Xəzər-Qara dəniz-Avropa, Naxçıvan üzərindən Azərbaycan-Türkiyə-Avropa, həmçinin Mərkəzi Asiya-Azərbaycan-Avropa "yaşıl enerji" dəhlizləri ilkin mərhələdə 5 giqavat bərpaolunan enerjinin ixracını təmin edəcək. Regional əhəmiyyətli bu strateji layihələrlə ölkəmizin "yaşıl enerji" tədarükçüsünə transformasiyası həyata keçiriləcək.
Azərbaycandan Avropaya uzanacaq "yaşıl enerji" dəhlizləri barədə indi tez-tez bəhs olunur. Məlumdur ki, hələ 2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. Təbii ki, hər hansı bir ixrac layihəsinin həyata keçirilməsi öncədən genişmiqyaslı işlərin görülməsini, infrastrukturun yaradılmasını tələb edir. Elektrik enerjisinin ötürülməsinin isə, üstəlik, özünəməxsus çətinlikləri və spesifik cəhətləri var. Dənizin dibi ilə uzanacaq 1100 kilometrlik "yaşıl dəhliz" belə layihələrdən biridir.
Adətən bərpaolunan enerjinin inteqrasiya edilməsi üçün münasib interkonnektorlara ehtiyac yaranır. Buna görə Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir. Bərpaolunan enerji mənbələrindən elektrik enerjisini Rumıniya və Macarıstan ərazisindən Avropa İttifaqına gətirməklə bu layihə təchizatın təhlükəsizliyini gücləndirməyə kömək edəcək.
Layihənin icrasına doğru mühüm addımlar atılır. Keçən ay Rumıniya paytaxtında sözügedən sazişin icrası məqsədilə 8-ci Nazirlər-Rəhbər Komitənin iclasının keçirilməsi də deyilənləri təsdiqləyir. Buxarestdə keçirilən tədbirdə layihənin CESI şirkəti tərəfindən həyata keçirilən texniki-iqtisadi əsaslandırmasının (TİƏ) cari vəziyyəti, birgə müəssisənin təsis edilməsi ilə bağlı görülən işlər, "yaşıl enerji" dəhlizinin fiber-optik komponenti, həmçinin Bolqarıstanın layihəyə inteqrasiyası imkanlarına və digər istiqamətlərə dair məsələlər müzakirə edilib. "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırmasının ilkin nəticələrinin təqdimatı isə cari ilin noyabrında ölkəmizin evsahibliyi edəcəyi COP29 çərçivəsində nəzərdə tutulur.
Qazaxıstan və Özbəkistan da özlərinin istehsal etdikləri bərpaolunan enerjini Azərbaycan üzərindən bu dəhlizə qoşmaq qərarındadırlar. Xatırladaq ki, keçən ilin noyabr ayında Bakıda, İqtisadiyyat Nazirliyində keçirilən üçtərəfli görüşdə Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisi ilə Avropaya elektrik enerjisinin ixracı perspektivləri müzakirə edilmişdi. Tədbirdə tərəflər elektrik enerjisinin ixracı ilə bağlı birgə müəssisənin yaradılması və layihənin iqtisadi əsaslandırılmasına hazırlıq üzrə razılığa gəlmişlər.
Azərbaycanın, Özbəkistanın və Qazaxıstanın iqtisadiyyat və energetika nazirlərinin iştirakı ilə keçirilən həmin görüşdə qeyd edilmişdi ki, üç ölkənin bərpaolunan enerjinin inkişafı və ixracı ilə bağlı yürütdüyü siyasət Azərbaycana Mərkəzi Asiya ölkələrindən Avropaya elektrik enerjisinin təchizi üzrə körpü rolunu oynamağa imkan verir. Görüşün nəticəsi kimi Birgə Kommünike imzalanmışdı.
