27 Noyabr 2025 08:15
565
SİYASƏT
A- A+
Azərbaycan TDT-nin güclənməsinə xüsusi önəm verir

Azərbaycan TDT-nin güclənməsinə xüsusi önəm verir


Azərbaycan QHT-ləri artıq yeni müstəvidə fəaliyyət göstərir, bunun üçün olduqca münbit iqlim və böyük fürsətlər, yeni, əlçatan imkanlar yaradılıb. QHT-lərə dövlətin diqqəti və dəstəyi hər zaman hiss edilir. QHT sektoru xarici siyasətimizin prioritet məsələlərində dövlət siyasətinin gücləndirilməsinə yardımçı olur. Xarici siyasətimizin prioritet sahələrindən biri də Türk Dövlətləri Təşkilatının gücləndirilməsi, onun qlobal miqyasda vahid güc mərkəzlərindən birinə çevrilməsidir. 

Milli Məclisin deputatı Pərvanə Vəliyeva qəzetimizə açıqlamasında bildirib ki, hazırda ölkəmizin Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığı bir çox sahəni əhatə edir. İndi isə vətəndaş cəmiyyəti seqmenti də bu sahədə əməkdaşlığı gücləndirir. Ölkəmizdə keçirilən Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərin vətəndaş cəmiyyəti təşkilatlarının həmrəylik forumunda 8 ölkədən QHT-lər təmsil olunur. Türk dövlətləri ilə hazırki münasibətlərin dinamikası bu əlaqələrin gələcəkdə daha da güclənəcəyini göstərir. "Etnik oxşarlıqlar, ortaq dil, din, mədəni və tarixi köklər Azərbaycan və Mərkəzi Asiya platformasını altılıq konseptinə gətirib. Prezident İlham Əliyevin xüsusi xidmətlərinə görə Türk Dövlətləri Təşkilatı artıq vahid platforma kimi çıxış edir. Dövlət başçısı TDT-nin həm ideoloji, həm də institusional baxımdan güclənməsinə mühüm töhfə verib. Şuşa və Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşlərində, eləcə də bu il Qəbələdə keçirilmiş TDT 12-ci Zirvə görüşündə ölkə rəhbərinin təşəbbüsləri türk dövlətləri arasında əməkdaşlığın strateji istiqamətlərini müəyyənləşdirib", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, Azərbaycan hazırda Türk Dövlətləri Təşkilatına sədrlik edən ölkə kimi, üzv dövlətlərin vətəndaş cəmiyyəti institutları arasında əlaqə və ictimai kommunikasiyanı gücləndirməyə xüsusi önəm verir. Son günlər Bakıda keçirilən Qızıl Aypara Cəmiyyətləri Prezidentlər Şurasının iclası, hazırda QHT həmrəylik forumu və yaxın zamanda təşkil olunacaq TDT-nin media və informasiya nazirlərinin toplantısı bu fəaliyyətin geniş miqyasını göstərir.

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının gücləndirilməsinə xüsusi önəm verdiyini və bu yöndə uzaqgörən siyasət həyata keçirdiyini vurğulayan Pərvanə Vəliyeva deyib ki, 2024-cü il fevralın 14-də Prezidentin andiçmə mərasimində çıxışı zamanı "Bizim ailəmiz türk dünyasıdır" ifadəsini işlətməsi təsadüfi deyil: "Bu gün türk xalqlarının tarix boyunca at belində səfər etdikləri qədim yollardan biri olan Zəngəzur dəhlizi dövlət başçımızın uğurlu diplomatik gücü sayəsində yenidən açılacaq. Anadoludan Mərkəzi Asiyaya uzanan qədim yol - Zəngəzur dəhlizinin açılması türk dünyasının əsrlərdən bəri mövcud olan bağlarının bərpasıdır. Enerji, ticarət və logistikada türk dünyasını bir-birinə daha da bağlayacaq bu dəhliz türk dünyasının birlik vizyonudur. Mərkəzi Asiya+Azərbaycan və Avropa marşrutu alternativ, sabit və təhlükəsiz ticarət yoluna çevrilir. Bu istiqamətdə yükdaşımaları artıb, iqtisadi, humanitar, mədəni sahələrdə əlaqələr sürətlə inkişaf edir. Zəngəzur dəhlizi həm Orta dəhliz, həm də "Şimal-Cənub" dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edəcək. Prezident müraciətində qeyd edir ki, Qarabağda əldə etdiyimiz Zəfər türk dünyasının Zəfəridir. Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Macarıstanın dövlət və hökumət başçılarının Azərbaycanın azad olunmuş ərazilərində qardaşlıq hədiyyəsi olan məktəb, məscid, yaradıcılıq mərkəzinin tikilməsi, eləcə də gələcəkdə məktəblərin inşasının planlaşdırılması qardaş türk dövlətlərinin Azərbaycana olan dərin hörmət və yüksək etimadının nəticəsidir".

