İnsan psixologiyası qəribə və maraqlıdır.
Olanların və olanlarımızın heç də həmişə qədrini bilmirik.
Yalnız nəyisə, nələrisə itirdikdən sonra olanların fərqinə varırıq.
İndi adi və bəlkə də gülməli görünə biləcək bir neçə məqama diqqət yetirək:
* İşdən evə qayıdanda mağazaya girib istədiyimiz qədər və çeşiddə ərzaq alırıq.
* Mağazalarda və ticarət mərkəzlərində istənilən növdə, çeşiddə, ölçüdə, rəngdə, dəbdə geyim, ayaqqabı və s. tapmaq mümkündür.
* Evə gəlirik, suyumuz gəlir, işığımız yanır, qışda istiliyimiz, yayda sərinlik yaradacaq işlək kondisionerimiz var.
* Toya gedən qadınlarımız rahat şəkildə bəzənib-düzənə, qır-qızıllarını taxa bilirlər və ilaxır.
Normal həyat tərzidir!
Hər şey belə də olmalıdır!
Amma indi belədir!
Bəs illər öncə də belə olubmu?
Orta və yaşlı nəsil bugünkü adiliklərin illər öncə əsl problem olduğunu yaxşı xatırlayır.
Həm də unutmayıb!
Yeri gələndə gənclərə və yeniyetmələrə "naşükürlük etməyin!" - deyə irad da tuturuq.
Çünki bunların olmadığı dövrdə, həm də yaxın dövrdə yaşamışıq axı!!!
Müstəqillik niyyətinə düşəndə mərkəzin başbilənləri digərlərinə də görk olsun deyə Azərbaycan xalqının timsalında müttəfiq respublikalara - "kiçik qardaşlara" qulaqburması verdi.
Sovet qoşunları 1990-cı ilin 20 yanvarında Bakıya yeridilərək mülki əhaliyə, silahsız insanlara divan tutdu.
Silahsız insanlara odlu silahlardan atəş açıldı, dövlət vətəndaşlarını qanına qəltan edərək öldürdü.
Bir neçə gün evdən bayıra çıxmaq yasaq olundu.
Çünki tərkibində ermənilərin üstünlük təşkil etdiyi sovet ordusu qarşısına çıxanı güllələyirdi.
Bundan sonra anarxiya və özbaşınalıq dövrü başladı.
O dövrün rəhbərləri - əvvəlcə Ə.Vəzirov, sonra isə A.Mütəllibov xalqın qəzəbindən qorxaraq təyyarəyə minib Moskvaya qaçdılar.
Azadlıq meydanında fasiləsiz mitinqlər başladı.
Xalqı etirazlara səsləyən AXC-Müsavat cütlüyü vəziyyətin ciddiliyini görərək milli azadlıq hərəkatının dalğalarında hakimiyyətə gəlmək niyyətinə düşdü:
* Mitinq və piketlər ara vermədi.
* Xalq itaətsizliyə səsləndirildi.
* Zavod və fabriklərdə, kolxoz və sovxozlarda işlər dayandırıldı.
AXC-Müsavat cütlüyü məqsədinə çataraq parlament çevrilişi yolu ilə hakimiyyətə gəldikdən sonra vəziyyət daha da qəlizləşdi.
Xaos, anarxiya, qanunsuzluq, özbaşınalıq baş alıb getdi!
Səriştəsizlər, təcrübəsizlər bir gün belə dövlət idarəçiliyində çalışmayanlar yüksək postlara gətirilərək ölkəni yaman günə qoydular!
Daha heç kim heç kimi eşitmir, heç kəs heç kəsin "kitab"ını oxumurdu:
* Mağazalarda ərzaq qəhətə çıxmış, vitrinlərin rəfləri boşalmışdı.
* Ət, yağ, digər məhsullar tapılmırdı.
* İnsanlar saatlarla çörək növbəsinə dayanırdılar.
* "Bəy"lər vaxtında taxıl tədarük etmədiklərinə görə ölkəyə kənardan mal-qara üçün nəzərdə tutulan arpa-buğda gətirərək insanlara jmıx yedizdirirdilər.
* Çiyni avtomatlılar mağaza və bazarları gəzərək bac-xərac toplayırdılar.
Özlərinin təbirincə desək, ölkədə "bespredel" yaranmışdı.
Alverçilərin bir yolla Türkiyədən gətirdikləri pal-paltar matah mal kimi ələ düşmürdü.
Elektrik enerjisi qıtlığı yarandığından işıq fasilələrlə verilir, gecələr qaranlıqda qalırdıq.
Rusiya bizə verdiyi qazını kəsdiyindən mənzillər isidilə bilmirdi.
