28 Aprel 2026 08:10
209
SİYASƏT
A- A+
Azərbaycan və Çexiya arasında strateji tərəfdaşlıq möhkəmlənir 

Azərbaycan və Çexiya arasında strateji tərəfdaşlıq möhkəmlənir 


Çexiya Baş naziri Andrey Babişin səfəri ölkəmizin nüfuzlu tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir 


Azərbaycanın beynəlxalq müstəvidə artan geosiyasi çəkisi və iqtisadi nüfuzu son zamanlar ölkəmizə yüksəksəviyyəli dövlət səfərlərində özünü büruzə verir. Aprelin 26-da Çex Respublikasının Baş naziri Andrey Babişin ölkəmizə səfəri Azərbaycanın qlobal siyasətdəki yerinin möhkəmlənməsinin və nüfuzlu tərəfdaş kimi qəbul edilməsinin bariz göstəricisidir. Müxtəlif ölkə liderlərinin Azərbaycana intensiv səfərləri Bakının strateji və iqtisadi rolunun yüksəlməsindən xəbər verir. 

Azərbaycan Prezidenti İlham Əliyevlə Çex Respublikasının Baş naziri Andrey Babiş arasında təkbətək və geniş tərkibli görüşlər keçirilib. Görüşlərdən sonra tərəflər mətbuata bəyanatlarla çıxış ediblər. Daha sonra Prezident İlham Əliyevin və Baş nazir Andrey Babişin iştirakı ilə Azərbaycan-Çexiya biznes-forumu keçirilib.

Prezident İlham Əliyev vurğulayıb ki, əməkdaşlığın böyük hissəsi energetika sektoruna aiddir. Dövlətimizin başçısı bəyan edib ki, Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır: "Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür. O cümlədən Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir". Azərbaycan  Prezidenti əlavə edib ki, ölkələrimiz arasında digər önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır: "Burada da uzun müddət ərzində uğurlu əməkdaşlıq aparılır. Biz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Əminəm ki, bu sahə də çox genişmiqyaslı olacaq". 

Çexiyanın Baş naziri Andrey Babiş də Azərbaycanın Çex Respublikasının strateji tərəfdaşı olduğunu qeyd edib: "Aydındır ki, Azərbaycan dünyanın diqqət mərkəzindədir. Ukrayna Prezidenti Zelenski burada oldu, sonra Ciorcia Meloni bura səfər edəcək. Bu, sadəcə, gözəl ölkənizin əhəmiyyətini bir daha nümayiş etdirir". 

Azərbaycan və Çexiya arasındakı münasibətlər tarixi köklərə və müasir strateji tərəfdaşlığa söykənir. İki ölkə arasında əlaqələr siyasi, iqtisadi, xüsusilə də enerji sahəsində yüksək səviyyədə inkişaf etməkdədir. Çexiya Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanıyıb və 1993-cü il yanvarın 27-də diplomatik münasibətlər qurulub. Karlovı Varı şəhərində Azərbaycanın fəxri konsulluğu fəaliyyət göstərir. 2015-ci ildə imzalanmış "Azərbaycan Respublikası və Çex Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə" əlaqələrin keyfiyyətcə yeni mərhələyə keçməsini təmin edib. 

Enerji sektoru ikitərəfli əlaqələrin özəyini təşkil edir. Çexiya Azərbaycan neftinin Avropadakı əsas alıcılarından biridir. Azərbaycan Çexiyanın neftə olan tələbatının əhəmiyyətli hissəsini, təxminən 25-30 faizini qarşılayır. Bu göstərici Çexiyanın enerji asılılığının azaldılması və resurs bazasının diversifikasiyası baxımından həlledicidir. Son dövrlərdə əməkdaşlıq ənənəvi karbohidrogenlərdən "yaşıl enerji"yə doğru genişlənir. 2021-ci ildə imzalanmış enerji əməkdaşlıq sazişi və 2026-cı ilin əvvəlində keçirilən müzakirələr çərçivəsində Çexiya şirkətləri Azərbaycanda günəş, külək və hidrogen enerjisi layihələrində, həmçinin şəbəkənin modernləşdirilməsində maraqlı olduqlarını bildiriblər. Tərəflər neft-qaz sektorundakı uğurlu təcrübəni bərpaolunan enerji mənbələrinə transfer etmək niyyətindədirlər. Bu əməkdaşlıq həm də Azərbaycanın "yaşıl enerji" qovşağına çevrilmə strategiyasına mühüm töhfə verməklə, gələcəkdə ölkəmizdə istehsal olunan ekoloji təmiz enerjinin Avropa bazarlarına, o cümlədən Çexiyaya ixracı üçün perspektivlər yaradır. 

