Konfransın prioriteti isə iqlim maliyyəsidir
"Biz qlobal arenada müxtəlif aktorlar arasında körpülərin qurulması üzərində fəal çalışırıq. Hər kəsə məlumdur ki, iqlim mövzusu ölkələri və xalqları ayıran bir mövzudur. Qarşılıqlı iddialar və ittihamlar var - kim planetimizə xələl gətirməkdə daha çox günahkardır, kim daha çox ödəməlidir və sair. Yəni beynəlxalq arenada qlobal aktor olmasaq belə, zənnimcə, qlobal Cənub və qlobal Şimal arasında körpülərin qurulması mümkündür".
Sentyabrın 6-da İtaliyaya səfəri çərçivəsində "Dünya, Avropa və İtaliya haqqında bilgilər" mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyada çıxış edən Prezident İlham Əliyev bir daha Azərbaycanın COP29-a evsahibliyindən və hazırlıqlardan bəhs edib.
Bu sammit həm də Azərbaycanın ənənəvi enerji ilə "yaşıl enerji" potensialını, ölkəmizin iqlim dəyişikliyinə qarşı mübarizədəki rolunun dünyaya təqdimatı olacaq. Yəni dünyanın ən böyük beynəlxalq tədbiri hesab edilən COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qəbul olunmuş qərar olduqca mühüm əhəmiyyət daşıyır. Bu sammit dünya ictimaiyyətinin diqqətinin iki həftə ərzində ölkəmizə və Azərbaycan vasitəsilə Cənubi Qafqaza yönəlməsinə imkan yaradacaq. Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan ölkəmiz COP29-un nüfuzlu platforması çərçivəsində beynəlxalq birliyə, tərəfdaşlarına göstərəcək ki, "yaşıl enerji"nin dünya bazarına nəqli Azərbaycanın enerji siyasətində prioritet sahələrdən biridir.
Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev Azərbaycanın bu sammitdəki hədəflərini açıqlayaraq qeyd edib ki, COP tədbiri ölkəmizin qlobal iqlim dəyişikliyi ilə mübarizədə mövqeyini gücləndirir. COP29-un prioriteti iqlim maliyyəsidir. Konvensiyanın terminologiyası ilə desək, Bakı COP-unda iqlim dəyişikliyi ilə mübarizə sahəsində "Yeni Kollektiv Kəmiyyət Hədəfi"nin razılaşdırılması nəzərdə tutulur. Bununla yanaşı, COP çərçivəsində iqlim dəyişmələri üzrə vacib sahələr - mitiqasiya və adaptasiya istiqamətləri əhatə olunacaq.
Eyni zamanda danışıqlardan kənar önəmli istiqamətlər olan dövlətlər tərəfindən "İkiillik Şəffaflıq Hesabatları", "Milli Müəyyən edilmiş Töhfələr", "Milli Adaptasiya Planları"nın hazırlanması və təqdim edilməsi məsələləri də diqqət mərkəzindədir. Bu tədbir çərçivəsində Azərbaycanın COP29 sədrliyi tərəfindən 14 əsas təşəbbüs irəli sürülüb. Azərbaycanın məqsədi yalnız milli deyil, qlobal səviyyədə yeni yanaşmalar və innovativ həll yolları təklif etməkdir. Azərbaycan bu təşəbbüslərlə qlobal səviyyədə "yaşıl iqtisadiyyat"a keçidini dəstəkləməkdə öz liderliyini davam etdirəcək. Bu tədbirlər ölkəmizin beynəlxalq səviyyədə etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyini daha da gücləndirəcək.
Göründüyü kimi, COP29-a evsahibliyi Qoşulmama Hərəkatına sədrlik və Təhlükəsizlik Şurasına üzvlükdən sonra Azərbaycanın xarici siyasətinin ən böyük uğurudur. Əlbəttə ki, bundan öncəki mühüm tədbirlərə yüksək səviyyədə evsahibliyi edən Cənubi Qafqazın lideri olan ölkəmiz dünyanın iqlim dəyişikliyinə həsr olunmuş sammitində də statusuna, adına layiq yeniliklər edərək dünyaya səs salacaq.
Sammitin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsinə geniş imkanlar açacaq. Tədbir çərçivəsində Azərbaycanın bərpaolunan enerji mənbələrinin inkişafı, "yaşıl enerji"yə keçid və iqlim dəyişiklikləri ilə mübarizədə qarşısına qoyduğu məqsədlər daha böyük qlobal auditoriyanın diqqətinə çatdırılacaq. Belə ki, Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdırmağı, əsrin ortasına qədər 1990-cı illə müqayisədə karbon emissiyasını 40 faizə qədər azaldaraq beynəlxalq istiləşmənin təhlükəli nəticələrindən qorunmaq üçün dünya alimləri tərəfindən müəyyən edilən səviyyəyə endirməyi qarşısına məqsəd qoyub.
Bir sözlə, COP29-un yekunda tərəfdaş dövlətlərin hansısa qərar qəbul edib-etməməsindən asılı olmayaraq Azərbaycan üçün üstünlükləri ondan ibarətdir ki, dünyanın diqqəti tamamilə ölkəmizə yönələcək, Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsinə töhfə verəcək. Dövlətimizin başçısının da bildirdiyi kimi, Azərbaycan ən yüksək liqaya daxil olmaq istiqamətində növbəti mühüm addım atacaq, kiçik dövlətlər üçün yaradılacaq fond və oraya ediləcək ianələr ölkəmizə yeni tərəfdaşlar qazandıracaq, "yaşıl enerji" sahəsinə yeni investorlar cəlb olunması üçün əlverişli şərait yaranacaq, ölkəmizin daha geniş auditoriyaya tanıdılması üçün əvəzsiz piar olacaq.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"