26 Avqust 2023 09:00
7478
SİYASƏT
A- A+
Azərbaycana misilsiz sədaqət simvolu

Azərbaycana misilsiz sədaqət simvolu

 

İnsan həyatının böyük mənası onun həmrəylik, qayğıkeşlik, xeyirxahlıq, başqalarına yardım əli uzatmaq, dayaq olmaq kimi mənəvi dəyərlərində təzahür edir. Toplumun formalaşması və həyat immuniteti, cəmiyyətin əxlaqi saflığı bu dəyərlər üzərində qərar tutaraq inkişaf edir. 
Müasir Azərbaycan cəmiyyətində sözügedən ali keyfiyyətləri özündə ən üzvi surətdə birləşdirən insanların sırasında Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva şərəfli yer tutur. Onun şəxsiyyətinə, böyük həvəs, məhəbbət və uğurla həyata keçirdiyi, xalqımızın və dövlətimizin firavan bu günü ilə yanaşı xoşbəxt gələcəyinə hədəflənmiş yüksək tarixi əhəmiyyətli missiyasına Azərbaycan xalqının hüdudsuz sevgisinin kökündə məhz bu səbəblər dayanır.  

 

Vətənə təmənnasız xidmət nümunəsi

 

Vətənə, xalqa, dövlətə təmənnasız xidmət insanın həyat və fəaliyyətinin ictimai dəyərini təyin edən başlıca xüsusiyyət kimi qiymətləndirilir. Xalqın həyatında dərin izlər buraxmış, ictimai inkişafa əhəmiyyətli töhfələr vermiş bütün insanları onların dövlət qarşısındakı təmənnasız xidmətləri birləşdirir. Bütünlükdə bəşəriyyətin çoxəsrlik tarixi kimi hər bir xalqın mövcudluğu bu qəbildən olan insanların fədakarlıqları üzərində qərar tutur.
Azərbaycana təmənnasız xidmət nümunələri tariximizin şərəf lövhəsini bəzəyən dahi insanları birləşdirən ən ümumi keyfiyyət sayıla bilər. Bu halda ehtiramla xatırlanmağa layiq saydığımız insanların siyahısına Ulu Öndər Heydər Əliyev başçılıq edir. İndiki nəsillər Vətənə və xalqa təmənnasız xidmətin ən gözəl nümunələrini ondan öyrəniblər və öyrənməkdədirlər. Müstəqil Azərbaycan dövlətinin qurulmasından tutmuş onun hazırkı möhtəşəm qələbələrinədək keçdiyimiz şərəfli yolda ən parlaq ulduz rolunu Heydər Əliyevin unudulmaz milli fədakarlıq nümunələri və onun davamçısı olan Prezident İlham Əliyevin xalqa böyük xidməti oynamışdır və oynamaqdadır. Bunlarsız nə müasir Azərbaycanı, nə onun möhtəşəm, qeyri-adi inkişafını, nə də ölkəmizi gözləyən daha böyük uğurları başa düşmək mümkündür. Şübhə yoxdur ki, Ulu Öndərin Azərbaycana təmənnasız, fədakarcasına xidmət nümunəsinin ən böyük, ən inanılmış davamçısı Prezident İlham Əliyevdir. 
Hamılıqla qəbul edilən bu fikrin davamı olaraq məmnunluqla və mütləq şəkildə o da vurğulanmalıdır ki, dahi Heydər Əliyevin Azərbaycana təmənnasız xidmət nümunələrinin digər böyük layiqli və yaradıcı davamçısını Mehriban xanım Əliyevanın timsalında görür və qiymətləndiririk. Azərbaycanın birinci xanımının fəaliyyətində vətənə xidmət insana qayğı, insana qayğı isə vətənə xidmət formasında özünü büruzə verməkdədir. Böyük mənəvi tərkibə malik olan bu yanaşma vətənə təmənnasız xidmət anlayışının yüksək yaradıcılıqla inkişaf etdirilməsi, ona daha humanist məna verilməsi yolu ilə zənginləşdirilməsi nümunəsi sayılmağa layiqdir. 
