Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin yeni mərhələyə yüksəlməsi təkcə iki qardaş ölkə arasında əməkdaşlığın genişlənməsi baxımından deyil, bütövlükdə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi, Türk dünyasının inteqrasiyasının sürətlənməsi və Avrasiya məkanında yeni iqtisadi əməkdaşlıq modelinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı türkiyəli iqtisadçı-ekspert İlhan İşbaş deyib.
Ekspert bildirib ki, Azərbaycanın son illərdə Mərkəzi Asiya dövlətləri ilə münasibətləri ardıcıl şəkildə inkişaf etdirməsi ölkənin uzunmüddətli xarici siyasət strategiyasının mühüm istiqamətlərindən biridir. Onun sözlərinə görə, Qırğızıstanla əlaqələrin dərinləşdirilməsi bu siyasətin mühüm tərkib hissəsi olmaqla yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın daha da güclənməsinə xidmət edir.
“Azərbaycan Prezidentinin Qırğızıstana səfəri iki ölkə arasında siyasi etimadın daha da möhkəmləndiyini nümayiş etdirir. Bu səfər iqtisadiyyat, ticarət, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, rəqəmsal transformasiya, təhsil və turizm kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır. Münasibətlərin bu səviyyəyə yüksəlməsi təkcə Azərbaycan və Qırğızıstan üçün deyil, bütövlükdə Türk dünyasının gələcəyi baxımından mühüm strateji əhəmiyyət kəsb edir. Son illərdə Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən ortaq layihələr üzv dövlətlər arasında iqtisadi inteqrasiyanı sürətləndirir, investisiya mühitini yaxşılaşdırır və qarşılıqlı ticarətin həcminin artmasına töhfə verir. Azərbaycan və Qırğızıstan arasında əməkdaşlığın yeni mərhələyə keçməsi də bu prosesin mühüm tərkib hissəsidir. Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə inkişaf etdirilən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) türk dövlətləri arasında iqtisadi əlaqələrin möhkəmlənməsində əsas platformaya çevrilib. Qırğızıstanın bu marşrutun imkanlarından daha fəal istifadə etməsi region ölkələrinin beynəlxalq bazarlara çıxışını asanlaşdıracaq, yükdaşımaların həcmini artıracaq və Avropa ilə Asiya arasında etibarlı logistika zəncirinin daha da güclənməsinə şərait yaradacaq”, - deyə ekspert qeyd edib.
İlhan İşbaş bildirib ki, Orta Dəhlizin inkişafı təkcə nəqliyyat layihəsi deyil, həm də türk dövlətlərinin iqtisadi inteqrasiyasını dərinləşdirən strateji platformadır: “Bu marşrut istehsal, logistika, sənaye əməkdaşlığı və ixrac potensialının genişlənməsi üçün yeni imkanlar yaradır. Azərbaycanın müasir liman infrastrukturu, dəmir yolu şəbəkəsi və logistika imkanları Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxışında mühüm rol oynayır. Azərbaycan ilə Qırğızıstan arasında investisiyaların təşviqi, birgə sənaye layihələrinin həyata keçirilməsi və sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi gələcək illərdə iqtisadi münasibətlərin daha da şaxələndirilməsinə şərait yaradacaq. Bu əməkdaşlıq kənd təsərrüfatı məhsullarının emalı, bərpaolunan enerji, rəqəmsal iqtisadiyyat və innovasiya sahələrində də yeni perspektivlər açır”.
İ.İşbaş vurğulayıb ki, Türk dünyasında iqtisadi inteqrasiyanın dərinləşməsi siyasi həmrəyliyin də möhkəmlənməsinə xidmət edir. Dövlət başçıları arasında qarşılıqlı etimada əsaslanan münasibətlər ortaq qərarların qəbulunu sürətləndirir, regional təhlükəsizlik, iqtisadi dayanıqlılıq və davamlı inkişaf istiqamətində birgə fəaliyyət imkanlarını genişləndirir.