25 Iyul 2024 15:46
166
CƏMİYYƏT
A- A+

Azərbaycan və Serbiya arasında Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib YENİLƏNİB - 2

 

Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.

"Azərbaycan" qəzeti xəbər verir ki, iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Serbiya liderlərinin siyasi iradəsi, səyləri nəticəsində ölkələrimiz arasında əlaqələrin daim inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.

Nazir Sahil Babayev iki ölkə arasında sosial, nəqliyyat, iqtisadiyyat və digər sahələrdə sıx münasibətlərin olduğunu diqqətə çatdırıb. O, bu gün imzalanacaq protokolun növbəti tədbirlərin həyata keçirilməsinə rəvac olacağını qeyd edib.

Serbiya Respublikasının mədəniyyət naziri, Hökumətlərarası Komissiyanın Serbiya tərəfindən həmsədri Nikola Selakoviç iki ölkə arasında münasibətlərin bütün sahələrdə olduğu kimi siyasi müstəvidə də inkişaf etdiyini diqqətə çatdırıb. “Biz beynəlxalq siyasi arenada eyni dəyərləri bölüşürük. Serbiya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Qaçqın və məcburi köçkünlərin torpaqlarına qayıdışını təbrik edirəm”, - deyə nazir əlavə edib.

İqtisadi və ticari göstəricilərin çox yüksək səviyyədə inkişaf etdiyini deyən həmsədr Azərbaycan qazının Şərqi və Qərbi Avropaya nəqlində Serbiyanın bir vasitəçi rolunu oynamaq istədiyini vurğulayıb.

O qeyd edib ki, Azərbaycan və Serbiya arasında vizasız rejim mövcuddur, lakin birbaşa uçuşlar həyata keçirilmir: “Biz bu məsələnin bu ilin sonuna qədər həll yolunu tapmalıyıq. Bu, həmçinin biznes əlaqələrinin inkişafına töhfə verə bilər”.

Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev iki ölkə arasında fəal əməkdaşlıq olduğunu, xüsusilə ərazi bütövlüyü məsələsində Azərbaycan və Serbiyanın bir-birini dəstəklədiyini bildirib. Serbiya və Azərbaycanın iqtisadi-ticari münasibətlərə böyük önəm verdiyini vurğulayan nazir müavini turizm, təhsil və digər sahələrdə də əlaqələri inkişafının önəmini qeyd edib. O, viza rejiminin aradan qaldırılmasının önəmli məsələlərdən biri olduğunu deyib.

Serbiyanın ölkəmizdəki səfiri Draqan Vladisavljeviç ikitərəfli diplomatik münasibətlərin ənənəvi dostluq və qarşılıqlı dəstəyə əsaslandığını söyləyib. İqtisadi, hərbi və siyasi sahələrdə birgə təşəbbüslər həyata keçirildiyini bildirib.

Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iqtisadi sahədə ikitərəfli münasibətlərin əhəmiyyətli dərəcədə artdığını və bu əlaqələrin 5 dəfə böyüdüyünü qeyd edib. O, bir sıra Serbiya şirkətlərinin Azərbaycanda aktiv fəaliyyət göstərdiyini vurğulayıb və Azərbaycanın yaşıl enerji və 4-cü Sənaye İnqilabının mərkəzinə çevrilməsini əsas məqsəd olaraq göstərib. Nazir müavini işğaldan azad edilmiş ərazilərdə tikinti və quruculuq işlərində Serbiya şirkətlərinin iştirakını arzuladığını söyləyib və Serbiyadan olan həmkarlarını COP29-a dəvət edib.

Serbiya İqtisadiyyat Nazirliyinin dövlət katibi, xanım Andrea Horvat Kralj bildirib ki, Azərbaycan investorları üçün Serbiyadakı investisiya imkanları haqqında mesaj vermək əməkdaşlığın inkişafına böyük töhfə verə bilər. Serbiyada investisiya mühiti, gələcək layihələr və potensial sahələr haqqında daha ətraflı məlumat vermək investorların marağını artırmaq üçün faydalı ola bilər. Həmçinin iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün konkret addımlar atılmalıdır.

Sonra Komissiyanın həmsədrləri iclasın yekunlarına dair Protokolu imzalayıblar. Sənəddə müxtəlif sahələrdə gələcək əməkdaşlıq istiqamətləri əhatə olunur.

İclasdan sonra keçirilən brifinqdə çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yaşıl enerji dəhlizinin Azərbaycan üçün önəmli məsələlərdən biri olduğunu bildirib. “Ölkəmizin yaşıl enerji potensialı 150 QVt-dan artıqdır. Məqsədimiz bu enerjinin Avropa bazarlarına çıxışını təmin etməkdir. Həmçinin qeyd etmək istəyirəm ki, qısa zamanda Azərbaycanın yaşıl enerjisinin Serbiyaya ixracı planlaşdırılır”, - deyə o, əlavə edib.

Serbiya Respublikasının mədəniyyət naziri, Hökumətlərarası Komissiyanın Serbiya tərəfindən həmsədri Nikola Selakoviç diqqətə çatdırıb ki, qarşılıqlı münasibətlərin dərinləşməsində iki ölkənin prezidentlərinin böyük rolu var: “Birbaşa uçuşların təşkil olunması da vacib məsələdir, biznes imkanlarının inkişaf etdirilməsi əhəmiyyətlidir. İnanıram ki, çox sahədə əməkdaşlıq edə bilərik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video