Mehriban xanım Əliyevanın haqqında söhbət açdığımız problemə yaradıcı yanaşmasının kökündə insana qayğı hissinin xüsusi statusa malik olması dayanır. Qeyd etmək yerinə düşər ki, istənilən fəaliyyətin kökündə əxlaqi-mənəvi başlanğıcının üstün iştirakı ona yeni dəyər verir, mənaca zənginləşdirir və yüksəldir. Azərbaycanın birinci xanımının bütün çoxşaxəli fəaliyyətində humanist tərkibin üstün xarakter kəsb etməsi, insana qayğı ünsürləri ilə üzvi vəhdət təşkil etməsi nəinki qabarıq şəkildə müşahidə olunmaqdadır, eyni zamanda vətənə xidmət anlayışının yeni ölçülərini müəyyənləşdirir. Məhz bunun sayəsində vətənə-dövlətə xidmət anlayışı yüksək ictimai-tarixi statusu ilə yanaşı, eyni zamanda zəruri insani parametr kəsb edir. 
Sübut etməyə ehtiyac yoxdur ki, dövlətə təmənnasız xidmət apriori olaraq insana xidmət, onun üçün rahat və təhlükəsiz həyatın təmin edilməsi anlamına gəlir. Güclü dövlət olmadan insanın təhlükəsizliyi, eləcə də ictimai rifah təmin edilə bilməz. Klassik mənada dövlətə təmənnasız xidmət insana qayğını məhz bu formada və ardıcıllıqla ictimai dəyər statusuna yüksəltməyi nəzərdə tutur. Lakin dövlətə xidmət - insana qayğı formulunda ikincisinin daha qabarıq şəkildə təzahür etməsi problemin ictimai statusunu insan amili prizmasından həll etməyi hədəfləndirir. Sözügedən problemə qeyd olunan kontekstdə yanaşılması tam cəsarətlə vətənə təmənnasız xidmət anlayışının Mehriban Əliyeva modeli adlandırıla bilər. 
Onu da qeyd etməkdə fayda var ki, insana qayğı elementləri son illərdə ölkəmizdə həyata keçirilən siyasətin ümumi mənasını və istiqamətini təyin edən əsas amillərdən biri olaraq müşahidə edilməkdədir. Dövlət siyasətində sosial yönümün güclənməsi, ictimai rifahın yüksəlməsi naminə ciddi nəticələrlə müşayiət olunan islahatların həyata keçirilməsi, insanların həyatında müsbət meyillərin artan dinamikası və s. dövlətə təmənnasız xidmət anlayışının insana qayğı elementləri ilə daha da zənginləşməsinin gözəl nümunələridir.
Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dövlətə təmənnasız xidməti və onun yüksək nəticələri demək olar ki, hər sahədə mütəmadi olaraq görünməkdədir. Ölkəmizin davamlı inkişafını təmin edən Prezident İlham Əliyevin uğurlu siyasətinin möhtəşəm nəticələrində onun iştirak payı kifayət qədər böyük tarixi əhəmiyyət daşıyır. Mehriban Əliyeva vətənə təmənnasız xidmət nümunəsi olan Prezident İlham Əliyevin yanında xalqımızın daim məmnuniyyətlə görmək istədiyi və gördüyü ictimai və dövlət xadimidir. 

 

Xeyirxahlıq simvolu

 

