Respublikamızın qlobal problemlərin həllinə göstərdiyi dəstək təqdir olunur
Beynəlxalq problemlərin həllində aktiv iştirak edən və onların aradan qaldırılması üçün fəal dəstək göstərən Azərbaycan xüsusilə bu problemlərin həllində dialoq yolunun mümkünlüyünü daim təbliğ edir. Dünyanın mötəbər beynəlxalq qurumlarında uğurla təmsil olunan ölkəmiz həm də hər zaman bəşəri qərarların qəbuluna və icrasına birbaşa mühüm töhfələr verir.
"Mən burada iki qlobal çağırışı bəyan edirəm. Bunlar Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləməkdir. Məmnuniyyətlə elan edirəm ki, Azərbaycan ilk donor ölkə kimi hər iki qlobal çağırışa 1 milyon ABŞ dolları məbləğində vəsait ayırır", - deyə Prezident İlham Əliyevin martın 2-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü zamanı bəyan etdiyi kimi, dövlətimiz qlobalmiqyaslı çağırışların həllində fəal iştirak edir.
Sülhə xidmət edən təşəbbüslər
Mayın 18-də Prezident İlham Əliyevlə görüşündə Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi xanım Njupuo Yap Mariatunu da Azərbaycanın beynəlxalq təşəbbüslərdəki mühüm rolunu bir daha vurğuladı. Dövlətimizin başçısının regionda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndirən qonaq xüsusilə qeyd etdi ki, bu, Prezident İlham Əliyevin Azərbaycan və region üçün verdiyi dəyərli töhfədir.
Baş katib onu da qeyd etdi ki, Azərbaycan 1993-cü ildən Beynəlxalq Mülki Müdafiə Təşkilatının üzvü olaraq mülki müdafiə ilə bağlı məsələlərin təşviqi məqsədi daşıyan təşəbbüslərdə fəal iştirak edən ölkələrdəndir və təşkilatın potensialının gücləndirilməsi proqramları çərçivəsində əməkdaşlığa töhfə verir.
Görüş zamanı dövlət başçısı İlham Əliyev COVID-19 pandemiyası zamanı ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatına göstərdiyi dəstəyi xatırladı, bunun Azərbaycanın beynəlxalq təşəbbüslərdə fəal iştirak etməsinin daha bir nümunəsi olduğunu dedi.
Xatırladaq ki, Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə bu quruma sədrliyə başlamış və sonra ölkəmizin sədrliyi müddəti yekdil qərarla daha bir il uzadılmışdı. O da danılmaz reallıqdır ki, 120 ölkə arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu və effektiv dövrünü yaşadı. COVID-19 pandemiyasının başlamasından dərhal sonra Qoşulmama Hərəkatı bu bəlaya qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış etdi.
Bu istiqamətdə atılan ilk uğurlu addımlardan biri 2020-ci ilin may ayında QH-nin onlayn Zirvə toplantısının keçirilməsi oldu. Eyni zamanda QH-nin sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2020-ci il dekabrın 3-4-də BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə xüsusi sessiyasının keçirilməsi xüsusi önəm kəsb etdi. Eləcə də İlham Əliyevin təşəbbüsü ilə QH-nin Azərbaycan sədrliyi tərəfindən əvvəlcə BMT-nin İnsan Hüquqları Şurasında, daha sonra isə BMT Baş Assambleyasında "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə layihələrinin irəli sürülməsi və qəbul edilməsi beynəlxalq əhəmiyyətli nailiyyətlərdir.
Azərbaycan pandemiya dövründə 100-ə yaxın ölkəyə yardım əli uzatdı
Dövlətimiz pandemiya dövründə 100-ə yaxın ölkəyə yardım əli uzadaraq humanitar kömək etdi. Belə ki, həmin çətin dövrdə Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatının üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərdi.
Martın 2-də baş tutan Zirvə görüşündə dövlət başçısı İlham Əliyev bildirdi ki, COVID-19 pandemiyası dövründə olduğu kimi, Azərbaycan Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və humanitar yardım göstərməyə davam edəcək.
Bu il fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı fəlakətin aradan qaldırılması üçün qardaş ölkəyə ilk beynəlxalq yardımı da məhz Azərbaycan etdi. Dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılması üçün dövlətimiz qardaş ölkəyə hər cür dəstək göstərdi.
Azərbaycan dövləti zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksi inşa edəcək. Bu yaşayış kompleksinin bir il ərzində tikilib istifadəyə verilməsi nəzərdə tutulur.
Türkiyəyə Azərbaycan dövlətinin böyük ərməğanı olan bu yaşayış kompleksinin aprelin 29-da qardaş ölkədə keçirilən və Prezident İlham Əliyevin də iştirak etdiyi "TEKNOFEST" festivalı çərçivəsində onlayn rejimdə təməlinin qoyulması mərasimi keçirildi.
Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının fövqəladə Zirvə görüşünün baş tutması da təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün qardaş ölkələrin güclərini birləşdirməsi baxımından mühüm əhəmiyyət daşıdı.
Gətirdiyimiz qısa nümunələrdən də göründüyü kimi, Azərbaycan qlobalmiqyaslı çağırışlara dərhal reaksiya verən və bu problemlərin aradan qaldırılması istiqamətində mühüm effektiv işlər gerçəkləşdirən, bir sözlə, hər zaman əməli işlərlə beynəlxalq təşəbbüslərə töhfələr verən ölkələrdən biridir.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"