Azərbaycan və Çexiya arasındakı iqtisadi münasibətlərdə də dinamika müşahidə olunur. 2025-ci ildə Azərbaycan və Çexiya arasındakı ticarət dövriyyəsi 814 milyon dollar olub. Ötən il Azərbaycandan Çexiyaya 745 milyon dollarlıq mal ixrac edilib. Hazırda Çexiya Azərbaycanın 6-cı, Avropa İttifaqında isə 4-cü ən böyük ixrac tərəfdaşıdır. Ölkələr arasında enerji sahəsində möhkəm əməkdaşlıq qurulub. İki ölkənin iş adamlarının iştirakı ilə biznes-forumun keçirilməsi ikitərəfli iqtisadi əlaqələrin inkişafı üçün yeni imkanlar deməkdir. Bu eyni zamanda ölkələr arasında ticarət, dövriyyəsinin növbəti illərdə daha da artırılacağından xəbər verir. Qeyri-neft-qaz sahəsində əməkdaşlığın gücləndirilməsi əsas prioritetlərdəndir. 2026-cı ilin ilk rübünə dair açıqlanan 195,7 milyon dollarlıq ticarət dövriyyəsi göstəricisi əməkdaşlığın cari ildə də stabil və davamlı olacağını proqnozlaşdırmağa imkan verir. Bu rəqəm göstərir ki, qlobal iqtisadi dalğalanmalara baxmayaraq, iki ölkə arasında tədarük zənciri qorunub saxlanılır. 

Çexiya şirkətlərinin Azərbaycandakı fəaliyyəti çoxşaxəliliyi ilə seçilir. Nəqliyyat sektorunda dəmir yollarının modernləşdirilməsi, kənd təsərrüfatında müasir suvarma və emal texnologiyalarının tətbiqi, tikinti sektorundakı infrastruktur layihələri Çexiya biznesinin Azərbaycan bazarındakı güclü mövqeyini təmin edir. "Tatra" markalı yük maşınlarının Azərbaycanda yığılması layihəsi də ikitərəfli sənaye kooperasiyasının ən uğurlu və simvolik nümunələrindən biri hesab olunur. Gəncə Avtomobil Zavodu ilə yaradılan bu tərəfdaşlıq modelinin uğuru gələcəkdə digər ağır sənaye və maşınqayırma sahələrində də analoji layihələrin həyata keçirilməsi üçün presedent yaradır. Bu həm də Azərbaycanın regionda logistik qovşaq kimi imkanlarını genişləndirərək, istehsal olunan texnikanın üçüncü ölkələrə ixracı perspektivini gündəmə gətirir.

İki ölkə arasında hərbi sahədə də əməkdaşlıq diqqətdən kənarda qalmır. Aprelin 24-də Azərbaycan və Çexiya Müdafiə nazirlikləri arasında ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb. Bu, iki ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə daşıyır. Bu sənəd tərəflər arasında hərbi-texniki tərəfdaşlığın hüquqi bazasını möhkəmləndirməklə yanaşı, birgə fəaliyyət üçün konkret yol xəritəsini müəyyənləşdirir. 