Müstəqil Azərbaycan dövləti yarandıqdan sonra yeni cəmiyyətin özünəməxsus ənənələrinin formalaşması müasir tariximizin ayrılmaz tərkib hissəsini təşkil edir. Hesab edirəm ki, insanlarımız yeni Azərbaycan cəmiyyətinin bir sıra ənənələrinin birinci xanım Mehriban Əliyevanın adı ilə bağlı olduğunu böyük ehtiram hissi ilə qeyd edir. Bunların arasında xeyirxahlığın, insana qayğı və dərin humanizm ənənəsinin yeni cəmiyyətin həyat tərzi kimi formalaşması ayrıca qeyd olunmağa layiqdir.
Heydər Əliyevin adını daşıyan fondun təsis edilməsi və Mehriban Əliyevanın rəhbərliyi ilə fəaliyyətə başlaması ölkəmizdə humanizm və xeyirxahlıq anlayışlarının yeni səviyyələrə yüksəlməsinə start verdi. Fondun həyata keçirdiyi çoxsaylı xeyriyyə layihələri onu on minlərlə insanın nicat yeri kimi tanıtmışdır. 
Mehriban xanım Əliyevanın xeyriyyəçilik fəaliyyətini fərqləndirən xüsusiyyət onun geniş vüsəti, böyük coğrafi əhatə dairəsi, habelə konkret ailə və ya insanları nəzərdə tutan aksiyaları özündə üzvi surətdə birləşdirə bilməsidir. Buna görə də birinci xanımın xeyriyyəçilik fəaliyyəti özünün miqyası və möhtəşəmliyi ilə əsl xeyriyyəçilik hərəkatını xatırladır. 
"Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi ölkəmizin tarixində ən əzəmətli xeyriyyəçilik hərəkatı sayıla bilər. Layihənin uğurla həyata keçirilməsi sayəsində təhsil infrastrukturu əhəmiyyətli dərəcədə yeniləşmək, on minlərlə uşaq yeni müasir məktəblərdə təhsil almaq imkanı qazandı. Qeyd etmək yerinə düşər ki, "Yeniləşən Azərbaycana yeni məktəb" hərəkatı bu gün də davam edir, respublikamızın bütün bölgələrinə yayılaraq ölkəmizin təhsil tarixinin silinməz səhifəsini təşkil edir.
Mehriban Əliyevanın təşəbbüslərinə bir qayda olaraq yüksək insani hisslərlə yanaşı, dərin ictimai məna xasdır və bu da həmin təşəbbüslərin ictimai ideal səviyyəsinə yüksəlməsini təmin edir. XXI əsrin əvvəllərindən etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə yeniləşən Azərbaycanın təhsil infrastrukturunun ölkənin müasirləşmə strategiyasına uyğunlaşdırılması obyektiv ictimai zərurət xarakteri kəsb edirdi. Birinci xanımın haqqında bəhs edilən təşəbbüsü həmin tarixi zərurətin dərk edilməsinə arxalanır, onun mahiyyətindən irəli gələn siyasətin formalaşmasına əhəmiyyətli dəstək missiyasını yerinə yetirir. Eyni fikirlər Mehriban Əliyevanın təşəbbüskarı və hamisi olduğu digər çoxsaylı layihələrə eyni dərəcədə şamil edilməlidir.
Mehriban xanımın yüksək insani dəyər və ictimai əhəmiyyət kəsb edən humanizmi 44 gün davam edən Vətən müharibəsi və ondan sonrakı dövrdə qazilərimizə şəfa aksiyaları formasında özünü bir daha təsdiq etmişdir. Qarabağın azadlığı uğrunda savaşlarda xəsarət alan igidlərin sağlamlığının bərpa edilməsi ilk növbədə Azərbaycan dövlətinin diqqəti və qayğısı ilə əhatə olunub. Lakin cəmiyyətin də bu həssas problemə biganə qalmaması qazilərimizin sağlamlığının qısa vaxtda və yüksək səviyyədə bərpa olunmasının ictimai mənasını və əhəmiyyətini qat-qat artırır. Bu baxımdan Heydər Əliyev Fondunun Vətən müharibəsi qazilərinə qayğısının, onların sağlamlığının bərpası naminə həyata keçirdiyi aksiyaların genişmiqyaslı missiya ölçüləri kəsb etməsi diqqəti çəkməkdədir. 
Mehriban Əliyevanın xeyirxahlığının başlıca ölçüsü konkret vətəndaş, onun problemləri və ehtiyaclarıdır. Bu alicənab insanın sayəsində neçə-neçə vətəndaşımız sağlamlığına qovuşub, şəfa tapıb, üzləşdiyi çətinliklərin məngənəsindən xilas olub. Minlərlə insan Mehriban xanımın timsalında özünün inanılmış, etibarlı və qüdrətli dayağını görür, ona güvənir. Azərbaycanın birinci xanımı ehtiyacı olan hər kəs üçün ümid yeri, pənah ocağıdır. Həmin insanlar Mehriban Əliyevanın timsalında humanizm, qayğıkeşlik və xeyirxahlıq simvolunu görür, ona özlərinin böyük dayağı kimi baxırlar. 
Mehriban xanım Əliyevanın şəxsiyyəti və fəaliyyətinin miqyasları Azərbaycanın hüdudlarından kənara çıxdığı kimi, onun humanizmi və insanpərvərliyi də sərhəd tanımır. Dünyanın harasında olmasından asılı olmayaraq çətinliyə düşən insanların ölkəmizin birinci xanımının qayğısı və diqqəti ilə əhatə olunmasına dair saysız-hesabsız nümunələr gətirilə bilər. Azərbaycan dövlətinin ayrı-ayrı ölkələrə dostluq və qardaşlıq yardımları ilə yanaşı, Heydər Əliyev Fondunun və şəxsən Mehriban Əliyevanın təşəbbüsləri əsasında göstərilən humanitar yardımlar xalqımızın humanist və insanpərvər xarakterinin bütün dünyada təbliğinin gözəl və təsirli nümunələridir. 
Bu ilin fevral ayında əsrin zəlzələsi fəlakəti ilə üzləşərkən qardaş Türkiyəyə Azərbaycandan yola düşən ilk yardım karvanları xalqımızın qardaşlıq və humanizm duyğularının bariz göstəricisi sayılır. Eləcə də Mehriban xanımın təşəbbüsü ilə zəlzələ bölgəsinə çatdırılan yardımın ölkəmizin qardaşlıq köməyinin mənasını, tutumunu və dəyərini qat-qat yüksəklərə qaldırması diqqətdən yayınmadı. 

