Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş yığıncaqda dövlət başçısının iştirakı və dərinməzmunlu nitqi ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. İlham Əliyev çıxışı zamanı aktual və əhəmiyyətli məqamlara toxunub. Dövlətçiliyimiz və elmimizlə bağlı vacib məsələləri gündəmə gətirib və konkret vəzifələr müəyyən edib. Dünya ictimaiyyəti tərəfindən də Azərbaycan rəhbərinin ifadə etdiyi tezislərə maraq göstərilir.
Tarixi nitq
Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağında iştirak etməsi və orada strateji xarakterli və dərinməzmunlu nitq söyləməsi müasir tariximizin mühüm hadisələrindəndir. Dünya təcrübəsindən bilindiyi kimi, elə liderlər vardır ki, bir fikri və ya tezisi ilə bütöv millətin taleyini yeni istiqamətə yönəldirlər. Azərbaycan Prezidenti də çıxışlarında müasir müstəqil Azərbaycan dövlətinin və xalqın taleyində ciddi müsbət dəyişikliklərə yol açan tezislər irəli sürür. Bu sırada dövlət başçısının Azərbaycanın elm məbədindən səsləndirdiyi fikirlər xüsusi məna daşıyır və tarixi aktuallığı şübhə doğurmur.
Prezidentin nitqində Azərbaycan dövləti və cəmiyyəti üçün aktual olan və dünyada baş verən dəyişikliklər fonunda əhəmiyyət daşıyan taleyüklü məsələlərin təhlili olduqca maraqlı məzmunda aparılıb. Azərbaycan lideri dövlətimiz üçün intellektual potensialın yüksək əhəmiyyətinin olduğunu ifadə edib. Ulu Öndər Heydər Əliyev də intellekti, alimliyi, elmi təfəkkürü, ziyalılığı və müəllimliyi Azərbaycan xalqının çox qiymətli sərvətləri kimi dəyərləndirirdi. Bu ənənə davam edir: Prezident İlham Əliyev Azərbaycan elmini, akademik intellektini milli sərvət kimi qiymətləndirir.
AMEA-nın 80 illik yubileyində söylədiyi nitqində dövlət başçısı çox əhəmiyyətli olan və strateji mahiyyət daşıyan məsələlərə aydınlıq gətirib. Həmin məsələlər içərisində Prezidentin Qərbi Azərbaycana bizim necə qayıda biləcəyimiz haqqında manifestal səviyyədə ifadə etdiyi tezislər də xüsusi yer tutur.
Azərbaycanın zəngin irsi var
Azərbaycan rəhbəri tariximizin zənginliyi tezisini bir daha irəli sürərək bunun başqa sahələrlə yanaşı, dövlətçilik ənənələrimizə də xas olduğunu vurğulayır. Məsələ ondadır ki, bəzi dairələr Azərbaycanın dövlətçilik tarixini XIX əsrlə bağlamağa cəhdlər edir. Bu zaman sözdə "qədim Azərbaycan dövlətçiliyi" ifadəsi işlədilsə də, konkret elmi mövqe ortaya qoymaq məsələsində sətiraltı şəkildə imperiyaların buralara ayaq basması "yeni mədəniyyət", "yeni ideologiya", "müasir dövlət qurmaq imkanı" və s. kimi təqdim edilir. Əlbəttə, tariximizin hər bir anı bizim üçün qiymətlidir. Lakin tarix boyu bir neçə dövlət, hətta imperiyalar qurmuş bir qövmü XIX əsrə "sığışdırmaq" cəhdi həm əsassız, həm də elmi baxımdan qəbuledilməzdir. Azərbaycan Prezidenti sözügedən nitqində də tariximizin və dövlətçiliyimizin qədimliyini vəhdətdə vurğulayıb.
Bu kontekstdə Prezidentin nitqindən aşağıdakı hissə çox böyük maraq doğurur: "Təbii ki, Qarabağ və Şərqi Zəngəzur haqqında danışdıqda Azərbaycan tarixi haqqında da danışmalıyıq. Bizim zəngin tariximiz əfsuslar olsun ki, Ermənistan tərəfindən, erməni diasporu tərəfindən uzun illər ərzində təhrif edilmişdir və bu istiqamətdə bizə qarşı aparılan təbliğat bu gün də dayanmır. Ona görə bunun qabağına biz öz həqiqətlərimizi qoymalıyıq. Bu barədə mən 10 il bundan əvvəl akademiyanın 70 illiyində danışmışam. Bu gün də bu barədə danışmaq istəyirəm ki, biz öz tariximizi tədqiq və təbliğ etməliyik. Azərbaycan vətəndaşları, Azərbaycan gəncləri bizim zəngin tariximizi bilməlidirlər".