Hazırda Mərkəzi Asiya ölkələri arasında enerji sahəsində əməkdaşlıq həm ikitərəfli, həm də çoxtərəfli formatda səmərəli şəkildə davam edir. İki ay əvvəl Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin Astanadakı görüşü buna aydın misaldır. Bu, Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə üçtərəfli görüş idi. Həmin tədbirdə bildirilib ki, enerji resurslarının dünya bazarlarına çatdırılmasını şaxələndirən alternativ nəqliyyat dəhlizlərinin və marşrutlarının artan əhəmiyyəti Azərbaycanın Mərkəzi Asiya və Avropa arasında birləşdirici rolunu gücləndirib, enerji dəhlizlərinin potensialının bölüşdürülməsi imkanlarını aktual edib. "Yaşıl enerji"nin Mərkəzi Asiyadan Azərbaycana və daha sonra Avropaya ixracı məqsədilə Azərbaycan, Qazaxıstan və Özbəkistanın energetika sistemlərinin birləşdirilməsi layihəsinin həyata keçirilməsi çərçivəsində yaxşı dinamika və tərəqqi var. Tərəflər layihənin həyata keçirilməsi üçün ilkin texniki-iqtisadi əsaslandırmanın aparılması üzrə texniki tapşırığı təsdiq ediblər. Birgə işçi qrupu Bakıda tərəflərin milli enerji şirkətlərinin iştirakı ilə birgə müəssisənin yaradılması barədə razılığa gəlib.
Nazirlər bu dəfə də ölkələrin bərpaolunan enerji sahəsində potensialını vurğulayaraq, alternativ mənbələrdən alınan elektrik enerjisinin Avropaya ixracı layihəsinə qoşulmağa hazır olduqlarını bir daha qeyd ediblər. Bu kontekstdə Azərbaycanın enerji sisteminə inteqrasiya edəndən sonra Qara dənizin dibi ilə yüksəkgərginlikli xətlərin çəkilməsi imkanlarının araşdırılmasına maraq ifadə olunub. Onlar həmçinin təsdiqləyiblər ki, "yaşıl enerji"nin ötürülməsi layihəsinin inkişafı iştirakçı ölkələrin iqtisadiyyatları və enerji sistemləri arasında əlaqələri daha da gücləndirəcək, milli enerji sənayelərinə yeni təkan verəcək.
Naxçıvan MR-in özünün "yaşıl enerji" mənbələri potensialı ilə enerjinin bu növünün ixracatçısına çevrilməsi də hədəflənib. Bu istiqamətdə Azərbaycan-Türkiyə Enerji Forumu möhkəm platforma təşkil edir.
İlk dəfə 2021-ci ildə Bakıda təşkil olunan Azərbaycan-Türkiyə Enerji Forumu iki qardaş ölkə arasında enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün nəzərdə tutulmuşdu. Əsasən "yaşıl enerji" konsepsiyası çərçivəsində formalaşdırılan bu platforma enerji sahəsində əməkdaşlığın müttəfiqlik səviyyəsinə yüksəldilməsini hədəfləyir. 2022-ci ildə Türkiyədə keçirilən ikinci foruma növbəti dəfə Naxçıvan evsahibliyi etdi.
2023-cü ilin sentyabr ayında keçirilən Azərbaycan-Türkiyə III Enerji Forumunda vurğulandı ki, külək və günəş enerjisi üzrə 1500 MVt-lıq istehsal güclərinin yaradılması və onun ən azı 1000 MVt-nın ixrac edilməsi planları çərçivəsində beynəlxalq enerji şirkətləri ilə əməkdaşlıq Naxçıvanı "yaşıl enerji"nin istehsalçısı, ixracatçısı mənbəyinə və tranzit məkanına çevirəcək. Bu xüsusda "yaşıl enerji" layihələrinin reallaşdırılması ilə bağlı planlar diqqətə çatdırıldı.
Hazırda davam edən Bakı İqlim Fəaliyyəti Həftəsinin də əsas mövzularından biri "yaşıl enerji" dəhlizləridir. Tədbirdə vurğulanıb ki, Azərbaycanın enerji keçidinin regional xarakterli növbəti mərhələsi Xəzər dənizinin nəhəng enerji potensialının işlənməsinə və yeni enerji dəhlizlərinin qurulmasına əsaslanır. Energetika naziri Pərviz Şahbazov bununla bağlı deyib: "Xəzər-Qara dəniz-Avropa "yaşıl enerji" dəhlizinin texniki iqtisadi əsaslandırmasının ilkin nəticələri COP29 çərçivəsində elan ediləcək. Həmçinin "Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş"in tezliklə imzalanması nəzərdə tutulur. Həmin dəhlizlər regional və qitələrarası bağlantılar qurmaqla təchizatın təhlükəsizliyinə və təmiz enerjiyə keçidə müsbət təsirlərini göstərəcək".
Flora SADIQLI,
"Azərbaycan"