 

Azərbaycan mədəniyyətinin qüdrətli hamisi

 

Xalqın inkişafının ən mühüm göstəricilərindən biri onun mədəniyyətinin yüksəlişi sayılır. Mədəniyyətin inkişafına göstərilən qayğı nəticə etibarilə milli inkişafın təmin olunması yolunda atılan addım kimi qiymətləndirilir. Müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində mədəniyyətin, mənəvi dəyərlərin böyük rolunu Ümummilli Lider Heydər Əliyev daim yüksək qiymətləndirirdi. Ulu Öndərin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanın inkişafı, dövlətin qüdrətinin artırılması yolunda uğurla həyata keçirdiyi siyasətdə mədəniyyət tərkibinin ayrıca yer tutduğunu görməmək mümkün deyildir. 
Qeyd olunanların kontekstində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın mədəniyyətimizə göstərdiyi misilsiz qayğı, onun sözün həqiqi mənasında hamisi missiyasını öz üzərinə götürməsi əlamətdar hadisə, böyük fədakarlıq nümunəsi kimi qeyd edilməyə bilməz. Diqqəti cəlb edən digər məqam isə birinci xanımın mədəniyyətin inkişafına ardıcıl, kompleks, sistemli yanaşması hesab edilməlidir. Məhz bu konsepsiya sayəsində qədim tarixə və dərin ənənələrə malik olan mədəniyyətimiz müstəqil Azərbaycanın hərtərəfli və dinamik yüksəlişinin əvəzolunmaz amilinə çevrilə bilmişdir. 
Prezident İlham Əliyevin düşünülmüş uğurlu siyasətində Azərbaycanın müasirləşməsi həm inkişafın qüdrətli amili, həm də ölkəmizin dünya birliyinə layiqli təqdimatı kontekstində nəzərdən keçirilir. Ölkəmizin inkişaf strategiyasının qeyd olunan ayrılmaz tərkib hissəsinin praktikada həyata keçirilməsinin ən yaddaqalan nümunələri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin vacib istiqamətini təşkil etməkdədir. 
Mehriban xanım Əliyeva, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin inkişafına həsr edilmiş onlarca yaddaqalan layihələri ilə mənəvi dəyərlərimizin müasir şəraitdə inkişafına misilsiz töhfə vermişdir və bu gün də verməkdədir. Klassik milli musiqimizin incisi sayılmağa layiq olan muğam sənətinin canlandırılması, layiq olduğu həyata qaytarılması məqsədilə keçirilən muğam müsabiqələri son illərin ən sevilən mədəni layihələri içərisində yer almaqdadır. 
Düşünürəm ki, Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafına misilsiz qayğısından danışarkən Qarabağın qayıdışı və dirçəlişinin simvoluna çevrilmiş "Xarıbülbül" festivalını xatırlamamaq qeyri-mümkündür. Bu festival Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi zəfərinin, Azərbaycanın qələbəsinin, Qarabağın azadlığının və möhtəşəm dirçəlişinin bütün dünya qarşısında ən gözəl təqdimatı adlandırılmağa layiqdir. Festivalın Şuşada keçirilməsi, çoxsaylı xarici qonaqları əhatə etməsi onun siyasi, mədəni və beynəlxalq əhəmiyyətini qat-qat artırır. 
