Prezident İlham ƏLİYEV: "Biz hava nəqliyyatı üzrə beynəlxalq mərkəzə çevriləcəyik"
Ölkəmizin çoxşaxəli nəqliyyat infrastrukturunun ayrılmaz bir hissəsi də hava yollarıdır. Əgər təkcə Heydər Əliyev Beynəlxalq Hava Limanının keçən il yeddi milyondan çox sərnişin daşıyaraq rekorda imza atdığını və bu rəqəmin daha da artacağının gözlənildiyini xatırlatsaq, şərhə heç ehtiyac qalmaz.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev bir neçə gün əvvəl nəqliyyat məsələlərinin müzakirəsinə həsr olunmuş müşavirədə hava nəqliyyatında ölkəmizin əldə etdiyi nailiyyətlər və perspektivlər üzərində də dayandı: "Son 20 il ərzində Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib. Onların dördü var idi, amma vəziyyəti qənaətbəxş hesab edilmirdi. Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən quruldu. Lənkəran hava limanı faktiki olaraq istifadə edilmirdi. Amma Bakı, Naxçıvan, Gəncə istifadə olunurdu. Bu dörd hava limanının həm zolaqları, həm terminal kompleksləri ən müasir standartlara cavab verir. Bununla bərabər, dörd yeni hava limanı inşa edilmişdir - Qəbələ, Zaqatala, Füzuli və Zəngilan. Doqquzuncu beynəlxalq hava limanı bu il Laçında istifadəyə veriləcək".
Bütün bu hava limanları istənilən ağırlıqda yük və sərnişin təyyarələrini qəbul etməyə qadirdir. Uçuş-enmə zolağı minimum üç kilometr səviyyəsindədir.
Heydər Əliyev Beynəlxalq Aeroportu (Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, yaxud qısaca Bakı Hava Limanı) paytaxtımızdan 20 kilometr şimal-şərqdə, Binə qəsəbəsində yerləşir. 2004-cü il martın 10-dan Ulu Öndər Heydər Əliyevin adını şərəflə daşıyır. Bu, Qafqazda ən böyük beynəlxalq hava limanıdır. Eyni zamanda Azərbaycanın və Qafqazın ən işlək aeroportudur.
Prezident İlham Əliyevə təklif verilib ki, yeni terminal kompleksi Heydər Əliyev Beynəlxalq Hava Limanında inşa edilsin . "Mən də öz dəstəyimi verdim. İndi bu yeni terminal kompleksinin layihəsi və texniki-iqtisadi əsaslandırılması hazırlanır. Artıq buna start verilmişdir və bu da gələcək sərnişinlərin sayını qəbul etmək üçün bizə imkan yaradacaq. Yəni ki, biz o cümlədən hava nəqliyyatı üzrə beynəlxalq mərkəzə çevriləcəyik. Nəzərə alsaq ki, hazırda Ələtdə böyük yük terminalı inşa edilir, onun yük qəbuletmə imkanları 1 milyon ton olacaq. Yəni təsəvvür etmək çətin deyil ki, biz nəqliyyatın sadəcə olaraq bu istiqaməti üzrə hansı işləri görürük", - deyə dövlət başçısı sözügedən müşavirədə məsələyə münasibətini bildirib.
Təqdirəlayiq haldır ki, mövcud səkkiz aeroportun ikisi işğaldan azad edilmiş ərazilərimizdə yerləşir.
44 günlük Vətən müharibəsi zəfərlə başa çatandan az sonra Prezident İlham Əliyev Füzulidə beynəlxalq hava limanının tikintisi barədə sərəncam verdi. 2021-ci il yanvarın 14-də təməlqoyma mərasimi oldu. Tikinti işləri qısa zamanda başa çatdırıldı və həmin il oktyabrın 26-da hava limanının rəsmi açılışı keçirildi. Açılışda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdilər.
Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərini sürətləndirdi. Belə ki, hava limanı həmin ərazilərin bərpa və yenidən qurulması üçün zəruri olan yüklərin daha tez və asan daşınmasına şərait yaratdı. Eyni zamanda liman yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün geniş imkanlar açdı. Hava limanının açılması bölgədə turizmin inkişafına şərait yaradacaq. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərin böyük sənaye, kənd təsərrüfatı və digər istehsal potensialını nəzərə alsaq, həmin ərazilərdə inşa olunan beynəlxalq hava limanları istehsal olunan məhsulların dünya bazarına sürətli çıxarılmasına imkan verəcək. Bütün bunlar isə regionun inkişafına böyük təkan verməklə yanaşı, investisiya cəlbediciliyini xeyli dərəcədə artıracaq.
Füzuli Beynəlxalq Hava Limanı istifadəyə veriləndən cəmi bir il sonra işğaldan azad edilmiş ərazilərimizdə ikinci beynəlxalq aeroport Zəngilanda işə düşdü. Onun tikintisinə 2021-ci ilin aprel ayında başlanılmışdı.
