri tam demokratik şəkildə həyata keçirilib. 
Fevralın 11-də Mərkəzi Seçki Komissiyasının keçirilən iclasında 7 fevral prezident seçkilərində səsvermənin nəticələrinə dair protokol imzalandı və bununla da İlham Əliyevin prezident seçkilərindəki qələbəsi qurum tərəfindən təsdiq edildi.
Fevralın 13-də isə Konstitusiya Məhkəməsində 2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkilərinin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxıldı.
Konstitusiya Məhkəməsi hakimlərin məruzələrini, maraqlı subyektin qanuni nümayəndələrinin çıxışlarını, ekspertlərin rəylərini dinləyib, işin materiallarına baxaraq, fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərinin yekunlarının təsdiq və rəsmən elan olunmasına dair qərar qəbul etdi. 
Qərara əsasən Əliyev İlham Heydər oğlu Azərbaycan Respublikasının Prezidenti seçilmiş elan edildi.

 

Zəfər seçkisinin qüruru

 

Fevralın 7-də keçirilən Zəfər seçkisi rekord göstəriciləri, ilkləri ilə tariximizə qızıl hərflərlə yazıldı. Həmin gün seçicilər layiqli namizədlərinə səs vermək üçün yüksək fəallıq nümayiş etdirərək seçki məntəqələrinə axın etdilər. Ümumilikdə, ölkə üzrə seçicilərin 76,43 faizinin səsvermədə iştirak etməsi, eyni zamanda İlham Əliyevin əhalinin 92.12 faiz səsini qazanaraq qalib olması rekord göstəricilər kimi tariximizə yazıldı. Bunlar həm də milli birliyimizin rəqəmlərlə bir daha nümayişi oldu. Ölkənin dörd bir yanında seçkiyə bayram əhvali-ruhiyyəsində, milli qürur hissi ilə qatılan soydaşlarımız onun adını qalib xalqa çevirən, başını uca edən Müzəffər Sərkərdəsi İlham Əliyevə yekdilliklə səs verdi. 
Xalqın bu  milli birliyi, həmrəyliyi, Azərbaycanı zirvələrə yüksəldən İlham Əliyevin ətrafında sıx birləşməsi düşmənlərimizə də bir mesaj, gözdağı oldu. 
Qələbələrimizi həzm edə bilməyərək ölkəmizə qarşı qərəzli mövqe sərgiləyən bəzi ölkə və beynəlxalq təşkilatlar da gördülər ki, Azərbaycan xalqının milli iradəsinin,  əzminin qarşısında bütün güclər aciz və məğlubdur. 

 

Xilaskara minnətdarlıq

 

Torpaqlarımızın işğaldan azad edilməsi nəticəsində fevralın 7-də keçirilən prezident seçkiləri bütün ölkə ərazisində, suverenliyimizin tam bərpası fonunda həyata keçirildi. Şuşa, Xankəndi zəfərlərinin parlaq işığında Qarabağ və Şərqi Zəngəzurda da müstəqillik tariximizdə ilk dəfə səsvermə keçirildi. Həmin gün Xocalıdan, Şuşadan, Laçından, Kəlbəcərdən, Ağdamdan, Cəbrayıldan, Zəngilandan, Füzulidən və digər azad yurdlarımızdan gələn xoş soraqlar bütöv Azərbaycana qürur bəxş etdi. Əhalinin işğaldan azad edilmiş ərazilərdəki məntəqələrdə seçkilərə daha mütəşəkkil qatılması,  İlham Əliyevin 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində 100 faiz səs topladığı məntəqələr arasında Qarabağ və Şərqi Zəngəzurdan olan məntəqələrin də adının olması isə Zəfər seçkisindən doğan milli qürur hissinin başqa bir təcəssümü oldu. 
Bu, keçmiş məcburi köçkünlərin İlham Əliyevə olan yüksək etimadının və minnətdarlığının göstəricisi idi.     
Bu, onilliklər boyu vətən həsrəti çəkən insanların xilaskarları saydıqları vətənpərvər şəxsiyyət İlham Əliyevə şükranlıq borcunu ödəmələri idi...
Ötən illərdə bu insanların ən böyük dayağı, himayədarı İlham Əliyev olmuşdu. Cəmi 4 il ərzində çadır düşərgələrini ləğv etmiş, keçmiş məcburi köçkünlərin layiqli həyat şəraiti ilə təmin olunmalarına görə mühüm işlər həyata keçirmişdi. Dövlət başçısı onlar üçün respublikamızın müxtəlif  bölgələrində, paytaxtda müasir qəsəbə-şəhərciklər saldırmış, evlə, işlə təmin etmişdi. 
Amma həmin dövrlərdə dövlət başçısı İlham Əliyev qarşısına yalnız bir vəzifə qoymuşdu: torpaqlarımızı işğaldan azad edərək bu insanlarımızı öz yurdlarına qovuşdurmaq. 
Buna görə idi ki, Qarabağ və Şərqi Zəngəzuru azad etdikdən sonra müsahibələrinin birində Qalib Lider İlham Əliyev keçmiş məcburi köçkünlər haqqında kövrələrək bu sözləri dilə gətirmişdi: "...Hər zaman mənim gözlərimin önündə onlar idi, nə qədər əzab çəkdilər, nə qədər əziyyət çəkdilər, amma sınmadılar, möhkəm durdular. Budur Azərbaycan! Budur Azərbaycan xalqı!"

 

Xalq öz gələcəyinə səs verdi

 

7 fevral Zəfər seçkisində xalqımız İlham Əliyevin timsalında uzaqgörən siyasəti, mükəmməl hərbi taktikası, diplomatik bacarığı ilə bir vətəndaş, bir dövlət başçısı kimi xalqı, ölkəsi naminə üzərinə götürdüyü mənəvi  öhdəlikləri layiqincə yerinə yetirərək Şuşa, Xankəndi zəfərləri çalan, erməni separatçılarından Xocalının qisasını alan - Vətən qarşısındakı müqəddəs borcunu yerinə yetirən Qalib Liderini dəstəklədi. 
Qarşıda daha neçə-neçə Zəfər zirvələri fəth edəcəyinə olan əminlik və inamla Müzəffər Lideri İlham Əliyevi seçkilərin qalibi etdi. 
Bir sözlə, öz gələcəyinə səs verdi. 

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video