Eyni sözlər Şuşada əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Vaqif Poeziya Günlərinin bərpa edilməsinə şamil oluna bilər. Hər iki möhtəşəm layihə bütün digər xüsusiyyətləri ilə yanaşı, Şuşanın, Qarabağın tarixən Azərbaycana məxsusluğu mesajının ən inandırıcı formada bütün dünyaya çatdırılmasından ibarət olan böyük missiya yükünə malikdir. 
Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafına verdiyi əvəzsiz töhfənin ayrıca bir istiqaməti tarixi mədəni abidələrimizin bərpa olunaraq həyata qaytarılmasında öz ifadəsini tapmaqdadır. Heydər Əliyev Fondunun birbaşa dəstəyi ilə reallaşdırılan tarixi mədəni abidələrin bərpası layihələri Azərbaycanın zəngin mədəni irsinin qorunması və inkişafının diqqətəlayiq nümunələridir. Bu nümunələr içərisində Şuşada Vaqifin ötən əsrin 70-ci illərində Heydər Əliyevin rəhbərliyi altında ucaldılan abidəsinin bərpa edilməsi nəinki mədəni, habelə dərin siyasi məna kəsb edir. 
Azərbaycanın birinci xanımının bilavasitə rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən Qarabağda bərpa edilən dini abidələr, ölkəmizin paytaxtı Bakıdan tutmuş bir sıra regionlarında təmir olunaraq insanların istifadəsinə verilən onlarca məscidlər, məbədlər mənəvi dəyərlərimizin qorunmasının parlaq nümunələri sırasında yer alır. Məhz bu layihələrin sayəsində xalqımız tarixinə, mədəniyyətinə, mənəvi dəyərlərinə daha dərindən qovuşur, mənəvi saflıq, vətənpərvərlik, xalqımıza xas olan digər ali dəyərlər təbliğ olunur.  
Milli mənəvi dəyər və sərvətlərimizin qorunması sahəsində Mehriban xanımın müstəsna xidmətlərinin, əslində isə fədakarlıqlarının həqiqi miqyasları və məqsədləri haqqında düşünərkən onun böyük bir tarixi missiyanın ifadəsi olduğunu görməmək və qeyd etməmək doğru olmazdı. Mədəniyyətimizin inkişafına göstərilən qayğının milli hüdudları aşaraq beynəlxalq səviyyəyə çatdırılması, xalqımızın qədim mənəvi dəyərlərinin bütün dünyada təbliği sahəsində müşahidə etdiyimiz layihələr deyilən fikrin həqiqət çəkisini dəfələrlə artırır. Azərbaycana məxsus bir sıra maddi və mənəvi mədəniyyət nümunələrinin UNESCO tərəfindən dünyanın mədəni sərvətləri sırasına daxil edilməsi müstəsna olaraq Mehriban xanımın xidmətləri nəticəsində mümkün olmuşdur. Xarici ölkələrdə Azərbaycan mədəniyyətinin bir sıra parlaq nümayəndələrinin abidələrinin ucaldılması, mədəni irsimizin dünya xalqlarına tanıdılması da Mehriban Əliyevanın həyata keçirdiyi mədəni missiyanın tərkib hissələridir. 
Heç şübhə yoxdur ki, Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü ilə Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq mədəniyyət festivalları ölkəmizin imicinin formalaşdırılması, Azərbaycanın təbliğatı, habelə onun beynəlxalq nüfuzunun artırılması kimi məqsədlərə xidmət göstərməkdədir. Bütün bunların sayəsində böyük iqtisadi layihələri ilə qlobal iqtisadiyyatın ayrılmaz bir hissəsinə çevrilən Azərbaycan eyni zamanda dünya mədəni həyatının arzuolunan iştirakçısı statusu qazanmağa müvəffəq olmuşdur.  

