Qanuni kazino ölkə iqtisadiyyatına nə vəd edir
Müasir dövrdə iqtisadiyyatın dayanıqlı inkişafı üçün turizm sektoru həm daxili və xarici investisiyaların cəlb olunması, həm də əcnəbi turist axınının artırılması baxımından strateji əhəmiyyət kəsb edir. Bir çox ölkələrin təcrübəsi göstərir ki, turizmin inkişafına yönəlmiş xüsusi iqtisadi zonalar və fərqli təşəbbüslər, o cümlədən kazino kimi əyləncə obyektlərinin yaradılması dövlət büdcəsinə əlavə gəlirlərin daxil olması baxımından sərfəli addımdır.
Qlobal kazino sənayesi son illər dünya iqtisadiyyatının diqqətçəkən sahələrindən birinə çevrilmişdir. 2023-cü ildə bu sektorun illik dövriyyəsi 540 milyard dollar təşkil etmiş, sonrakı bir il ərzində isə həmin göstərici 580 milyard dollara yüksəlmişdir. Mövcud trendlər və bazar analizləri göstərir ki, qarşıdakı illərdə də bu artım tempi qorunacaq və 2028-ci ilədək sektorun illik dövriyyəsinin 745 milyard dollara çatacağı ehtimal olunur. Bu dinamika kazinoların yalnız əyləncə sahəsi kimi deyil, həm də ciddi iqtisadi təsir gücünə malik bir sektor kimi dəyərləndirilməsinin vacibliyini ön plana çıxarır. Məsələnin dəyərləndirilməsinə Azərbaycan "pəncərə"sindən baxsaq görərik ki, turizmin inkişafı məqsədilə xüsusi ayrılmış ərazilərdə kazinoların fəaliyyətə başlaması artıq gündəmdədir və bir çox turizm regionları kimi ölkəmizdə də kazinoların fəaliyyətinə icazə verilməsi bu aktuallığı reallaşdırır.
Azərbaycana gələn turistlərin sayını artırmaq üçün əlavə istirahət və əyləncə obyektlərinin açılması tələb olunur. Bu kontekstdə Azərbaycan üçün coğrafi, iqtisadi və mədəni baxımdan yaxın olan ölkələrin təcrübəsini təhlil etmək əhəmiyyətlidir. Məsələn, qonşu Gürcüstanın kazino sektorunda atdığı addımlar və əldə etdiyi nəticələr diqqətəlayiqdir. Ona görə də məsələyə daha geniş prizmadan yanaşmaq üçün regionda uğurlu nümunə kimi Gürcüstandakı kazino biznesinə nəzər salmaq kifayətdir. Ərazi baxımından kiçik, əhalisinə görə daha azsaylı olsa da, Gürcüstan turizm gəlirlərinə görə regionda bir sıra ölkələri, o cümlədən Azərbaycanı geridə qoyur. Bu uğurun əsas səbəblərindən biri kimi kazino biznesinin leqallaşdırılması və effektiv şəkildə idarə olunması göstərilir. Rəqəmlər də həmin iddianı açıq şəkildə təsdiqləyir: 2021-2022-ci illər ərzində Gürcüstanda bu sektorun dövriyyəsi 16,45 milyard avrodan 17,82 milyard avroya yüksəlib. 2024-cü ildə isə həmin göstərici artıq 28 milyard dollara çatıb. Ən maraqlı məqamlardan biri də odur ki, bu sektor təkcə ölkə iqtisadiyyatına gəlir qazandırmaqla kifayətlənmir, həm də minlərlə insana iş imkanı yaradır. Hazırda Gürcüstanda 20 mindən çox insan bu sahədə çalışır. Ölkənin kazinolarına axın edən xarici müştərilər, o cümlədən Azərbaycan vətəndaşları ümumi gəlirin böyük bir hissəsini təmin edir. Bu isə onu göstərir ki, Gürcüstan kazino biznesindən yalnız daxili deyil, həm də regional turizm gəlirlərini cəlb etmək üçün xeyli faydalanır.
Gürcüstan nümunəsi tək deyil. Digər ölkələrin təcrübələri də göstərir ki, kazino biznesi düzgün hüquqi və iqtisadi çərçivədə qurulduqda ölkə iqtisadiyyatına ciddi töhfə verə bilər. Məsələn, Mərkəzi Asiyanın böyük ölkələrindən olan Qazaxıstan uzun illərdir ki, bu sektordan xeyli gəlir əldə edir. Rəsmi statistikaya əsasən, 2023-cü ildə Qazaxıstanda bu sahə üzrə fəaliyyət göstərən mərkəzlərin ümumi gəliri 2,85 milyard dollar olub və dövlət büdcəsinə 245 milyon dollar vergi ödəyib.