Dövlət başçısının məsələyə bu cür yanaşmasının mənəvi, siyasi, tarixi və geosiyasi məzmunu ümumən dövlətçilik anlayışında ehtiva olunub.
Mənəvi, geosiyasi və siyasi-ideoloji aspektlər
Azərbaycan lideri dəqiqliklə tariximizin zənginliyinin müxtəlif aspektlərini ifadə edir. Tarixi aspekt: "Bilməlidirlər ki, Azərbaycan xalqının tarixi, dövlətçilik tariximiz, xalqımızın qurub-yaratma qabiliyyəti çoxəsrlidir. Azərbaycan xalqı böyük coğrafiyada yaşayıb və yaşayır".
Burada xalqın və dövlətçiliyin tarixi xalqın qurub-yaratmaq qabiliyyəti fonunda təqdim edilir. Bu, vacib məqamdır, çünki Azərbaycan xalqının qədimdən öz tarixinin subyekti olması ideyası ifadə edilib. Deməli, hər bir gənc bu fikri dərindən mənimsəməlidir: xalqın intellektual potensialı hələ qədim dövrlərdən həm cəmiyyəti, həm də dövləti formalaşdıran əsas qüvvədir. Burada tarixi və mənəvi aspektlər vəhdətdədirlər. Onlar həm bir-birini tamamlayır, həm də funksional olaraq ahəngdarlıq təşkil edirlər.
Prezidentin yanaşmasında tarixi-mənəvi aspekti geosiyasi aspekt tamamlayır. Dövlət başçısı ifadə edir: "Təkcə onu demək kifayətdir ki, bizim hüdudlarımızın o tayında hər istiqamət üzrə Azərbaycan əhalisi yaşayır. Ermənistanda da yaşayıb, amma oradan qovulub. Amma əminəm ki, yenə də yaşayacaq. Çünki biz bu gün bütün qonşu ölkələrlə sərhədlərimizin o tayında görürük ki, orada Azərbaycan əhalisi öz əzəli tarixi torpaqlarında yaşayır və yaşadıqları ölkələrdə ləyaqətli vətəndaşlar kimi yaşayırlar. Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar".
Çox dərin və geniş mənalı tezisdir. Burada Qərbi Azərbaycanın geosiyasi konteksti dəqiq ifadə edilərək tarixi-mənəvi, coğrafi faktorlarla bağlanıb. Eyni zamanda "bütün qonşu ölkələrlə sərhədlərimizin o tayı" fikrinin politoloji izahı aparılmalıdır. Yekun fikir bundan ibarətdir ki, Azərbaycan tarixən vahid və bütöv geosiyasi məkan olub və müasir dövlətimiz bu məqama xüsusi diqqət yetirir.
Dövlət başçısı deyib: "Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq. Ona görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Mən bunu artıq bir müddət bundan əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq. Bunu etmək üçün, əlbəttə ki, əsas vəzifə dövlətin üzərinə düşür. İctimai təşkilatlar və eyni zamanda Azərbaycan alimləri, mən bilirəm və izləyirəm ki, bu istiqamətdə bir çox elmi əsərlər yaradıb. Onların sayı daha çox olmalıdır. Həm elmi əsərlər, sərgilər, təqdimatlar, tarixi xəritələrin dərc edilməsi".
Bunlar siyasi-ideoloji kontekstdə olduqca əhəmiyyətli fikirlərdir. Və konkret siyasi mövqedir. Əslində, bu, eyni zamanda başqa aspektlərin politoloji nöqteyi-nəzərdən ümumiləşdirilməsidir. Prezident azərbaycanlıların hansı dövlətdə yaşamalarından asılı olmayaraq, ləyaqət sahibi olduqlarını ifadə edir, bununla da son 200 ildə bizlərə qarşı aparılan bütün məkrli kampaniyaları darmadağın edir. Azərbaycanlılar fərd, vətəndaş və qövm olaraq dövlətçiliyə hörmətlə yanaşırlar. Buna görə də onlar heç zaman hansısa dövlətə qarşı separatçı mövqedə olmayıblar. Azərbaycanlılar öz haqlarını tələb ediblər və bu, davam edəcəkdir.