 

Xoşməramlı elçi

 

Gənc müstəqil Azərbaycanın beynəlxalq təbliği onun özünütəsdiqinin və qarşısında dayanan vəzifələrin uğurlu həllinin vacib səbəblərindən biri idi. Zamanında Ulu Öndər Azərbaycanın beynəlxalq əlaqələrinin qurulması naminə kifayət qədər enerji sərf etmiş, ölkəmizi dünya birliyinə layiqincə tanıda bilmişdi. Prezident İlham Əliyevin həmin ənənələri ardıcıl surətdə davam etdirməsinin yüksək nəticələri indi hamıya yaxşı tanışdır. Azərbaycan dövlətinə və xalqına təmənnasız xidmətlərinə görə milyonların dərin rəğbətini qazanmış Birinci vitse-prezident Mehriban Əliyevanın ölkənin beynəlxalq imicinin formalaşması kimi strateji əhəmiyyət daşıyan vəzifələrdən kənarda qalmasını təsəvvür etmək sağlam məntiqin imkanları xaricindədir. Azərbaycan xalqının bu sahədə ondan gözləntisi bütün enerjisi və təcrübəsi ilə ölkəmizin beynəlxalq imicinin formalaşması işinə töhfə verməsi sayıla bilərdi. Təsadüfi deyildir ki, insanlar gümanlarında yanılmadılar. Mehriban Əliyeva beynəlxalq aləmdə Azərbaycanın ən yaxşı təmsilçisi, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin və onun uğurlu nəticələrinin təbliğatçısı rolunu böyük bacarıqla həyata keçirməyə başladı.
Etiraf edilməlidir ki, istənilən ölkənin beynəlxalq təbliğatının ilkin şərti onun nailiyyətləri, mövcud siyasi hədəfləri, tarixi, mədəniyyəti sayılır. Bu mənada gənc müstəqil dövlət olan Azərbaycanın beynəlxalq təqdimatının yüksək səviyyədə təşkil olunmasına yetərincə əsasların mövcudluğu təkzibolunmaz həqiqət kimi göz önündədir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, müasirləşməsi, insanların rifahının yaxşılaşması, beynəlxalq əməkdaşlığa və iştirakçılığa hazır olması onun beynəlxalq icmaya təqdimatına əlverişli imkanlar yaradır. Bununla yanaşı, Azərbaycana qarşı çirkli təbliğat tərəfdarlarının mövcudluğu, ölkəmizin reallıqlarının ayrı-ayrı maraqlı və məkrli qüvvələr tərəfindən təhrif edilməsinə dair çoxsaylı cəhdlər gənc dövlətin həqiqətlərinin beynəlxalq birliyin diqqətinə olduğu kimi çatdırılmasının rolunu və məsuliyyətini qat-qat artırır. Bu isə öz növbəsində problemin həllinə daha nüfuzlu, daha təcrübəli və daha miqyaslı xadimlərin cəlb edilməsini şərtləndirir. Başqa sözlə ifadə etsək, Mehriban Əliyevanın Azərbaycanın beynəlxalq təqdimatı kimi xüsusi əhəmiyyət kəsb edən vəzifənin icrasına qoşulması onun uğurunun əvvəlcədən təyin edilməsi nümunəsi sayılmalıdır. Ölkəmiz dünyanın ən uğurlu gənc dövlətlərindən biri hesab edilməsinə görə ilk növbədə titanik səylərinin real nəticələri hamıya bəlli olan Prezident İlham Əliyevə, eləcə də bu gerçəkliyi beynəlxalq icmaya inandırıcı şəkildə çatdırmaqda misilsiz xidmətlər göstərmiş Mehriban Əliyevaya minnətdar olmalıdır.
