23 Iyul 2024 09:36
104
CƏMİYYƏT
A- A+

Adında "r" hərfi olmayan aylarda balıq yemək olmaz?

 

İllərdir dillərdən düşməyən bu məşhur deyimin bir neçə səbəbi var


Yay aylarının gəlməsi, havaların istiləşməsi ilə insanlar bəzi qidaları yeməyə tərəddüd edirlər. Bunlardan birincisi yüksək qida dəyərliliyinə görə digər ət növlərindən fərqlənən balıq və balıq məhsullarıdır. Hətta el arasında belə bir mif var ki, "r" hərfi olmayan aylarda, yəni may, iyun, iyul və avqust aylarında balıq yemək olmaz. Uzun illərdir məşhur deyimə çevrilən bu məsələ hələ də dillərdən düşmür və insanların böyük bir qismi buna inanaraq yayda balıq yeməkdən imtina edirlər.
Bəs görəsən bu düşüncənin səbəbi nədir? Doğrudanmı bu aylarda balıq istehlak etməməliyik? Bu fikir nə dərəcədə həqiqəti əks etdirir?

 

Yüksək bioloji dəyərə malik dəniz məhsullarına üstünlük verilməlidir

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, balıqlar riskli qidalar qrupuna daxil olan qida növüdür: "Dəniz məhsulları vitaminlərlə xeyli  zəngin olsalar da, həssas qidalardır. Lakin "r" hərfi ilə başlayan aylarda balıq yemək olmaz deyiminin heç bir elmi əsası yoxdur. Belə bir fikir formalaşmasının bir neçə səbəbi var. Bunun bir səbəbi balıqların kürü qoyması ilə əlaqədardır. Elə balıqlar var ki, onlar yay aylarında kürü qoyur və həmin dövrdə onların ovlanması məsləhət görülmür. Lakin sözügedən aylarda balıq yeyilərsə, bunun sağlamlığa heç bir zərəri olmaz. Digər tərəfdən onilliklər öncə uyğun saxlanma şəraiti mövcud olmadığından isti havalarda balıq istehlakı zəhərlənmələrə səbəb olurdu. İndi isə texnologiya inkişaf edib, yüksək soyuduculuğa malik avadanlıqlarımız var".
E.Hüseynovun sözlərinə görə, uzun illər Bakı küçələrində balıqların satılmasını görmüşük: "Balıqlar zənbillərdə, arabalarda satılırdı. Amma zaman keçdikcə vəziyyət düzəlir. Balıqların təzə olmasına və saxlanma şəraitinə diqqət etmək lazımdır. Sanitariya-gigiyena tələblərinə cavab verməyən şəraitdə balıq və balıq məhsullarının satışı insan orqanizmi üçün ciddi fəsadlar yarada bilər. Bu ərzaq növü istehsalçıdan istehlakçıya soyuq zəncir üzrə gətirilməlidir. Mənşəyi məlum olan, mikrobioloji çirklənməyə məruz qalmayan balıq məhsulları buzlu soyuducularda saxlanılmalıdır". 
Azərbaycana bir sıra ölkələrdən balıq gətirildiyini qeyd edən ekspert vurğulayıb ki, onların bir qismi süni göllərdə yetişdirilir, bir qismi isə dəniz və okeanlardan tutulan balıqlardır. Süni göllərdə yetişdirilən balıqlara antibiotiklər, dərmanlar və süni yemlər verilir. Buna görə də daha yüksək bioloji dəyərə malik dəniz və okean balıqlarına üstünlük vermək lazımdır.


Düzgün şəraitdə saxlanılmayan balıq məhsullarının zərərləri

Balıq və balıq məhsullarından danışan E.Hüseynov qeyd edib ki, bu qida növü insan orqanizmi üçün olduqca faydalıdır: "Balıq ətinin tərkibində zülallar, həzm olunan yağlar, B qrup vitaminləri, fosfor, kalsium, kalium, dəmir, yod və sink kimi mineral maddələr mövcuddur. Balıq yağı A və D vitaminləri, Omeqa-3 və Omeqa-6 ilə olduqca zəngindir. Xüsusilə də orqanizmin A vitamini ilə təmin olunmasında təbii mənbədir. Hər bir insana həftədə 2-3 dəfə, il ərzində təxminən 18 kq balıq yemək tövsiyə olunur".
Mütəxəssisin sözlərinə görə, balıq alarkən mütləq bir sıra məqamlara diqqət yetirmək lazımdır: "Buzlu şəkildə satılan hər balıq təzə deyil. Ola bilər ki, o, buzxanaya gələnə qədər artıq mikrobioloji çirklənməyə məruz qalıb. Bəzən balığın gözləri içəri batmış və bulanıq olur, bu da balığın köhnə olmasından xəbər verir. Balığın üzərinə barmaqla basanda iz qalmamalı, onun gözləri şiş, ağzı açıq olmamalıdır. Təzə balığı suya salanda batır, köhnə balıq isə suyun üzünə çıxır. Əgər balıq pulcuqlarından təmizlənən zaman əti didilirsə, bu da onun köhnə olmasından xəbər verir. Bu tip balıqlar "r" hərfi olan aylarda da yeyilsə, yenə zəhərlənmələrə səbəb olacaq". 

Ülkər XASPOLADOVA,
"Azərbaycan" 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video