Buna görə də Ermənistan rəhbərliyi və əhalisinin bir qismi soydaşlarımızın yurdlarına dönüşündən əndişə duymamalıdırlar. Onlar anlamalıdırlar ki, türklər ermənilərdən fərqli tarixi düşüncə mədəniyyətinə sahibdirlər və dövlətçiliyə qarşı durmazlar. Əksinə, onu müdafiə edərlər. Nümunə Gürcüstan və Rusiyadır. Qonşu Gürcüstanda yaşayan azərbaycanlılar hər zaman bu dövlətin ərazi bütövlüyünə, mədəni özəlliyinə, dini mənsubluğuna hörmətlə yanaşıblar. Baxmayaraq ki, bəzi radikal ünsürlər azərbaycanlılara aşağılayıcı adlar verməyə çalışmış, özlərini qeyri-adekvat aparmağa cəhd etmişlər. Müdrik Azərbaycan xalqı bunlara səbir və dostluqla yanaşmış və indi də Gürcüstan dövlətçiliyinə dərin hörmət nümayiş etdirir. Bu ölkədə keçirilən seçkilər bunu əyani sübut etdi. Azərbaycanlılar heç bir təxribata getmədilər.
Rusiyada yaşayan azərbaycanlılar haqqında da eyni fikirləri söyləyə bilərik: toplum olaraq azərbaycanlılar Rusiyanın bütövlüyünə və dövlət müstəqilliyinə hörmət nümayiş etdirirlər.
İranda yaşayan Azərbaycan türkləri daim bu dövlətin mövcudluğu və ərazi bütövlüyünün təmin edilməsi uğrunda mübarizə aparıblar. İran-İraq müharibəsində azərbaycanlılar vətəndaşları olduqları İran üçün minlərlə şəhid veriblər.
Bütün bunlardan məntiqi nəticə alınır: Azərbaycan xalqı təbiətcə separatizmdən uzaq olub, yaşadığı ölkələrin qanunlarına həmişə hörmətlə yanaşıb. Qərbi Azərbaycana qayıdış planı dinc səciyyə daşıyır, bəzilərinin yozduğuna rəğmən, erməni xalqı üçün heç bir təhlükə törətmir. Şübhə yoxdur ki, Prezident İlham Əliyevin sülh siyasəti nəticəsində qərbi azərbaycanlılar öz tarixi yurdlarına qayıdacaqlar!
Bütövlükdə tarixi Zəfərimizin, suverenliyimizin bərpasının reallıqları fonunda Qarabağa və Şərqi Zəngəzura qayıdışımızın davamı olaraq Qərbi Azərbaycana da qayıdış günümüzün əsas çağırışıdır. Qərbi Azərbaycana qayıdış dövlətimizin qarşısına qoyduğu prioritetlərdən biridir.
"Sərhədlərimizin o tayı"
Prezident İlham Əliyev Azərbaycan politoloji fikri üçün çox əhəmiyyətli olan və geniş geosiyasi məna daşıyan ifadə səsləyib. Adi ünsiyyətdə, əlbəttə, "sərhədlərimizin o tayı" ifadəsini işlədən ola bilər. Ancaq müasir Azərbaycan tarixində dövlət başçısı bu ifadəyə konkret politoloji məna verir və AMEA-dakı nitqində detallarını izah edir. İlk növbədə, Azərbaycan fəlsəfi-elmi və politoloji düşüncəsi üçün yeni aktual məsələ gündəmə gətirir.
"Sərhədlərimizin o tayı" deyəndə, öncə vurğulanmalıdır ki, Azərbaycan Prezidenti beynəlxalq hüquq normalarına tam uyğun mövqe nümayiş etdirir. Dövlət başçısı siyasi-hüquqi baxımdan indiki Azərbaycanın ərazisini əsas götürür: yəni indiki Azərbaycanın siyasi xəritəsi daxilində olan ərazi hüquqi cəhətdən bizim ərazidir, ondan kənarda olan ərazilər isə "sərhədin o tayı"dır.
Bununla yanaşı, dövlət başçısı hazırkı siyasi-hüquqi sərhədlərimizdən kənarda da tarixi, mədəni və demoqrafik anlamlarda Azərbaycanın və azərbaycanlılığın mövcud olduğunu vurğulayır. Bu, artıq hüquqi anlamda "sərhəd" anlayışından daha geniş ərazini əhatə edir və kimsəyə qarşı hər hansı ərazi iddiasının varlığı anlamına gəlmir.