Mehriban xanım Əliyeva Azərbaycan xalqının dərin hörmət bəslədiyi dəyərli ictimai və dövlət xadimi olmaqla bərabər, həm də beynəlxalq miqyasda yaxından tanınan, yüksək qiymətləndirilən siyasət adamıdır. Onun geniş fəaliyyətinin qlobal miqyasda dərin iz buraxması, bir çox təşəbbüslərinin geniş əks-səda doğurması xalqımızın milli iftixar hissini zənginləşdirən reallıqlar kateqoriyasına aid edilə bilər. Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti uzun illər ərzində ölkəmizin beynəlxalq aləmdə böyük və şərəfli elçisi missiyasını yüksək peşəkarlıqla həyata keçirməkdədir.
Mehriban xanım Əliyevanı Azərbaycanın böyük elçisi adlandırarkən mən, əlbəttə, onun bu şərəfli missiyasının hüdudlarını məhdudlaşdırmaq fikrindən uzağam. Mehriban xanım dünyanın ən mötəbər humanitar təşkilatları olan UNESCO və ICESCO-nun xoşməramlı fəxri elçisi kimi həmin qurumların fəaliyyətinin ən parlaq səhifələrinin yazılmasına müstəsna şəxsi töhfə vermişdir. Onun bilavasitə təşəbbüsləri ilə dünyanın bir sıra ölkələrində çoxsaylı mədəni layihələr, xeyriyyəçilik aksiyaları keçirilmiş və keçirilməkdədir. Təmsil olunduğu beynəlxalq təşkilatların Azərbaycanın Birinci vitse-prezidentini ən yüksək mükafatları ilə təltif etməsi ilk növbədə onun əməyinə və xidmətlərinə, eyni zamanda ölkəmizin beynəlxalq əməkdaşlıq töhfələrinə yüksək qiymətin bariz ifadəsidir.
Mehriban xanımın təşəbbüsü ilə Pakistanda inşa edilib pakistanlı uşaqların sərəncamına verilən orta məktəb iki ölkə arasında dostluq tellərinin daha da möhkəmlənməsinə müsbət təsir göstərən amillərdən biri olmuşdur. Təsəvvür etmək çətin deyil ki, həmin məktəbdə təhsil alan yeniyetmələr heç vaxt Mehriban xanımı və ölkəmizi unutmayacaq, Azərbaycanın bu ölkədəki ən sadiq dostları olacaq. Eyni sözləri Mehriban xanımın layihələrinin uğurla həyata keçirildiyi digər ölkələr haqqında da söyləmək mümkündür. Vatikan katakombalarının bərpasına Mehriban xanımın təşəbbüsü sayəsində göstərilən yardımlar dinlərarası və mədəniyyətlərarası dialoqun dərinləşməsinə qoyulan faydalı sərmayə, Azərbaycanın zəngin tolerantlıq ənənələrinin təqdimatının parlaq nümunəsi adlandırılmağa layiqdir. 
Bütün sahələrdə olduğu kimi, xoşməramlı elçi missiyası da Mehriban xanım Əliyevanın timsalında böyük ustalıqla, ən başlıcası isə ölkəmiz üçün ən faydalı şəkildə icra olunur. Azərbaycanın tarixi nailiyyətlərində bu missiyanın əhəmiyyətli xüsusi çəkiyə malik olması hamılıqla etiraf olunan reallıq sayılır. 

