23 Iyul 2024 08:05
103
SİYASƏT
A- A+

Azərbaycan regionda təhlükəsizliyin qarantıdır

 

Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumundan dünyaya yeni mesajlar ünvanladı

 

"Prezident İlham Əliyev iyulun 20-də "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda II Şuşa Qlobal Media Forumunda çıxışı ilə dünyaya yeni mesajlar ünvanladı. Nəinki Azərbaycanı, bəşəriyyəti narahat edən ciddi məsələləri gündəmə gətirdi".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Tahir Rzayev deyib. Deputat bildirib ki, 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, 30-a yaxın informasiya agentliyinin, beynəlxalq təşkilatların, media qurumlarının iştirak etdiyi forumda ölkəmizin rəhbərinin səsləndirdiyi fikirlər, bəzi dövlətlərə və təşkilatlara ünvalanan iradlar əsassız deyildi. Çünki Azərbaycan uzun illərdir dezinformasiyalardan, yalan və şantaj kampaniyalarından əziyyət çəkən ölkədir.  Torpaqlarımız erməni işğalı altında olduğu illər ərzində biz bunun şahidi olmuşuq. Təəssüfləndirici haldır ki, bu gün də Avropa dövlətləri tərəfindən ölkəmizə qarşı məkrli məlumatlar yayılmaqda, çirkli kampaniyalar təşkil edilməkdədir. Bu gün bir çox ölkələr regionda və Azərbaycanda baş verən hadisələrə obyektiv yanaşmır, reallıqlar təhrif edilir, ədalətli mövqe nümayiş etdirilmir. "Qərb, Avropa İttifaqı, bu ölkələrin parlamentləri, siyasi dairələri, eləcə də informasiya, media orqanları kiminsə uydurduğu dezinformasiyaları götürüb Azərbaycana qarşı saxta qərarlar, qətnamələr qəbul edirlər, dövlətimizi gözdən salmağa çalışırlar. Onlar torpaqlarımızı işğal altında saxlayan, şəhər və kəndlərimizi, dini-mədəni abidələrimizi viran qoyan, BMT Təhlükəsizlik Şurasının, beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayan Ermənistanı demokratik, sülhsevər dövlət adlandırmaqla, təcavüzə məruz qalan Azərbaycanı günahlandırmaqla bəşəriyyətə xəyanət etdiklərini hələ də anlamırlar. Öz torpaqlarını azad edən bir dövləti suverenliyini bərpa etməkdə təqsirkar hesab edənlər bunu informasiya şəbəkələrində işıqlandırmaqla, təcavüzkara bəraət qazandırmaqla, onu silahlandırmaqla gələcək münaqişələrə zəmin yaradırlar", - deyə müsahibimiz əlavə edib.

Prezident İlham Əliyev dünyanın bir çox ölkələrinin ikili standartlardan əziyyət çəkdiyini qeyd edərək onun səbəbkarlarını da göstərib və bildirib ki, natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlar daha çox Qərbdən qaynaqlanır. Bu, müstəqil siyasət yürüdən, haqq-ədalət yolunu tutan, suverenliyini öz gücünə tam bərpa edən Azərbaycan üçün təsir vasitəsidir. Ancaq dövlət başçısının dəfələrlə qeyd etdiyi kimi, belə saxta hesabatlar, əsassız qətnamələr, yalan bəyanatlar xalqımızı haqlı mübarizəsindən çəkindirə bilməz.

Ölkə rəhbəri Türk Dövlətləri Təşkilatının fəaliyyətinin inkişafını diqqətə çatdırmaqla bildirdi ki, biz bu birliyi daha da gücləndirməklə TDT-ni dünyanın güc mərkəzinə çevirməliyik. Deputat vurğulayıb ki, bu gün bir sıra təşkilatlar tənəzzüldədir, lakin Türk Dövlətləri Təşkilatı yüksəliş dövrünü yaşayırlar: "Prezident Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığının, dostluq və  qardaşlığının inkişafa, xoşbəxt gələcəyə xidmət etdiyini qürurla səsləndirdi. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki səmərəli rolunu qeyd edərək COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyətini xüsusi vurğuladı. II Şuşa Qlobal Media Forumu dünyaya bir daha göstərdi ki, Azərbaycan Prezidenti sülhün, demokratiyanın, sağlam əməkdaşlığın, tərəqqinin tərəfdarıdır. Bəşəriyyətin xoşbəxt gələcəyinin təmin edilməsi, haqqın, ədalətin qorunması əzmindədir".

Tahir Rzayev qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda lider dövlət olmaqla, bu gün regionda təhlükəsizliyin təminatçısı, inkişafın qarantıdır.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video