Dekabrın 20-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində yeni yaradılmış Cabbarlı ekspozisiyasının açılışı olub.
AZƏRTAC xəbər verir ki, yeni tərtibatla hazırlanmış bu zalda ədibə məxsus şəxsi əşyalar, onun həyat və yaradıcılığına aid eksponatlar, əsərlərinin səhnə təcəssümünü əks etdirən dekorasiya və geyim eskizləri, əlyazmalar, fotolar, tamaşa və filmlərdən fraqmentlər virtual olaraq sərgilənib. Təqdim olunan materiallarda C.Cabbarlının Azərbaycan ədəbiyyatına, teatrına, kinosuna, musiqisinə verdiyi töhfələr, onun ictimai fəaliyyəti tam əhatə olunub.
Azərbaycan Prezidentinin görkəmli dramaturq Cəfər Cabbarlını 120 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncamını xatırladan Mədəniyyət naziri Əbülfəs Qarayev deyib: "Cabbarlının 120 illik yubileyi ilə bağlı ölkə başçısının müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin əmri ilə tədbirlər planı təsdiq olunub. Tədbirlər planına əsasən il ərzində görkəmli ədibin yubileyi mədəniyyət, elm və təhsil ocaqlarında keçirilməkdədir. Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində yeni yaradılan Cabbarlı zalının açılışı da bu tədbirlər sırasındadır”.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin 85 illik tarixi yol qət etdiyini söyləyən nazir ötən müddət ərzində bu mədəniyyət ocağının görkəmli ədibin irsini yaşadılması və təbliği istiqamətində çox böyük işlər gördüyünü söyləyib.
Bildirilib ki, C.Cabbarlı qısa bir ömür yaşasa da, zəngin və çoxistiqamətli yaradıcılıq yolu keçib. Poeziya, nəsr və dramaturgiya bu yaradıcılıq yolunun əsas istiqamətlərini təşkil edir. Cəfər Cabbarlı milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla yanaşı, ədəbi-mədəni, ictimai mühitdə yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirib. Yaratdığı güclü xarakterlər və koloritli obrazlarla bədii-estetik fikir salnaməmizə misilsiz töhfələr verib. O, şəxsiyyət azadlığının və humanizmin, milli azadlıq və istiqlal ideallarının mahir tərənnümçüsü olub. Onun zəngin bədii irsi müasirliyini və aktuallığını bu gün də qoruyub saxlayır. Müəllifin milli və bəşəri dəyərləri ifadə edən dramaturgiyası bu gün də Azərbaycan teatrının repertuarında yer alır.
Tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov ədibin yaradıcılığına toxunub, onun həyat yolundan bəhs edib: "Cəfər Cabbarlının əsərlərində zamanın ictimai-siyasi proseslərinin təsiri var. Bununla yanaşı, o, çox istedadlı bir yazıçı olub. Sovet ideologiyası ilə barışmayan Cəfər Cabbarlı nəhəng əsərlər ortaya qoyub. Cəfər Cabbarlı dövrün əhval-ruhiyyəsinə istedadıyla güzəştə getdi, əvəzində ədəbiyyatımız zənginləşdi, teatrlarımız akademik düşüncə əldə etdi. Mürəkkəb bir tarixi şəraitdə, dilimizin gərgin bir vəziyyətə düşdüyü dövrdə Cəfər Cabbarlı müasir Azərbaycan dilini qorudu və zənginləşdirdi”.
Bütün iştirakçıları salamlayan muzeyin direktoru Sevinc Mikayılova bildirib ki, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi 1934-cü ildə yaradılıb və dövlət statusu ilə fəaliyyətə başlayıb. Hazırda muzeyin fondunda 137 mindən artıq eksponat qorunur. Azərbaycan mədəniyyətində və incəsənətində xüsusi xidmətləri olan bir çox görkəmli sənətkarların, o cümlədən Ədil İskəndərov, İsmayıl Hidayətzadə, Mehdi Məmmədov, Tofiq Kazımov, Sidqi Ruhullanın şəxsi arxivləri ilə birgə Cəfər Cabbarlının şəxsi arxivinin böyük bir hissəsi məhz Teatr Muzeyində qorunur. Muzey milli teatr tariximizi yaşatmaqla yanaşı, onun təbliği ilə də məşğul olur.
Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Bağırova muzeyin kollektivi adından bu mədəniyyət ocağının yaranmasında əməyi keçənlərə təşəkkürünü bildirib.
Sonda 85 illik yubileyi münasibətilə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin bir qrup əməkdaşı Mədəniyyət Nazirliyi tərəfindən fəxri diplomlarla təltif olunub.