 

Azərbaycanı gələcəyə aparan qoşa addımlar 

 

XXI əsrin ikinci onilliyindən başlayaraq Azərbaycan qlobal təşkilatların qiymətləndirmələrində, habelə beynəlxalq müşahidəçilər tərəfindən dünyanın ən uğurlu gənc dövləti statusuna layiq görülmüşdür. Qərəzsiz hər bir insan beynəlxalq ictimai rəydə qəti şəkildə qərarlaşmış bu qiymətləndirmənin həqiqətin doğru və bitkin ifadəsi olduğunun fərqindədir. Sovet imperiyasının süqutundan sonra Ermənistanın Azərbaycana hərbi təcavüzünün, torpaqlarımızın təxminən 20 faizinin işğal edilməsinin, bir milyona yaxın vətəndaşın etnik təmizləmə nəticəsində qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum edilməsinin, habelə həmin dövrün siyasi təlatümlərinin yaratdığı dərin iqtisadi böhrandan sonra gənc dövlətin qısa zaman içərisində qeyri-adi inkişaf nümunələri nümayiş etdirməsi yalnız möcüzə ilə müqayisə oluna bilər. 2020-ci ildə 30 ilə yaxın davam edən işğalın Azərbaycan Ordusunun qalibiyyətli döyüşləri sayəsində cəmi 44 gün ərzində aradan qaldırılması, təcavüzkar Ermənistanın təslim aktına imza atmağa məcbur edilməsi ölkəmizin imicini yeni şərəfli səhifələrlə daha da zənginləşdirdi. İndi bütün dünya XX əsrin 90-cı illərinin məğlub olmuş, iqtisadi böhran içərisində əzilən Azərbaycanın yerində böyük keçid mərhələsini yaşamış qüdrətli, əzəmətli, müasir, məğrur, gələcəyinə sarsılmaz inam və nikbinliklə baxan Azərbaycan dövlətini görür. Vaxtilə ölkəmizin yuxarıda qeyd edilən iqtisadi statusunu dəqiqliyi ilə dəyərləndirməyə müvəffəq olan reytinq təşkilatları və beynəlxalq ekspertlər indi onun parlaq gələcəyi ilə bağlı proqnozlar hazırlayırlar. Ümid etmək olar ki, təqdim olunan proqnozlar yeni Azərbaycan möcüzələrində özünün hərtərəfli təsdiqini tapa biləcəkdir. 
Azərbaycanın uğurlu keçmişini və ondan da parlaq olacağına inandığımız gələcəyini təmin edən səbəblər barəsində çoxsaylı təhlillər aparılıb və bu gün də aparılmaqdadır. Ən əsas amillərin Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müasir uğur və qələbələrinin müəllifi saydığımız Prezident İlham Əliyevin adı ilə əlaqədər olması cəmiyyətimizlə yanaşı, bütün dünyanın birmənalı şəkildə qəbul etdiyi reallıqdır. Eyni zamanda ölkəmizin uğur və şərəf tarixinin yaradılmasına Birinci vitse-prezidentin çoxcəhətli fəaliyyətinin və fədakarlıqlarının misilsiz töhfələr verməsi diqqəti cəlb etməklə yanaşı, xalqımız tərəfindən yüksək qiymətləndirilən digər gerçəklikdir. Mehriban Əliyevanın ölkəmizin əsrarəngiz inkişafına və möhtəşəm qələbələrinin qazanılmasına Prezident İlham Əliyevin ən yaxın silahdaşı və köməkçisi kimi müstəsna töhfələri şərəfli tariximizin parlaq səhifələrindəndir.
Azərbaycan xalqı Prezident İlham Əliyevi və Mehriban Əliyevanı uzun illər çox müxtəlif ictimai situasiyalarda daim bir yerdə görməyə adət edib. Bu birliyin dərin qatlarında mənəvi və siyasi baxışların ayrılmaz vəhdət təşkil etməsi sərrast müşahidəçilərin və məntiqi təhlilin sağlam məhsulu sayıla bilər və sayılmaqdadır. Tam səmimiliklə qeyd edilə bilər ki, Prezident İlham Əliyevin və Mehriban xanımın publik məkanda daim yanaşı olması, vacib dövlət tədbirlərində birlikdə iştirak etməsi sadəcə olaraq mədəni dünyanın qəbul etdiyi davranış modelinə hörmət əlaməti kimi başa düşülə bilməz və düşülməməlidir. Onun daha böyük mənası və ictimai dəyəri dərin birlik, həmrəylik nümunəsi rolunu oynamasında, sarsılmaz etibar və etimadı ifadə etməsindədir. Xalqın düşüncəsində qoşa addımlamaq vahid məqsəd naminə əqidə birliyi, dərin həmrəylik ifadəsi sayılır. Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin və Mehriban Əliyevanın qoşa addımlarını firavan gələcəyin, əmin-amanlığın və növbəti uğurların sınanmış əlaməti olaraq qəbul edir və yüksək qiymətləndirir. 
Mehriban xanım Əliyevanın həyat amalı, tarixi missiyası Ulu Öndər Heydər Əliyevin qurduğu, Prezident İlham Əliyevin uğurla bugünkü yüksəkliklərə ucaltdığı Azərbaycanın xoşbəxt gələcəyi naminə təmənnasız xidmətlər göstərməkdən ibarətdir. Onun dövlətə və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dərindən sədaqəti, humanizmi və insanpərvərliyi, ölkəmizin beynəlxalq təbliğatı sahəsində titanik fəaliyyəti Azərbaycanın uğur formulunun ayrılmaz hissəsidir. Xalqımız onun xidmətlərini minnətdarlıq hissi ilə dəyərləndirir, Azərbaycanın birinci xanımına və Birinci vitse-prezidentinə ən qəlbi hörmət və ehtiramlarını ifadə edir. Mehriban Əliyeva buna layiqdir. Bu, onun zəhməti və fədakarlığı sayəsində qazandığı halal haqqıdır. 

Əli ƏHMƏDOV,
Yeni Azərbaycan Partiyası Sədrinin müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!