Təbii haqlarımız: daha geniş yanaşma
Azərbaycanlıların təbii haqları qədimdən mövcuddur. Onların qorunması dövlətçiliyimizdə əsas yerlərdən birini tutur. Ancaq son neçə yüzillikdə imperialist dairələr müxtəlif bəhanələrlə onları dövlətçilik şüurumuzdan çıxarıb, "abstrakt psixoloji sahə"yə atmağa çalışmışlar. İlk dəfə bu neqativ tendensiyanın qarşısını Ulu Öndər Heydər Əliyev uğurla alıb. Onun əsas əlamətlərindən biri isə Heydər Əliyevin Qərbi Azərbaycan və qərbi azərbaycanlılara qarşı yeridilən siyasətə verdiyi siyasi qiymətdir.
XXI əsrdə kimliyimiz və dövlətçiliyimiz baxımından strateji məna daşıyan bu prosesi Prezident İlham Əliyev böyük uğurla davam etdirir. Onun əsas məğzini Azərbaycanın baş elmi təşkilatının tribunasından yığcam şəkildə ifadə etməsi xüsusi məna daşıyır. Yəni Ulu Öndərin yaratdığı siyasi ənənəni davam etdirən dövlət başçısının Azərbaycan alimlərindən gözləntiləri çoxdur. Onların sırasında azərbaycanlıların tarixi, siyasi, hüquqi haqları mühüm yer tutur. Bu tezisin işığında dövlət başçısının "sərhədin o tayı" ifadəsinin məna çalarlarını nəzərdən keçirək.
Əslində, Prezident İlham Əliyev azərbaycanlıların haqq və hüquqlarının qorunması məsələsini bir neçə il öncə rəsmi olaraq ifadə edib. Məsələn, Türk Dövlətləri Təşkilatının (TDT) tədbirlərində Azərbaycan lideri dünyanın hansı regionunda yaşamasından asılı olmayaraq, azərbaycanlıların hüquqlarının təmini məsələsini ümumilikdə türklərin hüquqlarının təminatı kontekstində siyasi gündəmə gətirib. Bu, Azərbaycan dövlətçilik ənənəsinin ideya çərçivəsinə tam uyğun siyasi mövqedir. Suverenliyini tam təmin etmiş Azərbaycan bütün dünyada azərbaycanlıların hüquqlarını qorumağa mükəlləfdir! AMEA-dakı nitqində Prezident ilk dəfə bu anlayışın geosiyasi-tarixi anlamını ifadə edib. Onun dəqiq politoloji mənası mövcuddur.
İlham Əliyevin Azərbaycan xalqının dövlətçilik şüurunun əhəmiyyətli aspektini ifadə etdiyi mövqeyinin mühüm siyasi mənası var. Bu kontekstdə Prezident Qərbi Azərbaycana qayıdışın fəlsəfəsini belə əsaslandırır: "Qərbi Azərbaycan tarixi Azərbaycandır və buna kimsə şübhə etməsin. Lakin Azərbaycanın indi Ermənistan adlanan ərazini hərbi zəbt etmək niyyəti yoxdur. Ancaq oraya mənəvi, mədəni, demoqrafik qayıdış mütləq baş verəcək".
Bununla yanaşı, Qərbi Azərbaycan torpaqlarına fiziki qayıdış Qərbi Azərbaycan məsələsinin ədalətli həllinin mühüm aspektini təşkil edir. Daha dərin, geniş və obyektiv əsaslarda Qərbi Azərbaycan məsələsinin elmi və politoloji dərkinə imkan verən yanaşmaların işlənib hazırlanması strateji əhəmiyyət daşıyır. Onun bir sıra vacib cəhətlərini dövlət başçısı təqdim edib: "Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir. Hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib etməmişik ki, kimsə desin biz burada saxtakarlıq eləyirik. Bunu çar Rusiyası edib. Həmin o çar Rusiyası ki, vaxtilə erməniləri İrandan və Şərqi Anadoludan gətirərək bizim Qarabağ torpağında yerləşdirib ki, burada etnik və dini tərkib dəyişsin".
Deməli, Qərbi Azərbaycanda etnik və dini tərkibin dəyişməsi məqsədini daşıyan həmin məkrli imperialist siyasət dəqiq araşdırılmalı və dünyaya çatdırılmalıdır. Bu məqamı Prezident İlham Əliyev belə ifadə edib: "Yəni bu xəritələr tamamilə tarixi həqiqətə əsaslanan xəritələrdir. Ona görə biz bunu təbliğ etməliyik, tədqiq etməliyik. Daha çox elmi əsərlər, daha çox hətta kiçikhəcmli bukletlər hazırlanmalıdır ki, həm Azərbaycan gəncləri öz tarixini yaxından bilsinlər, həm dünya ictimaiyyəti bilsin və eyni zamanda indiki Ermənistana bizim qayıdışımız da tamamilə məntiqli və ədalətli səslənsin. Ona görə Azərbaycan tarixi ilə bağlı bax bu istiqamətdə əlbəttə ki, əlavə addımlara ehtiyac var".