Toya gedən qadınlar oğru-quldur qorxusundan zinət əşyalarını taxmırdılar.
Nə həyat normal idi, nə də yaşayış!
* Bax onda bildik ki, sabitlik nədir!
* Bax onda gördük ki, dövlətsizlik nədir!
Bax onda əsl rəhbərin, idarəçiliyin qədrini dərk etdik!
İndi də həmin dövrü xatırlayarkən "Getsin o günlər gəlməsin!" ifadəsini ürəkdən söyləyirik!
***
Ölkəni də, xalqı da xaos, anarxiya, qanunsuzluq, özbaşınalıq bəlasından Ulu Öndər Heydər Əliyev qurtardı!
Xalq ən çətin və ağır dövründə sınanmış oğluna, əsl rəhbərinə müraciət etdi, onu yenidən ölkə rəhbərliyinə çağırdı.
Ulu Öndər Heydər Əliyev xalqın bu çağırışına biganə qalmadı və çox çətin və ağır bir missiyanı yerinə yetirməli oldu!
* Ölkədə sabitlik və əmin-amanlıq yaratmaq...
* Yeni ərazilərin işğalının qarşısını almaq...
* Pozulmuş iqtisadiyyatı bərpa və inkişaf etdirmək...
* Enerji böhranına son qoymaq...
* İşsizliyi və yoxsulluğu minimuma endirmək...
* Xalqın milli birliyinə nail olmaq!
* İqtisadiyyatın bərpasına və inkişafına nail olmaq...
Bütün bunlar qısa dövrdə həll edilməli problemlər idi.
Amma necə, hansı vasitələrlə.
Bunu yalnız Ulu Öndər Heydər Əliyev bilirdi!
Amma Azərbaycanın daxili və xarici düşmənləri, onun müstəqilliyini istəməyən dövlətlər və qüvvələr də sakit dayanmırdılar!
Düz iki dəfə - 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinə cəhdlər göstərildi.
Lakin əvvəlki dövlət başçılarından fərqli olaraq Ulu Öndər Heydər Əliyev təyyarəyə minərək ölkəni tərk etmədi.
"Mən ömrümün yerdə qalan hissəsini də xalqıma bağışlayıram!" - söylədi.
Ulu Öndərimiz bu dəfə də vədinə sadiq çıxdı!
Lap qısa desək:
* Vətəndaş müharibəsinin alovlarını söndürdü;
* Müharibədə atəşkəsə nail oldu;
* Əhalidəki külli miqdarda qanunsuz silah-sursatı yığdırdı;
* Xaos və anarxiya, qanunsuzluq və özbaşınalıqlara son qoydu;
* "Əsrin müqaviləsi"nin imzalanmasına nail oldu;
* Yeni ordu quruculuğuna başladı və 22 kəndi düşmən işğalından azad etdi;
* Azərbaycanı dünya birliyinin bərabərhüquqlu üzvləri sırasına çıxardı;
* Ölkədə möhkəm və dönməz sabitlik yaratdı;
* Azərbaycanın müstəqilliyini əbədiliyə çevirdi;
* Dövlətin gələcək inkişafının möhkəm təməlini yaratdı!
Ömür bundan artığına imkan vermədi!
***
Azərbaycanın yeni dövr inkişafı cənab İlham Əliyevin adı ilə bağlıdır.
Yeni Prezident hər şeydən əvvəl yarımçıq qalmış işləri başa çatdırmalı idi.
BELƏ DƏ OLDU!
* İlham Əliyev Azərbaycanı Heydər Əliyev siyasi kursu əsasında inkişaf etdirdi.
* Müstəqil, yalnız milli maraqlara xidmət edən daxili və xarici siyasət yürütdü.
* Beynəlxalq təşkilatlarda işi gücləndirdi, hücum diplomatiyasına keçid etdi.
* Transmilli layihələrin reallaşdırılmasını başa çatdırdı, bunun üçün zəruri maliyyə vəsaitləri tapa bildi.
* İnkişafın Azərbaycan modelini yaratdı, onun əsasında ölkənin davamlı və sürətli yüksəlişinə nail oldu.
* Enerji çatışmazlığını və onun nəticələrini aradan qaldırdı.
* Yeni gənclər nəsli tərbiyə etdi.
* Müasir tələblərə cavab verən ordu qurdu.
* Azərbaycanın strateji tərəfdaşlarının sayını artırdı.
Bütün bu və digər uğurlar sayəsində Azərbaycanın inkişafında mühüm yeniliklərə nail oldu:
* Tarixinin ən qüdrətli Azərbaycanı yaradıldı.
* Çadır şəhərcikləri ləğv edildi, 116 yaşayış kompleksi tikilərək məcburi köçkünlərin həyat şəraiti xeyli yaxşılaşdırıldı.