Daha bir nümunə isə son illər iqtisadi islahatlara sürətlə yön almış Özbəkistandır. Bu ölkədə sözügedən sektorun leqallaşdırılması istiqamətində real addımlar atılır. Rəsmi məlumatlara görə, 2023-cü ildə Özbəkistan vətəndaşları onlayn kazino oyunlarına təxminən 1 milyard dollar xərcləyiblər. Rəsmi olmayan hesablamalar isə bu rəqəmin 7-8 milyard dollar arasında dəyişdiyini göstərir. Məhz bu səbəbdən hökumət 2025-ci ildən etibarən kazino oyunları üçün rəsmi lisenziyaların verilməsinə başlayacağını açıqlamışdı. Proqnozlara əsasən, leqallaşdırma prosesi başa çatdıqdan sonra Özbəkistan bu sektordan ildə 2 milyard dollara qədər gəlir əldə edə biləcək.
Kazino sənayesinin ən məşhur və uğurlu nümunələrindən biri isə Çin Xalq Respublikasına məxsus Makao bölgəsidir. Burada 30-dan artıq kazino fəaliyyət göstərir və regionun ümumi gəlirinin təxminən 80 faizi məhz bu sektordan əldə olunur. Sinqapur, Filippin, Monako və Kamboca kimi ölkələr də turizm gəlirlərinin böyük hissəsini kazinolara axın edən xarici turistlər hesabına formalaşdırırlar. Bu ölkələrə turistlərin əhəmiyyətli bir qismi əsasən kazinolar üçün gəlir.
Bütün bu nümunələr onu göstərir ki, düzgün tənzimləmə və nəzarət mexanizmləri ilə müşayiət olunan kazino fəaliyyəti ölkə iqtisadiyyatına sanballı fayda gətirir. Mütəxəssislərin fikrincə, Azərbaycanda da xüsusi ayrılmış turizm zonalarında kazinoların leqallaşdırılması ölkəyə gələn turist sayını əhəmiyyətli dərəcədə artırır və turizm sənayesinin dinamik inkişafına təkan verə bilər. O üzdən bu sahənin qanunvericiliklə tənzimlənərək yenidən fəaliyyətə başlaması, yüksəkgəlirli turistlərin ölkəyə cəlb olunmasına şərait yaradar.
Üstəlik, Azərbaycanda kazinoya maraq da az deyil. Uzun illərdir ki, bu əyləncə növünə maraq göstərən vətəndaşlarımız xarici ölkələrə, xüsusən qonşu Gürcüstana üz tuturlar. Bu, hər il milyonlarla xarici valyutanın ölkədən çıxması deməkdir. Söylədiklərimizi rəqəmlər də təsdiqləyir: Gürcüstanda fəaliyyət göstərən kazinoların gəlirlərinin azı 20 faizi məhz Azərbaycan vətəndaşlarının hesabına formalaşır.
Elə isə niyə bu potensial imkanlar ölkə daxilində reallaşdırılmasın? Əgər Azərbaycanda kazinolar qanuni şəkildə fəaliyyətə başlasa, bu pulların xaricə axınının qarşısı alınar, vəsait ölkə daxilində dövr edər, yeni iş yerləri yaranar, hotel və restoran sektoru canlanar. Turizm sahəsində hərəkətlilik artar, dövlət büdcəsinə vergi daxilolmaları yüksələr, iqtisadi fəallıq genişlənər. Hətta bir addım irəli gedərək deyə bilərik ki, bu, regionların sosial-iqtisadi inkişafına da müsbət təsir göstərər. Onu da xüsusi qeyd edək ki, ölkədə kazinoların olmaması bir çox insanı nəzarətsiz onlayn oyunlara yönəldir ki, bu da dələduzluq hallarının artmasına səbəb olur. Əgər bu sahə hüquqi çərçivəyə salınsa, vətəndaşlar bu təhlükədən də qorunar. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda son illər gizli kazinoların yaradılması halları müşahidə olunur və hüquq-mühafizə orqanları vaxtaşırı bu cür qanunsuz obyektləri aşkar edirlər. Hələ onu demirik ki, onlayn mərc və kazino saytları üzərindən fırıldaqçılıq halları artır. Bu vəziyyət həm vətəndaşların hüquqlarını pozur, həm də dövlətin iqtisadi və hüquqi təhlükəsizliyinə zərər vurur. Odur ki, turizmin inkişafı üçün, məsələn, Sea Breeze kimi mərkəzləşdirilmiş və nəzarətli bir ərazidə qanuni kazino fəaliyyətinə icazə verilməsinin qanunsuz oyun biznesinə qarşı təsirli vasitə olacağı və üstəlik, ölkəmizə xarici turistləri cəlb edəcəyi şübhəsizdir. Başqa sözlə, qanuni və nəzarət altında fəaliyyət göstərən kazinolar ölkədə turizmin inkişafına və iqtisadiyyatın güclənməsinə təkan verəcək, qanunsuz oyun biznesinin və fırıldaqçılığın qarşısını almaqda mühüm rol oynayacaq.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"