Çexiya Respublikası həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq təşkilatlar səviyyəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini ardıcıl, birmənalı şəkildə dəstəkləyən dövlətlərdən biridir. Praqa Aİ-nin xarici siyasət kursunda Azərbaycanın ərazi bütövlüyünə hörmətin fundamental şərt kimi qalmasını təşviq edən ölkələr sırasındadır. Bu yanaşma xüsusilə Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi sülh gündəliyinə və regionun reinteqrasiyası proseslərinə Avropa müstəvisində siyasi dəstəyin formalaşdırılması baxımından strateji əhəmiyyət kəsb edir. 

İki ölkə arasındakı siyasi həmrəylik parlamentlər səviyyəsində də özünü qabarıq büruzə verir. Çexiya parlamentinin hər iki palatası müxtəlif dövrlərdə Azərbaycanın suveren hüquqlarını tanıyan və regionda ədalətli sülhün bərqərar olmasını dəstəkləyən sənədlərə, o cümlədən Xocalı soyqırımını pisləyən qərarlara imza atıb. Bu cür qətiyyətli addımlar Çexiyanın Azərbaycanı, sadəcə, iqtisadi tərəfdaş deyil, həm də fundamental dəyərlər ətrafında birləşən etibarlı strateji müttəfiq kimi qəbul etdiyini göstərir. Təhsil sahəsində Çexiya universitetləri azərbaycanlı tələbələr üçün populyar istiqamətlərdən biridir. O cümlədən Gəncə ilə Olomouts, Xocalı ilə Lidiçe şəhərləri arasında sıx dostluq əlaqələri mövcuddur. 

Son bir həftədə Azərbaycana Avropa İttifaqının üzvləri Latviya və Çexiya rəhbərliklərinin, o cümlədən Ukrayna Prezidentinin səfərləri ölkəmizin geosiyasi gücünü göstərən faktorlardandır. Dünyada müşahidə edilən siyasi kataklizmlərə rəğmən Prezident 

İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirib. Çoxvektorlu xarici siyasət Azərbaycanın eyni zamanda Qərb və Şərqlə tərəfdaşlığını gücləndirərək regional təhlükəsizliyin qorunmasında rolunu daha da artırıb. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin müəllifi olduğu sülh modeli beynəlxalq səviyyədə təqdir olunur

11:01
28 Aprel

Marsda “həyatın kodları” tapılıb

10:48
28 Aprel

Nigeriyada silahlı hücumda 11 nəfər həlak olub

10:47
28 Aprel

Dünya birjalarında neft bahalaşıb

10:45
28 Aprel

Bakının təhlükəsizlik və əməkdaşlıq modelinə verilən beynəlxalq dəyər -Gernika mükafatı

10:45
28 Aprel

Azərbaycan-Çexiya münasibətləri daha da inkişaf edəcək

10:28
28 Aprel

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar

09:53
28 Aprel

Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb  

09:53
28 Aprel

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər

09:50
28 Aprel

Rubio: İran raket ehtiyatının yarısını saxlayır

09:48
28 Aprel

Kol Tomas Allen Prezident Trampa qarşı sui-qəsd cəhdində ittiham olunub

09:46
28 Aprel

WSJ: Tramp İranın danışıqlar təklifinə şübhə ilə yanaşır

09:32
28 Aprel

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət ediblər

09:27
28 Aprel

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə uşaq evi sosial xidmət müəssisəsində olublar

09:01
28 Aprel

Rəsmi görüşlər, biznes-forumlar, işgüzar müzakirələr

09:00
28 Aprel

Şəfiqə Abbasova: Prezidentimizə bizi məcburi köçkünlük həyatından xilas etdiyi üçün çox minnətdaram  

08:57
28 Aprel

Oljas Süleymenov - 90: Antinüvə hərəkatının səsinə çevrilən yazıçı

08:55
28 Aprel

Erməni revanşistlərinin bayraq vandalizmi

08:50
28 Aprel

Dostluğa və əməkdaşlığa əsaslanan tərəfdaşlıq

08:45
28 Aprel

Azərbaycanın mühüm logistika mərkəzi kimi əhəmiyyəti artır

08:40
28 Aprel

Böyük alim, məşhur həkim, işıqlı insan

08:35
28 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!