* İşsizliyin və yoxsulluğun səviyyəsi 5 faizə endirildi.
* Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərində açar ölkəyə çevrildi.
* Açıq dənizə birbaşa çıxışı olmayan ölkəmiz beynəlxalq logistika mərkəzi oldu.
* BMT-nin qeyri-daimi üzvü seçilərək Təhlükəsizlik Şurasına rəhbərlik və burada qaldırılan təşəbbüslər, Qoşulmama Hərəkatına uğurlu rəhbərlik və onun müddətinin daha iki il artırılması, COP29-un yüksək səviyyədə keçirilməsi və qəbul edilən qərarlar Azərbaycanın beynəlxalq nüfuzunu əsaslı şəkildə yüksəltdi.
* Cənubi Qafqaz Qaz Boru Kəməri genişləndirilərək "Cənub qaz dəhlizi"nə çevrildi.
* Yeni ordu qurularaq ən yeni texnologiyalara əsaslanan silahlarla təchiz olundu.
44 gün ərzində 30 illik işğala son qoyan Azərbaycan düşmən üzərində Zəfər çalaraq ərazi bütövlüyünü, dövlət suverenliyini və ölkənin Konstitusiya əsaslarını bərpa etdi.
Beləliklə, sürətli inkişafının real nəticələrini görərək əsas problemini də uğurla, qısa zamanda həll etdi!
***
Bütün bu uğur və nailiyyətlər, milli maraqlara əsaslanan müstəqil siyasət Azərbaycanı yeni dövrə, tərəqqi dövrünə gətirdi.
Cənab İlham Əliyevin sözləri ilə desək:
"Reallıq budur ki, bu gün bizim ölkəmiz sabitlik, inkişaf, tərəqqi məkanı kimi dünya miqyasında tanınır və bu adı biz öz əməyimizlə, zəhmətimizlə, düşünülmüş siyasətlə qazanmışıq".
Artıq Azərbaycan öz mövqeyi və imkanları ilə dünyaya, tərəfdaşlarına böyük faydalar gətirəcək dövlətə çevrilmişdir.
İlham Əliyevdən daha bir iqtibas:
"Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır və təsadüfi deyil ki, Avropa İttifaqı tamamilə haqlı olaraq Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır. Çünki bu gün Azərbaycan qazı 12 ölkəyə qaz kəmərləri vasitəsilə ixrac edilir. Onlardan 10-u Avropa ölkəsidir və məhz bu göstəriciyə görə, qaz təchizatımızın coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir".
* Bir vaxtlar Azərbaycan xaos və anarxiyadan əziyyət çəkirdi.
Bu gün dünyanın ən sabit və əmin-aman ölkələrindən biridir.
* Bir vaxtlar vətəndaşlarımız ərzaq və digər mal-məhsul tapmaqda çətinliklər çəkirdilər.
İndi hər yanda bolluqdur, Azərbaycan özü bir çox ölkələrə müxtəlif çeşiddə məhsul ixrac edir.
* Bir vaxtlar təbii qaz çatışmazlığından korluq çəkirdik.
İndi Azərbaycan 12 dövlətə qaz ixrac edir və onun həcmini ilbəil artırır.
* Bir vaxtlar "məcburi köçkün" adını almış vətəndaşlarımız ehtiyac içində, namünasib şəraitdə yaşayır, Vətən həsrətilə qovrulurdular.
İndi doğma yurda qayıdaraq dövlətin onlara verdiyi rahat evlərdə yaşayır, peşə və ixtisaslarına uyğun işlə təmin olunaraq doğma yurdda xoşbəxt ömür sürürlər.
* Bir vaxtlar torpağı işğalda olan, məğlub xalq kimi sıxıntı içində yaşayır, hərdən ümidsizliyə qapılırdıq.
İndi Vətən müharibəsində qalib gəlmiş, düşməni yerlə yeksan etmiş, dağıntılarda ən müasir və smart tipli yaşayış məntəqələri salan qalib dövlət, qürurlu və xoşbəxt millət kimi fərəh içində yaşayırıq!
Bütün bunlara İlham Əliyev zəkası, qətiyyəti və uzaqgörənliyi sayəsində, Heydər Əliyev siyasi kursuna sədaqətimizlə, milli birliyimiz və düşünülmüş siyasətimizlə nail olmuşuq.
* Heç bir xalq və dövlət son otuz ildə müharibədə tam qələbə çalmayıb, bu qədər sürətli və möhtəşəm inkişaf yolu keçməyib!
* Heç bir dövlət qısa bir zamanda sabitlik, inkişaf və tərəqqi məkanına çevrilməyib.