Bu hava limanının da açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdilər.
Zəngilan Beynəlxalq Hava Limanının asfalt-beton örtüklü uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr təşkil edir. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul edə bilir.
Hava limanı ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verir. Müasir dünya tələblərinə cavab verən beynəlxalq aeroportun terminalı saatda 200 sərnişinə xidmət göstərmək imkanına malikdir.
Aeroportda tam avtomatlaşdırılmış hava hərəkətinə nəzarət və aviasiya rabitəsi sistemləri ilə təchiz olunmuş Hava Hərəkətini İdarəetmə Qülləsi tikilib. Uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün ICAO-nun beynəlxalq tələblərinə uyğun olaraq İtaliyanın və Almaniyanın aparıcı istehsalçılarının müasir aeronaviqasiya dəstək sistemləri tətbiq edilib.
Qeyd edək ki, Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti buranın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcəyi günü yaxınlaşdırmaqdadır.
Daha bir hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur. Laçın Beynəlxalq Hava Limanının təməli Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2021-ci il avqustun 16-da qoyulub. Bu, Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Buradan Laçın şəhərinə məsafə 30 kilometrdən, Kəlbəcər şəhərinə 60 kilometrdən bir qədər çoxdur, Şuşa şəhərinə isə 70 kilometrə yaxındır. Yəni Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq.
Laçın aeroportunun təməlini qoyarkən Prezidentimiz bildirmişdi ki, demək çətindir bu inşaat nə qədər vaxt aparacaq: "Ancaq, əlbəttə, biz istəyirik ki, maksimum qısa müddətdə aparılsın. Lakin bildirmək istəyirəm ki, mal-materialların gətirilməsi üçün logistik problemlər var. İndi yay başa çatır, bir müddətdən - oktyabr ayından sonra buralarda qar yağacaq. Mən bunu demək istəməzdim - yollardan istifadə çətinləşəcək. Hər halda bu gün bu tarixi hadisə baş verir, biz Laçın Beynəlxalq Hava Limanının tikintisinə start veririk. Hesab edirəm ki, bu, bir çoxları üçün gözlənilməz oldu. Bəziləri bunu möcüzə hesab edirdilər. Çünki sovet dövründə heç vaxt bu bölgədə - Kəlbəcər-Laçın zonasında hava limanı olmayıb. Məhz bu səbəbə görə. Çünki çox bahalı bir layihə ola bilərdi və məqbul yer də tapmaq mümkün deyil".
Bir neçə gün əvvəl nəqliyyat məsələlərinin müzakirəsinə həsr olunmuş müşavirədə isə Prezident İlham Əliyev bəyan etdi ki, ölkəmizin doqquzuncu beynəlxalq hava limanı - Laçın aeroportu bu il istifadəyə veriləcək.
Flora SADIQLI,
"Azərbaycan"
Misli Premyer Liqası: "Zirə" son dəqiqədə vurduğu qolla qalib gəlib
Ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunacaq
Ağ Evin qarşısında silahlı şəxs güllələnib
Misli Premyer Liqası: “Şamaxı” doğma meydanda “Sabah”ı məğlub edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva “Xəyal etmək azadlığı” sərgisində iştirak ediblər
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib
“Azərbaycan Respublikasının Konstitusiyası Ulu Öndər Heydər Əliyevin tarixi xidmətidir” - seminar
Zelenski: Ukraynaya edilən hava hücum silahlarının tərkibində 82 mindən çox xarici komponent var
İtaliyada orduya daha 30-40 min hərbçi cəlb olunacaq
Dünya ikincisi olan Azərbaycan şahmatçısı: Gümüş medalı anama həsr edirəm
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanın cənub bölgəsində zəlzələ olub - YENİLƏNİB
İsmayıllı rayonunda zəlzələ olub
Bu gün 59 minə yaxın XI sinif şagirdinin buraxılış imtahanı verəcəyi gözlənilir
QMİ sədri və nümayəndə heyəti Belçikada iftar süfrəsində iştirak edib
Cəbrayıl şəhərində sakinlərin iştirakı ilə iməcilik keçirilib
Misli Premyer Liqası: "Qarabağ" liderliyini möhkəmləndirib
Fələstin mediası Ceyhun Bayramovun İƏT Nazirlər Şurasının iclasındakı çıxışını işqlandırıb
Bakıda Beynəlxalq Qadınlar Günü münasibətilə veloyürüş keçirilib
Abşeron Rayon Mərkəzi Xəstəxanasında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid, qazi, veteran analarını, xanımlarını və qızlarını təbrik edilib
Avropa Azərbaycan Mərkəzi Almaniyanın rəsmi qurumlarına və beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!