Azərbaycan Tacikistan üçün mühüm tərəfdaşdır
İlham Əliyevin dost ölkəyə səfəri çərçivəsində aparılan danışıqlar, imzalanan sənədlər əlaqələrin daha da inkişafı üçün real zəmin yaratdı
Azərbaycan və Tacikistanın strateji tərəfdaşlığında və çoxtərəfli münasibətlərində yeni yüksəliş mərhələsi başlayır. Prezident İlham Əliyevin dost ölkəyə dövlət səfəri, Prezident Emoməli Rəhmonla aparılan danışıqlar, keçirilən görüşlər və imzalanan sənədlər ikitərəfli əlaqələrin daha da şaxələndirilməsi üçün real zəmin yaratdı.
Ümumiyyətlə, Azərbaycan və Tacikistan xalqlarını qədim tarixi köklərə malik olan ənənəvi dostluq telləri bağlayır. Bu gün isə hər iki dost ölkə arasında qarşılıqlı əlaqələr geniş spektr üzrə ardıcıl surətdə inkişaf edir. Bu qarşılıqlı fəaliyyət siyasi, ticari-iqtisadi, elmi-texniki, mədəni-humanitar və bir sıra başqa sahələri əhatə edir. Hər iki ölkə həm ikitərəfli əsasda, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın hərtərəfli genişlənməsinə daim diqqət yetirir.
Azərbaycan Prezidentinin dost ölkəyə dövlət səfəri və əldə edilən razılaşmalar isə inkişaf etməkdə olan münasibətləri daha da zənginləşdirəcək.
Tacikistana 3-cü rəsmi səfər
Bu səfər İlham Əliyevin Tacikistana sayca beşinci, rəsmi olaraq isə üçüncü (2007-ci il 15-16 mart, 2014-cü il 15-16 oktyabr) səfəri oldu. Sonuncu dəfə dövlət başçısı Tacikistana 2018-ci ilin sentyabrında səfər edib və Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının toplantısına qatılıb.
İki ölkə arasında diplomatik münasibətlər isə 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, 2008-ci ildə isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.
Prezident İlham Əliyevin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə təsadüf edən dövlət səfəri Düşənbənin "Dusti" meydanındakı "Tacikistanın milli həmrəyliyi və dirçəlişi" xatirə kompleksində İsmoili Somoni abidəsini ziyarətlə başladı. Düşənbədə Millət Sarayında rəsmi qarşılanma mərasimindən sonra prezidentlərin təkbətək və geniş tərkibdə görüşləri keçirildi.
Bu görüşlərdə bir daha vurğulandı ki, bu gün dövlətlərarası münasibətlər bir çox istiqamətlər üzrə inkişaf edir. Hər iki tərəf bu münasibətlərin bütün formatlarda daha da möhkəmlənməsinə böyük əhəmiyyət verir. Münasibətlərin uğurlu inkişafı isə onu deməyə əsas verir ki, yaxın gələcəkdə əlaqələr daha da şaxələnəcək.
Qonaqpərvərliyə görə tacikistanlı həmkarına təşəkkür edən İlham Əliyev bildirdi ki, 30 ildən artıq inkişaf edən dövlətlərarası münasibətlər dövründə çox möhkəm təməl yaradılıb və bu təməl üzərində güclü dostluğun binası qurulub.
Onu da deyək ki, iki ölkə arasında parlamentlərarası əlaqələr də yüksələn xətlə inkişaf edir. Milli Məclisdə Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir və dost ölkənin Ali Məclisinin hər iki palatasında Azərbaycan Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu var.
İki ölkə arasında imzalanan sənədlərin sayı 76-ya yüksəldi
Bu səfər çərçivəsində prezidentlər həmçinin birgə fəaliyyətin sonrakı proqramını da müəyyənləşdirdilər. Dövlət başçıları Hökumətlərarası Komissiyanın növbəti iclasının bu il Tacikistanda keçirilməsi barədə razılığa da gəliblər.
Xatırladaq ki, Azərbaycanla Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya 2008-ci il fevralın 7-də yaradılıb. İndiyədək komissiyanın 5 iclası keçirilib. Sonuncu iclas ötən il fevralın 22-23-də Düşənbədə baş tutub.
Səfər zamanı prezidentlərin iştirakı ilə iki ölkə arasında daha 14 sənəd imzalanıb. Aprelin 5-də Düşənbədə həmçinin Tacikistan-Azərbaycan İnvestisiya Forumu keçirilib. İki ölkənin ticari əlaqələrinin geniş müzakirə mövzusu olduğu forumda enerji, kənd təsərrüfatı, qida sənayesi, İKT, maliyyə, turizm və əczaçılıq sahələrini təmsil edən 170-dən çox şirkət iştirak edib. Tacikistanın Dövlət İnvestisiya Komitəsinin rəhbəri Saadi Kadirzoda bildirib ki, iki ölkə arasında ticarət əlaqələri sürətlə dərinləşir. 2022-ci ildə ölkələr arasında ticarət dövriyyəsi təxminən 6,5 milyon dollar təşkil edib. 2023-cü ilin yanvar-fevral ayları üzrə ticarət dövriyyəsi isə 824,59 min dollar olub. Forumda vurğulanıb ki, qarşılıqlı ticarət və malların tranzit göstəricilərinin artırılması üçün böyük potensial var. Tacikistandan Azərbaycana 4,4 milyon dollar, Azərbaycandan Tacikistana isə 1,5 milyon dollar investisiya qoyulub.
Mərasimdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Tacikistan Respublikası Ticarət və Sənaye Palatası arasında, "Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası" İctimai Birliyi və "Tacikistan İş Qadınlarının Milli Assosiasiyası" arasında, Azərbaycan Beynəlxalq Mədən Şirkəti və Tacikistanın Talco Management şirkəti arasında, eləcə də "AzərTürk Bank" və "Amonatbonk" arasında anlaşma memorandumları imzalanıb.
Qeyd edək ki, iki ölkə arasında indiyədək ümumilikdə 57 sənəd, o cümlədən 2007-ci il martın 15-də "Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə" imzalanmışdı.
Prezidentin son səfəri zamanı isə bu sıraya daha 18 sənəd əlavə olundu və iki ölkə arasında imzalanan sənədlərin sayı 76-ya çatdı. İmzalanmış ikitərəfli sənədlər əlaqələrin hüquqi bazasının möhkəmləndirilməsinə və tamamlanmasına xidmət edəcək.
Azərbaycan Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazırdır
Prezidentlərin birgə bəyanatında isə aparılan danışıqlarla bağlı ətraflı məlumat verildi. Bəlli oldu ki, iki ölkə bundan sonra bir çox sahələrdə geniş əməkdaşlıq edəcək.
Prezidentlər həmçinin ticari-iqtisadi sahədə qarşılıqlı əlaqələri ətraflı müzakirə edərək razılığa gəliblər ki, ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi tərəflərin malik olduğu potensiala uyğun olmadığı üçün bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülsün.
Prezident Emoməli Rəhmon qeyd edib ki, Tacikistan neft-qaz yataqlarının işlənilməsində Azərbaycan şirkətlərinin iştirakında maraqlıdır. Eyni zamanda bu ölkə Azərbaycanın əlverişli tranzit imkanlarından fəal istifadə olunmasını davam etdirməklə dövlət və kommersiya strukturlarının yükdaşıma həcmlərini artırmağı nəzərdə tutur.
Digər razılaşmalara gəlincə, hər iki ölkə bundan sonra da BMT-də bir-birinin namizədliyini və təşəbbüslərini qarşılıqlı dəstəkləmək praktikasını davam etdirəcək, beynəlxalq terrorizmə, ekstremizmə, narkotiklərin və silahların qanunsuz dövriyyəsinə, kibercinayətkarlığa və transmilli mütəşəkkil cinayətkarlığın digər formalarına qarşı mübarizədə əməkdaşlığı möhkəmləndirəcəklər.
Prezident İlham Əliyev vurğuladı ki, artıq nəqliyyat-logistika sahəsinə, sənaye kooperasiyasına, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verilib. Azərbaycan Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazırdır: "Ona görə ki, əvvələn, Tacikistan bizə yaxın ölkədir, ikincisi, sabitlik hökm sürən ölkədir. İnvestisiyalar yalnız sabitlik və yaxşı investisiya şəraiti olan ölkələrə yönəldilir. Çoxsaylı xarici şirkətlər tərəfindən Tacikistanda fəal sərmayə qoyulması ona dəlalət edir ki, investisiyalar, o cümlədən xarici investisiyalar dövlət tərəfindən qorunur".
Onu da vurğulayaq ki, 2023-cü il mayın 1-dən "Azərbaycan Hava Yolları" QSC tərəfindən Bakı-Düşənbə-Bakı marşrutu üzrə həftədə 3 dəfə olmaqla beynəlxalq uçuşların həyata keçirilməsi planlaşdırılır.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanın Belçikadakı səfiri XİN-ə və polisə təşəkkür edib
02 Oktyabr
Hitlerin evində Avstriya polisi yerləşəcək
02 Oktyabr
“Sabah” FİBA Avropa Kubokuna qələbə ilə başlayıb
02 Oktyabr
Yeni dəniz canlısı kəşf edilib
02 Oktyabr
Sergey Lavrov: Biz Qarabağda vəziyyəti sabitləşdirmək üçün azərbaycanlı həmkarlarımızla işləyirik...
02 Oktyabr
Azərbaycan və APSCO arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
02 Oktyabr
Tornikr Rijvadze: Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü Batumidə qeyd etdiyimizə görə ç...
02 Oktyabr
Qarabağ bölgəsində yaşayan erməni sakinlərin miqrasiya və sosial məsələlərlə bağlı müraciətləri dinl...
02 Oktyabr
MN: Ermənilər Kəlbəcərdəki mövqelərimizə döyüş kvadrokopterləri vasitəsilə partlayıcı vasitələr atıb...
02 Oktyabr
TUA rəsmisi: “IAC-2023 Azərbaycanda, dünyanın hər yerindən olan bütün kosmik insanları birləşdirən m...
02 Oktyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
44 günlük Zəfərə 23 saatlıq əlavə23 Sentyabr 2023

“Dəmir yumruğ”un ağıllandırma tədbirləri21 Sentyabr 2023

Qarabağ qanunsuz silahlı dəstələrdən təmizlənir20 Sentyabr 2023

Heydər Əliyevin başlatdığı, İlham Əliyevin yekunlaşdırdığı möhtəşəm layihə17 Sentyabr 2023

Azərbaycanın yaratdığı reallıqların alternativi yoxdur07 Sentyabr 2023

Belə davam etsə, “dəmir yumruq" işə düşəcək06 Sentyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!