Bu da özünəməxsus Azərbaycan möcüzəsidir!
* Müharibə dağıntı, ölüm, əlillik, qaçqınlıq və sabaha qeyri-müəyyənlik, ümidsizlik deməkdir!
* Müharibə heç bir döyüşən tərəfə uğur, rahatlıq və firavanlıq gətirmir.
* Müharibədə dövlətlər böyük pullar xərcləyir, qazandıqlarını silah-sursata verir, insanlarının və dövlətlərinin gələcəyini təhdid və təhlükə altında qoyurlar.
Hətta qalib gələn tərəf də müəyyən maddi və insan itkisinə məruz qalır.
Bu səbəblərdən heç zaman müharibədə uduş və iqtisadi irəliləyişlər olmur!
Amma Azərbaycan bu sahədə də möcüzə yaratdı.
* Müharibəni ən qısa müddətdə - cəmi 44 gündə başa vurdu!
* Düşmən işğalında olan 20 faiz ərazini azad etdi!
* Hücum edən tərəf olsa da, müdafiə olunandan qat-qat az itki verdi.
* Yeni dövrün ilk müharibəsini apardı, ən yeni strategiya və taktika tətbiq etdi.
* Nümunəvi müharibə apardı, mülki obyektlərə, vətəndaşlara atəş açmadı, zərər vermədi.
* Qisasını döyüş meydanında aldı, düşməni diz çökdürərək sülhə gəlməyə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün şərtlərini yerinə yetirməyə məcbur etdi.
İndi Azərbaycan qalib dövlət olaraq quruculuqla, keçmiş məcburi köçkünləri geriyə qaytarmaqla məşğuldur.
Burada da gördüyü işlər, qabaqlayıcı tədbirlərlə fərqlənir.
Əvvəla, kimsənin köməyi olmadan ərazilərini minalardan təmizləyir.
Kimsədən yardım gözləmədən və ummadan yeni yaşayış məntəqələri salaraq insanları smart tipli kənd, şəhər və qəsəbələrə qaytarır.
Həm də yeni, gələcəyə ünvanlanmış layihələr reallaşdırır.
Buna dövlətimizin gücü və imkanları da çatır.
Hazırda Ukrayna ilə müharibə səbəbindən Rusiyaya qoyulan sanksiyalara görə rus qazından imtina edən Avropaya Azərbaycan mavi yanacaq satır.
Tələbat yüksək olduğundan onun həcmini getdikcə artırır.
Bunun bir yolu da ölkə daxilində istifadə olunan mavi yanacağa qənaətdir.
İlham Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycan "yaşıl enerji"yə keçiddə böyük uğurlara imza atdı.
Artıq ölkəmizin bir sıra yerlərində günəş və külək enerjisi istehsal edən qurğular quraşdırılmışdır.
Bu günlər Prezident İlham Əliyev Mingəçevir şəhərində müstəqillik illərinin ən böyük elektrik stansiyasının açılışını etdi.
Dost İtaliya və Çin mütəxəssislərinin köməyi ilə inşası qısa müddətdə başa çatdırılan bu nadir qurğu yüksək məhsuldarlıqla yanaşı, ekoloji cəhətdən daha təmiz və yanacaq sərfində qənaətcildir.
Qarabağın və Şərqi Zəngəzurun sürətli bərpası və Böyük qayıdış prosesi ilə bərabər bölgədə "yaşıl enerji" istehsalı sahəsində də geniş və çoxsaylı işlər görülür.
Yeni su anbarları və tutumları yaradılır, su-elektrik stansiyaları tikilərək istifadəyə verilir, elektrik enerjisinin geniş nəqli şəbəkəsi yaradılır.
Azərbaycan dost ölkələrlə birlikdə Qara dənizin dibi ilə Avropaya "yaşıl enerji" daşıyacaq yeni kabelin çəkilişinə hazırlıq görür.
İlham Əliyev hadisələri qabaqlamağı, dünya bazarının ehtiyac və tələblərini irəlicədən müəyyənləşdirərək ona uyğun məhsullar istehsal və ixrac etməyi də məharətlə bacarır.
Ölkədə möhkəm və dönməz sabitlik, sarsılmaz xalq-iqtidar birliyi mövcuddur.
Bu şərait iqtisadiyyatı sürətlə inkişaf etdirməyə, dövlətin iqtisadi imkanları isə bir-birindən maraqlı və gəlirli layihələri reallaşdırmağa zəmin yaradır.
Yeni tərəqqi dövrünə qədəm qoyan Azərbaycan hələ neçə-neçə möcüzələri ilə dostlarını sevindirəcək, dünyanı heyrətləndirəcəkdir!
Bəxtiyar SADIQOV