Deputat bildirib ki, 2026-cı ildə I Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması türk xalqlarının mədəni inteqrasiyasına dair yarımçıq qalmış işlərin QHT-lərin iştirakı ilə müasir çağırışlara uyğun şəkildə davam etdirilməsi baxımından əhəmiyyətlidir. Türk dünyası QHT-lərinin BMT və digər beynəlxalq platformalarda birgə və koordinasiyalı fəaliyyəti vahid mövqenin formalaşmasına, bu mövqenin qorunmasına və təbliğinə böyük töhfə verə bilər. Prezident həmçinin forum iştirakçılarına müraciətində Azərbaycanın TDT ölkələri ilə birgə, bu ölkələrin QHT-ləri üçün tarix, mədəniyyət, ekologiya, iqlim siyasəti və digər sahələri əhatə edən ortaq qrant proqramları elan etməyə və qarşılıqlı əlaqəni gücləndirən təşəbbüsləri dəstəkləməyə hazır olduğunu bildirdi.

Pərvanə Vəliyeva qeyd edib ki, bu, QHT-lərin yaratdığı ilk beynəlxalq şəbəkə deyil. Bundan öncə, Qlobal Cənub QHT Platformasının təsis olunması barədə çağırışına 120 ölkənin yer aldığı Qoşulmama Hərəkatı regionunun 116 ölkəsi dəstək verib. Bu ölkələrin hər birindən aparıcı QHT-lərin iştirakı ilə 2025-ci il aprelin 28-də Bakıda Qlobal Cənub QHT Platforması təsis olundu. Bu, Qoşulmama Hərəkatı regionunda QHT-ləri birləşdirən ilk şəbəkədir. "Bu platformanın təşəbbüskarı Azərbaycan Milli QHT Forumu olub. Platformanın növbəti Baş Assambleyasına qədər ona rəhbərliyi məhz Azərbaycan Milli QHT Forumu edir. Gələcəkdə hansı ölkənin təmsilçisinin platformaya rəhbərlik etməsindən asılı olmayaraq, onun mərkəzi qərargahı Bakıda yerləşəcək. Azərbaycan Prezidenti İlham Əliyevin bu platformanın fəaliyyətinə yüksək qiymət verməsi onun həm AQEM konfransı, həm də təsis konfransı iştirakçılarına müraciətində öz əksini tapıb. Azərbaycanın təşəbbüsü ilə 100-dən çox ölkədən 500-ə yaxın QHT-nin birləşdiyi COP29 QHT Koalisiyası iqlim diplomatiyası, qlobal ətraf mühitin qorunması hərəkatında QHT-lərin iştirakçılığını, rolunu gücləndirdi, COP-ların keçirilməsində yeni təcrübə formalaşdırdı", -deyə o əlavə edib. 

Deputatın sözlərinə görə, Azərbaycan Milli QHT Forumu 2026-cı ildə Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumuna da ciddi hazırlaşır. Forumun təşəbbüsü ilə "WUF13 QHT Koalisiyası" artıq təsis olunub. Hibrid formatda keçirilən təsis konfransına 18 ölkədən 25 xarici QHT qatılıb. Xarici QHT-lərdən burada təmsil olunmaq üçün çoxsaylı müraciət qəbul olunur. "WUF13 QHT Koalisiyası" hibrid formada görüşləri davam etdirir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!