Nəhayət, dövlət başçısı Qərbi Azərbaycan məsələsini ümumən dövlətçilik tariximiz kontekstində ifadə edib. Burada problemə tarix-müstəqillik-müasirlik bağlantısında baxış dəqiq ifadə olunub. İlham Əliyev deyib: "Bütövlükdə müstəqil Azərbaycan dövlətinin tarixi ilə bağlı sanballı elmi əsərlərə də böyük ehtiyac var. Artıq 30 ildən çoxdur ki, biz müstəqil dövlət kimi yaşayırıq və Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində Azərbaycan bugünkü qədər güclü olmamışdır. Ona görə müstəqil Azərbaycanın tarixini tədqiq edən, təbliğ edən bir çox əsərlərə ehtiyac var".
Vurğulanan məqamların Qərbi Azərbaycana qayıdış kontekstində politoloji mənası əhəmiyyətlidir.
Qayıdış tarixi-siyasi və mədəni-demoqrafik proses kimi
Prezidentin yuxarıda vurğuladığımız fikirləri fonunda Qərbi Azərbaycana qayıdışın başlıca xüsusiyyətləri tam aydın olur. Hər şeydən öncə, heç bir halda söhbət Azərbaycanın "sərhədin o tayı"ndakı hər hansı əraziyə hərbi təcavüzündən gedə bilməz. Bu, istisnadır!
Bununla yanaşı, Qərbi Azərbaycan "sərhədin o tayı" kateqoriyasına daxil olan məkan kimi dərindən öyrəniləcək və onun bütöv "elmi obrazı" formalaşdırılacaq. Bu, həm azərbaycanlılara Qərbi Azərbaycan məsələsinin mahiyyətini daha dərindən anlamağa ciddi yardım edəcək, həm də onun təbliği və təşviqi üçün yeni imkanlar açacaq.
Bu yanaşma Qərbi Azərbaycan məsələsini üç aspektdə qərəzli baxışlardan sığortalayır.
Birincisi, xaricdə bizimlə hələ də dost olmaq istəməyən dairələrin əvvəlki rahatlıqla Azərbaycan və azərbaycanlılar əleyhinə kampaniyalar həyata keçirmək yolları bağlanır.
İkincisi, azərbaycanlıların öz dövlətçilik tarixləri ilə bağlı bilikləri daha da dolğunlaşır və tamlaşır.
Üçüncüsü, bir sıra xarici dairələrin Azərbaycandakı qulbeçələrinin də əlindən çoxlu sayda saxta arqument çıxır. Xüsusilə onların qərbi azərbaycanlılar haqqında illərdir yaratmağa çalışdıqları həqiqətə uyğun olmayan təsəvvürlərinin "ayaq tutub yeriməsi" neytrallaşdırılır.
Bütün bunlar onu göstərir ki, Azərbaycan Prezidenti Qərbi Azərbaycan məsələsini milli dövlətçiliyin strateji faktorlarından biri kimi dəqiqlik, sistemlilik və ədalətliliklə qlobal siyasi gündəmə uğurla gətirməkdə davam edir!
Əlbəttə, bu prosesdə dövlət başçısının yanında ilk yer tutanlar alimlər olmalıdırlar. Alimlər dərin və obyektiv araşdırmalarla Qərbi Azərbaycanın tarixi, siyasi, geosiyasi və demoqrafik mənzərəsini yaratmalıdırlar. Bu əsasda Qərbi Azərbaycanın dövlətçiliyimizdə tutduğu yer və oynadığı rol yeni səviyyədə müəyyənləşdiriləcək.
Bu, dünya ictimaiyyəti üçün də vacibdir: Azərbaycan xalqı və dövlətinin yüksək mənəvi keyfiyyətləri və humanist dövlətçilik ənənələri daha dərin şəkildə anlaşılacaq və bəşəriyyət görəcək ki, tarixi ərazisinin
29 min kvadratkilomterlik hissəsində imperialistlər və sovetlərin yaratdığı Ermənistan adlı ölkəyə azərbaycanlıların münasibəti tolerantdır! Bəlkə də həddindən artıq tolerantdır!
Kamal ADIGÖZƏLOV,
siyasi analitik