Qafqazın sabitliyinin və inkişafının yeganə təminatçısıdır
Azərbaycan həmişə sülhün tərəfdarı olub. Təsadüfi deyil ki, hər zaman sülh danışıqlarına üstünlük vermiş respublikamız Ermənistanın təxribatlarından sonra başlamış 44 günlük savaşdan sonra da ilk olaraq sülh təşəbbüsü ilə çıxış edib. Vətən müharibəsindən sonra ötən dövr ərzində Bakı İrəvandan fərqli olaraq münasibətlərin normallaşdırılması üçün real addımlar atıb. Bu özünü bütün platformalarda keçirilən danışıqlarda da göstərib.
Azərbaycan sülh prosesinin irəli aparılması təşəbbüslərinin önündədir
Ermənistandan fərqli olaraq Azərbaycan sülh prosesinin irəliyə aparılması səylərinin daim önündə gedib. Məlum olduğu kimi, hələ ötən ilin fevral ayında Bakı münasibətlərin normallaşdırılması və sülhün əldə olunması üçün 5 prinsiplə çıxış edib. Beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olan bu prinsiplər Ermənistanın rəhbərliyi tərəfindən zahirən müsbət qarşılansa da, İrəvan buna heç bir qarşılıq verməyib və bu istiqamətdə müsbətə doğru addım atmayıb. Ermənistan tərəfinin 30 ilə yaxın sülh prosesinə vurduğu zərbələrə baxmayaraq, yenə də ölkəmiz kommunikasiyaların açılması, demarkasiya məsələsində əsas təşəbbüskar tərəf olub.
Bunun əksinə olaraq, Ermənistan münasibətlərin normallaşdırılması üzrə danışıqlarda müsbət nəticə əldə edilməsinə imkan verməyib. Hətta Paşinyan hökuməti Ermənistanın əvvəlki rəhbərliklərinin yolunu gedərək təxribatlar yolu ilə sülh danışıqlarını tormozlamağa çalışıb. Adətən, təxribatlar keçirilmiş danışıqlardan sonra törədilib ki, bu da İrəvanın sülhün əldə edilməsində maraqlı olmadığını göstərib. Ötən 3 ildə əgər münasibətlərin normallaşdırılması istiqamətində bir nəticə əldə olunmayıbsa, bu, məhz Ermənistanın ucbatından baş verib.
Sülhün əldə edilməsinə əngəl yaradan əsas amillərdən biri də Fransa başda olmaqla erməni təəssübünü çəkən siyasi mərkəzlərin siyasi-hərbi avantüraları olub. Bu baxımdan münasibətlərin normallaşdırılması ilə bağlı danışıqların nəticəsiz qalmasının əsas səbəblərindən biri də xüsusən Fransanın Ermənistan hakimiyyətinə təsir və təzyiqləridir. Ötən dövr ərzində ölkəmizə qarşı qərəzli iddialarla çıxış edən, xəstə erməni təfəkkürünün qatı müdafiəçisi rolunda çıxış edən Fransa Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı müzakirələrdə İrəvanın beynəlxalq hüququn norma və prinsiplərini görməzdən gəlməsi üçün əlindən gələni əsirgəməyib.
Sülhün əldə edilməsi üçün şanslar çoxalıb
Vətən müharibəsindən sonra regionda yaranmış reallıqlar Azərbaycanın xeyrinə dəyişib. Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət, düşünülmüş və təmkinli diplomatik gedişlər ötən dövr ərzində respublikamızın maraqlarını uğurla təmin edib. Bu siyasətin nəticəsində 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağdakı erməni separatizminə də son qoydu. Bununla Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Bu prosesdə Azərbaycan öz qətiyyətli siyasəti ilə Ermənistanı və onun havadarlarını məğlubiyyətə uğratdı.
Eyni zamanda Azərbaycan İran ərazisindən keçməklə Naxçıvana doğru yeni kommunikasiya xətlərini yaratmaqla regionun nəqliyyat coğrafiyasını daha da zənginləşdirir. Hansı ki, yaranan bu yeni nəqliyyat yolları həm də qlobal nəqliyyat dəhlizlərinin vacib elementi olacaq. Və görünən odur ki, indiyədək Ermənistanı bütün layihələrdən təcrid edən Azərbaycan bu ölkəni növbəti nəqliyyat layihəsindən də kənarda saxladı. Beləliklə, uduzan yenə Ermənistan və onun xalqıdır. Çünki özləri belə istədilər.
Azərbaycanın öz suveren ərazilərinə nəzarəti tam olaraq təmin etməsindən sonra, sülhün əldə edilməsi üçün şanslar daha da çoxalıb. Ölkəmiz hər zaman olduğu kimi, bölgədə dayanıqlı sülhün bərqərar edilməsi üçün yaranmış bu münbit şəraitdə də sülh gündəliyinin irəlilədilməsində qərarlıdır. Lakin Ermənistan tərəfi sülh prosesinin irəlilədilməsi üçün yaranmış şansdan bəhrələnmək əvəzinə yenə də siyasi manipulyasiyalarla məşğuldur. Baş nazir N. Paşinyanın, eləcə də onun hökumətinin və partiyasının təmsilçilərinin mütəmadi olaraq sərhədlərin toxunulmazlığı, güc tətbiq edilməməsi, güclə hədələməmək kimi prinsipləri hədəfləyən bəyanatlar verməsi, əslində, manipulyasiya ilə məşğul olmaqdan başqa bir şey deyil. Çünki indiyədək istər Vətən müharibəsinə qədər, istərsə də ondan sonra bu prinsipləri bütün səyləri ilə pozan tərəf məhz Ermənistan olub. Bir müddət əvvəl Nikol Paşinyanın Avropa Parlamentində səsləndirdiyi bəyanat da növbəti dəfə bu ölkənin Azərbaycana qarşı təcavüzkar ritorika və ittihamları davam etdirərək sülh sazişi ilə bağlı perspektivləri daha da sarsıtmaqda qərarlı olduğunu nümayiş etdirdi.
İrəvan avantürist mövqeyindən və manipulyasiyalardan əl çəkməlidir
Bu ilin mayında Prezident İlham Əliyev Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransda sülhlə bağlı deyib: "Əgər onlar konstruktiv olmasalar, biz diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmırıq. Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Onlar yenə də təcrid olunacaqlar və onlar bu yeni geosiyasi konfiqurasiyada özlərinə yer tapmalı olacaqlar. Çünki bütün geosiyasi vəziyyət, söhbət təkcə regiondan deyil, qlobal vəziyyətdən gedir, dəyişib. Bizim orada öz yerimiz var. Bu yer çox sabitdir və getdikcə daha da möhkəmlənir. Lakin onlar üçün bu, böyük çağırış olacaqdır".
Bəli, reallıq ondan ibarətdir ki, ərazi bütövlüyünü təmin edən, erməni separatizminə son qoyan Azərbaycan qalib ölkə kimi heç nə itirmir və bu gün də regionda yeni kommunikasiyalar yaratmaqla qazanır. Regionda yaranmış yeni reallıqlar müstəvisində sülhün əldə olunmaması yalnız və yalnız Ermənistanın ziyanınadır. Çünki Cənubi Qafqazın təcrid olunmuş ölkəsi məhz Ermənistandır. Ona görə İrəvan avantürist mövqeyindən və manipulyasiyalardan əl çəkməli, sülh üçün əməli addımlar atmalıdır.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"